Xəbər lenti

Son illərdə dünya bazarında taxıl məhsulları və buğda ixracının müvafiq olaraq 10-13 və 20-23%-i  (38 milyon ton) Rusiyanın payına düşür. Bununla, ölkə 1991-ci ildə ən böyük qlobal idxalçıdan 2021-ci ildə dünyanın ən iri buğda ixracatçısına çevrilib. Hazırda Yaxın Şərq və Afrikanın buğda tələbatının 30%-ni, Asiya ölkələrinin isə ehtiyaclarının 10%-ni Rusiya ödəyir.

Ən iri ixrac elementlərindən olan neft-qaz qiymətlərində dəyişmə və əksər ölkələrə silah satışının azalması ixrac qiymətlərinə ciddi mənfir təsir göstərsə də, onları qismən taxılın ixracı hesabına əvəzləşdirmək mümkün olur. 

Rusiya neft-qaz ehtiyatlarında olduğu kimi, indi də taxıl ixracındakı dominantlığından iqtisadi təzyiq və sövdələşmə aləti kimi istifadə edir. 2015-ci ildə Türkiyə tərəfindən Rusiya qırıcısının vurulmasından sonra bu ölkəyə qarşı tətbiq olunan sanksiyalar nəticə vermiş, Türkiyə rus qazının öz ərazisindən tranzit nəqlinə imkan verən “Türk axını” layihəsinə razılaşmış, həmçinin 2019-cu ildə Rusiyadan ən iri taxıl idxalçısına çevrilmişdi.

Digər nümunə: 2016-cı ildə OPEK çərçivəsində hasilatın azaldılmasına dair Səudiyyə Ərəbistanının təklifi ilə razılaşan Rusiya tezliklə bu ölkənin taxıla (xüsusən arpa) tələbatının 10%-dən çoxunu təmin edib.
Hazırda Rusiya illik 127 milyon ton taxıl istehsalını 2025-ci ilə qədər 140 milyon tona çatdırmaq və qlobal bazar payını daha da artırmaq niyyətindədir. Əsasən iri torpaq ehtiyatlarına arxalanan və qabaqcıl aqrar texnologiyaların çatşmazlığından əziyyət çəkən şimal qonşumuzun bu hədəfə necə çatacağı maraqlıdır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Rusiya kifayət qədər sürətlə taxıl istehsalını artırmağa nail oldu: “Xüsusən də son 6 ildə bu proses daha da sürətləndi. Münbit torpaqların taxıl əkini üçün ayrılması, dövlətdən böyük subsidiyaların ayrılması, böyük holdinqlərin yaradılması həm taxılçılığın inkişafına səbəb oldu, həm  də seleksiya işlərini sürətləndirdilər. Sovet dövründən qalmış elmi baza var idi, onun üzərində seleksiya işlərini sürətləndirməklə taxılçılıqda məhsuldarlığı artırmağa nail oldular. Hazırda hər hektara görə orta məhsuldarlıq iki dəfəyə yaxın artıb. Bütün bunların nəticəsində Rusiyanın taxıl istehsalında və ixracatında ciddi artım var.

Taxıl istehsalı ilə bağlı artıq Rusiyanın təsir mexanizmi yaranıb. Azərbaycanın özünün Rusiyadan aldığı taxılın həcmi kifayət qədər yüksəkdir. Bizim yerli taxıl istehsalımız ölkə tələbatının ən yaxşı halda yarısını ödəməyə qadirdir. Yerdə qalanın böyük bir hissəsini də Rusiyadan alırıq.

Bu ilin aprel ayından Rusiya ixrac rüsumlarını kifayət qədər artırdı. Aprelin 1-dən hər ton üçün 50 avro daha çox ixrac vergisi təyin edib ki, bu da taxılın qiymətinin artmasına səbəb olan əsas amilə çevrilib. Rusiyanın əsas ixrac bazarları elə yaxın ətrafıdır. Burada təkcə Azərbaycan yox, həm Türkiyə, həm Baltikyanı ölkələrə, həm də bir çox Asiya ölkələrinə taxıl ixrac edir. Bu bazarlarda Rusiyanın kifayət qədər böyük payı var”.

N.Cəfərlinin sözlərinə görə, əgər tendensiya bu cür davam edəcəksə, dövlətin subsidiyaları artacaqsa, Rusiyanın buğda ixracını daha çox artırmaq imkanları var.  

İqtisadçının sözlərinə görə, Rusiya ətraf ölkələrə, tərəfdaşlarına qarşı bundan bir “silah” kimi də istifadə etməyə çalışacaq: “Bunu da nəzərə almaq lazımdır. Dünyada taxıl sahəsində Rusiyaya rəqib ola biləcək ən böyük ölkələr Kanada, ABŞ və Qazaxıstandır. Ukraynanın böyük potensialı var. Ancaq görünən odur ki, həmin ölkələrin ixrac bazarları fərqlidir. Məsələn, ABŞ və Kanada özünə qonşu ölkələri hədəf götürüb, Ukrayna Avropa ilə daha çox əlaqə qurmağa çalışır, lakin hələ də istehsal həcmi yetərli deyil. Qazaxıstanın da son illər taxıl ixracı ilə bağlı istiqaməti Çinə yönəlib. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya yaxın gələcəkdə taxıl ixracından siyasi təsir vasitəsi kimi istifadə edə bilər”.


Ana səhifəyə qayıt        Baxış: 2 473          Tarix: 7-09-2021, 21:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma