Xəbər lenti

Müasir dünyamızda sürətli texnoloji inkişaf, elmi-texniki tərəqqi ilə yanaşı çox böyük təzadlar müşahidə edirik. Bir tərəfdə bu tərəqqidən bəhrələnən ölkələr və cəmiyyətlər bu günə qədər görünməmiş firəvanlıq əldə edib, digər tərəfdən isə adi içməli suya, tibbi ləvazimatlara ehtiyacı olan, aclıqdan əziyyət çəkən yüz milyonlarla insan səfalət içində yaşayır. Çox təəssüf ki, bu qeyri-bərabərlik sürətlə artır, insan faciələrinin, miqrasiyanın miqyası böyüyür. İqlim dəyişiklikləri, quraqlıq, müharibələr mövcud problemləri daha da dərinləşdirir. Bu problemlərin həlli üçün ilk növbədə zəif inkişaf etmiş ölkə və cəmiyyətlərə yardım göstərilməsi, dayanıqlı inkişaf təşəbbüslərinin dəstəklənməsi əsas vəzifə kimi qarşıda durur. Dünyada xarici humanitar yardımlar sahəsində əhəmiyyətli rol oynayan Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki Səfirliyinin müvəqqəti işlər vəkili Abdalla Al Şamsi ilə müsahibəmizdə bu məsələləri müzakirə etmişik. Müsahibəmizdə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanarasındakı əlaqələrin indiki vəziyyəti və inkişaf perspketivlərindən də söz açmışıq:

- Cənab Al Şamsi, müasir dünyamız təbii fəlakətlər, iqlim dəyişikliyi problemləri, yoxsulluqla qarşılaşır ki, bu da qlobal əməkdaşlığı zəruri edir. Bu vəziyyətdə Birləşmiş Ərəb Əmirliklərinin donor rolu nədən ibarətdir?

- Birləşmiş Ərəb Əmirliklərinin banisi Zati-Aliləri Şeyx Zayed bin Sultan Əl Nəhyandan sitat gətirməklə başlamaq istəyirəm: “Xarici yardım xarici siyasətimizin əsas sütunlarından biridir. Çünki inanırıq ki, milliyyətindən və inancından asılı olmayaraq, harada olurlarsa olsunlar, sahib olduğumuz sərvət ehtiyac duyanlara çatmırsa, bizə heç bir xeyri yoxdur”.

Bu dəyərli sözlərə əsaslanaraq, BƏƏ inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli yardımlar göstərib, münaqişə və təbii fəlakətlərdən təsirlənən bölgələrə təcili kömək göstərən başlıca yardım edənlərdən olub. BƏƏ yardımının əsas məqsədi yoxsulluğu azaltmaq və ehtiyacı olanlara kömək etməkdir. BƏƏ illər ərzində vacib qlobal donor olub.
1971-ci ildə qurulmasından etibarən, həm hökumət, həm də qeyri-hökumət təşkilatları xəttilə BƏƏ-nin göstərmiş olduğu yardım təxminən 60 milyard dollar dəyərindədir ki, bu da inkişaf, humanitar və xeyriyyə yardım layihələrini maliyyələşdirmək üçün istifadə edilib.

2010-cu ildə BƏƏ adambaşına düşən TOP 10 qlobal yardım tədarükçüsü sırasına daxil olan ilk qeyri-Qərb ölkəsi olub. 2019-cu ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı BƏƏ-ni ardıcıl olaraq altı il dünyanın ən böyük humanitar yardım donoru elan edib.

- BƏƏ-də sistem necə işləyir? Bu məsələ ilə məşğul olan hansı təşkilatlar, qurumlar var?

-Əlbəttə ki, müəyyən qurumlar var. Məsələn, BƏƏ Qırmızı Aypara. O, BƏƏ -nin əsas humanitar qurumudur. Qlobal Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının bir hissəsidir. Bundan əlavə, qeyri - kommersiya hökumət institutu olan Əbu Dabi İnkişaf Fondu fəaliyyət göstərir. Fond inkişaf etməkdə olan ölkələrdə davamlı iqtisadi artıma və yoxsulluğun azaldılmasına kömək etmək məqsədi daşıyır.

“Suqia”nı da qeyd etmək istərdim. "Suqia BƏƏ", dünyada humanitar yardım göstərən və icmaları təmiz su ilə təmin edən qeyri-kommersiya təşkilatıdır. Bu təşkilat Mohammed bin Raşid Al Maktum Qlobal Təşəbbüslər Fondunun nəzdindədir və 2015 -ci ildə yaradılıb.

Məlumdur ki, BƏƏ mütərəqqi və yenilikçi fikirləri alqışlayır. Bizim rəhbərlik heç vaxt əldə edilmiş nailiyyətlərlə kifayətlənmir, əksinə millətin və bütün bəşəriyyətin xeyrinə daha çox nailiyyətlər əldə etmək üçün gələcəyə yönəlmiş hədəfləri müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd etdiyim təşkilatlarla yanaşı, BƏƏ etinasız yanaşılan tropik xəstəlikləri aradan qaldırmağı məqsəd qoyan və inkişaf etməkdə olan ən kasıb ölkələrdə 1.5 milyarddan çox insanı hədəf alan “Son Milə Çatmaq” kimi humanitar təşəbbüslərin müəllifidir. Son 10 ildə Zati-Aliləri Şeyx Mohamed bin Zayed, dünyanın ən kasıb və ən həssas icmalarına təsir edən qarşısı alınan xəstəliklərə son qoymaq və milyonlarla uşağın və yetkinin sağlam və ləyaqətli həyat yaşamasına kömək etmək üçün bu təşəbbüsə 300 milyon ABŞ dollarından çox vəsait ayırıb.

Biz, həmçinin, Beynəlxalq Humanitar Şəhər də yaratmışıq. Bu, 2003 -cü ildə qurulan şəhər, nəqliyyat və logistika imkanlarından istifadə etməklə yardım agentliklərinin böhran qurbanlarına təcili yardımını təmin etmək üçün Dubayda yerləşən qlobal humanitar mərkəzdir.
-19 avqust tarixdə Beynəlxalq Humanitar Yardım Günü qeyd edilir. Ardıcıl olaraq, ikinci ildir ki, bu tarix COVID-19 pandemiyası səbəbindən fövqəladə şərtlərin mövcud olduğu bir vaxta təsadüf edir. BƏƏ-nin bu istiqamətdə səyləri nələrdir?

- 2021-ci ilin iyul ayında BƏƏ-nin xarici yardımı, COVID-19 pandemiyasından təsirlənən ölkələrə verilən qlobal dəstəyin 80 faizini təşkil edib. Belə ki, ölkə tərəfindən təmin edilmiş ümumi tibbi yardımın həcmi 135 ölkəyə paylanmış 2154 metrik tondur.

BƏƏ-nin təşkil etdiyi humanitar fəaliyyət, illik əməliyyat həcmi 100-dən çox ölkəni əhatə edən BƏƏ Qırmızı Aypara kimi qlobal miqyasda böyük nüfuza malik olan onlarla rəsmi və qeyri-rəsmi qurumlar tərəfindən həyata keçirilir. Vurğulamalıyam ki, biz Azərbaycan tərəfi ilə də əməkdaşlıq etmişik. Ötən ilin iyun ayında BƏƏ COVID-19-un yayılmasının qarşısını almaq səylərini gücləndirmək üçün Azərbaycana 11 metrik ton tibbi ləvazimatı olan yardım təyyarəsi göndərib.

- Azərbaycanla əməkdaşlıqdan söz düşmüşkən, pandemiya dövründə ölkələrimiz arasındakı ikitərəfli əlaqələri necə qiymətləndirirsiniz?

- Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qarşılıqlı olaraq, möhkəm dostluq və hörmətə əsaslanır. Mövcud iqtisadi əlaqələri inkişaf etdirmək üçün davamlı olaraq yeni imkanlar axtarırıq. Pandemiya bütün dünyada olduğu kimi, 2020-ci il ərzində BƏƏ-Azərbaycan əlaqələrinin turizm sektorundakı inkişafına təsir etdi. Buna baxmayaraq, pandemiyadan sonrakı dövrdə müvafiq sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylərin göstəriləcəyinə nikbin baxırıq.

Üstəlik, bildiyiniz kimi, oktyabr ayında DUBAI EXPO baş tutacaq. İştirkaçılar arasında Azərbaycan da var ki, bu da bizi sevindirir. Biz həmçinin, inanırıq ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi gözlənilən Birgə İqtisadi Komissiyanın növbəti iclası bütün bu pandemiya çətinliklərinə baxmayaraq, birgə iqtisadi məqsədlərimizə çatmaqda sürətli müsbət dəyişikliklərə məhsuldar şəkildə töhfə verəcək. Ümumiyyətlə, hökumətlərimizin qardaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş ikitərəfli əməkdaşlıqla bağlı aydın baxışı var.

-Birgə İqtisadi Komissiyanın növbəti 8-ci iclasının nə vaxt keçirilməsi planlaşdırılır?

- İqtisadi tərəfdaşlığın inkişafında səmərəli rolu var və qısa müddətdə 8-ci sessiyanı təşkil edəcəyimizə ümid edirik. Ümumiyyətlə, biz mütəmadi olaraq təmasdayıq və qeyd etdiyim kimi, Azərbaycan DUBAI EXPO Sərgisində iştirak edəcək. Beləliklə, düşünürük ki, azərbaycanlı qardaşlarımızı Dubayda görmək və çox məhsuldar bir görüş keçirmək üçün bu da yaxşı bir fürsət olacaq.

- Bəs son 8 ayda ölkələrimiz arasında ümumi ticarət dövriyyəsinin həcmi nə qədər olub?

- İdxal və ixrac əməliyyatlarının həcmini ehtiva edən cari ilin ilk 7 ayının statistikası var. Bu rəqəm 27 378 660 ABŞ dollarıdır. İdxal və ixracı qeyd etdim, çünki Dubay yenidən ixrac əməliyyatları üçün bir mərkəz rolunu oynayır. Dubayın əlverişli yerləşmə mövqeyi Şərqlə yanaşı, Avropa və Şimali Afrikaya da çıxışdır. Əlbəttə ki, pandemiyadan sonrakı dövrdə Azərbaycanla ikitərəfli ticarətin artacağını gözləyirik.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 076          Tarix: 3-09-2021, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma