Xəbər lenti

Rusiya bayrağı altında üzən “VF Tanker 20” gəmisi avqustun 3-də İranın Neka limanına “Dragon Oil” şirkətinin istehsalı olan 6 min ton həcmində Türkmənistan neftinin boşaldılması məqsədi ilə daxil olub.

"Report" xəbər verir ki, qeyd olunan partiyanın boşaldılması avqustun 3-4-də NIOC-a (İran Milli Neft Şirkətinə) məxsus və şirkət tərfindən idarə olunan terminalda həyata keçirilib.

Bu, tamamilə Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Milli Neft Şirkətinə (ENOC) məxsus olan “Dragon Oil” şirkətinin Sinqapurdakı törəmə şirkəti "ENOC Trading" ilə birlikdə uzun müddət ərzində İrana təkbaşına neft tədarükü həyata keçirdiyi ilk haldır.

Bu vaxta qədər “Dragon Oil” bütün neft ixraclarını FOB Alaca (Türkmənistan) şərtləri ilə tenderlərdə həyata keçirib. İrana qarşı tətbiq olunan sanksiyalarla əlaqədar 2011-ci ildən etibarən ixrac yalnız Azərbaycan (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və ya Bakı-Batumi dəmir yolu xətti ilə) və ya Rusiya (Mahaçkala-Novorossiysk neft boru kəməri vasitəsilə) ərazisindən keçməklə Avropaya istiqamətlənirdi.

“Dragon Oil” və ENOC-un İrana neft tədarükünü bərpa etmək qərarı bazar iştirakçılarını təəccübləndirib. Xatırladaq ki, 2016-cı ildə İrana qarşı tətbiq olunan sanksiyaların bir qismi götürülsə də, bir çox məhdudiyyətlər bugünə qədər qüvvədədir. Əksər şirkətlər İranla hansısa biznes işi aparmazdan əvvəl ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) ətraflı tövsiyələrini gözləməyi üstün tuturlar.

“Dragon Oil” şirkətinin Türkmənistan nefti üzrə bütün hüsablamaları ABŞ dolları ilə apardığı, amerikalı podratçılarla (məsələn, ABŞ-ın neft xidməti üzrə nəhəng “Schlumberger” şirkəti ilə) uzunmüddətli əməkdaşlığının olduğu və rəhbər vəzifələrdə ABŞ vətəndaşlarının olduğu məqamda şirkətin İrana neft ixracını bərpa etməyə qərar verməsi tələsik və riskli görünür.

Eyni zamanda, BƏƏ-nin ABŞ-ın regiondakı əsas tərəfdaşı olmasına baxmayaraq, ölkənin Milli Neft Şirkəti olan ENOC-un ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla yeni biznesi aktiv şəkildə inkişaf etdirməsi faktı təəccüb doğurur.

Qeyd olunan neft partiyasının İrana çatdırılmasının “Dragon Oil” şirkəti tərəfindən əvvəlcədən heç planlaşdırılmaması da istisna deyil. Belə ki, “VF Tanker 20” gəmisi əvvəlcə Bakı limanına gəlib və iyulun 25-dən avqustun 1-nə qədər yoxlanışda olub. Lakin gəmidə sənədsiz yükün (bəlkə də qaçaqmalçılıq) aşkar olunması ilə əlaqədar neftin boşaldılmasına icazə verilməyib. Bundan sonra ENOC şirkəti tankeri yükün sənədlər təqdim olunmadan başaldılması mümkün olan İranın Neka limanına istiqamətləndirib.

Hazırda bazar iştirakçıları hadisələrin sonrakı inkişafını gözləyir: ya bu neft partiyası sənədləşmədə yaranmış problem səbəbindən Nekada boşaldılmış təsadüfi yükdür, yaxud da, bu, Türkmənistan neftinin İrana çatdırılması üzrə planlaşdırılmış proqramın başlanğıcıdır.

ENOC-un fraxt (yük) bazarında hazırkı aktivliyi və Rusiyanın “VF Tanker” şirkətinin bir neçə gəmisini Xəzər dənizində Alaca limanına istiqmətləndirməsi ikinci versiyanin xeyrinə olan məqamlardır.

 




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 7-08-2017, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma