Nurəddin ismayıl
Arxasında hakimiyyət boslarının, talançı məmurların durduğu bir sıra sayt və qəzetlərdə ADP sədri S.Cəlaloğluna qarşı başladılan çirkin kompaniya davam edir. Nə var ki, onun təsisçisi olduğu “Hürriyyət” qəzetində qardaşı oğlu şəhid R.Məmmədovun ailəsinə məxsus evin hasarını dağıtdıklarına görə Neft Şirkətinin əməkdaşları və SOCAR rəhbəri R.Abdullayev barədə kəskin bir yazı gedib.
Yazı həqiqətən də sərt bir üslubda, bu əməli törədənlərə qarşı nifrət dolu ifadələrin yer aldığı şəkildə və müəllifin öz emosiyalarını boğa bilmədiyi tərzdə yazılıb. Təbii ki, müəllifi bu cür sərt üslubun seçilməsinə vadar edən özünü candan əziz sevdiyi vətən yolunda qurban verən dayıoğlusu, Aprel şəhidi R.Məmmədovun ailəsinə qarşı edilən haqsızlıq, qeyri-insani münasibət olub. Amma başladılan bu çirkin kompaniyanın niyə yazı müəllifinə, qəzetə qarşı deyil, ADP sədri S.Cəlaloğluna qarşı yönəldilməsi çox incə mətləblərdən xəbər verir.
Xatırladım ki, Sərdar bəy son prezident seçkilərinə namizədliyi irəli sürülmüş şəxslərdən biri idi və kampaniya dövründə nazirlərin, məmurların rüşvət və korrupsiyaya bulaşması, vəzifələrindən sui-istifadə etməsi, milli sərvətimizi vəhşicəsinə talan etmələri barədə sərt çıxışlar edir və xalqı bu soyqunçulara qarşı yekdil mübarizəyə səsləyirdi.
O, debatdakı çıxışlarında şəhid ailələrinə, qazilərə daha çox mənəvi, maddi yardımlar göstərilməsini, milyardları oğurlayıb əcnəbi banklara oturdan nazirlərin cəzalandırılmasını, yaltaqlığa, proteksianizmə, monopoliyaya son qoyulmasını, Rusiya ilə yaxınlaşmanın milli təhlükəsizliyimizi təhdid altında salmasını, Atlantik məkana inteqrasiyanı xarici siyasətimizdə prioritet olaraq qəbul edilməsini, Dağlıq Qarabağ probleminin həllində hərbi qüdrətimizdən istifadə edilməsini dilə gətirir və çıxış yollarını göstərən dolğun konsepsiyalar irəli sürürdü.
Görünən odur ki, bu cür çıxışlardan qorxuya düşən, lakin həmin dövrdə demokratik görüntülər pozulmasın deyə susmağa məcbur olanlar, sonradan açıq və gizli formada ona qarşı qisasçı hücumlar təşkil etmək fikrinə düşüblər. Bir mərkəzdən idarə olunması şübhə doğurmayan bu qüvvələr əllərinə fürsət düşmüşkən, bir yazının ünvanında S.Cəlaloğlunun şəxsinə, nəslinə qarşı səlib yürüşünə keçiblər.
Utanmaq, şəhid ailəsinə qarşı uzanan namərd əlləri dibdən kəsmək əvəzinə, təşkilatçılar bir neçə reket saytı körükləyib S.Cəlaloğlunun üstünə saldırmağa üstünlük veriblər. Ayıbdır, vallah. Bir ailə bir ayda iki şəhid verib. O mübarək şəhidlər yalançı patriotlara, boğazdan yuxarı vətən, millət sevgisindən dəm vuranlara vətən sevgisinin nə olduğunu canlarını fəda edərək anladıb, Haqqın dərgahına qovuşub.
Şəhid ailəsinin yarasını sarımaq, dərdinə şərik olmaq əvəzinə, dövlətin onlara ayırdığı iki sot yerdə öz vəsaitləri hesabına tikdikləri evin hasarı yaramaz icra məmurları tərəfindən sökülüb dağıdılır və sonra da onların ağsaqqalına qarşı qərəzli hücumlar təşkil edilir.
Qarayaxma kompaniyasına məzhəb xəstəliyinə tutulmuş, İran molla rejiminin şallaq cəzasını demokratik cəmiyyətə sırımaqdan fəxr duyan, Mütəllibov hakimiyyətinin qoçusu sayılan hacı Əbdül, səs oğrusu, milli kimliyinizə həqarətlə yanaşan, hazıra nazir deputat A.Əlizadə, rusqafalı, hakimiyyət ehtirası 20 Yanvar qırğınına, Xocalı soyqırımına yol açan A.Mütəllimov da qoşulub. Adamlar iftira və böhtan dolu müsahibələr verir, öz mənfur keçmişlərini unudub, bütün şüurlu həyatını müstəqil, demokratik Azərbaycanın qurulmasına həsr edən S.Cəlaloğlu haqda hədyanlar yağdırırlar. O partiyanın sədrinə ki, bir zamanlar Moskvada mühacir həyatı yaşamağa məcbur edilən A.Mütəllibovun vətənə qayıdıb siyasi fəaliyyət göstərməsi üçün bir partiya olaraq səsini qaldırmış və bu tələbdən anti-mütəllibovçulardan haqsız zərbələr alıb. A. Mütəllibov bu gün Türkiyə ilə konfederasiya yaratmaq barədə fikirlər səsləndirdiyinə görə S. Cəlalaoğlunu qeyri-vətənpərvərlikdə ittiham edir və iqtidara tövsiyə edir ki, ona qarşı ciddi tədbirlər alsın.
Rus, fars zehniyyətli bu insanlar nədən gələcəkdə Türkiyə ilə konfederasiya yaradalması barədə səslənən fikirdən bu qədər əndişə keçirirlər? Belə isə mərhum dövlət başçısı H.Əliyevin “bir millət iki dövlət” şüarına da qarşı çıxılmalı, bu şüarın Azərbaycan istiqlalına qarşı olduğu dilə gətirilməlidir. Amma itirmək qorxusu, bioloji özünü qoruma instinkti onların kürkünə birə saldığından, hədəfdən yayınır və iqtidar şinelinin düymə qurtaran yerində isti sığınacaq tapırlar.
Bəlkə belə hesab edirlər ki, bu üçlüyün mərhum H.Əliyevin Azərbaycana dönüşü üçün hər cür təxribatlara əl atması, parlamentdə çıxışını əngəlləmək üçün qoçu dəstələrini işə salması, şəxsən A.Mütəllibovun Azərbaycan istiqlalını qan gölündə boğmaq istəyən qəddar Kremli siyasətini müdafiə etməsi xalqımızın yadından çıxıb?
Adamlardan soruşmaq gərək; qəzetlə SOCAR arasında yaranan gərginliyin siyasi keçmişi xalqın yaddaşında qara iz buraxan sizlərə nə aidiyyatı var?
Bu, R.Abdullayevin haqqıdır ki, ortada məhkəmə predmeti varsa, qəzetə, yazı müəllifinə qarşı iddia qaldırsın. Amma inanmıram ki, dövlətin iqtisadi rıçaqlarında yer alan bir zat dövlət ərkanına yaraşmayan bir hərəkətdə bulunsun və şəhid ailəsinə qarşı edilən ədalətsizliyin ünvanına yazılan emosional bir yazını məhkəmə predmetinə çevirmək qədər ucuzluğa getsin.
Paylaş: