İctimai rezonanslı işin aparılmasında ən çətin məqam ondan ibarətdir ki, gərək işlə bağlı gedən söz-söhbət, təhrif edilmiş məlumatlar, tamamilə həqiqətə uyğun olmayan informasiyalar və haqsız ittihamlarla üzləşəndə əsəbiləşməyəsən və soyuqqanlı davranasan. Lakin istər zərərçəkmiş şəxsin hüquqi varisi, istərsə də biz vəkillərə münasibətdə o qədər təhrif edilmiş və tamamilə yalan məlumatlar yayılır ki, vaxtaşırı açıqlama verməyə məcbur olursan.
Axar.az xəbər verir ki, bu sözləri vəfat edən məktəbli Elina Hacıyevanın ailəsinin vəkili Sevinc Əliyeva Müsavat.com-a açıqlamasında deyib.
E.Hacıyevanın ölüm işi ilə bağlı gedən məhkəmə prosesləri ərəfəsində mərhumun anası Sevil Hüseynovanın yazışması olduğu deyilən skrinlərin yayılması, barışıq üçün mənzil və pul alması iddiaları ilə bağlı məlumatlar ailənin vəkillərinin narazılığına səbəb olub.
Vəkil Elinanın anası Sevil Hüseynovanın hazırda təqsirləndirilən şəxs olan sabiq məktəb direktoru Sevinc Abbasova ilə barışması iddiaları haqda danışarkən deyib ki, keçmiş direktor tərəfindən bu cür addımlar atılsa da, zərərçəkmiş şəxsin hüquqi varisi təkliflərə birmənalı qaydada etiraz edib:
“Bunun nəticəsi kimi təqsirləndirilən şəxs ibtidai istintaqda Elinanın anası ilə üzləşəndə ondan üzr, ağlayaraq halallıq istəyib və qismən təqsirini etiraf edib. Üzləşməyə dair protokolda bu ifadələr öz əksini tapıb. Sabiq direktor barışıqla bağlı təklifləri rədd edildikdən sonra məhkəmədə heç bir təqsirinin olmadığı və bu iş üzrə hər hansı bir hüquqi və mənəvi məsuliyyət daşımadığını bildirib. Sevil Hüseynova təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb edir və bildirir ki, hər hansı barışıqdan söhbət gedə bilməz”.
Vəkil S.Əliyevanın sözlərinə görə, Elinanın ölüm işində adı keçən Səbail RİH başçısının müavini Xalidə Bayramovanın məsuliyyətə cəlb edilməsi üçün heç bir sübut müəyyən edilməyib:
“Bir vəkil kimi bütün məsuliyyətimlə bildirirəm ki, bu işə qoşulduqda biz vəkillərin ən qərəzli yanaşdığı, məsuliyyətə cəlb edilməsini arzuladığı şəxs məhz Xalidə Bayramova oldu. Bu şəxsin məsuliyyətə cəlb edilməsi üçün 8 cildlik işi sözbəsöz incələmişik, mümkün olan bütün maddələr üstündə nə qədər uzun-uzadı debatlar, peşəkarlığına inandığım vəkil və hüquqşünas dostlarla müzakirələr aparmışıq. Lakin həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ən azı ibtidai istintaq vaxtı hər hansı bir sübut müəyyən edilmədi”.
Vəkil bildirib ki, hətta Elinanın anası məhkəmə işində 100 minlik mülki iddia qaldırılmasının belə tərəfdarı olmayıb:
“Yazıq zərərçəkmiş şəxsin heç mülki iddia nədir, onu kimə qarşı vermək olar və s. barədə məlumatı yoxdur. Biz izah elədik ki, belə bir hüququnuz var. Hətta Elinanın anası Sevil xanım dedi ki, düz başa düşməzlər, bəlkə etməyək?! Amma biz izah etdik ki, bu sizin hüququnuzdur və bu cür iddianın verilməsi kimdənsə pul alıb, onunla barışmaq anlamına gəlmir. Əksinə, mülki iddianın verilməsində məqsəd - təqsirkarları daha ağır məsuliyyətə cəlb etməkdir. Mülki cavabdeh kimi Təhsil Nazirliyini də qoyduq ki, gələcəkdə kimisə direktor təyin edəndə çox diqqətli olsunlar”.
Məsələ ilə bağlı danışan tanınmış vəkil Aqil Layıc isə bildirib ki, Elina Hacıyevanın ölümü ilə bağlı məhkəmə prosesində iştirak edən hər 3 vəkil yetərincə qabiliyyətli və prinsipialdır:
“Səmimi deyim ki, bu prosesdə vəkillik edən Sevinc xanım və Emin bəy dəfələrlə ictimaiyyətə açıq şəkildə bildirdilər ki, gəlin məşvərət edək, ağıl-ağıldan üstündür, bəlkə gözümüzdən yayınan nəsə var.
O proses publikaya açıq olmalıdır ki, yanakı fikirlər vəkillər üzərində formalaşmasın. Bunu etməli olan orqan isə məhkəmədir. Prosesin açıqlığını haqlı mövqeyi müdafiə edən vəkildən çox kimsə arzulaya bilməz”.
Qeyd edək ki, bu ilin aprelində Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. Həmin vaxt məktəbin direktoru olmuş Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bununla yanaşı, zərərçəkmiş tərəf təqsirləndirilən şəxsə qarşı 100 min manat mənəvi təzminat iddiası da qaldırıb.
Paylaş: