Xəbər lenti
Eureporter, Aİ
15.07.2021


Müəllif: Luis Şmdit
Son onilliklər ərzində beynəlxalq ticarətdə bir neçə vacib qlobal biznes mərkəzi yaranıb: Honkonqdan Sinqapur və Dubayədək. Bu şəhərləri birləşdirən əsas xüsusiyyət onların liderlərinin öz iqtisadi sistemlərini dünyaya açmaq, iqtisadi modellərini digər ölkələr üçün maksimum dərəcədə cəlbedici etmək istəyidir.

Şirkət və investorlar Asiya ilə Yaxın Şərqdə biznes mərkəzlərinin çiçəkləndiyinə şahid olublar. Bu gün növbənin Qafqaza çatdığını söyləyə bilərik.

Azərbaycan hökuməti hələ 2020-ci ilin mayında Ələt Azad İqtisadi Zonasının yaradılması ilə bağlı planı açıqlamışdı. Ərazisi 8 milyon 500 min kvadratmetr olan layihə Xəzər dənizinin sahilində yerləşən Ələt qəsəbəsində formalaşdırılan ticarət-logistika mərkəzinin bir hissəsi olacaq. Ələt qəsəbəsi ilə bağlı plan uzun illər ərzində hazırlanıb. Azərbaycan parlamenti hələ 2018-ci ildə azad iqtisadi zona haqda qanun layihəsi qəbul edib vu bununla da, azad iqtisadi zonanın xüsusi statusunu, orada idarəçiliyi nizama salan qaydalar müəyyənləşdirilib. Az sonra isə azad iqtisadi zonada tikinti işlərinə başlanılıb.

Artıq Ələt azad iqtisadi zonasının xarici biznesmenlərin üzünə açılmasına az qalıb. Azərbaycan rəhbərliyi artıq xarici investorları Ələtə dəvət edir.

Xəzər hövəzində yeni nəqliyyat qovşağının yaradılmasının təməlində bir neçə vacib amil dayanır. Birincisi, Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş zunmüddətli strategiya. Söhbət iqtisadiyyatın informasiya texnologiyaları sayəsində genişləndirilməsindən, ölkə iqtisadiyyatının enerji sahəsindən asılılığını azaltmaq üçün şaxələndirmə tədbirlərindən gedir. Enerji sahəsinin ənənəvi olaraq Azərbaycan iqtisadiyyatında ən gəlirli sektorudur.

“Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan verib”, - deyə Azərbaycan prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının təməlqoyma mərasimindən sonra bildirib: “Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər”. Dövlət başçısı Ələt azad iqtisadi zonasının qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəyinə əminliyini vurğulayıb.

İkinci vacib amil: azad iqtisadi zona Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların yatırılmasına stimul olacaq. Ələt azad iqtisadi zonasının idarəçiliyi ilə bağlı qanunla investorlara çox cəlbedici şərtlər təklif edilir. Buraya azad iqtisadi zonada fəaliyyət göstərəcək şirkətlərə tətbiq ediləcək xüsusi vergi və gömrük qaydaları da daxildir. Məsələn, azad iqtisadi zonaya idxal edilən mallara, görülən işlərə və göstərilən xidmətlərə görə əlavə dəyər vergisi tutulmayacaq. Üstəlik, Ələt azad iqtisadi zonasında fəaliyyət göstərəcək şirkətlər gömrük rüsumlarından azad olunacaq.

“Bu, həm dövlət maraqlarımızı, həm investorların maraqlarını tam təmin edən çox mütərəqqi qanundur. Bu, çox önəmlidir. Çünki əgər qanunvericilikdə investorlar üçün hansısa qeyri-müəyyən məqamlar olsaydı, əlbəttə ki, onları buraya cəlb etmək mümkün olmazdı”, - deyə Azərbaycan prezidenti İlham Əliyev iyulun 1-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Ələt azad iqtisadi zonasının strukturu startap layihələrin və özəl müəssisələrin ehtiyaclarının ödənilməsi istiqamətində qurulub.
Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayev sahibkarlarla onlayn görüşdə bu zonanın ölkədə biznes mühitinin inkişafı üçün hansı əhəmiyyəti daşımasından danışıb: “Ələt azad iqtisadi zonasının fəaliyyətə başlaması ilə bağlı işlərə start verilib, investorlarla görüşlər keçirilir. Bizimlə işləmək istəyən sahibkarlara vaxt ayırmağa hazırıq”.

Sonuncu amil isə sözügedən azad iqtisadi zonanın coğrafi və infrastruktur nöqteyi-nəzərdən mövqeyinin unikal olmasıdır. Bu, azad iqtisadi zonanı dünya miqyaslı biznes mərkəzinə çevirməyə imkan verəcək. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Ələt layihəsinin ən inkişaf etmiş strukturudur. Dəniz Limanın yükaşırma qabiliyyəti 10 milyon tondan çoxdur və göstərici getdikcə daha da artır. Hazırda bu nəqliyyat qovşağı qərbdə Türkiyəni, cənubda Hindistanı, şimalda isə Rusiya və digər Şimalı Avropa ölkələrini birləşdirir. Azad iqtisadi zonanın yaxınlığında yerləşəcək hava limanın tikintisi isə planlaşdırma mərhələsindədir.

“Azərbaycan ərazisindən “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin keçməsi, ölkənin iri bazarlara yaxın olması azad iqtisadi zonanın iqtisadi səmərəliliyinin artmasına, Mərkəzi Asiya, İran, Rusiya, Türkiyə və Yaxın Şərq bazarlarına xidmət göstərilməsinə imkan verəcək”, - deyə Məmməd Musayev vurğulayıb.

Ələt Biznes Xidməti Mərkəzi azad iqtisadi zonada fəaliyyət göstərəcək şirkətlərə və fiziki şəxslərə lisenziyalar, vizalar verəcək və digər xidmətlər göstərəcək.

Bir sözlə, Azərbaycanın Ələt azad iqtisadi zonası ilə bağlı nailiyyətləri göstərir ki, o, iqtisadiyyatın innovasiya yolu ilə inkişafına, iqtisadi sistemin modernləşdirilməsinə sadiqdir. Əgər layihə gözlənilən nəticələri verərsə, Ələt azad iqtisadi zonası təkcə Azərbaycanda deyil, bütünlükdə Qafqaz regionunda iqtisadi buma səbəb olacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eureporter


Ana səhifəyə qayıt        Baxış: 4 799          Tarix: 15-07-2021, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma