Elçin Qurbanov
İlk olaraq vurğulamaq lazımdır ki, hələ bu günə qədər 2018-ci ilin büdcə layihəsi kimi geniş və detallı büdcə layihəsi hazırlanmamışdır.
2018-ci ildə dövlət büdcəsi gəlirlərinin həcmi 20127.0 mln manat proqnozlaşdırılır. Bu rəqəm təxmin edilən ÜDM –in 29.0 faizi həcmindədir. Yəni ÜDM = 69403.0 mln. və ya 69 milyard 403 mln. proqnozlaşdırlıb. Büdcə layihəsində dövlət büdcəsinə vergi xətti ilə daxilolmaların həcmi isə ÜDM-in 11.4 faizi səviyyəsində qeyd olunur. Neft sektorundan büdcə daxilolmaları DNF-transfert 9216 mln və ARDNŞ və ABƏŞ –dən vergi xətti ilə daxilolmaların kəmiyyət ifadəsi 1880.0 mln manat olmaqla ümumi neft təyinatlı büdcə daxilolmalarının cəmi 11096.0 mln və ya 11 milyard 96 mln manat təşkil edəcəyi nəzərdə tutulur. Bu da büdcə gəlirlərinin 55.1 faizi deməkdir.
Əgər proqozlaşdırılan 69403.0 milyon (69milyard,403 mln) manat ÜDM –in 47600.0 mln manatı qeyr-neft sektoruna aid edilirsə, deməli neft ÜDM-i 21803.0 mln təşkil etməlidir. Lakin neft ÜDM-i üzrə vergi xətti ilə daxilolmaların ayrıca ifadəsi 1880 milyon və ya 8.62 faiz təşkil edir. Belə olduğu halda qeyri-neft sektoru üzrə vergi daxilolmalarının ÜDM –dəki həcmi 11.44 faizdən 12.66 faizə qədər dəyişilir. Deməli, layihədə büdcəyə vergi daxilolmalarının qeyri-neft sektoru üzrə həcmi ÜDM-in 11.4 faiz deyil, 12.66 faizi həcmindədir.
Nəzərə alsaq ki, qeyri-neft ÜDM –də özəl sektorun payı 83 faizdir, yəni 39 milyard, 508 milyondur, onda sahibkarlıq subyektlərinin vergi yükü 2018 –ci il üçün ən yaxşı halda 5001.71 milyon və ya 5 milyard 1 milyon 710 min manat olacaq. Kəmiyyətcə yanaşsaq, ÜDM ölkə ərazisində istehsal olunan bütün əmtəə və xidmətlərin ümumi dəyərini ifadə edən əslində iqtisadi dövriyyədir, onda 12.66 faiz həmin dövriyyəyə tətbiq olunan vergi dərəcəsi deməkdir.
İndiki şəraitdə özəl sektor üçün bu faiz dərəcəsi o qədər də az yük yaratmır və hökmən qiymətlərin artımı ilə müşahidə olunacaq. Əlbəttə ki, inkişaf etmiş ölkələrlə müqayisədə aşağı ola bilər. Burada əhəmiyyətli məsələ əhalinin pul gəlirlərinin səviyyəsi və ticarət əlavəsinin faiz hissəsinin gəlir yaradan xüsusiyyətidir.
Bir məsələni də xüsusi vurğlamaq istəyirəm: hörmətli həmkarlarım 2018-ci ilin büdcə layihəsinin neft əsaslı daxilolmalardan təşkil olduğuna xüsusi tənqidlə yanaşırlar. Əslində isə belə deyil. Əgər biz nəzərdə tutulan büdcə gəlirlərinin böyük hissəsini qeyri-neft sektoruna yönəltsək, 2018-ci il sahibkarlığın tənəzzül ili olacaq. Ölkəni tərk edən sahibkarların sayı daha da artacaq. İnvestisiya fəaliyyəti tamamilə durğunlaşacaq . Bürokratiya ölkədə sosial-iqtisadi mühiti partlayış həddinə gətirəcək.
O ki qaldı tədavüllə bağlı monetar siyasətə, layihədən görünür ki, 2018-ci ildə pulun tədavül kütləsi üçün o qədər də konservativ proqramlar nəzərdə tutulmur. Amma əməkhaqqlarında da xüsusi irəliləyiş gözlənilmir. Hörmətli deputat Vahid Əhmədovun Mərkəzi Bank rəsmisinə tədavüllə bağlı, həmçinin faiz dərəcələri və diskont (dəhlizi) siyasəti ilə əlaqədar iradları tamamilə haqlıdır. Belə mövqe ilə Bank xidmətləri real sektor üçün əhəmiyətli şərtlər yaratmayacaq.
Başa vurduğumuz ildə tədavüldəki pul kütləsinin 2016-cı illə müqayisədə 3.7 milyard azaldılması və paralel vergi orqanlarının fəaliyyətində xüsusi aktivlik özəl sektora müəyyən qədər mənfi təsir göstərdi. Ona görə də özəl sektorun inkişafında durğunluq 2018-ci ilin büdcə layihəsində özünü göstərməliydi.
İndi isə diqqəti büdcə layihəsinin mənəvi elementlərinə yönəltmək istərdim. 2018-ci ilin dövlət büdcəsi haqqında layihənin dövlət büdcəsinin gəlirləri üzrə mədaxil mənbələrinin təsbit edildiyi 2-ci maddənin 2.20. hissəsində vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 90 mln manatdan 140 mln manata qədər artırılmışdır. Bu artım operativ vergi nəzarətinin, səyyar vergi yoxlamalarının nəticələrinin cərimə və maliyyə sanksiyaları əsasında, həmçinin kameral və anoloji vergi hesablamaları şəklində yaradılan mənbələri nəzərdə tutur.
Ümumilikdə isə yalnız rəzmiləşdirilmiş formada vergi orqalarının vasitəsilə nəzərdə tutulan sair daxilolmalar kimi təsnifatlaşdırılmış vəsaitlər deyil , bu qəbildən olan, yəni cərimə və maliyyə sanksiyaları əsasında ödənişi təmin olunan daxilolmaların proqnozda əks olunmaması daha yaxşı olardı. Hesab edirəm ki, belə yanaşma dövlət anlayışını vətəndaş təfəkküründə cılızlaşdırır. Çünki cərimə və maliyyə sanksiyaları maliyyə mənbələri kimi deyil, qanuna dönmədən əməl etmək, qanunçuluğa çağırış kimi tərbiyəvi əhəmiyyət kəsb etməlidir.
Mənə görə, hər il cəriməsiz il kimi xüsusi tədbirlər keçirmək, mükafatlar təqdim etmək daha yaxşı olar, nəinki cərimə və maliyyə sanksiyalarını dövlət orqanlarının maliyyə təminatının mənbələrinə aid etmək. Bu həqiqətən problemdir, hansı ki, dövlətə inam və etibarı kökündən sarsıdır. Qanun pozuntusundan dövlətin maraqları kimi istifadə etmək xoş olmayan mənzərə yaradır. Belə fikir meydana gəlir ki, hüquq pozuntusu törədilmədiyi halda və yaxud kifayət qədər törədilmədiyi halda inzibati orqanların əməkdaşları öz vəzifə səlahiyyətlərini aşmalı, vəzifəsindən sui-istifadə edərək üzərinə qoyulmuş plan öhdəliyini nəyin bahasına olursa- olsun yerinə yegtirməlidirlər.
Bu yanaşma cəmiyyəti zəhərləməkdən başqa heç bir nəticəyə köklənmir. Ümumiyyətlə Azərbaycan Respublikasının dövlət büdcəsində belə təsnifatlaşdırılmış layihə predmeti görmək arzuolunmazdır.
Paylaş: