Xəbər lenti

 2020-ci il üçün dövlət büdcəsinin xərclər hissəsində Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan dotasiya azaldılır. Bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı məlumat verib.

Onun sözlərinə görə, Naxçıvandan hökumətə müraciət daxil olub: “Həmin müraciətə əsasən, bölgənin gəlir potensialının 19 milyon manat artırılması bura dotasiyanın eyni məbləğdə azaldılmasına imkan yaradır. Qənaət edilmiş 19 milyon manatın isə dövlət büdcəsi kəsirinin azaldılmasına yönəldilməsi təklif olunur. Bu zaman muxtar respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalacaq”.

Xatırladaq ki, Naxçıvana ayrılan dotasiya məsələsi bu günlərdə prezident İlham Əliyevin Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə müzakirə olunmuşdu.

Prezident Vasif Talıbova demişdi: “Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin. Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 1 722          Tarix: 25-11-2019, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma