2022-ci il yanvarın 1-i tarixinə Azərbaycanın birbaşa dövlət borcu 15 milyard 075,9 milyon manat və ya 8,9 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi daxili məhsulun (ÜDM) təxminən 16,2 faizinə bərabərdir. Borc portfelində birbaşa xarici dövlət borcu 7,4 milyard ABŞ dolları olmaqla ÜDM-in 13,5 %-ni, birbaşa daxili dövlət borcu isə 2,5 milyard manat olmaqla ÜDM-in 2,7 %-ni təşkil edir. Son bir ildə birbaşa xarici dövlət borcunun məbləği əhəmiyyətli dərəcədə azalsa da, birbaşa daxili dövlət borcu mütləq ifadədə 781,1 milyon manat artmışdır.
Xarici dövlət borcunun azalmasının və bunun müqabilində daxili dövlət borcunun məbləğinin artmasının səbəbi nədir və hansı mühüm amillər rol oynamışdır?
Məlumdur ki, 2018-ci ilə, Azərbaycanda dövlət borcunun idarə olunmasına dair yeni strategiyanın qəbul olunduğu dövrə qədər daha çox xarici kredit təşkilatlarından alınan borclara üstünlük verilirdi. Məsələn, 2015-ci ildə ölkəmizin birbaşa dövlət borcunun ümumi məbləği təxminən 5,1 milyard manat təşkil edirdi ki, onun 4,4 milyard manatı (5,6 milyard ABŞ dolları) və yaxud 86,2 %-i birbaşa xarici dövlət borcunun, 697,5 milyon manatı və ya 13,8 %-i birbaşa daxili dövlət borcunun payına düşürdü. Həmin dövrdə ÜDM-də birbaşa xarici dövlət borcunun payı 7,4 %, birbaşa daxili dövlət borcunun payı isə 1,2 % təşkil edirdi.
Həmin illərdə qlobal bazarlarda baş verən tənəzzüldən qaynaqlanan şoklar Azərbaycanın borc yükünün artmasına əlavə təzyiqləri artıraraq birbaşa xarici dövlət borcunun məbləğinin və ÜDM-də payının artmasına səbəb olurdu. Belə ki, 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması və ölkəmizin əsas ticarət tərəfdaşlarının iqtisadiyyatında tənəzzülün dərinləşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi, ələlxüsus da tərəfdaş ölkələrdə baş verən silsilə devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti üçün ciddi risklər yaratdığından tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ildə tənzimlənən üzən məzənnə rejiminə keçidə qərar verildi.
Bu tənzimləmə siyasəti milli valyutamız olan manatın ABŞ dollarına nisbətdə ucuzlaşmasına səbəb olmaqla dövlət borcu məbləğinin manat ekvivalenti ilə yüksəlməsinə və ÜDM-də payının artmasına gətirib çıxardı. Məzənnə dəyişiklikləri nəticəsində cəmi bir il ərzində - 2016-cı ilin yanvar ayında Azərbaycanın birbaşa dövlət borcunun ümumi məbləği 9 milyard 777,7 milyon manata yüksəldi. Dövlət borcunun 9,1 milyard manatı (5,8 milyard ABŞ dolları) və ya 92,6 %-i birbaşa xarici dövlət borcunun, 726,2 milyon manatı və ya 7,4 %-i birbaşa daxili dövlət borcunun payına düşdü. Birbaşa xarici dövlət borcunun ÜDM-də payı əvvəlki ilə nisbətən 9,3 % artaraq 16,7 %-ə yüksəldi.
Göründüyü kimi, qlobal təlatümlərin davam etməsi və milli valyutanın ucuzlaşması Azərbaycanın beynəlxalq qurumlardan və kredit təşkilatlarından aldığı xarici borcun və xarici borclara xidmət xərclərinin də artmasına səbəb olmaqla dövlət büdcəsi üzərində əlavə təzyiqlər yaratdı. Həmçinin, həmin dövrdə ölkənin maliyyə-bank sektorunda aparıcı maliyyə institutlarından olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) üzləşdiyi çətinliklərlə əlaqədar sağlamlaşdırılma tədbirləri çərçivəsində Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması, ABB-nin xarici kreditorlar qarşısında olan öhdəliklərinin dövlətə ötürülməsi nəticəsində 2017-ci ilin sentyabrında 2,3 milyard ABŞ dollarına yaxın xarici valyutada denominasiya edilən dövlət istiqrazları emissiya edildi ki, bu da xarici dövlət borcunun həcminin artmasına səbəb oldu. Bununla bərabər, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən mühüm regional enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin maliyyələşdirilməsi məqsədilə bir sıra kredit qurumlarından dövlət zəmanəti ilə kreditin cəlb edilməsi də xarici valyutada ifadə edilən xarici dövlət borcu üzrə şərti öhdəliklərin artması ilə nəticələndi.
Beləliklə, sadalanan maliyyə təminatlarının xarici kreditlər hesabına təmin edilməsi sayəsində 2018-ci ilin iyul ayında Azərbaycanın dövlət borcunun ümumi məbləği artaraq 16,0 milyard manata qədər yüksəldi. Dövlət borcunun 15,2 milyard manata yaxınını xarici borc təşkil edirdi ki, bu da xarici valyuta ilə 8,9 milyard dollara yaxın olmaqla borc portfelində payının 95 %-ə çatması demək idi. Halbuki, birbaşa daxili dövlət borcunun məbləği 812,2 milyon manat olmaqla borc portfelinin təqribən 5 %-nə bərabər idi.
Bu xüsusda qeyd etmək lazımdır ki, xarici valyutada, daha çox ABŞ dolları ilə götürülən xarici borc riski hər zaman gözləniləndir və xarici şokların uzunmüddətli xarakter daşıdığını, baş verən qeyri-müəyyənliklərin və qlobal maliyyə bazarlarında yaşanan qeyri-sabitliyin yenidən təkrarlana biləcəyini nəzərə alsaq, borc üçün yeni təhdidlərin sovuşmadığını deyə bilərik.
Məhz bu kimi vəziyyətlər Azərbaycan Hökumətini qlobal və daxili iqtisadi şəraitdə risklərdən qaçmaq, maliyyə sektorunun sabitliyinin dayanıqlığını artırmaq məqsədilə borcun idarə edilməsi ilə bağlı strateji taktikanı dəyişməyə, daha konservativ və dayanıqlı borc siyasəti yürütmək üçün yeni yanaşmanın tətbiqini meydana çıxardı. Dövlət borcu portfeli üzrə risklərin effektiv idarə edilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi hazırlandı və cənab Prezidentin 2018-ci il 24 avqust tarixli Sərəncamı ilə təsdiq edildi. Bununla da, borcun idarə edilməsində yeni mərhələ başlandı.
Yeni strategiya qısa müddətdə özünün müsbət nəticələrini göstərdi. 2018-ci ildən etibarən davamlı şəkildə hər il birbaşa xarici dövlət borcunun həcmi azalmağa başladı. Belə ki, 2018-ci ilin iyul ayı ilə müqayisədə 2022-ci il 01 yanvar tarixinə birbaşa dövlət borcu 916,0 milyon manat azalaraq ÜDM-ə nisbəti 20,8 %-dən 16,2 %-ə düşüb. Beləliklə, xarici valyutada olan xarici dövlət borcunun ümumi borc portfelində payı son 4 ildə 12 % bəndi həcmində azalaraq təqribən 83 %-ə düşüb.
Göründüyü kimi yürüdülən strategiyaya uyğun olaraq dövlət borcu porfelinin strukturunda dəyişikliklərin edilməsi, ələlxüsus da xarici dövlət borcunun tədricən azaldılması makroiqtisadi siyasətin qorunması və borc yükünün sabitliyi baxımından düzgün və məqsədyönlü siyasət kimi müsbət nəticələrini verib və verməkdədir.
Strategiya ilə müəyyən edilmiş hədəflərə uyğun olaraq xarici dövlət borcunun əhəmiyyətli şəkildə azalması tədbirləri ilə yanaşı, prioritet tədbirlərdən olan daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması, təkrar bazarın formalaşdırılması və daxili borcalmanın artırılması yönündə də siyasət yürüdülüb. Milli valyutada olan borcun artırılması siyasəti sözsüz ki, ümumi dövlət borcu portfelində daxili dövlət borcunun xüsusi çəkisinin 17 %-ə çatmasına səbəb olub.
Onu da qeyd edək ki, daxili dövlət borcuna xidmət üzrə ödənişlər il ərzində tam icra olunur. 2021-ci ildə müəyyən edilmiş 167,1 milyon manat daxili dövlət borcu üzrə ödəniş 100 % icra olunub ki, bu məbləğ 2020-ci ilin müvafiq icra göstəricisi ilə müqayisədə 25,5 % çoxdur.
Bəzi ekspertlər qeyd edir ki, daxili borcla bağlı xidmət haqqı yüksək, xarici borca xidmət faizi daha aşağı olduğundan ikinci istiqamətdə borclanmaya üstünlük verilməlidir. Bu yanaşma düzgün deyil və ötən illərdəki təcrübə də bu siyasətin məqbul olmadığını şərtləndirir. Qeyd etdiyimiz kimi xarici borclanma beynəlxalq bazarlardakı dəyişkənliklərlə əlaqədar müxtəlif vaxtlarda valyuta dəyişkənlikləri ehtimalları yaratmaqla borcun ümumi məbləğini daha da artıra bilər. Bu isə risk faktoru kimi xüsusilə diqqətdə saxlanıldığından həmin strategiya məqbul hesab oluna bilməz.
Ortaya sual çıxa bilər ki, daxili borclanmanın artmasına yönəlmiş strategiyanın tərkib hissəsi olaraq dövlət istiqrazlarının emissiyası ölkədə qiymətli kağızlar bazarının inkişafına hansı dərəcədə töhfə verib?
2018-ci ildən sonrakı müddətdə dövlət istiqrazlarının buraxılışı ilə bağlı vəziyyət tam təsdiqləyir ki, qarşıya qoyulmuş hədəf prioritetinə uyğun olaraq əhəmiyyətli nəticələr əldə olunub. Əvvəllər 2 və 3 illik dövlət istiqrazları yerləşdirildiyi halda, 2020-ci ildən etibarən 5 illik dövlət istiqrazlarının, 2021-ci ildən etibarən isə 7 illik dövlət istiqrazlarının yerləşdirilməsinə başlanılıb və uzunmüddətli dövlət istiqrazlarının yerləşdirilməsi dövlət qiymətli kağızlarının yenidən maliyyələşmə riskinin azaldılmasına töhfə verməklə yanaşı, bu bazarın böyüməsini stimullaşdırıb. Son 4 ildə dövlət istiqrazları üzrə əqdlərin sayı və bazar əməliyyatlarının həcmi 4 dəfədən çox böyüyüb. Belə ki, 2018-ci il ərzində dövlət istiqrazları üzrə 290 əqdlə 224,9 milyon manat həcmində təkrar bazar əməliyyatları həyata keçirildiyi halda 2021-ci il ərzində əqdlərin sayı 753 ədəd təşkil etməklə 955,4 milyon manat həcmində təkrar bazar əməliyyatları aparılıb. Eyni zamanda, 2018-ci il ərzində dövlət istiqrazları üzrə 283 sayda əqdlə 440,1 milyon manat həcmində REPO əməliyyatları həyata keçirilmişdisə, 2021-ci ildə bu əməliyyatların sayı 4.181-ə çatdırılaraq 16 dəfə çox, yəni 6.834,2 milyon manat həcmində olub.
Bir məqamı da unutmaq lazım deyil ki Azərbaycanda davam edən sürətli inkişaf, maliyyə qaynaqlarının həcminin böyüməsi, o cümlədən artan iqtisadi tələb və ehtiyaclar daxili borclanmanın həcmini də yüksəldir. Onu da nəzərə almaq lazımdır ki, ölkəmizin daxili borclanma üçün kifayət qədər dayanıqlı resurs mənbələri vardır.
Beləliklə, borc strategiyasının icrası dövründə əldə edilmiş bütün müsbət dinamika bir daha təsdiqləyir ki, strategiya ilə müəyyən edilmiş hədəf və məqsədlərə tam nail olunub və risklərin, o cümlədən məzənnə riskinin azaldılması, habelə qiymətli kağızlar bazarının inkişafı çərçivəsində zəruri addımların atılması öz mühüm faydalarını verməkdədir. Bu siyasət həmçinin onu da əsaslandırır ki, daxili borcalma xərclərinin nisbətən yüksək olmasına baxmayaraq, məzənnə riski və digər xarici təhdidlərdən sığortalanmaq məqsədilə xarici dövlət borcunun azalması strategiyası daha düzgün seçim olmaqla uğurludur.
Azpolitika.info
İqtisadiyyat şöbəsi
Paylaş: