Xəbər lenti

İki il öncə ilə müqayisədə Türkiyədə İran vətəndaşları tərəfindən alınan mülk və evlərin sayı 7 dəfə çoxalıb. Bunu həyəcan təbili kimi qəbul edən bəzi İran rəsmiləri ölkədəki problemləri həll etmək əvəzinə, mediada vətəndaşları Türkiyəyə sərmayə yatırmaqdan yayındırmaq üçün yalan məlumatlar tirajlamağa başlayıblar.

 

“Türkiyədə əmlak almaqla bağlı deyilməyənlər”, “Türkiyə və Dubayda əmlak almaqdan peşman olan iranlılar oradakı evlərini satırlar”, “Türkiyədə ev almaq: fürsət ya təhdid?” və s. bu cür başlıqlarla dərc edilən xəbər və məqalələrdə həmin rəsmilər ölkə xaricində mülk almaq istəyən vətəndaşları bu fikirdən yayındırmaq üçün yalan məlumatlara yer veriblər.

 

Son illər ərzində İranda iqtisadi vəziyyətin ağırlığı, eləcə də ictimai və siyasi azadlığın olmamasına görə, əhalinin böyük hissəsi xarici ölkələrdə sərmayə yatırmaqla, onlardan yaşama icazəsi alır. Başqa sözlə desək, İran vətəndaşları öz bisneslərini digər ölkələrə köçürürlər. Ölkədən bu qədər səmayənin xaricə daşınmasının qarşısını ala bilməyən İran rəsmiləri bu prosesə zərbə vurmaq üçün əllərində olan media resurslarından istifadə etməklə, yalan xəbərlər yaymaqla məşğuldurlar. Həmin rəsmilər iddia edirlər ki, xarici ölkələr mülk alan İran vətəndaşlarına vətəndaşlıq və ya yaşama icazəsi vermir və bununla da ölkə vətəndaşları “işbazların qurbanına çevrilirlər”.

 

 

Anadolu xəbər agentliyinin məlumatına əsasən, ötən 1 il ərzində investisiya yatıraraq vətəndaşlıq alan 981 xarici ölkə vətəndaşı içərisində İran vətəndaşları üstünlük təşkil edir. Belə ki, 2018-ci ilin sentyabr ayından bu günə qədər 253 İran vətəndaşı Türkiyədə sərmayə yatırmaqla, bu ölkədən vətəndaşlıq ala bilib.

 

“Daily Sabah”ın məlumatına görə isə, illik 3 milyona yaxın İran vətəndaşının Türkiyəyə səfər etməsilə yanaşı, onlar arasında bu ölkədə sərmayə yatıranların sayı da əhəmiyyətli dərəcədə artıb.

 

“Azad Sənayeçilər və İş Adamları Dərnəyi”nin nümayəndəsi Fatih Çayabatmaz Türkiyədə iş quran İran vətəndaşlarının əsasən topdan satış, ixracat və külli idxalat sahələrində çalışdıqlarını deyir. Onun sözlərinə görə, sanksiyalar səbəbindən “iranlı iş adamları” öz məhsullarını xarici ölkələrə ixrac edə bilmək üçün öz bizneslərini Türkiyəyə köçürürlər.

 

“Daily Sabah”ın məlumatında həmçinin qeyd edilir ki, İran vətəndaşları tərəfindən Türkiyədə təsis edilən şirkətlərin sayı 2016-cı ildə 298, 2017-də 357, 2018-ci ildə isə Amerikanın sanksiyalarının tətbiq edilməsilə, daha da yüksələrək, 1019 olub.

 

2019-cu ilin ilk 6 ayı ərzində isə Türkiyədə İran vətəndaşları tərəfindən ümumilikdə 513 şirkət qurulub. Bu isə ötən ilin oxşar dövrünə nisbətən 40% artım olduğunu göstərir.

 

“Reuters” agentliyinə müsahibə verən Hüseyn adlı İran vətəndaşı bildirir ki, Türkiyə xarici vətəndaşlar üçün vətəndaşlıq verilməsi prosesini xeyli asanlaşdırıb. O, ev almaqla, bu ölkə vətəndaşlığını əldə etmək istəyir. Hüseynin sözlərinə görə, iki ölkənin mədəniyyəti və mətbəxi yaxın olduğundan, o, Türkiyədə ev alıb yaşamaq qərarına gəlib. Eləcə də, bu ölkənin xarici pasportu ilə digər ölkələrə turist kimi səfər etmək və ya xaricdə iş tapmağın daha asan olması da Hüseynin Türkiyədə ev almaq istəməsinə səbəb olub.

 

2019-cu ilin başlanğıcından İran vətəndaşları Türkiyədə topdan və pərakəndə satış sahəsində 233, maliyyə və sığorta sektorunda 53, istehsal sənayesində 48, administrativ xidmət və dəstək sahəsində 40, professional, elmi və texnologiya sektorunda 26, eləcə də turizm və restoran sektorunda 53 şirkət yaradıblar.

 

İrandan sərmayənin Türkiyəyə axmasının əsas səbəblərindən biri də son aylar ərzində liranın dollar qarşılığında öz dəyərini ötən il 30,  bu il isə 10% itirməsidir.

 

 

Bundan başqa, İran daxilində iqtisadi çətinliklər, sanksiyalar, eləcə də monopoliya, bürokratiya və rüşvətxorluq ölkənin iş adamlarını öz bizneslərini Türkiyəyə yatırmağa vadar edən amillərdəndir.

 

 

Türkiyənin əmlak sektorunda da İran vətəndaşlarının payı üstünlük təşkil edir. Türkiyə Mərkəzi Statistika Komitəsinin son yaydığı hesabata əsasən, 2019-cu ilin ötən 8 ayı ərzində bu ölkədə İran vətəndaşları tərəfindən ümumilikdə 3 min 135 mənzil alınıb. Bu isə 2017 və 2018-ci illərlə müqayisədə müaviq olaraq 89 və 640% artımdan xəbər verir.

 

Bu xüsusa İran media orqanlarında da rəst gəlmək mümkündür. “İrna” agentliyinin məlumatına əsasən, cari ilin ilk 6 ayı ərzində Türkiyədə İran vətəndaşlarının aldığı evlərin sayı 2 min 202 olub. Onların ümumi məbləği 550 milyon 500 min dollar edir. Ortalama olaraq 12 min tümənlə hesablansa, bu evlərin hərəsinin qiyməti ən azı 3 milyard tümən edir. Beləliklə, demək olar ki, ölkədən 8 trilyon 724 min tümən çıxarılaraq, Türkiyədə ev alışına sərf edilib. Bu isə İran iqtisadiyyatına böyük zərbə hesab olunur. Hansı ki, ölkənin əmlak bazarında son aylar ərzində durğunluq yaşanır və tikilən bir çox binalarda mənzillər sahibsiz qalıb. Agentlik həmçinin bildirir ki, bütün bu hallara görə, İran vətəndaşlarının mühacirət indeksində də 150% artım müşahidə olunub.

 GünAz TV




Ana səhifəyə qayıt        Baxış: 330          Tarix: 27-09-2019, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma