1970-ci ildə noyabrın 7-də Füzuli rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Univerisitetinin Jurnalistika fakültəsinə daxil olub. Tələbəlik illərində Azərbaycan Gənc Publisistlər və Poliqrafçılar Cəmiyyətinin təsis etdiyi Alı Mustafayev adına təqaüdə layiq görülüb. Ali təhsili başa vurduqdan sonra “Gənclik” jurnalının əlavəsi olan “PS” qəzetində daha sonra isə “Ulduz” jurnalında fəaliyyət göstərib. Hazırda AYB-nın orqanı olan “Ulduz” jurnalında publisistika şöbəsinə rəhbərlik edir. Yazıçılar Birliyinin üzvüdür. Şeir və nəsr nümunələrindən ibarət “Yaşıl eskiz” kitabının müəllifidir. Şeir və nəsr nominasiyaları üzrə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb. Ailəlidir, iki övladı var.
Nasirin “Çörək adlı dərd” adlı pritçasını Ovqat.com oxucularına təqdim edirik:
Çoxlarına tanış gələcək bu yazı, doğma dərd kimi
-Həyatdı dəə...
-Həyat deyil, cəhənnəmdi, cəhənnəm.
Gözümü açandan haqqı sürünən, tapdanan, nahaqqısa hər şeydən üstün gördüm. Nə vaxtadək? Belə gəlib, elə belə də gedəcək.
-Bu dünya nahaq dünyadı də, bilmirsən haq-ədalət tərəzisi o dünyadadır, əməllərimizin əvəzi,mükafatı...
-Yenə küfr danışacam, lənətə gəlmiş, hələ heç kim o dünyadan əlində“podarka” gəlməyib... elə belə də öləciyik.
-Elə demə, hər şeyin bir sonu var, bir gün bizim qapıda da bayram olar.
-Lazım deyil mənə o bayram, indi olmayacaqsa. Əlində əsa əsə-əsə yeriyən kaftar bayramı neynir?
-Əstəğfürullah!
Tez-tez olurdu bu mükalimə, az qala hər gün, hər saat. Həmişə də eyni cür başlayıb eyni cür qutarırdılar söhbəti. Arada nəfəslərini dərib ətrafa da baxırdılar.
Bura çörək bişirilən yerdi. Çox çətin, əzablıydı fəhlələrin işi. Yayın cırhacırında camaat kondisioneri, o da olmayanda ventilyatoru qurub istirahət etdiyi vaxtda onlar isti sobaların qabağında oturmağa belə imkan tapmayıb, dayanmadan çörək bişirirdilər. Əsl cəhənnəm də elə buydu, gözlər olsun görməsin. Günlərin bir günü elə burdaca gəbərəcəklərini düşünə-düşünə, gileylənə-gileylənə, bəzən hətta ağlaya-ağlaya bişirirdilər çörəyi. Min dəfə “ağu”, “zəhrimar” deyirdilər çörəyə. Odur ki, çörəklər yaxşı çıxmırdı. Bu qədər zəhmətin qabağında çörəklər elə quru, yanıq, elə dadsız-duzsuz çıxırdı ki, Allah göstərməsin, itin qabağına atsan, o da yeməzdi.
Onlarsa... yeyirdilər. Çörəklər keyfiyyətsiz olduğundan onlara pul verilmirdi, təkcə bişirdiklərindən götürə bilərdilər, istədikləri qədər, o bomboz, tamsız çörəkdən. Bu həm də belə yozula bilərdi: necə bişirmisiz, elə də yeyin, canınız çıxsın.
Çörək çörək təhərində deyildi, ağu, zəhrimar idi, boğaza tıxanan. Amma heç nə olmayan yerdə mədəni nəylə doldurasan? Onlar neyləsin ki, canlıydı, bütün canlılar kimi mədələri vardı və mədələri dözə bilmir, heç cür güzəştə getmirdi. Belədə aldadırdılar yazıq mədəni, o ağu, zəhrimar dadan duzsuz çörəklə, şor suyla.
-Dözülməzdi bura, cəhənnəmə ölüm acından. Bir quru çörəkdən ötrü ömür çürüdürəm, heç insafdı? Rədd olub gedəcəm, ya belə ölmək, ya elə, nə fə...
Kiminsə acıqlı, kin-küdurət dolu səsi gəlirdi, sonra tappıltı, guppultu, söyüş, qarğış.
Gedə bilmirdi amma o Kimsə, elə qapıya yaxınlaşan kimi qarşısını Çörək kəsirdi; hakim kimi, cəllad kimi, ehtiyac kimi, təlabat kimi, ölüm kimi, həyat kimi, ehh, nə bilim nə kimi?
Hər yerdən çörək asılmışdı, bura çörək bişirilən yerdi axı. Çörək qapıya yaxınlaşan adamı Domokl qılıncı kimi qarşılayırdı. Adamlar qorxurdu çörəkdən. İlahi, dəhşətə bax! Desəm, heç kim inanmaz. Amma billah, hamıdan çox qorxan da inanmayanlardı. (daha düzü, özünü inanmayan kimi göstərənlər).
Qarğışları beləydi: “Səni çörək tutsun”, alqışları da “çörək haqqı”. Bəzən də dillərində “çörək Qurandan əvvəl gəlir” deyir, onun başqa ekvivalanteni, “qarın qardaşdan irəlidi” fikrini isə ürəklərindən keçirirdilər. Beləcə Quranı yerə qoyub ilk növbədə yenə çörəyə üz tuturdular. Çörək də... Çörək yuxarıdan asılmışdı. Həmişə hamının əli çatmırdı. Boylarından yuxarı tullanır, yıxıla-dura əllərinin tuta biləcəyindən artıq çörək qoparırdılar.
Güc-bəlayla qopardıqları çörəyin xırda tikələri yerə tökülür, tapdanırdı ayaqlar altda. Kimdi belə şeyə fikir verən. Ağır, ciddi iş rejimi, yorğunluq, mədənin daimi tələbi; mürgüləməyə belə vaxt yoxdu.
Belə bir qarğışları da vardı: çörək tutsun səni! Və çörək, doğrudan da, tutmuşdu onları, həbs eləmişdi, bu cəhənnəm misallı çörəkxanadan bir addım belə o yana ata bilmirdilər. Yarım kiloluq girdə çörəklər sanki ton yarımlıq daş, qaya parçası idi, kəsmişdi bütün çıxış yollarını. Çıxış yolu yoxdu!
Bir dəfə bilirsiz nə oldu? Ehh, çörəkçilərdən biri ağlını itirmişdi az qala. Uzun saplı bıçağı götürüb qarnını cırmaq istəyirdi, işə bax. Acığını doymaq bilməyən mədəsindən çıxmaq istəyirdi. Səsi boğulmuşdu həyəcanından: “niyə axı, biz bir tikə çörəyin əsiriyik, köləsiyik, niyə? Bir saatdan, para saatdan sonra kanalizasiyada olacaq...”
Tökülüşüb əlindən aldılar bıçağı, birtəhər sakitləşdirib həyat adlı çətin yolun keşməkeşlərindən, çörək adlı dərdin qaçılmazlığından danışdılar.
Gözüm divarlardan, qapı-pəncərədən asılan girdə çörəklərə sataşdı (mən yenə müşahidəçi idim), amma, vallah, inanmazsız desəm, çörəklər gülürdü. Hə, hə, gülürdü çörəklər, lap canlı adam kimi. Qapının yanından asılmış şüara gülürdü, bəlkə, çörəklər: “Çörək bol olarsa, basılmaz vətən!” Vətən anlayışını özündən uydurmuşdu çörəkçilər, əslində, burda yenə də söhbət çörəkdən və onun bolluğundan (!) gedirdi. Bəli, məhz bolluğundan, daha necəliyindən yox. Məlumdur ki, kəmiyyətlə keyfiyyət həmişə tərs mütənasib olub. (bunu da müşahidəçi olduğumdan bilirəm).
...Həyat davam edirdi. Yox, davam etdirilirdi birtəhər, güc-bəla, sürünə-sürünə, əzilə-əzilə, sıxıla-sıxıla, yıxıla-yıxıla. Təkcə çörək ayaq üstəydi, yenə həmişəki kimi yuxarıda, çörəkçilərin başı üstdə.
Çörəkçilərin isə ilk mənzili də, son mənzili də elə bura idi. Odur ki, xəbərsizdilər ayın, günəşin, başqa səma cisimlərinin mənzilindən, nə yazıq...
Paylaş: