Xəbər lenti


ATƏT Minsk Qrupu həmsədrlərinin sonuncu görüşündən sonra Ermənistan Xarici İşlər Nazirinin Rusiya XİN rəhbəri S. Lavrova cavab bəyanatı bütün ölkələrin siyasi dairələrində təəccüb doğurdu. Arxasınca Azərbaycan XİN də, nəhayət erməni nazirin qeyri-adekvat çıxışına qarşı öz bəyanatını səsləndirdi. Müxbirimiz bütün bunlarla bağlı Milli Məclisin üzvü Cavanşir Feyziyevə müraciət edib erməni nazirin və Azərbaycan XİN-in müvafiq bəyanatlarına münasibət bildirməyi xahiş edib. Cavab gözlənildiyindən daha sərt oldu:

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərdən sonra XİN-in reaksiyası həmişə olduğu kimi bu dəfə də standard, eyni məzmunlu, dəfələrlə təkrarlanmış bir bəyanat oldu. Biz eyni bəyanatları 20 ildən çoxdur eşidirik və çox təəssüf ki, heç nə dəyişmir. Qarabağ probleminin müzakirə olunduğu bütün onilliklər ərzində hər dəfə Ermənistanda hakimiyyət dəyişikliyi olanda, yaxud danışıqlara cəlb olunmuş şəxslər dəyişildikdə, cəmiyyətimizdə ümid yaranır ki, bəlkə bu dəfə işğalçı ölkədə daha praqmatik, daha anlaqlı,  doğrudan da, erməni xalqının mənafeyini güdən hakimiyyət olacaq və  nəhayət ki, danışıqlar prosesi ölü nöqtədən tərpənəcək. Amma təəssüf ki, bu, indiyədək baş verməyib. Əksinə, bütün bu illər ərzində, hər dəfə Ermənistanda hər hansı dəyişiklik baş verdikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə aparılan danışıqlarda vəziyyət bir qədər də mürəkkəbləşir. Yəni erməni tərəfi daha sərt ritorika ilə danışıqlara başlayır. Bunun müqabilində isə Azərbaycan xarici siyasət idarəsinin hər dəfə təkrarladığı bəyanatın mətni və məzmunu heç vaxt dəyişmir. Elə sonuncu bəyanat da növbətçi, təkrar bəyanatlardan biri idi.


 - Azərbaycan XİN Bəyanatında nə kimi dəyişiklik gözləyirdiniz, yəni daha sərt olmalı idimi?
 
- Əlbəttə, Ermənistan XİN başçısının o cür bəyanatından sonra Azərbaycan XİN-in bəyanatında sərt ritorikanın şahidi olmaq istərdik. Təəssüf ki, Azərbaycan XİN-in bəyanatında ritorik sual qoyulur ki, Ermənistanın xarici işlər naziri utanmır. Əlbəttə, utanmır. Utanan adamın siyasətdə nə işi var? Siyasət utananlar üçün deyil. Bu məntiqlə belə çıxır ki, bizim xarici siyasət idarəmiz utanır. Biz bu ətalətdən və təkrarçılıqdan yaxa qurtarmayınca, bu danışıqların heç bir nəticəsi olmayacaq və Ermənistan da bu vəziyyətdən sui-istifadə edərək status-kvonu qorumağa çalışacaq. Ermənistan xarici siyasətinin bu həyasızlığı qarşısında Azərbaycan diplomatiyasının, XİN-in verdiyi reaksiyalardan çıxan qənaət budur: haqlı olduğumuz halda sanki haqsız kimi görünürük, hücum etmək əvəzinə sanki müdafiə olunuruq”.
 
- Hücum dedikdə nəyi nəzərdə tutursunuz, hərbi əməliyyatları ?
 
- Söhbət, əlbəttə, diplomatik cinahda hücumdan, yəni diplomatik fəallıqdan gedir. Ölkə başçısı dəfələrlə bəyan edib ki, biz müdafiə olunmaq taktikasından hücum taktikasına keçməliyik. Prezidentin beynəlxalq məsələlərlə bağlı bütün çıxışlarında da həqiqətən ölkə başçısının daim hücum mövqeyində olduğunu görürük. BMT Baş Assambleyasının iclaslarında, Münhen Təhlükəsizlik konfranslarında, Davos İqtisadi  Forumlarında, Valday Diskussiya Klubunda və onlarla digər mötəbər tribunalarda Prezident  Ermənistanın təcavüzkar mövqeyini dəfələrlə ifşa edib, ölkəmizdə aparılan ardıcıl islahatlar haqqında ətraflı məlumatlar verib. Hər dəfə belə cıxışlardan sonra Azərbaycana münasibətdə müsbət dəyişikliklərin şahidi oluruq. Xarici siyasət diplomatiyamızda isə adekvat canlanma hələki müşahidə olunmur. Dünyanın təxminən 80 ölkəsində səfirliklər, konsulluq və ya diplomatik missiyalar şəklində təmsilçiliyimiz var. Son 10 il ərzində həyata keçirilən islahatların mahiyyətinə, həcminə və nəticəsinə görə Azərbaycan dünyada lider ölkədir. Bunu danmaq mümkün deyil və hətta müxalifət düşərgəsində dayanan qüvvələrin də böyük əksəriyyəti bu reallığı etiraf edir və qəbul edir. Amma bir sıra beynəlxalq təşkilatlar, o cümlədən bir çox ölkələrin ictimai rəy yaradan siyasi dairələri hələ də ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirir. Bəs bu islahatların nəticələrini xarici ölkələrdə necə tanıdırıq və ya kifayət qədər tanıda bilirikmi? Əgər bu qədər uğurlardan sonra yenə də köhnə, çeynənmiş bəhanələrlə Azərbaycana təzyiqlər davam edirsə, deməli ki, daxili və xarici siyasətdəki uğurlarımızı beynəlxalq səviyyədə tanıda və qəbul etdirə bilməmişik.

 Bu dünyada mövcud olan ikili standartlardan irəli gəlmirmi?
 
- Əlbəttə, bu da var. Amma bəzən ikili standartların mövcudluğundan lazım olduğundan çox danışırıq və hər şeyi onun ayağına yazmağa çalışırıq. Etiraf etməliyik ki, bu bizim diplomatik fəaliyyətimizdən də asılıdır. Bayaq dediyim ki, dünyanın çox böyük bir hissəsində diplomatlarımız çalışır. Amma onların faydalılıq əmsalını dəyərləndirən olubmu? Əlbəttə təcrübəli, vətənpərvər və fədakar diplomatlarımız da var və mən onların bəzilərini şəxsən tanıyıram. Amma bir çox hallarda diplomatik fəaliyyətlə məşğul olanlar bu sahədən uzaq, heç bir siyasi, intellektual hazırlığı olmayan və hətta tutduğu vəzifəyə görə heç bir məsuliyyət hiss etməyənlər də var. Ona görə də diplomatik fəaliyyətimiz bərbad haldadır. Ona görə də ermənilər bu dərəcədə həyasızlıq etməyə cürət edirlər.

 
- Sizcə, çıxış yolumuz nədir?
 
-  Çıxış yolu yalnız və yalnız islahatlardır. Əslində bizim xarici siyasət fəaliyyətimizdə köklü islahatlara ehtiyac var. Xüsusilə kadr islahatlarına. Bizim Diplomatik Akademiyamız var, Prezident yanında İdarəçilik Akademiyamız var, xaricdə təhsil alıb qayıtmış minlərlə gəncimiz var. Onlar haradadır, onların diplomatik fəaliyyətdə iştirakı varmı? Əlbəttə yox. Çünki diplomatik fəaliyyətə qəbul prosesi şəffaf deyil,  çox hallarda yerliçilik və regionçuluq prinsipləri əsasında işə qəbul olunurlar. Onların marağı isə xalqın və dövlətin marağı ilə eyni deyil. Onlara sadəcə dünyanın qabaqcıl ölkələrində yaşamaq maraqlıdır. İşlədikləri ölkədə hər hansı kiçik bir uğur qazanılarsa dərhal öz adlarına yazmağa hazırdırlar, uğursuzluq olanda isə səbəbini kimlərinsə üstünə atmağa çalışırlar. İşlədikləri ölkələrdə keçirdikləri tədbirlərin çoxu görüntü xarakterlidir, heç bir effekti yoxdur. Sıralarında olan çalışqan, vətənpərvər gənclər isə ədalətsiz yanaşma nəticəsində tamamilə demotivasiya olunublar. Çünki onlar da görürlər ki, diplomatik karyerada uğur qazanmaq üçün peşəkarlıq qabiliyyəti yox, başqa amillər əsas götürülür.



Ana səhifəyə qayıt        Baxış: 3 212          Tarix: 22-04-2020, 21:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma