Xəbər lenti
27-11-2024, 19:25

 Cəmşid Dərələyəzli

Son iki yüz ildə tarix Azərbaycana ikinci dəfə müstəqil olma şansı versə də, bədxah qonşularımız və onların beynəlxalq havadarları millətə bu sevinci yaşama imkanı vermədilər və hələ də verməməkdədirlər.

Bu gün Dağlıq Qarabağ ətrafında cərəyan edən hadisələr və bu hadisələrdə xüsusən də Rusiya və İranın daha da aktivləşməsi (əslində onlar bu illər ərzində Qarabağ məsələsində heç passiv də olmadılar), yəni marıqda yatması, təbii ki, bizləri narahat etməyə bilməz.

Bu nədənlə son dönəmlərdə Cənab Prezidentin xarici siyasətdə Azərbaycanın manevr imkanlarını genişləndirmək istiqamətində yeni yanaşmaları onu göstərir ki, dövlətimizin dünyada və ətrafda gedən proseslərdən sığortalanması üçün ciddi addımlar atılır. Bu isə özlüyündə o deməkdir ki, artıq biz Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı həlledici mərhələyə daxil olmuşuq. Hadisələrin gedişatı göstərir ki, bu problemi dondurulmuş şəkildə saxlamaq da artıq qeyri- mümkündür və mövcud vəziyyəti bu cür davam etdirmək olmaz. 2016-cı ilin aprel döyüşləri isə bütün dünyaya nümayiş etdirdi ki, bu münaqişəni dondurulmuş şəkildə saxlanılma cəhdi sonda böyük bir müharibəyə gətirib çıxara bilər.

Digər yandan isə bütün bu hadisələrin fonunda dünya nizamının yenidən formalaşması prosesinin də başlandığını görürük. Bu isə ilkin mərhələdə özünü ən çox Yaxın Şərqdə və qonşu coğrafiyalarda büruzə verməkdədir. Ümidvarıq ki, yeni dünya nizamının fonunda Cənubu Azərbaycanın da azadlığı öz yerini almış olacaq.

Məhz dünyada gedən bu proseslərdən dolayı, bu yaxınlarda cənab Prezidentin öz çıxışlarından birində səsləndirdiyi “balanslı siyasət yox, milli maraqlara xidmət edən siyasət” ifadəsi təccüb doğurmadı. Əslində Prezidentin son mesajları indiyə kimi aparılmış balanslı siyasətə bəzi məhdudiyyətlərin gətiriləcəyini vəd edir. Bəli, Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi, yaranmış imkanlardan səmərəli faydalanaraq, ölkəmizi qlobal proseslərdən daha güclü çıxarmaq niyyəti yeni xarici və daxili siyasət strategiyasının təməl hədəfi olmalı, bunun üçün isə milli maraqlar əsasında qurulmuş siyasət yürüdülməlidir.

Bu nədənlə də Azərbaycanda daxili stabilliyin qorunub saxlanılması vacib şərtdir və illərdir bu stabilliyin qorunmasında güc strukturlarının fədəkar əməyi diqqətdən qaçırılmamalıdır. Lakin bu gün stabilliyin qorunmasında alternativ yolları diqqətə almayıb həmin vəzifəni yenə də bütünlüklə güc strukturlarının üzərinə yükləmək imkanları, zənnimcə, artıq məqsədə uyğun deyildir. Çünki ənənəvi stabilliyi qorumaq metodları bəzi hallarda beynəlxalq müstəvidə dövlətimizin imicinə mənfi təsir göstərir və bundan da bütün anti-Azərbaycan qüvvələr çox məharətlə istifadə edirlər.

Bu metod eyni zamanda daxildə də, cəmiyyətdə də müsbət qarşılanmır. Üstəlik, təqib və cəzaların qudurğan məmur talanlarını cəmiyyətə çatdırılmasını təmin edənlərə qarşı yönəldilməsinə, bu heç məntiqli deyildir. Mehman Hüseynov olayları buna əyani sübutdur.

Bunun üçün də dövlətin bütün strukturları və bu strukturlarda təmsil olunan bəzi görəv sahibləri öz üzərlərinə düşən vəzifələri vaxtında və qərəzsiz yerinə yetirməklə yanaşı, cəmiyyətə qarşı tövr və danışıqlarına diqqət etməlidirlər ki, cənab Prezidüntin cəmiyyətdə narazılıq doğuran sahələrlə bağlı həyata keçirmək istədiyi islahatlara kölgə düşürməsinlər. Əks halda, onlar mövcud ritorikaları ilə cəmiyyətə mesaj verirlər ki, etdiklərində haqlıdırlar. Və bundan sonra onlar cəmiyyətdən gələn təpkiləri guya Azərbaycan xalqına, dövlətinə və şəxsən onun başçısına yönələn tənqid kimi qələmə verib başlayırlar hay-həşirə, söyüşə və təhqirə. Əslində onlar fərqinə varmadan (bəziləri bəlkə də fərqinə vararaq) bununla cəmiyyəti dövvlətə və onun başçısına qarşı tətikləmiş olurlar.

“Nəsimi” filmində ibrətamiz bir səhnə var: Teymurləng

Azərbaycanı istila edərkən adamları tərəfindən ələ keçirilən Nəsimi ilə üz-üzə qalıb onunla mübahisəsinin sonunda qılıncı çəkib şairi öldürmək istəsə də, bir anlıq durur və fikirindən vaz keçir. Ətrafı bir ağızdan “hökmdarımız, onu sağ buraxmaq olmaz, o iblisdir” deyib Teymurləngi Nəsimini öldürməyə səsləyirlər. Hökmdarın cavabı isə qısa olur: “Hər səfərimdə ələ keçirdiyim varidatımın tən yarsını sizlərə verirəm. Bəs siz nə verirsiniz mənə? Hanı sizin kəlamlarınızın qüdrəti? Nə vaxta kimi baş kəsməklə qalib gələcəyəm mən”.

Bəli, Əmir Teymurun bu kəlamı tarix boyu öz əhəmiyyətini itirməyəcək, bütün səltənətlər üçün (İstər, xanlıq, istər şahlıq, istər krallıiqlar və istərsə də prezidentlik olsun) öz aktuallığını daima qoruyub saxlayacaqdır.

İndi mən üzümü dövlət büdcəsindən böyük miqdarda vəsait ayrılan külli ixtiyar sahiblərinə, xüsusən də Milli Məclis üzvlərinə, Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinə, onun kurasiyasında olan yüzlərlə kütləvi informasiya şəbəkəsi üzvlərinə (hansı ki, düşmən ölkədə mediyaya strateji məkan kimi baxdıqlarından, daima səviyyəli adamları ora yerləşdirirlər), hökumət sözçülərinə, hökumətyönlü ekspertlərə tuturam: nə vaxta kimi Prezident özü hiss edib də, görəcək əsl gerçəkləri? Hanı sizin fəaliyyətinizin nəticəsi, yazılarınızın, düşüncələrinizin, kəlamlarımızın qüdrəti? Hələ də anlamaq istəmirsiniz ki, ölkədə əsl stabillik xalqla-iqtidarin birliyindən keçir? Hansı ki, dövlət başçısı atdığı bütün adddımlarda, yürütdüyü xarici siyasətdə o gücü - xalqın dəstəyini arxasında hiss etməlidir; xüsusən də ölkə gənclərinin.

Son hadisələr bir daha göstərdi ki, bu sahədə boşluqlar var və həmin boşluqlar ciddi addımlarla, islahatlarla doldurulmalıdır, dövlət və hökumət struktur-larının, xüsusən də bəzi Milli Məclis üzvlərinin ikrah və qıcıq doğuran boş-boş sözləri ilə yox. Elə deputat var ki, 20 ildən çoxdur Məclisdədir, amma vəzifəsinin nədən ibarət olduğunu ya anlamır, ya da anlamaq istəmir. Hələ də bəziləri nə danışdığının fərqində belə deyil. Sonra da inciyirlər ki, xalq onları təhqir edir.

Təqdirəlayiq haldır ki, ölkə başçısı bütün bunları görür və bu yöndə təxirəsalınmaz tədbirlər görür. Belə ki, o, gec də olsa cari ilin ilk aylarından istər ölkə daxilində, istər də beynəlxalq aləmdə vəziyyəti əvvəlcədən öyrənib, təhlil edib ölkə başçısına çatdırılmasını təmin edəcək instutların - Sosial Tədqiqatlar Mərkəzinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında fərmanlar imzaladı. Cənab Prezident bununla həm də dövlət qurumlarına və onların sözçülərinə bir mesaj vermiş oldu ki, indiyə kimi öz işlərinizi birtərəfli qaydada, yəni əsl gerçəkləri bəzən ört-basdır etməklə aparmısınız. İndisə hər şeyin heç də hamısının deyildiyi kimi olmadığı üzə çıxır. Yəni, əhalinin haqlı olaraq narazı qaldığı xeyli məsələlər və bu məsələləri doğuran məmurlar ordusu var. Bunun üçün də təxirə salınmadan cəmiyyətin narazı qaldığı ümumimilli məsələlərin həllinə başlanılmalıdır.

Ümummilli problemlərin ən narahatedici isə

-30 ildən artıqdır Qarabağ məsələsinin indiyədək çözülməməsi və vəziyyətlə bağlı aidiyyatı hökumət sözçülərinin, xalqı dövri olaraq məlumatlandırmamaları,

- bəzi qurumlar və məmurlar tərəfindən şəhid və qazi ailələrinə göstərilən ögey münasibət,

- seçki qanunundakı bəzi boşluqlar,

- əhalinin dolanışıq səviyyəsinin aşağı olması, iş yerlərinin olmaması (təəssüf ki, keçən dövr ərzində özəlləşdirilməyə çıxarılan dövlət əmlakını sahiblənənlərə, Belorus variantında mülkiyyətçisi olduqları köhnə zavod və fabriklərin yerində müasir müəssisələrin salınması kimi şərtlər qoyulmadı),

- mənzil problemləri (tikilən mənzillərin maya dəyərinin rüşvətlə kəllə çarxa çıxması səbəbindən əhali o mənzillərə yaxın dura bilmir),

-rüşvətxorluq,

-məhkəmə və hüquq sistemində kök salmış bazar və “biznes” mühiti (bu səbəbdəndir ki, bütün instansiya məhkəmələrinin qərarlarının bəlkə də 90 faizindən, özündən sonraki instansiyalara təkrar şikayət verilir və nədən isə də heç bir hakim cəzalandırılmır, əhalinin isə hakimin yanlış qərarına qarşı ondan şikayəti, qanunla qadağan edilir),

- banklarda rəqabət mühitinin olmamasından (xüsusən də beynəlxalq iri bankalrın Azərbaycana gəlişinin əngəllənməsi) yaranmış yüksəkfaizli kredit asılılığı,

- əhaliyə və sahibkarlara devalivasiyadan dəymiş zərərlər,

- təhsildə və səhiyyədə olan bərbad durum,

- aparılan özəlləşdirmədə əllərdə qalan vauçerlərin istifadəsinin təmin olunmaması,

- bəzi məmurların özbaşınalığı və qudurğanlığı,

- dövlət qurumlarına edilən şikayətlərə baxılmaması və bu sahədə olan süründürməçiliklər (hansı ki, dövlət başçısı bütün rəsmi toplantılarda məmurlara dəfələrlə çatdırmışdır ki, “unutmayın ki, biz xalqın xidmətçisiyik”),

- gənc kadrların ipoteka fondunun güzəştli kreditindən yararlana bilməsi üçün yaradılmış süni çətinliklər, -sahibkarlıq mühitindəki əngəllər xüsusən də vergi və kömrükdə qarşıya qoyulan hədəflərə ulaşılmaması,

- yerli, xüsusən də kənd rayonlarının əksər İcra başçılarının özbaşınalığı,

- rayonların bir çox məntəqələrinə qazın hələ də verilməməsi,

- rayonlarda kəndlilərin torpaqlarının, xüsusən də örüş yerlərinin kənar möhtəkirlərə satılması,

- əhaliyə qaz, su, elektrik enerjsi və neft məhsullarının satışında tətbiq olunan ədalətsiz limit,

-azyaşlı uşaqlara sosial müavinatların verilməməsi,

- əhaliyə tibbi sığortanın tətbiqinin gecikdirilməsi və. s.

İnanırıq ki, yeni yaradılmış Sosial Tədqiqatlar Mərkəzi bütün bunları dərindən öyrənib, təhlil edərək dövri olaraq cənab Prezidentə xalqın üzləşdiyi problemləri və onları narahat edən məsəllərin çatdırılmasını təmin edəcək. Mərkəzin gördüyü bütün işlər Xalqla dövlətin birliyinin möhkəmlənməsinə xidmət etməlidir. Çünki aparılan xarici siyasət hal-hazırda bunu diktə edir. Bunun üçün ilk növbədə iqtidar mənsubları xalqdan (fərqi yoxdur fərddir, müxalifdir) gələn bütün ümummilli mesajlara açıq olmalı və dözüm nümayiş etdirməlidirlər.

Yuxarıda qeyd olunan mövcud problemlərlə yanaşı, onu da qeyd etməliyik ki, bu illər ərzində ölkədə çox böyük işlər görülmüşdür. Belə ki, Azərbaycan qısa zaman kəsiyində dünyada və beynəlxalq təşkilatlarda tanınmış və artıq söz sahibi olmuşdur. Demək olar ki, keçən illər ərzində dövlət quruculuğu bütün sahələrdə tam başa çatdırılmış və bunun fonunda da daxili stabillik qorunub saxlanılmışdır. Ordu qurularaq maddi texniki təhcizatla tam təmin olunmuşdur. Ölkə üzrə çoxlu ifrastruktur layihələr icra edilməklə, quruculuq və abadlıq işləri aparılmış, əksər səhiyyə və təhsil ocaqları yenidən qurulmuşdur. Bölgədə anoloqu olmayan brend ASAN XİDMƏT məntəqələri yaradılaraq xalqın istifadəsinə verilmişdir. Dövlətimiz üçün nə qədər çətin olsa da belə, bir çox beynəlxalq transmilli layihələrin reallaşmasına imza atılmışdır. Bəli, bütün bunlar yüzillərlə müstəqil dövlətçilik ənənələrindən uzaq düşmüş Azərbaycan üçün böyük işlərdir, üstəlik hələ münaqişəyə cəlb edilmiş bir ölkə olaraq. Biz bütün bu məsələlərdə cənab Prezidentin qətiyyət və fədəkarlığını alqışlayırıq.

Bununla belə, bütün görülməyən işlərin də bu qaydada inkişafını təmin etmək, xalqı narahat edən problemləri çözmək, ona layiq olduğu bir həyatı bəxş etmək üçün, qeyd olunan nöqsanlar da öz həllini tapmalıdır. Tapmalıdır ki, ölkədə dövlətlə xalqın birliyinin zədələnməsinə imkan verilməsin. Xüsusən də indiki halda. Unutmayaq ki, bu həm də dövlətin DAVAMLILIĞI məsələsidir. Yəni Azərbaycanın bundan sonra da ayaqda qalması, dayanıqlığının, güvənliyinin qorunub saxlanılması və daha da təhlükəli vəziyyətə düşməməsi üçün biz buna getməli və daha mükəmməl bir birliyiə nail olmalıyıq.

Tanrı yardımçımız olsun.




Ana səhifəyə qayıt        Baxış: 770          Tarix: 18-10-2019, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma