(hekayə)
Cəfərxan kişi rahatlana bilmirdi.Yerində qurcalanıb gah sağa çevrilirdi, gah da ki sola. Gözünə yuxu getmirdi. Qocalığa görə aldığı təqaüdün ikinci ili tamam olurdu. Sabah baş idarəyə gedib keçən il verdiyi arayışları yeniləyib təkrarən təqdim etməli idi. Yoxsa, təqaüdünü yubadıb onu çətin duruma sala bilərdilər. Dar gün üçün saxladığı 60 manat pulu həkimə və dava-dərmana xərclədiyi üçün kefi yox idi. Maddi vəziyyəti yaxşı olmadığından sabahkı işi rüşvətsiz həll etmək istəyirdi.
Səhər açılan kimi Cəfərxan kişi yerindən durub geyindi. Əl-üzünü yuyub yeməyini yedi, çayını içdi. Həyat yoldaşı Narıngül arvadla sağollaşmadan könülsüz halda evdən çıxdı.
Baş idarəyə çatanda adamların çoxluğunu görüb özundən asılı olmayaraq bərk əsəbləşdi. Sonra bir kənara çəkilib növbəsini gözləməyə başladı.
Tez-tez kabinetə girib-çıxan diribaş oğlan idarəyə yenicə daxil olan kişiyə 2-3 dəfə nəzər yetirdi. Elə bil sözlü adama oxşayırdı. Növbəyə duran adamları çox ləng yola salırdılar. Cəfərxan kişi isti yay günündə burada necə tab gətirəcəyini təsəvvür belə edə bilmirdi. Təqribən yarım saat keçəndən sonra bayaqkı qıvraq oğlan Cəfərxan kişiyə yaxınlaşdı:
-Sizi bir dəqiqə olar? - deyə, onu qonşu otağa dəvət etdi.
Ağsaqqal ümidlənərək yerindən tərpəndi. Yaşına uyğun olmayan iri addımlarla onun arxasınca yüyürüb otağa keçdi. Oğlan yanındakı təqaüdçünü yola salıb Cəfərxan kişiyə dedi:
-Ağsaqqal, görürəm, yaxşı kişiyə oxşayırsan. İstəyirsən, səni yola salım, get.
-Ay oğul, sənə qurban, kömək elə da. Bu minvalla heç səhərə kimi mənə növbə çatmaz.
-Ağsaqqal, “oğluna” beş manat “abed” pulu verə bilərsənmi?
-Vallah,imkanım yoxdur, - sonra nə fikirləşdisə, cibindən üç manat çıxarıb – bax, al bunu, halal xoşun olsun, məni yola sal, gedim - dedi.
Oğlan üç manatı aldı:
-Problem yoxdur. Təki sənin canın sağ olsun, - dedi. Sonra cibindən üstü möhürlü bir kağız çıxarıb Cəfərxan kişiyə uzatdı – Bax, sən işləməməyin barədə, sağlamlığın haqqında və bir də yaşayış yerindən arayış gətirməlisən. Hansı idarələrə getməlisən, bu sənəddə qeyd olunub.
Cəfərxan kişi çox gözləmədiyi üçün verdiyi pula heyifslənmədi. Ancaq heç ağlına da gəlmədi soruşsun ki, adi bir şeydən yana camaatı niyə bu qədər incidirlər.
Oradan çıxıb həmən qonşuluqlarındakı Mənzil İstismar Kontoruna yollandı.Katibə kişini görən kimi tanıdı:
-Xoş gəlmisən,əmi, - deyib, oturmaq üçün yer göstərdi – Buyur, əyləş.
-Yox, qızım, sağ ol. Tələsirəm. Mənə bir arayış ver, gedim.
-Ağsaqqal, bir ildən çoxdu zibildaşıma borcunuz yığılıb qalıb, pulunu ödəmirsiniz.Üstəlik, müdir də burda yoxdur.
Cəfərxan kişi keçənilki müsibəti, dava-dalaşı yenidən yaşamamaq üçün stolun üstünə beş manat qoyub dedi:
-Qızım, bu pula özünə ətir alarsan. Xahiş edirəm, məni çox incitmə. Bundan artığına gücüm çatmır.
-Ay dayı, Allah səni güldürsün, bu pula heç nahar eləmək olmaz, nəinki ətir almaq. Ancaq, ürəyini sıxma. Qoy görüm, burda ehtiyatda bir dənə olmalıydı.
tolun siyirməsini çəkib oradan imzalı, möhürlü ağ bir arayış çıxardı. Lazım olan qeydləri edib onu Cəfərxan kişiyə uzatdı:
-Buyurun, ağsaqqal, işiniz düzəldi. Gedə bilərsiniz.
Cəfərxan kişi kefsiz halda ordan çıxıb üz tutdu klinikaya tərəf. Ora çatan kimi qeydiyyata yaxınlaşıb gəlişinin məqsədini açıqladı. Səliqəli geyinmiş qarabuğdayı qız onu üç saylı otağa yönləndirdi. Orada Cəfərxan kişini ağ xalatlı gülərüzlü bir xanım qarşıladı:
-Salam, ağsaqqal. Xoş gəlmisən. Nə qulluq?
-Qızım, sağlamlıq haqqında arayış lazımdır. Bax, bu da sənəd. Deyiblər ki, sizin klinikadan alım.
-Mənim əziz dayım, əvvəl kassaya pul ödəyib analiz üçün qan verməlisiniz. Sonra isə müayinə olunacaqsınız.
Cəfərxan kişi az qaldı hövsələdən çıxsın, lakin özünü birtəhər ələ alıb dedi:
-Ay anam, ay bacım, vallah, imkanım yoxdur! Siz keçən dəfə də mənim başıma bu oyunu gətirdiniz. Bir arayış nədir axı? Görürsüz ki, sağ-salamat varam.
Xanım kişinin yalvarışlarını görüb bir az yumşaldı. Ona rəhmi gəldi:
-Dayı, sənə qurban, bir söz desəm, heç kimə deməzsən ki?
-Yox, demərəm.
-And iç ki, aramızda qalacaq. Yoxsa məni işdən həmişəlik qovarlar.
-Söz verirəm.
-Onda qulaq as. Görürəm, sən yaxşı kişiyə oxşayırsan. Ancaq heç mən də pis adam deyiləm, - deyə xanım söhbətə başladı. – Məgər mən özbaşımayam ki, burda oturub hər gələndən pul yığım? Görmürsən ki, hər şey kitaba qeyd olunur, hər qəpiyin hesabı aparılır? Nəbadə, bu barədə başqa müştərilərimizə xəbər verəsən. “Dama-dama göl olar” deyiblər. O pulları kimdi mənə verən? - Sonra əlavə etdi–Ancaq narahat olma, mən səndən cəmi beş manat alıb bu məsələni həll edəcəyəm. O pulun heç kimə aidiyyatı yoxdur, birbaşa müdirə çatmalıdır.
Həkim sözünə bir az ara verib yenidən davam etdi:
-Baş idarədən sənəd adı ilə sənə verilən o kağızın da heç bir anlamı yoxdur. Məgər sən bizdən arayış istəsəydin, verməyəcəkdik? “Keçəl halva yeyər puluna minnət” deyiblər. Hamısı pul tələsidir. Yəqin beş manat da o kağıza görə alıblar.
-Yox, üç manat vermişəm - deyə kişi cavab verdi.
Cəfərxan kişi vəziyyəti anladı. Əli əsə-əsə döş cibindən pullarını çıxardı. Bir manatlıq əskinasların arasındakı beş manatı ayırıb həkimə uzatdı:
-Al, bala. Allah səndən razı olsun.
Cəfərxan kişi klinikadan çıxıb növbəti arayışı almaq üçün yubanmadan İşədüzəltmə komitəsinə üz tutdu. Lakin yollardakı tıxac avtobusun sürətli hərəkətinə mane oldu. Ora çatanda qapıda asılmış “nahar fasiləsi” lövhəsini görüb yaxınlıqdakı parka döndü. Günəşin yandırıcı şüalarından qorunmaq üçün irigövdəli palıd ağacının altında oturmaq qərarına gəldi.
-Boşdur? – deyə skamyada oturub fikrə gedən cavan oğlandan soruşdu.
-Buyur, ağsaqqal. Əlbəttə – Cavan oğlan mehribancasına yer göstərdi.
Kişi yerini rahatladıqdan sonra qarşı tərəfdə toplanan dilənçilərə nəzər yetirib oğlana dedi:
-Bu yazıqlar da bir tikə çörək pulunnan yana tökülüblər şəhərin küçələrinə...
-Əziyyətlə pul qazanmaq istəmirlər - oğlan dedi. – Artıq dilənməyə alışıblar. biri deyir, xəstəyəm, dərman almağa pulum yoxdur, biri deyir, ərim ölüb, yetimləri dolandıra bilmirəm, biri deyir, əməliyyat olunmalıyam, Allaha xatir, kömək edin... Nə bilim ey, dünyadı da, hərə bir cür başını dolandırır.
Deyəsən, dilənçilər də nahar fasiləsinə çıxmışdılar. Skamyaya açdıqları qəzet parçasının üstündə xiyar, pomidor, pendir, kartof soyutması, çörək və “Koka-kola” butulkası gözə dəyirdi. Dilənçi qadınlar həm özləri yeyir, həm də soyutma kartofu əzərək qucaqlarındakı iki uşağı yedizdirirdilər. Yeyib qurtardıqdan sonra süfrəni yığışdirdilar. Başda oturan kök, nisbətən yaşlı arvad üzünü yoldaşlarına tutub dedi:
-Növbə kimindir, uşaqları götürsün. Davay, hamı iş başına.
Gözləmədikləri halda dilənçi qızlardan biri qucağında uşaq Cəfərxan kişigilə yaxınlaşdı. Oğlanın geyiminə nəzər salıb əvvəlcə əlini ona tərəf uzatdı:
-Ay qardaş, noolar, kömək elə, uşaq acından ölür. Üç gündür dilinə yemək dəymir. Atasının başına daş düşüb, “uruset”dən gəlib çıxmır. Noolar, ay qardaş, sizi and verirəm Allaha...
Oğlan hirslənib qızın sözünü kəsdi:
-Ay qız, baş-beynimiz getdi axı. Görürsən, imkanımız yoxdu də. Əl çək yaxamızdan.
Sonra öz-özünə deyindi: “Öz dərdimiz özümüzə bəs deyil, bu da bir tərəfdən düşüb üstümüzə, əl çəkmir”.
Qız bu dəfə üzünü Cəfərxan kişiyə çevirdi:
-Ay dayı, noolar, sən yaxşı adama oxşayırsan. Sənə qurban olum, kömək elə. Bu uşağın duası sənə bəsdi. Noolar, ay dayı...
Cəfərxan kişi yan cibindən iyirmi qəpik çıxarıb qıza uzatdı:
-Yaxşı, al, get burdan. O uşağı da günün bu şaqqamasında elə bişirmə, gunahdı.
Qız gedəndən sonra oğlan dedi:
-Ağsaqqal, özün bilən məsləhətdi, ancaq pul verib bunları pis öyrədirik. Milləti dilənçiliyə həvəsləndiririk. Qoy gedib özlərinə iş tapsınlar...
Cəfərxan kişi gülümsəyərək dedi:
-Bilirsən nə var, bala? Millət çoxdan yaman günə qalıb, sənin xəbərin yoxdur-sonra əlavə etdi – Bu yaxınlarda bulvarda gəzirdim. Ucaboy, qəşəng bir oğlan mənə yaxınlaşıb ona pul verməyimi, köməklik etməyimi xahiş etdi. Mən ona “ay bala, maşallah, pəhləvan kimi oğlansan, niyə gedib bir işin qulpundan yapışmırsan?!” – deyəndə, qayıdıb mənə nə cavab versə yaxşıdır?
-Nə?
-Dedi ki, ağsaqqal, elə mən gözümü açandan bu işlə məşğulam də. Bundan sonra çətin ki, əlim başqa işə yatsın. Ancaq, ay oğul, mən bu dilənçiləri o qədər də qınamıram. Əgər bəzi idarələrdə dövlət adamları aldıqları məvacibə qane olmayıb hər gün dilənirlərsə, qəpik-quruş dalınca qaçan bu yazıqları niyə qınamalıyıq ki?!
Artıq nahar fasiləsi başa çatmışdı. Oğlan getdiyindən Cəfərxan kişi tək qalmışdı. Bəzi fikirlər onu yerindən tərpənməyə qoymurdu. Bilmirdi ki, cibində qalan axırıncı manatlıqlar üçüncü arayışı almaq üçün yetərlidir, ya yox? Bəs, birdən pulu görməsə, onda nə edəcək? Cəfərxan kişi ümidsizliyə qapılmışdı. “Əgər tanıyan olmasaydı, şəhərin gur yerlərndə bir-iki saat dilənərdim” deyə fikrindən keçirdi. Bu vaxt 10-12 yaşlarında saçı pırtlaşıq, üst-başı yaman gündə, cırıq ayaqqabılı bir qız uşağı ona yaxınlaşdı. Kirli əllərini Cəfərxan kişiyə tərəf uzadıb yalvarmağa başladı:
-Ay dayı, sənə qurban olum, ayaqlarının altında ölüm, mənə kömək elə. Səni and verirəm Həzrət Abbasa. Yetim uşağam, noolar? Heç kimim yoxdur...Səni and verirəm Allaha...
Cəfərxan kişi çaşıb qaldı. Nə edəcəyini bilmədi. Tifil qızcığaza yazığı gəldi. “lənət şeytana” deyib, əlini çibinə saldı. 20 qəpik çıxarıb uşağa verdi. Sonra isə “bəs, mən özüm vəziyyətdən necə çıxacağam?” – deyə fikirləşməyə başladı. Bu zaman parkdakı adamlardan yardım istəyən bir arvadın dilənə-dilənə ona tərəf irəlilədiyini gördü. Bu dəfə Cəfərxan kişi özünü itirmədi. Sağ əlini qabağa açıb sakitcə dayandı. Arvadın yaxınlaşdığını görcək ondan kömək istədi:
-Ehtiyacım var. Xahiş edirəm, əl tutasınız. Allah öz mərhəmətini sizdən əsirgəməz...
Arvad diqqətlə baxsa da, heç nə başa düşmədi. Palıd ağacının kölgəsində lövbər salan Cəfərxan kişinin sifəti ona tanış gəlmirdi...
Aləm Kəngərli
Paylaş: