“İsa Həbibbəylinin övladları sözün bütün mənalarında ata çörəyi yeyirlər”.
“Hürriyyət” xəbər verir ki, şair-publisist Heydər Oğuz bu iddiadadır.
O, akademik İsa Həbibbəylinin oğlu Səhət İsa oğlu Həbibbəylinin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi münasibətilə yazdığı facebook paylaşımında öz fikirlərini bu cür əsaslandırıb:
“Novruz Məmmədov yenicə Baş nazir təyin olunanda İsa Həbibbəyli onu təriflədi-bir oğlunu Nazirlər Kabinetində Aparat rəhbərinin müavini qoydular. Sonra Vasif Talıbovu təriflədi-bu biri oğlunu Naxçıvan gömrüyünün sədri təyin etdilər.
Göz dəyməsin, adamın sözləri qızıldır, qızıl. Ağzından çıxan kimi böyük sərmayəyə çevrilir.
Sözlə övladlarına çörək qazanmağı böyük məharətlə bacaran hörmətli akademikimizi "Ata çörəyi" şeirimlə salamlayıram”.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bir müddət əvvəl qəzetimizin bir yazısıyla başlayan Naxçıvan polemikalarında iştirak etmiş və muxtar respublika rəhbərliyini dəstəkləyən geniş yazı qələmə almışdı. Üzərindən bir neçə gün keçdikdən sonra isə onun oğlu Səhət Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun martın 5-də imzaladığı fərmanla bölgənin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olundu. Görünür, şair-publisist də bu iki hadisə arasında hansısa üzvi əlaqələr qurmağa çalışıb.
Şairin hörmətli akademikə ünvanladığı “Ata çörəyi” şeirini təqdim edirik:
Yedik ölənəcən ata çörəyi,
Ana südü qədər yadda qalmadı.
İki il əmilən süd dildən düşməz,
Ata çörəyinin duzu olmadı.
Ata çörəyinin duzsuzluğundan
Əsla gətirmədik adını dilə.
Düşdü dilimizə ana dil kimi
Atanın dediyi kəlamlar belə
Harda anamızın izini gördük,
Ona Vətən dedik, ona yurd dedik.
Ana gəlin köçdü ata yurduna
Bizsə yurdumuza ana yurd dedik.
Atadan geriyə qalan mirasın
Olmaq istəyincə yalnız yiyəsi
Qardaşın haqqına təcavüz oldu
Bütün fikrimizin ana qayəsi.
Ən böyük yollara ana yol dedik
Analar atadan kiçik olsa da.
Hər il tək qeyd etdik ana gününü
Ona hədiyyəni ata alsa da.
Ata nəsihəti tez yaddan çıxdı
Bir cəza kəsmədi buna yasalar.
Qaldı bir kənarda ata sözləri
Tabumuz olarkən anayasalar.
Sanki bu dünyaya gəlişimizdə
Atanın bir izi, tozu yox imiş
Iki il əmilən süddə gücə bax
Ata çörəyinin duzu yox imiş.
Paylaş: