Xəbər lenti
 
İlanın ağına da lənət, qarasına da. Düşmən düşməndir. Bir millətin qismətinə erməni kimi xain, mənfur və namərd qonşu ilə düşmən olmaq yazılıbsa, demək, problem ikiqat çətin və qəlizdir. Elə Azərbaycan Silahlı Qüvvələri də illərdi ikiqat çətin bir döyüş növbəsində işğalçı ilə burun buruna dayanıb. Səngərin də yaxşısı-pisi olmaz, hamısı yayda nəfəskəsən isti, qışda dondurucu soyuq, hər an ölümlə üz-üzə qalmaq demək. Amma elə döyüş mövqeyi, elə səngər də var ki, orada erməni qədər amansız və nankor olmasa da, sərt üzü ilə hamını sınağa çəkən, əsgər-zabitimizi hər addımda ölüm-qalımla sınağa çəkən başı qarlı dağların şıltaqlığına qarşı da dirəniş göstərmək zorundasan.
Elə bu sətirlərin müəllifi də Müdafiə Nazirliyinin rəhbərliyindən o dağlardakı mövqelərimizə baş çəkmək üçün icazə istəyəndə amacımız həm dağların salamını, həm onun qoynuna sığınıb Vətən torpağının keşiyini çəkən cəngavərlərimizin gün-güzəranını öyrənib məmləkət insanına, ələlxüsus qışın sazağına, payızın küləyində, yazın yağmurunda “görəsən mənim balam indi neynəyir” deyərək əli qoynunda intizarla əsgər balasının yolunu gözləyən analara çatdırmaq idi. Sağ olsun Müdafiə Nazirliyinin rəhbərliyi, xahişimi yerə salmadılar. 
Mənim və əməkdaşım Vasif Əlihüseynin cəbhənin ən sərt iqlimli (Xatırladaq ki, bəlli səbəblərdən nə getdiyimiz bölgələrlə bağlı dəqiq ünvan, nə yüksək çinli zabitlərlə çoxsaylı təmasımız da daxil qarşılaşdığımız bir çox maraqlı epizodları yazmaqdan imtina etmək zorundayıq) istiqamətindəki ordu birləşmələrimizin ən ucqardakı postlarında keşik çəkən əsgərlərimizlə 2 gün birlikdə olmağımıza imkan yaradıldı.
Əsgər-zabitimizlə nahar min qonaqlığa dəyər...
Nəhayət, səhərin alatoranında yola düşdük. Bizi birlik komandanlığı çox istiqanlılıqla qarşıladı və MN rəhbərliyinin birlik komandirinin adına yazılmış rəsmi məktubu təqdim etdik. Həmin məktubun qısa məzmunu belə idi ki, təhlükəsizlik qaydalarına əməl etməyimizə nəzarət edilməklə bütün mümkün postlarda olmağımıza, vəziyyəti öz gözlərimizlə görməyimizə, hətta düşmən mövqelərini müşahidə etməyimizə şərait yaradılsın. Birlik komandanlığının bizim üçün məxsusi nahar hazırlamaq istəyinə də imkan vermədik və əsgər yeməkxanasında ordumuzun qeyrətli övladları ilə bir masa ətrafında çörək kəsmək xoşbəxtliyini bizə çox görməmlərini rica etdik. Beləcə nahardan sonra birliyin qonaq otağında qısa istirahətdən sonra dağların vazkeçilməz avtomobili olan "Niva" ilə hərbi hissəyə doğru yol getdik, bir neçə saatlıq yoldan sonra hərbi hissəyə çatdıq.
Hərbi hissədə əsgər "sauna"sı...
Biz həmin yerə elə vaxtda çatmışdıq ki, şəxsi heyətin düzülüşünü və komandirlərin verdiyi tapşırıqları görmək-eşitmək imkanımız oldu, əsgər və zabitlərimizin üzlərindəki ifadələri bir-bir oxumaq üçün acgözlüklə hamısını izləməyə çalışdıq. Yol yorğunluğumuz qısa zamanda yadımızdan çıxdı. Ovqatımız əsgər və zabitlərlə söhbətdən sonra tamam düzəldi. Təbii ki, hərbi hissədə əsgərlərin şəraitinin, geyim və ərzaq təchizatının, ələlxüsus sanitariya qovşaqları və hamamlarının durumundakı ürəkaçan mənzərə bizi qane etmirdi. Çünki bizi dağın ətəyindəki şərait deyil, 3 min metr ondan yuxarıdakı qarlı zirvələrdə keşik çəkən əsgərlərin durumu maraqlandırırdı. Jurnalist marağı “Burda nə var ki, görək bu mənzərəni dağın başında, az qala 2 metrlik qarın içindəki səngərdə də görə biləcəyikmi” replikasını dilə gətirməyə bizi təhrik etsə də susmağa üstünlük verdik. Çünki yüz deməkdən və eşitməkdənsə bir dəfə öz gözlərimzlə görəcəkdik bir azdan.
Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə itburnu çayı ziyafəti...
Bu dəfə "Niva" və "UAZ" markalı avtomobillərlə dağların döşü ilə səngərlərimizə doğru irəliləməyə başlayırıq. Bizi komandirlər və əsgərlər sanki əziz ailə üzvləri ilə görüşürlərmiş kimi üzlərdə sonsuz təbəssümlə qarşılayırlar. Gerçəkdən 15-20 dəqiqəlik müşahidə və üstəlik jurnalist olaraq hər şeydə bir əmma axtarmaq istəyinə baxmayaraq rastlaşdığımız mənzərə bizi valeh edir. Kazarma və ən öndəki postlardakı "sığınacaq"larda əsgərin korluq çəkməməsi üçün bütün münasib şərait yaradılıb. Ərzaq, yanacaq, isti geyim təchizatını ifadə etməkdə söz acizdir. Hər bir bölmədəki və daha yuxarı mövqelərdəki səngərlərimizin yanındakı ərzaq anbarlarına baxdıqca adam az qala özünü paytaxtın ən elit supermarketlərindəki kimi hiss edir, özü də az qala 2 illik ehtiyat var. Bəlkə də hansısa dəyərli oxucumuz bütün bunların bizim gəlişimizlə qısa zamanda təşkil edildiyini də iddia edə bilər. Səmimiyyətimizə şübhə etməyin.
Nələr yoxdur ərzaq anbarlarında? Biz konservləşdirilmiş yüksək keyfiyyətli "üçbacı", "kələm" və "yarpaq" dolmasını görəndə təəccübümüzü gizlədə bilmədik. Azərbaycan mətbəxinin bütün təamları burda var və əsgərin kölnündən hansı yemək keçsə, onu bişirən də var, bunun üçün bolluca ərzaq ehtiyatı da. Təbii ki, bütün bölmələrdə və postlarda olarkən bizi çaya qonaq edirdilər, biz ətiri kazarmanı bürüyən itburnu çayını görüb "yəqin bizim üçün hazırlamısınız" deyəndə bizi ərzaq anbarına dəvət etdilər. Komandir bildirdi ki, bizdə soyuqdəyməni təbii otlarla müalicə etmək və soyuğa davamlı olmaq üçün Bakı apteklərində belə tapılmayan şəfalı otlar və digər təbii dərman vasitələri var. Gülüşə-gülüşə çay süfrəsinə qayıtdıq...
 
Çörəyi ver çörəkçiyə, birini də üstəlik...
Ən yaddaqalan epizodlardan biri isə cəbhənin ən ucqar bölmələrində çörəyin kənardan gətirilməsinin yasaqlanması və əsgər-zabitlərimizə elə oradaca isti çörək bişirilib verilməsidir.
Postlarımızın birindəki müşahidədən sonra nahar fasiləsində içəri girərkən sobadan yenicə çıxarılmış çörəyin ətri bizi bihuş etdi. Bəlli oldu ki, bütün əsgər və zabitlərimiz təkcə silahla davranmağın deyil, həm də çörəkbişirmənin sirlərinə çoxdan yiyələniblər.
Unudulmaz anlar təbii ki, hamımızın birlikdə bir masa ətrafında toplaşmağımız və çörək kəsməyimiz idi. Masanın üzərinə qısa zamanda elə təamlar və turşular gətirildi ki, bir anlığa özümüzü Bakının ən dəbdəbəli şadlıq saraylarındakı kimi hiss etdik.
 
Ardı var...
 
Zülfüqar Hüseynzadə,
Vasif Əlihüseyn




Ana səhifəyə qayıt        Baxış: 811          Tarix: 14-12-2018, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma