Xəbər lenti

 
Rusiyanın Avropaya qaz nəqlini nəzərdə tutan "Şimal axını-2" layihəsi qarşısındakı ABŞ sanksiyaları dayandırılsa da, bu hələ sözügedən qaz kəmərinin problemsiz işləyəcəyinə zəmanət vermir.
 
Ovqat.com xəbər verir ki, Almaniyanın “Handelsblatt” nəşri “Şimal axını-2” layihəsinin önündə hələ də 7 əngəlin dayandığını bildirir.
 
Nəşrə görə, ilk əngəl Aİ-nin qaz direktivi əsasnaməsi hesab olunan “Antiinhisar” barədə qanunvericiliyidir. Qanunvericiliyə əsasən, qaz kəmərinin sahibi eyni zamanda onun operatoru ola bilməz. Baxmayaraq ki, bu müddəa Avropanın quru ərazilərindən keçən boru kəmərlərinə şamil olunur. "Şimal axını-2" layihəsi isə dəniz altından keçir. Bununla belə, kəmərin Almaniyanın ərazi sularında keçəcəyini nəzərə alsaq, Qaz direktivi ona da şamil oluna bilər. Bu isə o deməkdir ki, "Şimal axını-2" işə salınsa belə, onun tam gücü ilə işləmək imkanı olmayacaq. Sözügedən Əsasnamə, borunun tam gücü ilə işləməsi üçün tədarük hüququnun ən azı yarısını alternativ təchizatçılara verməyi tələb edir. Mütəxəssislərin fikrincə isə, bunu nə texniki cəhətdən, nə də praktiki olaraq həyata keçirmək mümkün deyil.
 


Mütəxəssislərin fikrincə, «Qazprom»un öz fəaliyyətini Aİ-nin qanunvericiliyinə uyğunlaşdırmaq üçün bir neçə variantı var: 
 
Birincisi, yeni müstəqil operator yaradılmalı və Avropa İttifaqı tərəfindən qeydiyyata alınmalıdır. 
 
İkincisi, Baltik dənizində virtual xab yaradıla və “Şimal axını-2” kəməri ilə nəql olunan qaz Almaniyanın ərazi sularının giriş nöqtəsində müştərilərinə satıla bilər. 
 
Üçüncü variant isə “«Qazprom»” qazından başqa, Rusiyadan olan digər tədarükçülərin, məsələn, "Novatek"in boru kəmərini birlikdə işlətməsidir. 
 
Başqa bir yol boru kəmərinin həcm gücünün 50%-ni hərraca çıxarmaqdır. 
 
Rusiyalı ekspertlərin bildirdiklərinə görə, «Qazprom» artıq ilk variantı sınamağa başlayıb; müstəqil operator kimi “Nord Stream-2 AG” qaz kəməri operatorunun qeydiyyatı üçün ərizə verib. ““Qazprom” əvvəlki qaydada işləyəcək, formal olaraq isə iki ayrı idarəetmə bürokratiyası, hüquqi hesabları olacaq", - Rusiya Federasiyası hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun (FNEB) və Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç mediaya açıqlamasında bildirib.


 
Dərd burasındadır ki, «Qazprom» bu maneəni keçsə belə, qarşısına başqa əngəllər çıxa bilər. Alman nəşrinə görə, belə maneələrdən biri ABŞ dövlət katibinin enerji təhlükəsizliyi üzrə yeni müşaviri Amos Hokşteyndir. Rusiyanın enerji siyasətinə, xüsusilə Avropanı qaz inhisarına almaq niyyətinə kəskin mövqeyi ilə seçilən Amos Hokşteyn ABŞ-da "Şimal Axını-2"üçün yeni problemlər yarada biləcək ciddi siyasi fiqur hesab olunur. Xatırladaq ki, ABŞ-ın enerji stareqlərindən sayılan Amos Hokşteyn hələ 2017-ci ildə mətbuata verdiyi açıqlamasında “Şimal axını-2” kimi, “Türk axını”na da iqtisadi deyil, siyasi layihə adlandıraraq qarşı çıxmışdı. Strateqin fikrincə, bu proyektlər “eyni sahədən, fəqət fərqli marşrutlar” üzərindən keçən kəmərlərdir: “Hansının çəkiləcəyindən asılı olmayaraq, “Qazprom” Ukraynanı dövriyyədən çıxararaq eyni qazı eyni ünvana çatdırmaq və bunun üçün də on milyardlarla dollar xərcləmək istəyir. Bu isə onu göstərir ki, lahiyə iqtisadi yox, siyasi xarakterlidir”.
 
Hokşteyn “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibəsində Rusiyanın şirin dilinə aldanıb köhnə müttəfiqlərinə arxa çevirməyə çalışan Yunanıstana ağlını başına yığıb Azərbaycan qazına yönəlməyi məsləhət görmüşdü: “Mən Yunanıstan hökumətinə Rusiya proyekti yerinə, Azərbaycan qazının Avropaya nəqlinə hədəflənən TANAP layihəsinə yönəlməyi təklif edirəm. Moskva tərəfindən ortaya atılan bu proyekt Yunanıstanın finansal ehtiyaclarını diqqətə almır və tamamilə siyasi məqsədlidir.” 

Göründüyü kimi, Almaniyanın “Handelsblatt” nəşri də Amos Hokşteyni Rusiyanın qaz layihələri üçün təkbaşına təhlükə hesab edir.   


 
Alman nəşrinin fikrincə, "Şimal axını-2" yolunda üçüncü maneə Polşa və Baltikyanı ölkələrin müqavimətidir. Polşa hətta "Şimal axını-1"ə də, daha dəqiqi, onun quru uzantısı – “Opal” qaz kəmərinə qarşı məhkəmə iddiası qaldırıb. Polşanın məhkəməsinin qərarı ilə “Opal” yalnız yarım gücü ilə işləməyə məcburdur. Təbii ki, Varşava hökuməti zamanı gələndə "Şimal axını-2"yə qarşı da eyni iddialar irəli sürəcək və bununla da «Qazprom»un işini çətinləşdirəcək. 
 
Dördüncü maneə yeni qaz kəmərinin tətbiqi ilə tranzit gəlirlərini itirən Ukraynadır. Amos Hokşteynin də qeyd etdiyi kimi, Rusiyanın 10 milyardlarla xərc bahasına yeni alternativ kəmərlər çəkməsinin başlıca məqsədlərindən biri Kiyevi cəzalandırmaqdır. Kiyev də məhz bu arqumenti əlində əsas tutub Avropa ölkələri qarşısında Rusiya ilə əməkdaşlığı dayandırmaq tələbi qoyur və bundan sonra da bunu etməyə çalışacaq.
 

 
Beşinci maneə - Avropa Parlamentinin deputatlarının əksəriyyətinin qaz kəmərinə mənfi münasibətdir. Lakin, onlar «Qazprom» üçün əlverişsiz qərarların qəbul edilməsi üçün ciddi səlahiyyətə malik deyillər. Hətta Avropa Komissiyası belə, bu məsələdə həlledici rol oynaya bilmir. Daha əhəmiyyətli orqan Avropa İttifaqı Şurasıdır. Məhz Aİ Şurası həm yeni sanksiyalar qoya, həm də “qaz direktivi”nə dəyişikliklər edə bilər.
 
Daha iki maneədən biri Almaniyanın "Yaşıllar" partiyasi, digəri Aİ-nın ekoloji təşkilatlarıdır. Almaniyada bir aydan sonra keçiriləcək seçkilərdə hakimiyyətə “Yaşıllar” partiyasının gəlməsi mümkündür. Hətta buna dəqiq gözüylə baxılır. “Yaşıllar” partiyası isə “Şimal axını-2” layihəsinə qarşı olduğunu dəfələrlə bəyan edib. Aİ-nın ekoloji təşkilatları da Baltik dənizindən keçən enerji layihələrinin ekoloji-sistemə zərər vuracağını düşünür və buna kəskin qarşı çıxırlar.
 
Bir sözlə, Rusiyanın enerji kəmərlərini yaxın zamanlarda növbəti sınaqlar gözləyir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 206          Tarix: 19-08-2021, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma