Xəbər lenti

Dünya bazarında neftə tələbin yenidən artması müşahidə edilir. Artıq 1 barel Brent markalı neftin qiyməti 72 dollardan baha satılır. Bir müddət öncə “OPEC plus” ölkələri nazirlərinin gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5,8 milyon barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına razılıq verməsinə baxmayaraq “qara qızıl” dəyər qazanmaqdadır.


Neft bazarındakı vəziyyəti şərh edən iqtisadı, deputat Vüqar Bayramov bildirib ki, neft istehlakında xüsusi payı olan ölkələrdə neftə tələbin artması qiymətlərə təsirsiz ötüşmür. Onun sözlərinə görə, Çin ötən ay gündəlik 10.5 milyon barel neft idxal edib.
"Bu isə əvvəlki aya nisbətən 8 faiz çoxdur. Hindistan daxil olmaqla digər idxalçı ölkələrdə də neftə tələbin artması qeydə alınır",-deyə iqtisadçı qeyd edib.

V. Bayramov “Bloomberg” agentliyinin məlumatına istinadən deyir ki, dünyada 5.56 milyard dollar peyvənd dozası istifadə edilib. Deputat əlavə edir ki, gündəlik 37.3 milyon doza peyvəndləşmə həyata keçirilir. Bütövlükdə, dünya əhalisinin 36.2 faizi artıq vaksinasiya olunub. 
Onun sözlərinə görə, qlobal peyvəndləşmə səviyyəsinin yüksəlməsi də neftə tələbin artmasına təsir göstərməkdədir: "Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji məhsulları ixrac edən ölkələrin və eləcə də Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin ilk yarısında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan neft ixracatı həcmini azaltsa da satışdan əldə edilən gəlirlərdə artımlar qeydə alınıb. Sözügedən dövrdə ölkəmiz 5 milyard 743 milyon dollar dəyərində 13 milyon 545 min ton xam neft ixrac edilib. Xam neft ixracının həcmi 11,7% azalsa da əldə edilən vəsait 404 milyon 137 min dollar və ya 7,6% artıb. Qeyd edək ki, Azərbaycanda gündəlik xam neft hasilatının gələn aydan daha 7 min barrel artıraraq 640 min barrelə çatdıracaq".

İqtisadçı xatırladıb ki, Rusiyanın aparıcı neft şirkəti 1 barel neftin məqbul qiymətinin 65-75 dollar intervalında arzuolunan olduğunu bəyan edib. 

"Aşağı qiymət gəlirlərə təsir etsə də, daha yüksək qiymətlər qlobal neft şoklarına səbəb ola bilər. 2014-cü ildəki Qlobal Neft Şokuda məhz qiymətlərin kəskin artması nəticəsində baş verdi. Bu baxımdan, neft ölkələri üçün yüksək deyil, məqbul qiymətlər arzuolunandır",-deyə V. Bayramov vurğulayıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirib ki, neft qiymətlərinin hazırda 70 dollardan yuxarı həddə olması heç də tələbin artım tempindən irəli gələn göstərici deyil: "Bunu Vahid Ələkbərov da “Kommersant” qəzetinə müsahibəsində açıqladı: neftin qiyməti azad bazara görə deyil, OPEC+ çərçivəsində bazara edilən müdaxilələr nəticəsində yaranmış qiymətdir. Avqustun 20-sində Brent markalı neft 65 dollardan aşağı qiymətə düşmüşdü. Ancaq avqustun 27-də "İda" qasırğası gəldi və Meksika körfəzində hasilat 90% dayanmağa məcbur oldu. Bazardan həftə ərzində gündəlik olaraq 1,7 mln barel neft iqlim faktorların təzahürü səbəbindən yığışdırıldı. Nəticədə neft 73 dollara qədər bahalaşdı və sonra 71 dollara qədər korreksiya etdi".

Bəs neft nədən indi 70 dollardan baha satılır indi? İlham Şaban deyir ki, qasırğa bitsə də, hələ də Meksika körfəzində 79 platformada hasilat bərpa edilməmiş qalır. 

"Bazar da buna reaksiya verir. İsti yaydan sonra dünyanın istər şimal, istərsə də cənub yarım kürəsində mülayim hava dövrünə keçid baş verir ki, bu enerjiyə olan tələbatı aşağı salacaq. O cümlədən, Avropanın spot bazarlarında qaz qiymətləri xeyli ucuzlaşacaq. Bu baxımdan, hələ ki, neft qiymətlərini qızışdıracaq bir amil ortaya çıxmasa 65-70 dollar arası ticarət daha real görünür",-deyə ekspert vurğulayıb.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 2 761          Tarix: 8-09-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma