Xəbər lenti

Fevralın 13-də Azərbaycan Ordusunun maliyyə işinə məsul dörd zabitinin xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edildiyi açıqlanıb. Onların dövlətə 10 milyon manatdan çox zərər vurduğu iddia olunur.

Novator.az-ın məlumatına görə, bu məsələ ilə bağlı şərh yayan iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu qeyd edir ki, beynəlxalq şəffaflıq qurumunun – “Transparency İnternational”ın hesabatlarında Azərbaycan müdafiə sektoru ən çox korrupsiya riski təhlükəsi altında olan ölkələr siyahısında gedir: “2019-cu ildə ADR müdafiə büdcəsinin şəffaflığını artırmaq üçün təkliflər irəli sürsə də, rəsmilər bunu diqqətə almadı. Həmin təkliflər içində Milli Məclisin 2018-ci il və əvvəlki illərin müdafiə büdcəsi ilə bağlı qapalı dinləmələr təşkil etməsi, büdcənin müdafiə və milli təhlükəsizlik xərclərinin dövlət sirri olmayan hissəsinin inzibati, iqtisadi və funksional təsnifatının hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim edilməsi, Hesablama Palatasının müdafiə və milli təhlükəsizlik xərclərinin auditini aparıb rəy hazırlaması, müdafiə qüvvələrinin təchizatı ilə bağlı tenderlərin açıq keçirilməsi kimi məsələlər vardı.

2008-ci ildən bəri Azərbaycanın dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərcləri adı ilə 38 milyard manatdan çox vəsait ayrılıb. Yalnız bu il üçün 4 milyard 489,9 milyon manat vəsait proqnozlaşdırılıb. Müdafiə və milli təhlükəsizlik büdcəsinin inzibati, iqtisadi və funksional təsnifatı verilməyincə, Hesablama Palatası bu sahədə audit aparıb rəy hazırlamayınca, müdafiə və milli təhlükəsizlik qüvvələrinin təchizatı ilə bağlı tenderlər açıq və rəqabətli keçirilməyincə korrupsiya və talançılıq davam edəcək. Belə qapalı sistemdə korrupsiyanın illik miqyası 100 milyon manatlarla ölçülür. Azərbaycan Ordusunun bir neçə zabitinin korrupsiya ittihamı ilə tutulması bu sahədə korrupsiyanın qarşısını ala bilməz”.



Ana səhifəyə qayıt        Baxış: 2 982          Tarix: 15-02-2022, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma