“Azərbaycanın 2019-cu il büdcəsində nəzərdə tutulan əsas prioritetlərdən biri sahibkarların vergi yükünü azaltmaqdır”.
Büdcə layihəsini Müsavat.com-a şərh edən iş adamı Mürvət Həsənli belə deyib.
Onun sözlərinə görə, gələn ilin büdcə zərfində aylıq qazancı 8 min manata qədər olan vətəndaşlardan gəlir vergisinin tutulmaması və kənd təsərrüfatı müəssisələrinə vergi güzəştlərinin daha 5 il uzadılması orta sahibkarlığın inkişafını təşviq etmək məqsədi daşıyır:
“Məlum olduğu kimi, ayda 8 min manat gəlir Azərbaycan standartları üçün kiçik göstərici deyil. Bir çox orta sahibkarın belə, qazancı bu həddən xeyli aşağıdır. Büdcə zərfində belə bir qaydanın nəzərdə tutulmasının bir məqsədi var: Sahibkarların işgüzarlıq fəaliyyətini təşviq etmək və gəlirlərinin gizlədilməsinin qarşısını almaq. Sirr deyil ki, Azərbaycanda kölgə iqtisadiyyatı rəvacdadır. Bir çox kiçik müəssisələr iri müəssisələrlə rəqabətə tab gətirmək üçün məcburən gəlirlərini gizlədir və vergi ödəməkdən yayınırlar. Bu da istər-istəməz Azərbaycanın real iqtisadi potensialını hesablamağa mane olur. Kölgə iqtisadiyyatı ilə mübarizədə yalnız inzibati metodların tətbiq olunması da effektli deyil. Bu, istər-istəməz sahibkarların fəaliyyətlərini dayandırması ilə nəticələnir. Ötən illərin təcrübəsindən çıxış edən hökumət, görünür, böyük vergi güzəştləri tətbiq etmək qərarına gəlib”.
Bəs, kölgə iqtisadiyyatları qeydə alındıqdan sonra 8 min manata qədər gəlirdən vergi tutulmaması siyasətinə son qoyula bilərmi?
Həmsöhbətimiz bu ehtimalın mümkünlüyünə inanmır. Onun fikrincə, dünyanın bir çox ölkələrində iqtisadiyyatın təməllərini kiçik sahibkarlıq subyektləri təşkil edir: “Hətta Almaniya kimi inkişaf etmiş ölkələrdə belə, kiçik sahibkarlıq iqtisadiyyatın bel sütunu hesab olunur. Bu müəssisələrdə daha çox insanların işləməsi həm işsizlik problemini həll edir, həm də ciddi iqtisadi rəqabət şəraiti yaradır. Nəticədə ölkə inkişaf edir, iqtisadiyyat böyüyür. Dünya təcrübəsində bu məqsədlə iri monopolist şirkətlərin dövlətin təzyiqi ilə bir neçə yerə bölünməsi hallarına rast gəlinir. Bəzən istehsalatçı şirkətlərin təchizatla məşğul olmasına izn verilmir, bəzən xammal istehlakı, son məhsul istehsal edənlərin əlindən alınır. Beləcə, ölkələrin maddi sərvətləri vətəndaşlar arasında mümkün olduğu qədər ədalətli şəkildə bölünür. Hesab edirəm ki, 8 min manata qədər aylıq gəliri olan vətəndaşların gəlir vergisindən azad edilməsi də hökumətin monopoliyalara qarşı mübarizə aparmaq niyyətindən xəbər verir. İnhisarçılığa qarşı mübarizə hər bir dövlətin başlıca siyasətlərindən olduğundan tətbiq edilən bu qaydanın uzunömürlü olacağına inanıram”.
2019-cu il büdcəsində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrıldığını vurğulayan iş adamı fikrini belə əsaslandırdı: “Büdcə gəlirlərinin mənbələri ilə bağlı proqnozlarda da bu diqqətdən yayınmır. Layihədə 4 gəlir mənbəyi nəzərdə tutulur.
Bunlar belə sadalanır:
Dövlət Neft Fondu – 49.6%,
Vergilər Nazirliyi - 31.9%
Gömrük – 15.1%
Digər qaynaqlar – 3.4%.
Göründüyü kimi, hökumət neftdən gələn gəlirlərin 50 faizdən aşağı olacağına ümid edir. Vergi güzəştləri tətbiq olunmasına baxmayaraq, Vergilər Nazirliyindən əldə edilən vəsait isə hardasa 32 faizdir. Nəzərə alsaq ki, gələn ilin neft qiymətlərində 1/3 dəfə artım proqnozlaşdırılır (ötən ilin büdcə layihəsidə bir barrel neftin qiyməti 45 dollar, bu il isə 60-70 dollar nəzərdə tutulub), bu fakt da Azərbaycan hakimiyyətinin artıq qeyri-neft sektoruna daha çox əhəmiyyət verdiyini göstərir”.
Dövlət Gömrük Komitəsindən daxilolmalara gəlincə, iş adamı nəzərdə tutulan 3.451 milyard manatın kifayət qədər yüksək olduğuna inanır: “Bu məbləğ ÜDM-nun 4.2%-i həcmindədir və ötən illə müqayisədə 261.6 manat, yəni 8.6%, 2017-ci illə müqayisədə isə 842.8 milyon manat, yəni 32.3% çoxdur. Gömrük gəlirlərində artımın bir səbəbi Komitədə əvvəlki illərdə rast gəlinən qeyri-qanuni halların qarşısının alınmasıdırsa, digər səbəb isə ölkənin iqtisadi gücünün artması ilə bağlıdır. Məlum olduğu kimi, hər dövlət iqtisadi cəhətdən gücləndikcə, bu, idxal-ixrac münasibətlərinə də öz təsirini göstərir. İxracatın artması idxalatın artımına şərait yaradır və bu, gömrük gəlirlərinin yüksəlməsinə səbəb olur”.
2019-cu il büdcəsində ən çox vəsaitin, hər zaman olduğu kimi, müdafiə, təhsil və səhiyyə sisteminə ayrılmasını yüksək qiymətləndirən Mürvət Həsənlinin fikrincə, hər bir ölkənin inkişafı və davamlılığı məhz bu 3 amildən asılıdır: “”Dədə Qurqud” filmində gözəl bir epizod var. Filmin sonunda Dədə Qorqud yanındakı uşağa deyir: “Bir torpağı qorumayacaqsansa onu əkib-becərməyə, əkib-becərməyəcəksənsə qorumağa dəyməz”. Odur ki, iqtisadi yüksəliş ilk növbədə vətənin qorunmasından keçir. Bu da müdafiə tədbirlərini artırmağı, həmin sahəyə ciddi vəsait ayrılmasını şərtləndirir. Digər tərəfdən torpağın əkib-becərilməsi, indiki təbirlərlə desək, iqtisadi inkişaf insan kapitalından asılıdır. İnsan kapitalının əsasında isə təhsil və sağlamlıq dayanır. Azərbaycan hakimiyyətinin 2019-cu il üçün nəzərdə tutduğu büdcə layihəsində də bu 3 sahə ən çox vəsait ayrılan sektorlar kimi ön plana çıxır. Layihəyə görə, 24 milyard 780 milyon manat həcmində olacağı proqnozlaşdırılan 2019-cu il dövlət büdcəsində müdafiəyə 3.03 milyard, təhsilə 2.27 milyard, səhiyyəyə 1. 04 milyard manat ayrılacaq”.
Nəzərdə tutulan büdcə gəlirləri ilə xərcləri arasında hardasa 2 milyard manat civarında kəsir olduğunu bildirən həmsöhbətimizi bu fərqi neftin qiymətinin dünya bazarındakı rəqsi ilə əlaqələndirib: “Bilirsiniz ki, neftin dünya bazarında qiymətləri sabit deyil. Bir ilin ərzində gah 40 dollara, gah da 80 dollara satılan neftin qiymətindəki bu oynamalar büdcə layihələrinin dəqiq hesablanmasına mane olur. Təsadüfi deyil ki, büdcədə də neftin illik orta qiyməti dəqiq göstərilməyib, 60-70 dollar arasında ifadə edilib. Yəqin, bu qeyri-müəyyənliyi nəzərə alan Azərbaycan hakimiyyəti neftin ən ucuz satılma ehtimalını gəlir, ən optimal qiyməti isə xərclər kimi götürüb. Amma gəlirlə xərclər arasındakı bu böyük fərqi başqa yerlərə çəkmək doğru deyil. Bütün hallarda hakimiyyət gələn il büdcə xərcləmələrində kontur-tsiklik siyasəti tətbiq edəcəyini rəsmən açıqlayıb və bu da israfçılığı azaldacaq”.
Qeyd edək ki, Maliyyə naziri Samir Şərifov da bir neçə ay əvvəl konur-tsiklik siyasətinin tətbiq olunacağını bildirərək demişdi:
"Qanunun (söhbət “2019-ci il dövlət büdcəsi haqqında” qanun lahiyəsindən gedir – Müsavat) tətbiqi zamanı xərclərin yuxarı həddində uzun və orta müddətli limitlər tətbiq olunur. Digər tərəfdən, bizim üçün vacib olan meyar gəlirlərin dəyişkənliyidir. Bunun üçün qanunun tətbiqi ilə gəlirlərin dəyişkənliyindən qoruyucu mexanizmlər işə salınır. Bu o deməkdir ki, bizim büdcə siyasətimiz kontur-tsiklik olmalıdır. Yəni bizim gəlirlərimiz artanda, o artımın hamısını xərcləməməliyik. Gəlirlərimiz azalanda isə bizim sərəncamımızda kifayət qədər ehtiyat olmalıdır ki, kontur-tsiklik siyasəti həyata keçirə bilək".
Musavat.com
Paylaş: