Xəbər lenti
 
 
Müasir, müstəqil Azərbaycanın inkişafında, sosial problemlərin həllində yorulmadan iştirak, mərhəmət, mənəvi dəyərlərə sadiqlik, insanlara yardım, xeyirxahlıq... Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyat fəlsəfəsini təşkil edir…
 
Ovqat.com-un məlumatına görə, Mehriban xanım barədə bu xoş sözləri İordaniyanın “Neyruz nəşri yazıb.
 
Nəşr “Mehriban Əliyeva fenomeni” sərlövhəli məqaləsində bildirib ki, Mehriban Əliyeva Azərbaycanın dinamik inkişafına böyük töhfələr verir, bu çətin missiyanın yerinə yetirilməsində ölkə prezidenti, həyat yoldaşı İlham Əliyevin yaxın silahdaşı kimi, onunla çiyin-çiyinə çalışır:
 
“Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyinin bu məqaləsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini səciyyələndirən əsas məqamlara nəzər salınıb.
 
Mehriban xanım Əliyeva 15 ildir Heydər Əliyev Fonduna rəhbərlik edir. Onun göstərdiyi şəxsi nümunə sayəsində Azərbaycan xalqının xeyriyyəçilik ənənələri daha da dirçəlib, daha da genişlənib. Başqa sözlə, Mehriban xanım Əliyeva 15 ildir ki,  UNESCO-nun xoşməramlı səfiri missiyasını da şərəflə yerinə yetirir. O, ISESCO-nun da xoşməramlı səfiridir. Bu mənada M.Əliyeva Azərbaycan tarixini, mədəni irsini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində ölkənin tarixi və mədəni abidələri, məsələn, İçərişəhər, Şirvanşahlar sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Yeri gəlmişkən, ötən ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına məhz Azərbaycan ev sahibliyi edib.
 
Mehriban Əliyevanın 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir. Ötən müddətdə o, bu yüksək və məsul vəzifədə gördüyü işlərlə istər ölkə başçısının, istərsə də xalqın etimadını layiqincə doğruldur.
Əhalinin həssas təbəqəsinin, o cümlədən məcburi köçkünlərin problemlərinin həlli Birinci vitse-prezidentin gündəlik fəaliyyətinin prioritetlərindəndir. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz qaçqın və məcburi köçkün ailələrinin problemlərinin müzakirəsinə həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı, real işlərin görülməsinə başlandı.
 
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər nəticəsində qısa müddət ərzində 300 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, son iki ildə 9000-dən çox məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb.
 
Bundan başqa, Mehriban Əliyevanın tapşırığı ilə Ermənistanla Azərbaycan arasında 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı sağlamlığını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib. O, işğalçı Ermənistanın 30 ilə yaxındır istila etdiyi Qarabağ regionundan uzaqda, iki ölkənin sərhədində yerləşən Tovuz rayonu isitqamətində 2020-ci ilin iyulunda həyata keçirdiyi silahlı təcavüz zamanı həlak olmuş zabit və əsgərlərin anaları, həyat yoldaşları və övladlarına da mənəvi dəstəyini əsirgəməyib.
 
Mehriban Əliyevanın COVID-19 pandemiyası dövründə də xalqa mənəvi dəstəyinin, diqqətinin şahidi oluruq. O, durmadan vətəndaşları ehtiyatlı olmağa, cəmiyyətin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, qaydalara riayət etməyə çağırır. Pandemiya səbəbilə ölkədə modul tipli xəstəxanalar açılır və xanım Əliyeva açılış mərasimlərində ölkə başçısı ilə birlikdə iştirak edir. Belə tədbirlərin sonuncusu bu il iyulun 6-da Bakı şəhərində baş tutub. Həmin gün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin 800 çarpayılıq modul tipli hospitalının açılışı olub. Başqa sözlə, Mehriban Əliyeva hər an xalqın yanındadır. O, istər xoş, istərsə də çətin günlərdə xalqın yanında olur, hər an üzərinə böyük məsuliyyət götürür.
 
Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. İcrasına 2005-ci ildən başlanılmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkədə 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa olunub və ya yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-a yaxın uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.
 
Əhalinin sağlamlığı məsələsinə gəlincə, ölkədə məhz Mehriban Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr reallaşdırılır. Əhalinin böyük rəğbətini qazanan çoxsaylı xeyriyyə aksiyaları ilə yanaşı, Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub.
 
Mehriban Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkə mədəniyyətinin, dövlətçilik ənənələrinin, tarixinin dünyada təbliği sahəsində davamlı, məqsədyönlü iş aparılır. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Avropa Parlamentinin mənzil-qərargahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını, dünyanın müxtəlif şəhərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin abidələrinin ucaldılmasını belə tədbirlərə misal göstərmək olar.
 
Mehriban Əliyeva idman sahəsində də böyük işlər görür. Azərbaycan birinci Avropa Oyunlarına, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edib. Bu tədbirlərin Təşkilat komitəsinin rəhbəri məhz Mehriban Əliyeva olub, bununla da o, yüksək təşkilatçılıq bacarığını da nümayiş etdirib. Azərbaycanın bu uğurları sözün əsl mənasında, dünyanı heyran qoyub. Başqa sözlə, Azərbaycan beynəlxalq səviyyəli mötəbər idman yarışlarını layiqincə təşkil etmək iqtidarında olduğunu bütün dünyaya göstərib nə nəticədə Azərbaycanın idman ölkəsi kimi də nüfuzu artıb.
 
Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına da rəhbərlik edir. Federasiyanın onun rəhbərliyi altında qısa zamanda əldə etdiyi uğurlara nəzər salsaq, xanım Əliyevanın üzərinə götürdüyü işləri uğurla yerinə yetirdiyinə bir daha əmin ola bilərik. Azərbaycan gimnastikasının koronavirus pandemiyasından əvvəl son uğuru 2020-ci ilin fevralında Budapeşt şəhərində olub. O zaman Azərbaycan gimnastı gərgin mübarizənin yaşandığı bədii gimnasitika üzrə beynəlxalq turnirdə üçüncü yerə layiq görülüb.
 
Artıq qeyd etdiyimiz kimi, Mehriban Əliyeva Azərbaycanda və dünyada humanitar sahədə göstərdiyi fəaliyyət sayəsidə UNESCO və ICESCO-nun xoşməramlı səfiri tituluna layiq görülüb. Həmçinin o, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların bir çox medal və ordenilə mükafatlandırılıb. Onların arasında Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Pakistanın “Hilal-e-Pakistan” ordeni, Rusiyanın “Dostluq” ordeni, Ümumdünya Səhiyyə Təşkilatının  mükafatı, Avropa Olimpiya Komitəsinin Ali Ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, “Qızıl ürək” beynəlxalq mükafatı və s. var.
 
Mehriban Əliyeva müxtəlif dinlərin nümayəndələrinə göstərdiyi xoş münasibət və diqqətə görə də beynəlxalq ictimaiyyətin diqqətini çəkir. Məhz bu üzdən o, “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülüb.
 
Bir sözlə, Mehriban Əliyeva son illərdə Azərbaycan və Azərbaycan xalqı üçün çox iş görüb. Nəticədə o, xalqının ehtiramını, sevgisini qazanıb. Mehriban Əliyeva fenomeni Azərbaycan qadınının malik olduğu ən gözəl, ən yaxşı keyfiyyətlərin beynəlxalq səviyyədə təcəssümüdür. Bütün bunlar əmin olmağa əsas verir ki, Mehriban Əliyeva ölkəsinin daha da inkişafı, dünyada mövqeyinin daha da güclənməsi, xalqın rifahının daha da yaxşılaşması üçün əlində gələni əsirgəməyəcək. Azərbaycan öz Birinci vitse-prezidentilə sözün əsl mənasında fəxr edə bilər!
 
Ömər əl-Armuti
Neyruz, İordaniya



Ana səhifəyə qayıt        Baxış: 3 143          Tarix: 27-08-2020, 22:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma