Xəbər lenti
Yeni Şafak, Türkiyə
13.07.2021


Müəllif: Kenan Biter
Türkiyə Azərbaycanın Dağlıq Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra gündəmə gəlmiş Naxçıvan təbii qaz boru ləməri layihəsi ilə bağlı bütün hazırlıqları tamamlayıb. Marşrut, tədqiqat, dövlət nəzarəti və layihə hazırlığı ilə bağlı işlərin bitməsi ilə diqqət Azərbaycana yönəlib. Texniki məsələlərin təsdiqlənməsi ilə yeni qaz xəttinin inşasına başlanacaq. İğdırdan başlayaraq Naxçıvanın Sədərək bölgəsinədək uzanacaq borunun Türkiyə hissəsi 85 kilometr olacaq. Layihə reallaşdıqda 500 min əhalisi olan regionun təbii qaza olan təlabatı ödənəcək.

Azərbaycanın ötən ilin sentyabrında başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsindən sonra gündəmə gəlmiş Naxçıvan dəhlizi vasitəsi ilə çəkiləcək boru kəmərinin tikintisi üçün hazırlıqlar sona çatıb. Enerji və təbii sərvətlər naziri Fatih Dönməz və Azərbaycanın energetika naziri Pərviz Şahbazov tərəfindən Naxçıvan Muxtar Respublikasının qaz ilə təminatını nəzərdə tutan Anlaşma Memorandumunun imzalanmasından sonra Türkiyə tərəfi bütün lazımi tədbirləri həyata keçirib.

Üç bölgədə ərazilər dövlətə satıldı
Naxçıvan qaz kəməri layihəsini reallaşdırmaq məqsədi ilə rəsmi qəzetdə dərc olunmuş qərarla, İğdır vilayətinin Mərkəz, Karakoyunlu və Aralık rayonlarında marşruta düşən daşınmaz əmlakın, ərazidə inşa ediləcək obyektlərin, yolların, enerji ötürmə xətlərinin və s. dövlət nəzarətinə keçirilməsi təmin olunub.

BOTAŞ və SOCAR-a səlahiyyət verildi
Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və TANAP təbii qaz xətlərindən sonra yeni “mavi yanacaq” borusunun tikintisini nəzərdə tutan layihənin həyata keçirilməsi BOTAŞ ilə SOCAR-a həvalə edilib.

Azərbaycanın təsdiqi gözlənilir
Marşrut, araşdırma, dövlət satınalmaları və layihələndirmə ilə əlaqədar bütün işləri başa çatdırmış Türkiyə yeni boru kəməri üçün hazırlanmış texniki məlumatların təsdiqlənməsi üçün Azərbaycanın qərarını gözləyir. Xəttin inşasına yaxın vaxtlarda, SOCAR-ın təsdiqindən sonra başlanacaq.

500 min insan qazla təmin ediləcək
Türkiyə-Naxçıvan təbii qaz xəttinin çəkilişi ilə iki ölkə arasındakı güclü əməkdaşlıq daha da dərinləşəcək. 500 minə yaxın əhalisi olan Naxçıvanın illik təbii qaz istehlakı yarım milyard kubmetrə çatır. Yeni xəttin açılması ilə bütün bu ehtiyaclar Türkiyə tərəfindən təmin ediləcək.
Xatırladaq ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana uzanan təbii qaz kəməri Qarabağın işğalından sonra sıradan çıxıb. Nəticədə bu dövrdə Naxçıvanın qaza olan təlabatı İran vasitəsi ilə ödənilib.

85 kilometrlik boru
Türkiyə-Naxçıvan xətti Şərqi Anadolu təbii qaz magistral ötürmə xəttindən çıxan İğdır təbii qaz boru kəmərinin davamı kimi inşa olunacaq. Xəttin İğdırdan başlayaraq Naxçıvanın Sədərək bölgəsinədək davam edəcək Türkiyə hissəsi 85 kilometr olacaq. Bu layihə Naxçıvan iqtisadiyyatın canlanmasına, bölgədə əlverişli investisiya mühitinin formalaşmasına da təkan verəcək.

Regional nəqliyyat sisteminin əsas arteriyası
Digər tərəfdən, Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən, ölkənin qalan hissəsi ilə quru əlaqəsi olmayan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin açılması bu ölkənin beynəlxalq nəqliyyat və logistika sistemindəki mövqeyini daha da gücləndirəcək. Hazırda Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsi yalnız hava yolu ilə mümkündür. Sözügedən nəqliyyat dəhlizinin açılması ilə onları avtomobil və dəmir yolları da birləşdirəcək. Nəticədə ixrac-idxal həcmi artacaq, bununla da Naxçıvan regional nəqliyyat sisteminin əsas dayağına çevriləcək.

Nəqliyyat xərcləri və hərəkət müddəti azalacaq
Yeni açılacaq dəhliz “Şimal-Cənub” nəqliyyat dəhlizi və planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmir yoluna inteqrasiya olunmaqla, Avropaya beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayacaq. Eyni zamanda gələcəkdə onun Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulması ilə daşıma müddəti və xərci 1,7 dəfə azalacaq.

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Yeni Şafak


Ana səhifəyə qayıt        Baxış: 5 236          Tarix: 13-07-2021, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma