Xəbər lenti


Tahlilbazaar, İran
09.08.2021


Müəllif: Vəhid Purtəcrişi
Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini həyata keçirən “Cənub Qaz Dəhlizi” boru xəttinin istismara verilməsi İran və Rusiyanın qaz ixracını xeyli azaldıb. İndi onların “mavi yanacaq” ixracı potensialı ciddi təhlükə altındadır.

Enerji qaynaqları dövlətlərin əlində hər zaman sövdələşmələr, bazarlıqlar üçün əhəmiyyətli rıçaq olub. O, xüsusilə geosiyasi mənada gücü müəyyənləşdirən əsas amillərdəndir. Belə qaynaqlardan biri də İranın ciddi ehtiyata malik olduğu təbii qazdır.

Ancaq güclü diplomatik dəstək yoxdursa, enerji bazarına sahib olmaq o qədər də fayda vermir. Belə dəstəyin olmadığı şəraitdə enerji resursları hesabına bölgənin geosiyasi balansını bir və ya bir neçə aktorun xeyrinə dəyişmək çətindir.

Son onilliklərdə İran Türkiyəyə Rusiyadan sonra ikinci böyük qaz ixracatçısı olub. Hazırda o, uzunluğu 2577 kilometr olan boru kəməri ilə 25 illik müqavilə əsasında Türkiyəyə ildə təxminən 10 milyard kubmetr qaz ixrac edir.

İran və Rusiyaya əsas rəqib
Türkiyə mətbuatı yazır ki, Ankara Azərbaycandan Naxçıvan qaz kəməri layihəsinin yekun təsdiqini gözləyir. Yeni kəmər İğdır şəhərindən Naxçıvanın Sədərək rayonunadək uzanacaq. 500 mindən çox əhalisi olan bu bölgənin əhalisini qazla təmin edəcək bu boru xəttinin uzunluğu 85 kilometr olacaq.

Yenə də Türkiyə KİV-nin yazdığına görə, tərəflər yeni qaz kəmərinin çəkilişi ilə bağlı bütün sənədləri imzalayıb. İndi Ankara layihənin Bakı tərəfindən yekun təsdiqini gözləyir.

Məlum olduğu kimi, Azərbaycana məxsus “Şahdəniz” yatağının işlənməsinin ikinci fazası çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu layihə Avropa Komissiyası və Türkiyənin ciddi dəstəyi ilə həyata keçirilir. Ermənistanla Azərbaycan arasında Qarabağ uğrunda yaşanan mübahisə və gərginlik fonunda layihənin icrası bir qədər ləngisə də, onu icra edən konsorsiumun üzvü “BP-Azərbaycan” işlərin sürətləndirildiyini bəyan edib.

Beləliklə, Türkiyə qaz mənbələrini şaxələndirir. Bu, onun “mavi yanacağ”ı daha ucuz, daha əlverişli şərtlərlə almasına şərait yaradacaq. Üstəlik, bu halda Ankara qaz sövdələşmələrində İran, Rusiya və Azərbaycan qarşısında daha güclü mövqeyə sahib olacaq.
Digər tərəfdən, İrana və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar da Türkiyənin alternativ qaz mənbələri tapmaq baxımından mövqeyini gücləndirir. Bu isə orta perspektivdə Ankara ilə Moskva arasında ciddi fikir ayrılıqlarına səbəb ola bilər. Üstəlik, Avropa ölkələri kimi, Ankara da Rusiyanın “Şimal axını-2” layihəsi ilə bağlı Vaşinqtonla qarşı-qarşıya gəlməkdə maraqlı deyil.

Başqa sözlə, Moskva ilə Ankara arasında hərbi və iqtisadi sahələrdəki praqmatik əməkdaşlığa baxmayaraq, Xəzər dənizindən Avropaya qaz tranziti məsələsində Rusiyanın tərəf müqabilləri onunla əməkdaşlıqda o qədər də maraqlı deyillər. Əksinə, “Şahdəniz-2” layihəsi Avropaya qaz tədarükü baxımından Rusiyaya əsas rəqib sayılır.

Bu fikir ayrılıqlarının əlamətləri Rusiya prezidenti Vladimir Putinin son aydakı davranışında da aydın şəkildə görünür. Putin son həftələrdə dəfələrlə Ermənistan rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb, Rusiya hökumətinin yüksək vəzifəli şəxsləri Yerevana səfərlər edib. Bu müddətdə Moskvanın Azərbaycan və Türkiyə rəsmiləri ilə sıx əlaqə saxladığını demək mümkün deyil. Halbuki, Rusiya Qarabağda atəşkəsə vasitəçilik etmiş əsas oyunçudur. Belə bir vəziyyətdə onun Bakı ilə sıx təmasda olmaması təbii görünmür.

Azərbaycan: Avropaya qaz nəqlində İran və Rusiyaya rəqib
Son aylarda Rusiya və Azərbaycan qazının Avropaya ixracı statistikasına nəzər salsaq, vəziyyətin nə yerdə olduğunu başa düşərik. Rusiya Mərkəzi Bankının məlumatına görə, son 6 ayda Rusiyadan Avropaya qaz ixracı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ötən ilin eyni dövründə Rusiya Avropaya 18,55 milyon dollarlıq “mavi yanacaq” ixrac etmişdisə, bu ilin eyni dövrü üçün bu rəqəm 11,44 milyon dollardır. İxracın azaldığını Rusiyanın “Qazprom” şirkəti də təsdiqləyir.

Amma məsələ təkcə Rusiyanın Avropaya qaz ixracında deyil. Bu ölkənin Türkiyəyə satdığı qazın həcmi də son bir ildə 40% azalaraq, 4,7 milyon kubmetrə düşüb. Əvəzində, son iki ildə Azərbaycandan Türkiyəyə “mavi yanacaq” nəqli ən azı 7 milyon kubmetr artıb. Bu qaz Türkiyəyə “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TANAP vasitəsilə ixrac olunub.

Rusiyalı ekspert Dmitri Mariçenko hesab edir ki, Azərbaycandan Türkiyəyə qaz ixracının artması “Qazprom” üçün ciddi problem yarada bilər. Başqa sözlə, Bakı Ankara və Avropa ilə yaxşı münasibətləri sayəsində, sanksiyalarla üz-üzə qalmış iki ölkə – İran və Rusiya qarşısında əsas alternativə çevrilir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Tahlilbazaar


Ana səhifəyə qayıt        Baxış: 3 735          Tarix: 9-08-2021, 14:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma