Xəbər lenti

Hüquqşünas: “Milli Bankın fəaliyyətində pozuntu aşkarlayıbsa, toplanan faktları Baş Prokurorluğa yollamalıdır”

Hesablama Palatası Mərkəzi Bankın 2021 və 2022-ci ilin 6 ayına dair maliyyə-təsərrüfat fəaliyyətinə dair audit yoxlaması aparıb. Nəticədə Mərkəzi Banka aid bir sıra nöqsanlar aşkarlanıb.

Bildirilib ki, ayrı-ayrı illər və obyektlər üzrə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmiş investisiya büdcəsində hər il üçün nəzərdə tutulan investisiya vəsaitləri müvafiq il ərzində istifadə edilməmiş və ya müvafiq ilin büdcəsində nəzərdə tutulmadığı halda, investisiya xərclərinə yol verilib.

Həmçinin elmi-tədqiqat işlərinə görə qeyri-rezident fiziki şəxslə bağlanmış müqavilə üzrə həyata keçirilmiş ödənişlə bağlı ödəmə mənbəyindən 4,9 min manat məbləğində vergi borcunun, qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə isə ödəmə mənbəyindən 9 halda 210,6 min manat məbləğində vergi borcu ödənilməyib.

Eyni zamanda informasiya texnologiyaları sahəsi üzrə iş və xidmətlərin göstərilməsinə görə qeyri-rezident hüquqi şəxslərlə bağlanmış müqavilələr üzrə 207,4 min manat ƏDV məbləğinin hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin edilməyib. Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun fəaliyyəti dönəmində qurumda çoxlu sayda qayda pozuntuları olması yenilik deyil. Hesablama Palatasının açıqladığı hesabatda qeyd edilir ki, 2021 və 2022-ci illərdə Mərkəzi Bankda artıq xərclərə yol verilib. Ekspertlərə görə, bu faktlar üzrə cinayət işi də başlana bilər və həmin dövrdə bu sahəyə cavabdeh olan hər bir şəxs qanun çərçivəsində cəzalandırılmalıdır.

Bu arada Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib ki, Hesablama Palatasının audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumətlə münasibətlərinin normal olmamasıdır.

“Hesab edirəm ki, nöqsanlarla bağlı heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır. Burada ötən il aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatların adları açıqlanmalıdır”, - deyə o qeyd edib.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, Azərbaycanda çox ziyanlı bir praktika geniş yayılıb: “Hesablama Palatası dövlətin büdcə-maliyyə nəzarəti orqanıdır. Hesablama Palatası vasitəsilə dövlət büdcəsi vəsaitlərinin xərclənməsinə nəzarət etməli, qanunsuzluqlar aşkar edildikdə rəsmiləşdirilərək Baş Prokurorluğa təqdim olunmalıdır. Çox təəssüf ki, bir çox hallarda bizlər bunun şahidi olmuruq. Əgər Hesablama Palatası Elman Rüstəmovun fəaliyyətində pozuntu aşkarlayıbsa, həmin pozuntuların araşdırılması üçün toplanan  faktları Baş Prokurorluğa yollamalıdır”.

Hüquqşünas deyir ki, Hesablama Palatası işini yarımçıq görür: “Yoxlamalar keçirir, pozuntuları aşkar edir, ictimaiyyəti məlumatlandırırlar. Amma aidiyyəti qurumlara təqdimatlar vermək səlahiyyətlərini icra etmirlər. "Hesablama Palatası haqqında" Qanunun 16-1-ci maddəsinə əsasən Palata maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və qanunvericiliyin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə təqdimatlar göndərməlidir. Aşkarlanan faktlar barəsində müvafiq tədbir görülmədikdə Hesablama Palatası həmin qurumlarla bağlı sanksiyalar tətbiq edə bilər. Həmin təqdimatlara 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Palataya məlumat verilməlidir. Hesablama Palatasının təqdimatları müvafiq dövlət orqanı, idarə, təşkilat və müəssisə tərəfindən əsassız icra edilmədikdə, Palata sədrinin qərarı ilə həmin dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə qanunvericilikdə nəzərdə tutulmuş müdafiə olunan xərc maddələri istisna olunmaqla, əməliyyatların dayandırılması barədə təqdimatlar verilir. Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməyinə görə xəzinə orqanları və müvəkkil banklar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, Palatanın kifayət qədər imkanları var ki, təqdimatlarının icrasına nəzarət etsin. Amma təəssüf ki, Palata yoxlamaları haqda ictimaiyyətə məlumat verdiyi kimi işin sonrakı taleyi barədə açıqlama vermir. Bu da təbii ki, onun haqqında müəyyən şübhələr və söz-söhbətlərə səbəb olur. Ortada sövdələşmə varmı? Bunu bilmirik. Əlbəttə, Palatanın yoxlamaları üzrə hərəkət etməli olan əsas qurumlar hüquq-mühafizə orqanlarıdır. Onlara da sual edilməlidir ki, Palatanın müəyyən etdiyi pozuntuların nəticəsi necə oldu? Məsuliyyətə cəlb olunan varmı? Zərər aradan qaldırılıbmı və s.?”

E.MƏMMƏDƏLİYEV,

“Yeni Müsavat”





Ana səhifəyə qayıt        Baxış: 5 192          Tarix: 14-04-2023, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma