Xəbər lenti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsinin keçirilməsini bir sıra aspektlərdən qiymətləndirmək lazımdır. Postneft dövrünün prioritetlərinə və hədəflərinə uyğun olaraq müşavirə kifayət qədər aktual mövzuya həsr edilib. Azərbaycanın ixracatının artırılması ölkəyə daxil olan valyuta həcminin artırılması, iqtisadi şaxələndirmə ilə bağlı hədəflərə nail olunması baxımından aktualdır. Yerli istehsalın dəstəklənməsi fonunda qeyri-neft ixrac imkanlarının artırılması əsas hədəf olaraq qalmaqdadır.
Ovqat.com bildirir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, ekspert Vüqar Bayramov deyib.
Vüqar Bayramov qeyd edib ki, 2017-ci ilin ilk rübünün yekunlarını qiymətləndirərkən əslində 2014-cü ildən başlayaraq aparılan islahatları qeyd etməliyik. Çünki Azərbaycan postneft dövrünün başlanmasını elan edən ilk ölkələrdən biri oldu. 2014-cü ilin sonlarında dövlətimizin başçısı tərəfindən postneft dövrünün başlandığı bildirildi. Azərbaycan neftin dünya bazarı qiymətlərinə və mövcud qiymətlərə uyğun transformasiya olması istiqamətində mövcud siyasətin aparılması ilə bağlı mövqeyini nümayiş etdirdi. Bununla ixracın stimullaşdırılması üçün atılan addımlar, xüsusilə ixraca subsidiyanın verilməsi öz təsirlərini göstərməyə başladı. Azərbaycan ixraca subsidiya təklif edən az sayda MDB ölkələrindən biridir. Bu, o deməkdir ki, sahibkar ixrac etdiyi məhsulun növünə uyğun dövlət büdcəsindən subsidiya alır. Bu zaman həmin vəsait sahibkarın hesabına köçürülür və sahibkar onu istifadə etməkdə sərbəstdir. Subsidiya əvəzsiz verilən, büdcəyə qaytarılmayan vəsaitdir.
Ekspert qeyd edib ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet məsələdir. Çünki neftin dünya bazarındakı qiymətləri ilə bağlı proqnozlar fərqli olsa da, hələlik onun aşağı həddə qalacağı barədə səslənən fikirlər özünü daha çox doğruldur. Bu fonda da düşünmək olar ki, neft erası artıq başa çatıb. Bu baxımdan fərqli proqnozlar olduğundan postneft dövründə vacibdir ki, məhz qeyri-neft sektorunun inkişafı dəstəklənsin.
Ölkə iqtisadiyyatının dayanıqlılığı praktik olaraq qeyri-neft sektorunun inkişafından asılıdır. Ona görə də qeyri-neft sektorunun dəstəklənməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi olduqca vacibdir. Sözsüz ki, belə olan halda qeyri-neft sektoru üzrə ixracatın payının artırılması da prioritetdir. Bu baxımdan dövlət dəstəyinin artırılması qeyri-neft sektorunun mövqeyinin möhkəmlənməsinə gətirib çıxaracaq. İmkan verəcək ki, qeyri-neft sektoru üzrə ixracatın çəkisini artırmaq mümkün olsun. Qeyri-neft sektorunun inkişafı nəticədə dayanıqlı iqtisadi inkişafı təmin edəcək, ölkəyə daha çox valyuta axını gələcək və iqtisadi şaxələndirmə ilə bağlı hədəflərə nail olunacaq.
Müşavirədə dövlət başçısı rəqabətqabiliyyətliliyin artırılması, yeni bazarlara məsulların çıxarılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Bir və ya azsaylı bazardan asılı olmaq arzuolunan deyil. Biz kənd təsərrüfatı məhsullarını əsasən Rusiya bazarlarına çıxarırıq. Amma artıq yeni bazarlar da var. Bazarların şaxələndirilməsi ona görə vacibdir ki, əgər hər hansı bazarda çətinlik yaransa, çıxış məhdudlaşsa, alternativlərdən istifadə etmək olur. Ənənəvi bazarlara və yeni bazarlara baxsaq, xüsusilə Körfəz ölkələri, yaxın gələcək üçün Avropa İttifaqı və Asiya bazarları üçün alıcılıq qabiliyyəti daha yüksəkdir. Eləcə də digər bazarlara çıxışda rəqabətqabiliyyətlilik çox vacibdir. Rəqabətqabiliyyətliliyin artırılması, yüksək məhsulların istehsal edilməsi təbii ki, uzun zaman tələb edir. Amma proses ondan xəbər verir ki, Azərbaycan sahibkarları bu çıxış imkanlarını formalaşdırmağa çalışırlar. “Made in Azərbaycan” brendinin formalaşması da Azərbaycanın yeni bazarlara çıxışını təmin etmək məqsədi daşıyır. Artıq Avropada aparıcı supermarket şəbəkələrində “Azərbaycan rəfi”nin yaradılması ilə bağlı danışıqlar yekunlaşdırılıb. Praktik olaraq, bunun yaradılmasının məqsədi ondan ibarətdir ki, məhsullarımızı təqdim etmək mümkün olsun.
Müşavirədə bir daha qeyd edildi ki, növbəti dövrdə, xüsusən də cari ilin növbəti ay və rüblərində ixracın stimullaşdırılması ilə bağlı siyasət davam etdiriləcək. Nəzərə alsaq ki, 3-5 faiz intervalında ixrac subsidiyası tətbiq edilir, güman edirəm ki, növbəti dövrdə subsidiyalaşma mexanizminə yenidən baxılması və ixracın subsidiyalaşması mexanizminin daha da təkmilləşdirilməsi məqsədəuyğun olardı. Çünki bu, nəticə etibarilə, imkan verəcək ki, sahibkarlar daha çox məhsullar ixrac etmək imkanına malik olsunlar. Bununla bağlı Prezident İlham Əliyevin xüsusi göstərişləri var.
Bu baxımdan gözlənilir ki, 2017-ci ilin növbəti aylarında əvvəldən proqnozlaşdırıldığı və hədəfləndiyi kimi, ixracatın stabilləşməsi meyilləri davam edəcək. Çünki 2017-ci il Azərbaycanda iqtisadiyyatın sabitləşməsi, 2018-ci ildən başlayaraq isə yenidən sürətli iqtisadi artımın bərpa edilməsi kimi hədəflənir. Bu məsələ Azərbaycan hökuməti qarşısında ilk hədəf kimi qoyulub. Bu baxımdan Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq gözlənilir ki, bu il Azərbaycan iqtisadiyyatının sabitləşməsi ilə bağlı prioritet hədəflərə nail olmaq mümkün olacaq.



Ana səhifəyə qayıt        Baxış: 766          Tarix: 20-04-2017, 14:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma