Tramp nə qədər başdanxarab olsa da, deyimə çevriləcək qədər ağıllı fikirləri də var. Yadınızdadırsa, o, prezident seçkiləri öncəsi Səudiyyə Ərəbistanı barədə gözəl bir kəlam xırdalamışdı: “Səudiyyə Ərəbistanı bizim sağmal inəyimizdir. Nə qədər südü var, sağacağıq. Südü qurtaran kimi başını kəsib ətini yeyəcəyik”.
Azərbaycanın iri məmurlarının başına gələnlər də Trampın bu bənzətməsini yada salır. Bu vaxta qədər südü quruyan məmurların başının kəsilib ətinin yeyildiyinə çox şahid olmuşuq. Ziya Məmmədov da, Fazil Məmmədov da, Tağı Əhmədov da, Cahangir Hacıyev də və s. “südüqurumuşluğa” qurban getdilər. Çünki artıq onlar köhnə qaydada işləyə bilmir, çapıb taladıqları sahələrindən yaxşı gəlir götürə bilmirdilər. Deməli, “başları kəsilməli”, “ətləri yeyilməliydi”.
İndi deyəsən sağmallığını itirən növbəti qurban Rövnəq Abdullayevdir. Son zamanlar onun ətrafında cərəyan edən hadisələr elə-belə baş vermir. Hadisələrin ardıcıllığı və mətbu orqanların gözündən yayınmaması da Rövnəq müəllimin asta addımlarla qəssab kötüyünə doğru aparıldığından xəbər verir. Oğlunun qoluna 2 milyon yarımlıq saat taxmasının faş olması, ona bağlı deputat İqbal Məmmədovun “Relax” şirkətində baş verən insident, son günlər Qarabağ qaziləri ilə SOCAR qoçuları arasında yaşanan gərginlik də boşuna deyil. Artıq 3 ildir ki, şirkətin xarici nümayəndəlikləri də bağlanır. SOCAR bir növ transmilli kompaniyadan adi şirkətə çevrilir. Ölkənin bütün müəssisələrində maaşlar artırıldığı halda, SOCAR-da maaşlar azaldılır, işçiləri ixtisara salınır. Qısası, bütün hər şey sanki Rövnəq Abdullayevi kəsimə hazırlamaq planının tərkib hissəsi təsiri bağışlayır.
Üstəlik, 2020-ci ildə SOCAR-ın xarici borclarını ödəməsi vaxtıdır. Məlumatlara görə, neft şirkətinin xarici banklara borcu 10 milyard dolları keçib. Özünün isə bunu ödəmə gücü yoxdur. Hər il dövlət büdcəsindən milyardlarla manat dotasiya alan şirkətin belinə əməlli-başlı öhdəliklər də yüklənib. Bir çox beynəlxalq idman yarışlarını maliyyələşdirməli, musiqi və əyləncə festivalları təşkil etməlidir. Amma... məşhur bir lətifədə deyildiyi kimi, “nəylə?!”
SOCAR artıq indiki rejimin boğazına yük olmaqdan başqa heç bir işə yaramır. SOCAR-ı batırıb bir sıra öhdəliklərdən yaxa qurtarmaq da olar. Ən azı beynəlxalq yarışların maliyyələşdirilməsindən. Üstəlik, onu idarə edənlərdə küçümsənməyəcək qədər pul var və Azərbaycan hələ də iqtisadi böhrandan yaxa qurtara bilməyib. Həyatda qalmaq üçün təcili qana ehtiyac duyulur. Elədirsə, “sağmallığını itirmiş inəklər” niyə kəsilməsin? Məmləkətin sağlamlığı üçün sağmal inəkləri belə kəsmək olar. O ki qala qısır inəklər ola.
Heydər Oğuz
Paylaş: