ABŞ ordusunu Suriyadan çıxaracağını bəyan etməklə Yaxın Şərqdəki bir çox müttəfiqinin yuxusuna haram qatan prezident Donald Trampın əsl niyyəti bəlli olub.
O, dünən Pribaltika (Estoniya, Latviya, Litva) ölkələrinin prezidentləriylə görüşdən sonra keçirdiyi mətbuat konfransında yenidən eyni mövzuya toxunub və Suriyadan çıxmaqda israrlı olduğunu bildirib.
Pentaqonun, Dövlət Departamentinin və başda Səudiyyə Ərəbistanı olmaqla bəzi dövlətlərin fərqli mövqelərinə baxmayaraq, ABŞ prezidenti öz israrını Yaxın Şərqdə ordu saxlamağın iqtisadi yüküylə əlaqələndirib. Onun sözlərinə görə, son 7 il ərzində ABŞ Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün, nə az nə çox, düz 7 trilyon dollar (!) xərcləyib, əvəzində isə heç nə qazanmayıb: “Səudiyyə Ərəbistanı əgər həqiqətən də bölgədə qalmağımızı istəyirsə, hərbi xərcləri boynuna götürməlidir”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Trampın Suriyadan çəkilmə qərarını şərh edərkən, ABŞ-ın hələ bir müddət regionda qalmasının yaxşı olacağını bildirmişdi. Vəliəhdin bu sözlərindən sonra Trampın hərbi xərcləri rəsmi Riyadın boynuna qoymağa çalışması Vaşinqtonun əsl məqsədini ortaya qoyur: Tramp administrasiyası region dövlətləri bir-birinə düşmən etdikdən sonra “müttəfiqlərini” düşmənləriylə baş-başa qoya biləcəyi ehtimalı ilə şantaj edir və onlardan olduqca böyük məbləğdə pul istəyir. Onun “7 ildə 7 trilyon” deməklə tələb etdiyi məbləğin ildə 1 trilyon dollar olduğu aydınlaşır.
Qeyd edək ki, ABŞ bənzər şantajlarla NATO ölkələrinə də hədə-qorxu gəlirdi. Ukrayna böhranıyla Rusiya və Avropa ölkələri arasındakı münasibətlərin korlanmasından istifadə edən Tramp hakimiyyəti ABŞ-ın heç bir xarici təhdidlə qarşı-qarşıya qalmadığını və yaxın gələcəkdə də qalmayacağını xatırladaraq, NATO-dan ayrılmaq istədiyini bildirmişdi. Bu isə faktiki olaraq Avropanı Rusiyanın caynağına vermək demək idi. Avropa ölkələri hərbi büdcələrini artırdıqdan sonra Tramp da NATO-dan ayrılmaq sevdasından əl çəkdi.
Böyük ehtimalla, Suriya kartından da eyni məqsədlə istifadə etməyə çalışan Tramp bacardığı qədər körfəz dövlətlərindən pul qoparmağa çalışır. Zira ABŞ regiondan çıxarsa, Yaxın Şərq tamamilə İranın nəzarətinə düşə və Tehran əldə etdiyi üstünlüklərdən faydalanaraq ərəb ölkələrindəki şiələri ayağa qaldıra, özünün “Şiə hilalı” layihəsini reallaşdıra bilər. Bu isə bəzi körfəz krallıqlarının tamamilə tarixdən silinməsi, bəzilərinin də parçalanması deməkdir. Yəqin ki, körfəz ölkələri də avropalılar kimi bu təhlükədən sığortalanmaq üçün əllərindən gələni əsirgəmədən ABŞ-ın regionda qalmasını təmin etməyə çalışacaqlar.
Əslində Trampın Yaxın Şərqdə bu metoda əl atacağı gözlənilməz deyildi. Hələ prezident seçkilərində o, açıq şəkildə öz niyyətini ortaya qoymuş, Səudiyyə Ərəbistanını sağmal inək kimi sağacağını, südü qurtarandan sonra isə başını kəsib “yeyəcəyini” gizlətməmişdi. Prezident seçkilərindən sonra ilk səfərini də krallığa edən Tramp əliboş qayıtmamış, dəyəri yüzmillyard dollarlarla hesablanan hərbi müqavilələr imzalamışdı. Görünür, bu belə, Tramp administrasiyasının gözünü doyurmamış və rəsmi Riyad hazırda daha böyk məbləğli güzəştlərə getməyə məcbur edilir.
Heydər Oğuz
"Hürriyyət"
Paylaş: