Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov bu gün Əfqanıstanın paytaxtı Kabilə səfər edib.
Ovqat.com-un məlumatına görə, Kamilov səfər zamanı Taliban hökumətinin Xarici İşlər naziri Əmirxan Müttəqi ilə görüşüb.
Tərəflər iki dövlət arasında iqtisadi, siyasi və diplomatik əlaqələri genişdirməyin yollarını müzakirə ediblər.
Məlumata görə, Özbəkistanı Əfqanıstanla əlaqələrdə ən çox qayğılandıran məsələlərdən biri də Talibanın öz ideologiyasını bu ölkəyə ixrac etməsi ehtimalıdır. Bildirilir ki, Özbəkistan Xarici İşlər naziri Kamilovun öz həmkarı ilə görüşündə müzakirə etdiyi əsas məsələlərdən biri də bu olub. Hətta rəsmi Daşkəndin Talibandan Özbəkistan üçün heç vaxt bu təhlükəni yaratmayacağına dair zəmanət aldıqdan sonra Xarici İşlər nazirini Əfqanıstana göndərdiyi vurğulanır.
Taliban hakimiyyəti ilə münasibətlərini tənzimləməyə çalışan Orta Asiya ölkəsi təkcə Özbəkistan da deyil. Daşkənd əvvəl, Aşqabad bu sahədə fəaliyyətə başlamış, dəfələrlə Taliban liderləri ilə görüşmüşdür. Aşqabad bu görüşləri bacardığı qədər gizli tutduğundan səsi-sorağı qulağımıza çatmasa da, Tacikistanla Özbəkistan arasında çox mühüm addımların atıldığını söyləmək olar.
Orta Asiya ölkələrinin Əfqanıstana bu qədər önəm verməsi isə səbəbsiz deyil. Məlum olduğu kimi, Əfqanıstan Mərkəzi Asiya ölkələrini Pakistan vasitəsilə dünya okeanlarına çıxaran ən qısa yollardan hesab olunur. Bu yola ən yaxın alternativ isə İran üzərindən birbaşa Oman körfəzinə çıxışdır ki, istər Türkmənistanın, istərsə də Özbəkistanın Talibanla görüşləri, onların Əfqanıstan-Pakistan variantına üstünlük verdiyi anlaşılır. Məlumata görə, Türkmənistan artıq onu Cənubi Asiya ölkələrinə bağlayan TAPİ layihəsinin inşasına davam etdirməyə başlayıb. Aşqabad bu xətt vasitəsilə öz qazını Əfqanıstana, ordan isə Pakistana çıxarmaq planlarını qurur. Pakistandan isə Türkmən qazı Hindistana nəql olunacaq.
Eyni xətlə Çində və Hindistanda istehsal olunan məhsulların Türkmənistana daşınması və ordan Xəzər üzərindən Azərbaycana, ardınca da ya Gürcüstana, ya da Zəngəzur yoluyla Türkiyəyə nəqli nəzərdə tutulur. Bu yolla məhsullar daha sonra Avropa bazarına çıxarılacaq. Bu nəqliyyat xətti bir qədər uzun olsa da, gələcəkdə Əfqanıstanda yeni yolların çəkilməsi marşrutun xeyli qısalmasına səbəb ola bilər. Pakistanın Azərbaycan və Türkiyənin başlatdığı Türk dünyasının qurulması projesinə 3-cü qardaş kimi qatılmasının başlıca səbəblərindən biri də budur.
Özbəkistanın da Türkmənistan kimi hələlik eyni marşrutu izləyəcəyi güman olunur. Məsələ burasındadır ki, ərazisinin 70-80%-i silsilə dağlardan ibarət olan Əfqanıstan uzun illər boyu xarici işğalçılara mübarizə apardığından dağların ətrafından əlverişli yollar çəkə bilməyib. Bu da hələlik Özbəkistanın birbaşa Əfqanıstan vasitəsi ilə Pakistan İqtisadi Əməkdaşlıq Dəhlizinə qoşulmasını çətinləşdirir. Bununla belə, Çinin və Pakistanın Əfqanıstandan Orta Asiyaya daha qısa yol çəkilməsi ilə bağlı bir sıra projelər üzərində işlədikləri də gələn bilgilər arasındadır.
Sözsüz ki, siyasətdə uzunmüddətli zəmanətlərə inanmaq sadəlövhlük olardı və Daşkənddə də bunu yaxşı başa düşürlər. Fəqət verilən zəmanətlərlə ən azı yaxın müddətli iqtisadi əməkdaşlıqları genişləndirmək fürsəti varsa və alternativlər də çox deyilsə, bütün ölkələr bundan yararlanmaq yolu tuturlar. Özbəkistan və Türkmənistanın da etdiyi budur.
Əslində Orta Asiyanın təbii sərvətlərinin okeanlara çıxarılmasının ən qısa yolunun İran üzərindən keçir. Bu coğrafi üstünlüyü nəzərə alan Ruhani hökumətinin Xarici İşlər naziri hakimiyyətlərinin sonlarında bu ölkələrə səfərlər edərək, onları İran xəttinə gətirməyə çalışırdı. Amma görünən budur ki, bu çalışmalar istənilən səviyyədə alınmayıb, Türk respublikaları Cənubi Asiyaya Əfqanıstan və Pakistan üzərindən açılmağa qərar veriblər.
Zənnimizcə, bunun iki mühüm səbəbi var. Səbəblərdən biri İranın həmin ölkələrə öz təfriqəçi ideologiyasını ixracetmə səyləridir. Orta Asiyadakı respublikalarında əhalinin cəmi 5%-i şiə olsa da, İranın bu təşəbbüsləri onları qorxudur. Çünki Tehranın məqsədi həmin ölkələrdə müxtəlif təxribatlar törətməklə hakimiyyətə təsir etmək olduğundan əhali sayının o qədər də böyük əhəmiyyəti yoxdur. Kiçik bir qüvvə ilə də həmin ölkələrin hökumətlərinə təsir etmək imkanları var və Tehran bu potensialından faydalanmağa çalışır. Təsadüfi deyil ki, İranın 2015-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasının qarısını alan əsas amil Tacikistanın vetosu olmuşdu və Düşənbə öz qərarının səbəbini İranın Orta Asiya ölkələrində dini-separatçı fəaliyyəti ilə əlaqələndirmişdi. Bu fakt göstərir ki, İranın Orta Asiyada ən yaxın müttəfiqi ola biləcək Tacikistan belə, onun fəaliyyətindən narahatdır.
Orta Asiya ölkələrinin İran dəhlizinə isti baxmamasının digər səbəbi bu dəhlizin geriyə dönüşünün olmamasıdır. Daha aydın ifadə ilə desək, İran dəhlizi yalnız Orta Asiyanın təbii sərvətlərinin tranzitini nəzərdə tutur. Pakistan və Əfqanıstan xətti isə Orta Asiya ölkələrinin təbii sərvətlərini dünya əhalisinin yarısından çoxunun – hardasa 4.4 milyard insanın yaşadığı coğrafiyaya nəql etməklə qalmır, həm də Şərqi Asiya ölkələrinin məhsullarını eyni yolla Qərbə və Şimala daşınmasını nəzərdə tutur. Dolayısıyla, Orta Asiya ölkələri həm təbii sərvətlərinin satışından, həm də Çin, Pakistan mallarının tranzitindən qazana bilərlər.
Bütün bu reallıqlar İranın Orta Asiyaya qapısını da bağlayır və onun təcridolunmuşluğunu artırır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar