Xəbər lenti




Elçin Qurbanov: “Ancaq bu heç də o anlama gəlmir ki, kimin ürəyi necə istəyirsə, qiyməti qaldırmalıdır”

Artıq Bakıdakı marketlərdə bəzi növ çörəklərin qiyməti artıb. Belə ki, üç gün əvvələdək 55-60 qəpiyə satılan, doğranaraq paketlənmiş çörəklərin qiyməti 70 qəpiyə qalxıb. Eləcə də qara çörəyin qiymətində cüzi də olsa artım var.

Maraqlıdır ki, bu artım SOCAR-ın Azərbaycana idxal olunan Aİ-95 və Aİ-98 oktanlı benzinin qiymətini il ərzində üçüncü dəfə, üstəlik bu dəfə daha kəskin şəkildə (müvafiq olaraq 15 qəpik və 30 qəpik) artırması ilə eyni vaxta təsadüf edib.

Lakin yüksək oktanlı benzinin bahalaşmasının dərhal çörəyin də qiymətinə birbaşa təsir etməsi mümkün deyil, çünki Azərbaycanda çörək istehsalında və daşınmasında yüksək oktanlı yanacaqla işləyən avtomobillərdən adətən istifadə olunmur. “Çörəkçi” şirkətindən təsdiq ediblər ki, həqiqətən sentyabrın 15-dən istehsal etdikləri çörəklərin qiymətində artım baş verib. Şirkətin məlumatında qeyd olunur ki, zavod baton ekstra, baton sadə, baton kəpəkli, sağlam çörək, suxarı çörəyi, pəhriz çörəyi, zavod çörəyi kimi buğda tərkibli çeşiddə, zirəli çörək, fermer, kömbə çovdarlı, borodino, pribaltika kimi çovdar tərkibli çeşiddə çörəklər istehsal edir. Bəs ərzaq mallarının ilin əvvəlindən bəri az qala hər həftə, hər ay bahalaşdığı bir vaxtda Azərbaycanda hələ də əsas qida hesab olunan çörəyin bahalaşmasının səbəbi nədir? Bu artımın yüksək oktanlı benzinin qiymətinin qalxması ilə bir əlaqəsi varmı?

İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yüksək oktanlı benzinlərin qiymətinin qalxmasının çörəyin qiymətinə təsir göstərməsini iddia etmək absurd olar: “Heç bir halda sözügedən yanacaq növündən daşınma üçün istifadə olunmayıb. Bugünə qədər də olunmur. Çörək və yumurtanın qiymətinə dövlətin nəzarəti hər zaman olur. Əlaqədar qurumlar bu süni qiymət artımı ilə bağlı hərəkətə keçməlidir. Onsuz da dələduzluq edirdilər. Çörəyin çəkisi standartlara uyğun gəlmirdi. Mən hesab edirəm ki, əmək münasibətləri ilə bağlı şəffaflıq tətbiq ediləndən sonra onların qazançı azalıb. Buna görə də belə yola əl atırlar. Qiymətə təsir edən başqa bir amil isə təbii qazın və suyun qiymətinin artması olur. Bu sahədə çalışan şəxslər artıq deyir ki, bu sahə az rentabellidir. Dövlət lazım olan güzəştləri tətbiq edib. Çörəyin istehsalı və buğdanın ölkəyə gətirilməsi əlavə dəyər vergisindən azaddır. Yenə də həmin sahənin rentabelliyi ilə bağlı məsələ açıq olaraq qalır. Təndir sexlərindən soruşun, onlar fəaliyyətlərindən narazıdırlar. Son vaxtlar kommunal xidmətlər iki dəfə artıb. Sahibkarlığın inkişafı üçün onlara güzəştlər tətbiq edilməlidir. Vətəndaşlara suyu bir manata, kommersiya subyektlərinə isə iki manata satırlar. Buna görə də onlar hər zaman uyğun fürsət axtarıblar ki, qiyməti qaldırsınlar. 100 çörəkdə onlara iki manat qazanc qalmır. Düz işləyənlər heç nə qazanmır. Məcburi sosial müdafiə xərcləri olduğu kimi qalmalıdır. Qiymətlərə təsir edən kommunal ödənişlərlə bağlı güzəştlər tətbiq olunmalıdır. Ancaq bu heç də o anlama gəlmir ki, kimin ürəyi necə istəyirsə, qiyməti qaldırmalıdır”.

Məhəmmədəli QƏRİBLİ



Ana səhifəyə qayıt        Baxış: 3 233          Tarix: 18-09-2021, 13:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma