Bu gün – sentyabrın 19-da Ədalət Prtiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun oğlu Etimad İsmayılovun Türkiyədə qətlə yetirilməsinin 1 ili tamam olur. Saytımızın baş redaktoru Elxan Şükürlünün ötən il Etimad İsmayılovun 40 mərasimində ona həsr etdiyi “Ölümünə inanmadığım kölgə adam” yazısını oxucularımıza təkrar təqdim edirik:
***
…Ölüm belədir: hər kəs mütləq dadacağını bilsə də, onun haçan və hansı şəraitdə gələcəyini kimsə bilməz! O da qəfil gələr, adamı bu dünyadan birdəfəlik götürüb aparar, bütün arzu və xəyallara, planlara da bircə anda nöqtə qoyar… Vəssalam! Bitdi!
Geriyə qalansa səni bir daha görə bilməyəcəklərindən için-için yanıb qovrulan doğmalarının, sevənlərinin acı göz yaşları, iztirabları, bir də sənlə bağlı xatirələr olar…
…Etimadın ölümü də beləcə qəfil oldu: heç kimin gözləmədiyi anda, gözləmədiyi yerdə və gözləmədiyi şəraitdə! Xain və namərd gülləsi təkcə Etimadı bu dünyadan birdəfəlik götürüb aparmadı, həm də şərəfli ömrünün zirvəsinə çatmış və hər nəfəsində ölümü xatırlayan yaşlı Bir Atanın və yaşlı Bir Ananın səksəkəli qəlbini söküb parçaladı; yenicə dil açıb addımlamağın sevincini yaşayan Bir Körpəni bu dünyanın büdrəmələri qarşısında dayaqsız, tək-tənha buraxdı; gənc və gözəl Bir Xanımı ömrüboyu gözüyaşlı, könlüqırıq, həsrətli qoydu; həmişə ona arxalanan, güvənc hissi bəxş etdiyi Bir Qardaşı və o qardaşının qoxusunu alırmıştək də bağrına basıb sarıldığı neçə-neçə Dostunu, əqidədaşını çaşqınlıq, ümidsizlik girdabına tulladı…
…Bəli, 2018-ci ilin sentyabrın 19-da sirlər şəhəri İstanbulda açılan 3 atəş təkcə Etimadın sinəsinə dəymədi… O güllələr həm də İlyas İsmayılova, Zəkiyyə xanıma, Sevil Nuriyevaya, babasının adını daşıyan körpə İlyasa, qardaşı Mətinə… və həm də köhnə dostlarından biri kimi, mənə – Elxan Şükürlüyə dəydi və hamımızın qəlbini odladı, arzularımızı puç etdi!
… Bilənlər bilir: biz Etimadla çox, lap çox yaxın olmuşuq. O həddədək ki, hətta doğma ata-anasından küsüb-inciyəndə belə, dərdini deməyə, ürəyini boşaltmağa ünvan kimi, çoxsaylı imkanlı dostlarını yox, məhz məni və mənim kasıb kirayə komamı seçər, “Qurd yavruları” dediyi balalarımı əzizlər, körpə uşaqtəki onlarla oynayıb uzun-uzadı fikirlərlə əsil xoşbəxtliyin nə demək olduğunu mənə izah etməyə çalışardı…
Tanıyanlar bunu da çox yaxşı bilirlər ki, Etimad həddən artıq çılğın və emosional təbiətli olduğundan, bircə anda ən doğma, ən əziz adamını belə, ən sərt sözlərlə acılaya, incidə bilərdi və mən onun bu xarakterinin büsbütün səbr və təmkindən yoğrulmuş atası İlyas müəllimə, olduqca gözəl və həssas qəlbli anası Zəkiyyə xanıma, onu sevən çoxsaylı dostlarına nə qədər əziyyət verdiyinin canlı şahidiyəm.
Ancaq hamımız bir gerçəyi də bilir və qəbul edirdik ki, bu Bahar şimşəyi, Yaz ildırımı kimi qəfil çaxıb, nərildəyən-guruldayan adamın doğmalarının gözündən axıtdığı yaş da elə Yaz yağışı misalıdır: anidir və nə qədər nərildəyib-guruldasa, nə qədər göz yaşı axıtsa da, onda bir o qədər çox sevgi, xeyir, bərəkət var! Çünki Etimadın bu kükrəyişinin, acıdilliyinin, dözümsüzlüyünün kökündə məhz bircə şey yatırdı – onun sınmaz qüruru və doğmalarına sevgiylə dolu gözəl və cəsur qəlbi!
…Mən Etimadı 1998-ci ilin 12 sentyabr mitinqindən sonra və daha çox da “İlyas İsmayılovun oğlu” kimi tanısam da, onunla ilk yaxından tanışlığım 1999-cu ildə “Hürriyyət” qəzetinin “Əliəşrəf Əlizadə 13” ünvanda yerləşən redaksiyasında olmuşdu – özü də dalaşmaqla…
Yaxşı xatirimdədir: o vaxt “Hürriyyət” qəzetində getmiş bir yazı Etimadı bərk qəzəbləndirmişdi və o da yazının ADP daxilində artıq yenicə cücərməyə başlamış Rəsul Quliyev-İlyas İsmayılov ziddiyyətindən qaynaqlandığı düşüncəsiylə, bir növ, redaksiyamıza hücum çəkmişdi… Daha doğrusu, Etimad, həmişəki kimi, atasını – İlyas İsmayılovu qorumaq üçün bizdən hesab sormağa gəlmişdi. O İlyas İsmayılovu ki, Etimadın təkcə atası yox, həm də lideri idi və bu lider körpə yaşında – 6 aylığında öz milis atasını qaçaq gülləsi ilə itirmiş, yetimçiliklə, qayğıkeş və mələk kimi bir Ananın min bir əzab-əziyyəti ilə böyüyüb, boya-başa çatmış və SSRİ miqyasında Heydər Əliyevdən sonra ikinci böyük azərbaycanlı olaraq yüksək dövlət vəzifələrini yorulmaz çalışqanlığı və sarsılmaz iradəsi ilə fəth etmişdi; indi isə Heydər Əliyevə əsas rəqib kimi, müxalif düşərgənin ona qarşı “vahid namizəd”i olmaq iddiasındaydı və nə 1998-ci ilin prezident seçkilərindəki “boykot uğursuzluğu”nda, nə də ABŞ səfirliyində aparılan gizli danışıqlardan sonra 1999-cu ilin mitinqlərinin pozulmasında özünü qətiyyən məsul bilmirdi, ancaq kimsəni də satmırdı…
…Etimad da məhz bunu bizə izah və sübut etməkçün redaksiyaya hücum çəkmişdi, israrla cavab haqqı kimi, qəzetin ondan müsahibə götürməsini tələb edirdi. O vaxtlar SİDSUH adlı koalisiyada (“Beşlər”) birləşmiş müxalifət liderlərinin “paxırlarını” açıb-tökmək, müxalifətin mitinqlərinin niyə təxirə salındığını, əsas baiskarların kimlər olduğunu bircə-bircə demək istəyirdi və əsas hədəf seçdiyi şəxslərdən biri də eks-spiker Rəsul Quliyev idi… Mən də o zamanlar Rəsul Quliyevin təbliğatçılarından sayıldığımdan, təbii ki, Etimadla razılaşa bilməzdim və ovaxtkı baş redaktorumuz Süleyman Məmmədlinin araya sakitlik çöksün, səs-küy yatsın deyə, göstərdiyi “sülhpərvər səylər”ə baxmayaraq, qəti şəkildə Etimadın mövqeyini işıqlandırmağa qarşı çıxdım. Nə illah etsə də, Etimadla müsahibə götürməyə razılaşmadım və redaksiyanı titrədən gur səsli Etimadın aqressiv və kəskin ifadələrinə eyni sərtliklə cavab verərək, qapını da çırpıb, otaqdan çıxdım…
…Az qala əlbəyaxa olmağımızla nəticələnəcək bu gərgin mübahisədən bir neçə saat keçmişdi, axşama yaxın dedilər ki, Etimad yenə gəlib və ADP-nin (ADP “Hürriyyət”in binasında yerləşirdi və indi də elədir – E.Ş.) qarşısında səni gözləyir. Pəncərədən baxdıq, çox məharətlə idarə etdiyi ağ “Niva”sını düz binanın önündə saxlamışdı, yanında da o vaxt aksiyalarda İlyas müəllimin mühafizəsini təşkil edən bir neçə dazbaş… Ehtiyatlandım, sakitcə otaq yoldaşım gözəl yazıçımız Əlisa Nicatın alma soymaq üçün stolunun gözündə saxladığı xırda bıçağı cibimə qoyub, həyətə düşdüm. Etimad gənclərdən aralanıb yaxınlaşdı, təmkinli, ancaq salamsız-kəlamsız həmişəki əzəmətli və vüqarlı səsiylə “Gedək, bir az dərdləşək… Sənə bilmədiyin bəzi şeyləri deyəcəm” – söylədi…
Bir xeyli sakitcə yanaşı addımladıq… Sonra qəfildən ayağını saxladı, çevrilib düz gözlərimin içinə baxaraq, nəhayət ki, məni gərginlikdən xilas edəcək xoş bir təbəssümlə əl uzatdı: “Kişi adamsan! Sən Rəsulu tanımadan onun üstündə az qalırdın mənimlə əlbəyaxa olasan, ancaq mənim Dədəmin çörək verib adam etdikləri, türmədən qurtardıqları indi g…tlərinin qorxusundan, yaxına da gəlmirlər, hər şeyi verirlər peysərlərinə… Bayaq anladım ki, məni heç tanımırsan. Mən prokuror oğlu olsam da, (redaksiyadakı mübahisəmizdə mən Etimada “mənim dədəm müəllim olub, sənin dədən isə prokuror, nazir… Ona görə belə guruldayırsan” demişdim – E.Ş.) ömrüm Rusiyada çöllərdə, cinayətkarlar arasında keçib. Və biləsən ki, həmişə də İlyas müəllimin adı mənə kömək yox, yük, sədd olub… Bura da o Kişiyə görə qayıtmışam… Mən adamı gözündən tanıyanam – bugünkü hadisə səni də mənə tanıtdı və sən bugündən mənim naxçıvanlı qardaşımsan!”
O gündən Etimad, doğrudan da, mənə münasibətdə qardaş kimi davrandı. ADP-də hökumətin müdaxiləsiylə başladılmış intriqa və ziddiyyətlərin nəticəsi olaraq isə, 2000-ci ilin martında “Hürriyyət” qəzeti bağlandı, biz başqa qəzetlərə üz tutduq, partiya isə parlament seçkilərinə vahid siyahı ilə gedə bilmədi, parlament seçkilərindən 1 gün sonra da ADP rəsmən iki yerə parçalandı – 6 noyabrda İlyas İsmayılov “Ədalət”i bərpa etdiyini elan edərək, əyləşdiyi kabineti olduğu şəkildə Sərdar Cəlaloğluna təhvil verib, bir çantasıyla və bir neçə tərəfdarıyla “Əliəşrəf Əlizadə 13”dən çıxdı…
Beləcə, Ədalət Partiyası 2000-ci ilin 6 noyabrında bərpa olundu, 9 gün sonra – noyabrın 15-də isə məni ora mətbuat xidmətinin rəhbəri postuna dəvət etdilər… Sonra biləcəkdim ki, məni “Ədalət”in mətbuat xidmətinin rəhbərliyinə “Hüquqi dövlət” adlı kitabını redaktə etdiyim İlyas müəllim dəvət etsə də, əslində bu təşəbbüsün arxasında duran şəxs də məhz hər şeyi və hər kəsi kölgədə dayanıb idarə etməyi xoşlayan Etimad olubmuş…
…O partiyaya çoxları gəlib-getdi – ancaq hamı bir gerçəkliyi qəbul etdi ki, burada İlyas müəllim ancaq “Ədalət”in parlayan sifəti, simasıdır, onun xidmətçiləri, necə deyərlər, “qara fəhlələri” isə bu 3 nəfər – Etimad, Mütəllim və Elxan... İki tovuzlu, bir naxçıvanlı…Biz həyata və insanlığa baxışı, siyasətin və idarəetmənin nə demək olduğunu böyük dövlətçilik və həyat təcrübəsinə malik İlyas müəllimdən öyrəndik, məsləhəti, tövsiyəni ondan aldıq, hər ayın maaşını isə vaxtlı-vaxtında “qardaş payıdır” adıyla məhz oğlu Etimaddan… “Dədəm pul adamı deyil. Bu, onun ən zəif yeridir. Pula nifrəti var”, – dedi Etimad, özünü oda-közə atıb partiyanın bütün maddi yükünü də özü çəkdi…
Partiya böyüyüb gücləndikcə, bizim də arzularımız böyüdü, iddialarımız və tamahımız artdı, kabab iyinə gələnlər də oldu, “eşşək dağlandığını” görüb gedənlər də… Ancaq bu üçlüyün həmrəyliyi, birgə fəaiyyəti pozulmadı… Ta 2006-cı ilin 13 mayında təkrar parlament seçkilərində İlyas müəllim deputat seçilənədək. Bu hal 2010-cu ildə də təkrarlandı – YAP-a qarşı duran “Ədalət” iki beş il YAP-la birgə parlament partiyası oldu, YAP-la birgə seçki komissiyalarının rəylərinə ortaqlıq etdi…
…Kaş heç İlyas müəllim seçilməyəydi, kaş heç İlyas müəllim deputat olmayaydı… Çünki bizə nə oldusa, məhz bundan sonra oldu… Nə rola girə bildik, nə özümüz ola… Nə irəli gedə bildik, nə geri qayıda… Nəticədə, özümüzdən, yolumuzdan, əvvəlki arzu və xəyallarımızdan xeyli uzaq düşdük…
… Bizə ilk zərbə Rusiya prezidenti Vladimir Putinin təlbə yoldaşı, dostu İlham Rəhimovun “Ədalət”dən ayrılmasıyla gəldi: onun gedişiylə partiyaya, İlyas müəllimin dostlarının çevrəsinə nifaq düşdü. Pulu, şan-şöhrəti seçənlər İlham müəllimin yanında yer almağa can atdılar, həqiqəti və ədaləti seçənlərsə İlyas müəllimin…
Pul üçün yaşayan adamların həyat fəlsəfəsini qəbul etməyən, həm kasıbçılıqla böyüdüyündən, həm də mükəmməl dünyagörüşə malik olduğundan bütün həyatı boyu pula nifrət edən bir Atanı qorumaq vəzifəsi yenə də belələrinin dilini yaxşı anlayan fədakar oğulun – Etimadın üzərinə düşdü: orda-burda atasına “Qaz-31” aldığını dilə gətirənlərin acığına atasının 70 illiyinə son model “Mersedes” alıb bağışladı; atasını öz doğum gününə çağırmayanların acığına atasına təntənəli yubiley tədbiri təşkil etdi; atasının yanından xəbər uçuran köstəbəklərin yanında da atasına hörmətsizlik edənləri həmişəki tonuyla çox sərt şəkildə söydü, təhdid və təhqir etdi… Və elə söydüyü gecə də Bakıdan Moskvaya qayıdarkən, aeroportdaca FTX tərəfindən saxlanıldı, Çelyabinskə aparıldı, qondarma ittihamlarla düz 3 il 3 ay uzaq Çelyabinsk həbsxanasında zorən dustaqlığa məhkum edildi Etimad…
Bu həbs olayı təkcə Etimada yox, elə İlyas müəllimə də dostunu-düşmənini tanıma fürsəti verdi… Kim görməsə də, mən o illərdə bir Atanın övladıyla qüruru arasında necə seçim etmək məcburiyyəti qarşısında qoyulduğunu və həqiqi mərdliyin, gerçək qürurun da sonda necə qalib gəldiyinin bir daha şahidi oldum – hər kəs İlyas müəllimə “Get filankəsin yanına, Etimad azadlığa çıxacaq” deyib onun iradəsini sındırmağa çalışsa da, İlyas müəllim oğlunun həbsdə qalmasına razılaşdı, ancaq o adamın yanına getmədi ki getmədi, ona ağız açmadı!!!
… Etimadın həbsi, şübhəsiz, partiyanın da, İlyas müəllimin də əl-qolunu bağladı, fəaliyyətlərinə mənfi təsir etdi və bu, tamam başqa bir söhbətdir. Ancaq 3 illik dustaq həyatı Etimadın özünün taleyini, həyata baxışını da kökündən dəyişdi. O, həbsxanada ola-ola dinimizi dərindən öyənmək, araşdırmaq imkanı əldə etdi və 2011-ci ilin avqustunda həbsxanadan həm də bir “İslam mücahidi” olaraq çıxdı… Və beləcə, əvvəllər “Harda bir azərbaycanlı var, onun haqqını qorumaq borcumdur” deyən Etimad, İmam Hüseyn (ə.s.) məktəbinin devizini özünə amal seçərək, “Harda bir müsəlmana zülm edilir, bundan sonra mən onun yanında olacağam” dedi…
Həbsdən çıxıb Bakıya qayıdan kimi, tanınmış telejurnalist Sevil Nuriyeva ilə ailə qurdu, ona dar qəfəs olmuş o Böyük və Soyuq Rusiyadan birdəfəlik qopub onu daha doğma və isti tellərlə özünə bağlayacaq, bağrına basacaq qardaş Türkiyəni özünə yurd, məskən seçdi… O Türkiyəni ki, 7 il sonra Etimadı bura – Nardaran qəbristanlığındakı son və əbədi mənzilinə daha hörmət və sayğıyla, döyüşdə Şəhid olmuş əsgəritək, öz Dövlət Bayrağına bükərək yola salacaqdı!
… Hə, bunu da mütləq indi deməliyəm: bizim Etimadla partiyadakı yollarımız da o, həbsdən çıxdıqdan sonra ayrılmışdı… Yalnız İlyas müəllim və bir də çox yaxın çevrəmiz bilirdi ki, mən 2011-ci ilin 12 oktyabrında partiyadan niyə istefa verdim: bəli, məhz Etimadla dalaşmağımız, onun xarakteri, geriçəkilməzliyi ucbatından…
Düzdür, 1 il sonra dostlarımız sayəsində yenidən barışdıq və o, hər dəfə Bakıya gələndə mütləq görüşdük, köhnələri təkrar-təkrar dartışdıq, çək-çevir edik… Ancaq bunu ilk dəfə məhz bu gün dilə gətirməyi özümə borc bilirəm: indi anlayıram ki, mənim partiyadan ayrılmağıma gətirib çıxaran o dalaşmada mən haqsız idim!!! Birinci geri mən çəkilməli, mən güzəştə getməliydim – eynən onun 1999-cu ildə etdiyi kimi!!! Bunu yenə də Etimaddan gözləməməliydim!!! Hər cür situasiyada atasını qorumağı özünə borc bilən qürurlu bir övladı anlamağı, başa düşməyi mütləq bacarmalıydım!!! Axı o özünü yox, Atasını qoruyurdu!!!
Ancaq təəssüf, çox təəssüf ki, bunu bacarmadım! Məni həmişə atası İlyas İsmayılovun dözülməz xasiyyətini mənimsəməkdə qınayan Etimada münasibətdə o vaxt elə mən də atası İlyas müəllim kimi davrandım – özümü haqlı saydığımdan, qəti geri çəkilmədim, gözəl bir qəlb sahibinin qəlbini qırdım, sözünü yerə saldım!!! Allah günahlarımı bağışlasın!!!
… Etimadla sonuncu görüşümüz bu ilin 30 avqustunda – o, Bakıya gələndə, İçərişəhərdə oldu. Sübh azanınadək söhbətləşdik! Həmişəki adamıydı – odlu, alovlu, saat kimi işləyən iti beyniylə gələcəyi öz istəyinə uyğun görən, planlaşdıran, ssenariləşdirən…
Ancaq Allahdan danışa-danışa hər ikimiz unutduq ki, biz yenə nə planlaşdırırıq planlaşdıraq, sonda məhz Allahın yazdığı olur, Allahın yazdığı da olacaq!!!
Açıq deyirəm: mən indiyədəkd itiriyim iki adamın öldüyünü, onları bir də daha görə bilməyəcəyimi heç cürə qəbul edə, ağlıma sığışdra bilmirəm və həmişə də düşünürəm ki, kölgələri başımın üstündədir: bir 2012-ci ilin 17 sentyabrında qəfil dünyasını dəyişən Atamın, bir də 2018-ci ilin 19 sentyabrında qəfil güllələnən Qardaşım Etimadın…!
…Başımın üstündəki Kölgən – Ruhun şad olsun, Qardaş! Bu gün təkcə 14 əsr əvvəl – 680-ci ildə Kərbəla çölündə nahaqdan qanı axıdılan İmam Hüseyn və tərəfdarlarına hər il saxlanan matəmin 40-cı günü tamam olmur, bu gün həm də Sənin qanının nahaqdan axıdıldığı gündən, düz, 40 gün ötür! “Tasua Günü” vuruldun, “Aşura Günü” ağırlığı hələ də çiynimdə qalmış o dəmir cənazən ölkəmizə gətirildi və Nardaran Pirində – İmam Hüseyn soyundan olan məsum bir Xanımın uyuduğu məzarlıqdaca dəfn olundun! Bunlar təsadüfmü, Qardaş?! Mən təsadüflərə çoxdan inanmıram, təsadüf deyilən bir şey yox…
İnşallah, qisasın Qiyamətə qalmaz! Qiyamətdə alnıaçıq görüşənədək, Qardaş!
Elxan ŞÜKÜRLÜ,
“Strateq.az” saytının baş redaktoru
29 oktyabr 2018-ci il
Paylaş: