Xəbər lenti
Dünən, 19:25
 

Əhalinin aztəminatlı hissəsini karantin rejimi dövründə gündəlik tələbatının necə qarşılanacağı sualı ciddi düşündürür. Heç kimə sirr deyil ki, bu təbəqənin əhəmiyyətli hissəsi günəmuzd, qeyri-rəsmi iş qarşılığında ailəsinin gündəlik tələbatını ödəmək qayğısı ilə yaşayır. Amma gəlin baxaq, bu insanların sayı barədə hökumətdə reallığı əks etdirən rəqəmlər mövcuddurmu?” 
Ovqat.com xəbər verir ki, daha çox hakim dairələrə yönləndirilmiş bu ritorik sualı dilə gətirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadədir. 
Saytımıza yazdığı məqaləsində həmin suala müəllifin öz cavabı var: “Hesab edirəm ki, yox”.
Arzuxan bəyin niyə elə düşündüyünü, gəlin, onun öz məqaləsindən oxuyaq:
 


1-10 oktyabr 2019-cu il tarixlərində Azərbaycanda əhalinin növbəti dəfə siyahıyaalınması həyata keçirildi. Verilən rəsmi məlumatlara görə əhalinin siyahıya alınması üçün 2019-cu ilin dövlət büdcəsindən 23,2 mln. manat vəsait də ayrılmışdı. Dövlət Statistika Komitəsinin rəsmiləri 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil ediləcəyini deyirdilər.
Qeyd eləmək istəyirəm ki, siyahıyaalma vərəqələrində bilavasitə vətəndaşa ünvanlanan müxtəlif yönlü suallar olur və bu baxımdan siyahıyaalma kampaniyası yalnız vətəndaşlarımızın sayının müəyyən edilməsi deyil, eyni zamanda ölkədəki mövcud qeyri-rəsmi məşğulluq, qeyri-leqal iqtisadiyyatın dövriyyəsinin müəyyənləşdirilməsi baxımından da vacibdir. Çünki, bu göstəricilərin rəsmi statistika ilə əldə edilməsi demək olar ki, mümkün deyil. O zaman bu faktora xüsusi diqqət yetirən mütəxəssislər də bunu haqlı olaraq daha çox növbəti dövrlərdə iqtisadi siyasəti müəyyənləşdirəcək amillərdən biri kimi də xarakterizə edirdilər. 
Lakin tam məsuliyyəti ilə və təəssüf hissiylə deyirəm ki, ölkədə bu kampaniya olduqca yararsız şəkildə aparıldı, faktiki olaraq dövlət büdcəsindən ayrılan milyonlar növbəti dəfə təyinatı üzrə xərclənmədi və təbii ki, lazımi statistik məlumatlar da əldə olunmadı. Burada hansı səviyyədə korrupsiya faktının mövcudluğu ilə bağlı məsələni aidiyyati dövlət qurumlarının öhdəsinə buraxaraq yalnız  bir elementə diqqəti yönəltmək istəyirəm. 



Bu gün bütün dünya, eləcə də ölkəmiz “COVİD-19” pandemiyası ilə mücadilə aparır. Pandemiyaya qarşı effektli mübarizə aparılması və ən əsası da vətəndaşımıza dəyə biləcək hər hansı zərərin   qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərərgah fəaliyyət göstərir. Bu gün hər kəsin nəzər-diqqəti bu qurumun verdiyi qərarlara yönəlib. Xüsusilə də əhalinin aztəminatlı hissəsini karantin rejimi dövründə gündəlik tələbatının necə qarşılanacağı sualı ciddi düşündürür. Heç kimə sirr deyil ki, bu təbəqənin əhəmiyyətli hissəsi günəmuzd, qeyri-rəsmi iş qarşılığında ailəsinin gündəlik tələbatını ödəmək qayğısı ilə yaşayır. Amma gəlin baxaq, bu insanların sayı barədə hökumətdə reallığı əks etdirən rəqəmlər mövcuddurmu? Hesab edirəm ki, yox. Əgər cəmi 5 ay əvvəl siyahıyaalma kampaniyası doğru-düzgün keçirilsəydi, ən azından hökumətin əlində mövcud reallığı əks etdirə biləcək mənzərə əsasında qərarlar vermək imkanı da olardı və biz hamılıqla bugünkü qeyri-müəyyənliklə üzləşməzdik. 
Bildiyiniz kimi, Azərbaycan Respublikası Baş Nazirinin 4 aprel 2020-ci il tarixli Sərəncamı ilə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Sərəncama əsasən, Dövlət Məşğulluq Xidməti Orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə (cəmi 200 min nəfər) aprel və may ayları üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur.    
Biz AMİP olaraq hələ martın 25-də etdiyimiz müraciətlə pandemiyanın nəticələrinin aradan qaldırılması üçün hökumətə dəstək verməyə hazır olduğumuzu bildirmiş və mövcud şəraitdə ehtimal edilən fəsadların aradan qaldırılması, eləcə də gələcəkdə yarana biləcək problemləri önləmək məqsədi ilə bir sıra addımların atılmasını məqsədəuyğun hesab etmişdik. Bu addımlar içərisində ən vacib hesab etdiklərimizdən biri günəmuzd fəaliyyətlə ailəsini dolandıran və yaranmış vəziyyətdə əmək fəaliyyəti göstərmək imkanlarından məhrum olmuş şəxslərin dairəsinin qısa müddətdə müəyyənləşdirilməsi yolu ilə onlara müvafiq maddi yardımın göstərilməsi idi. Lakin, Azərbaycan hökuməti çox asan bir yol seçərək yalnız Dövlət Məşğulluq Xidməti Orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərin simasında bu kateqoriyadan olan insanların dairəsini müəyyənləşdirməklə sanki işini bitmiş hesab edib. 
Cənablar, bu gün Azərbaycanda rəsmi dövlət orqanında işsiz kimi qeydiyyatdan keçməyən on minlərlə (bəlkə daha çox) insanın mövcudluğundan yəni doğrudanmı xəbəriniz yoxdur?! 



Prezident Martın 31-də İqtisadiyyat Nazirini qəbul edərək ölkədə koronavirusa qarşı mübarizə sahəsində yaxın müddət ərzində görülməli olan tədbirlərlə yanaşı müxtəlif dövlət qurumları tərəfindən ona fərqli məlumatlar verildiyini dilə gətirmiş və bu məsələnin ciddi olaraq araşdırılması barədə tapşırıq vermişdi. Yəni Dövlət başçısının dörd gün əvvəl verdiyi bu tapşırıqdan da heç bir nəticə əxz eləmirsiniz? Bununla minlərlə insanı aclıq, səfalət və ümidsizlik girdabına yuvarladığınızın da fərqində deyilsiniz? Bu insanlar günəmuzd tapa bildikləri iş sayəsində ailələrinin gündəlik tələbatını az və ya çox dərəcədə qarşılayırdılar. Mövcud vəziyyətdə evdən çıxmaq və pul qazanmaq imkanı olmayan, ailə üzvlərinin, balalarının həyati ehtiyaclarını ödəmək imkanlarından məhrum olmuş insanların hansı durumda olduğunu təsəvvür edirsinizmi? Bəlkə bu insanların səbir kasasının dolub daşmasında maraqlısınız? 
Bir daha xatırlatmağı özümə borc bilirəm ki, həmin kateqoriyadan olan şəxslərin dairəsinin qısa müddətdə müəyyənləşdirilməsi, Dövlət başçısının bilavasitə təşəbbüsü ilə formalaşan Koronavirusla Mübarizəyə Dəstək Fondundan ilk növbədə bu insanlara müvafiq maddi yardım göstərilməsi və ehtiyaclarının qarşılanması bu gün hökumətin bir nömrəli vəzifəsi olmalıdır. Sabah gec ola bilər".


Ana səhifəyə qayıt        Baxış: 5 105          Tarix: 6-04-2020, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma