Azərbaycan polisi həftəyə xeyli fəal başlayıb. Həftənin ilk günü və günün birinci yarısı olmasına baxmayaraq, müxtəlif rayonlarda 3 oğru, 2 narkotik alverçisi həbs olunub.
DİN Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumatda belə deyilir.
Polislərin ilk uğurlu əməliyyatı Şəmkir rayonunda keçirilib. Məlumata görə, rayonun Aşağı Seyfəli kənd sakini Mirəzim Məmmədova məxsus evdən qapını sındırmaq yolu ilə 1 ədəd televizor və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri Afiyəddin Quliyev, Nurlan Axundov və əvvəllər məhkum olunmuş İmdat İsayev saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 19-da birlikdə daha bir sakinin evindən qızıl və məişət əşyaları oğurlamaları, həmçinin İ.İsayevin A.Quliyevlə birgə ötən ilin avqust və sentyabr aylarında kənd sakinləri Emin Həsənova məxsus həyətyanı sahədən 3 baş inək və daha bir evdən 1200 manat, danışıq kartları və tütün məmulatı oğurlamaları da müəyyən edilib.
Oğurluqla mübarizə barədə günün ikinci xəbəri Qaxdan gəlib.
Məlumata görə, Qax şəhərindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla obyektə qeyri-qanuni yolla daxil olmaqla oradan ümumilikdə 10.300 manat və 100 ABŞ dollarının oğurlandığı məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri olan 2 qardaş müəyyən edilərək saxlanılıblar.
Əvvəllər də məhkum olunmuşlar - Elsevər və Eldəniz Muradovların ətrafında aparılan tədbirlərlə onların yanvarın 21-də və 30-da digər 2 mağazadan da pul və tütün məmulatı oğurlamaları müəyyən edilib.
Lənkəran və Xəzər rayon polisləri isə narkotik və silah alverçiliyiylə mübarizədə fərqləniblər.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.
Belə ki, narkotik satışında şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Qumbaşı kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Əliyev olduğu məlum olub. Baxış zamanı üzərindən 1,5 qr tiryək aşkar edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə 1 kiloqram 945 qram marixuana, 4,1 qram heroin, 92,84 qram tiryək, həmçinin müvafiq sənədləri olmayan lüləsi kəsilmiş 1 ədəd “TOZ-25”, 1 ədəd xaricdə istehsal edilmiş ov tüfəngləri, 6 ədəd patron, 3 ədəd xəncər, 1 ədəd balta və 1 ədəd maska aşkar edilərək götürülüb.
ŞRPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində saxlanılan Qumbaşı kənd sakini Yalçın Dadaşovun üzərinə baxış zamanı tiryək aşkar edilib. Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı isə əlavə olaraq 114,54 qram tiryək, 5,571 qram heroin, “Metamfetamin” və xəncər aşkar edilərək götürülüb.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Cəlilabad rayon sakini Bəhruz Əbilov olduğu məlum olub. Baxış zamanı ondan çəkisi 1 kiloqram 200 qram heroin aşkar edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb.
Paylaş: