Xəbər lenti
 
 
 
O, çoxdan, lap çoxdan hüquq elmləri doktoru, akademik ola bilərdi - ola bilmədi.
O, çoxdan, lap çoxdan general ola bilərdi - ola bilmədi.
O da bu Xalqa, bu Ölkəyə, bu Dövlətə gərəkli, bir çox dəyərli kimsələr kimi gərəkən dəyərini almadı.
 
S.M.Kirov adına ADU-nun Hüquq fakültəsində oxuduğu çağlardan onu Qribanov adlandırırdılar. Qribanov Sovet dönəminin ən güclü, belə desək, as mülkü hüquq uzmanı sayılırdı. Bilənlər bilir: hüquqda ən çətin alan mülkü hüquq sayılır. Buna görə də hüquq tələbələri arasında mülkü hüquq professiyasına yiyələnmək istəyən çox az olur. Bizdə öyrəncilərin çoxu kriminalistika seçiminə üstünlük verir. Onun da nədəni bəllidir: demokratik hüquq dövləti olmayan yerdə hüquqçu-kriminalist dərin biliklərə yiyələnmədən böyük pullar qazana bilir. 
 
Mülkü hüquq professiyasını seçən isə mülkü işlərin çözümü çətin kələfinin içində itib-batmamaq, işdə uğur qazanmaq üçün dərin biliklərə yiyələnməlidir. O, hələ öyrənci olduğu illərdə Qribanov adını qazanmaqla öncədən Azərbaycan mülkü hüququna özünün damğasını vurmuşdu - indiki Ənnağı Hacıbəyli damğasını! 
 
Yeri gəlmişkən, bizim soyumuza yapışdırılmış bu Hacıyev-Hacıbəyli soy adına toxunmaq istəyirəm. Bu soy adı bizə, daha doğrusu, babalarımıza, Sovetin ən qanlı-qadalı çağlarında - 20-ci illərdə ağa, bəy kimi anlayışlara yağı Sovet yönətimi verib. Babalarımız Səttərxan hərəkatından sonra Güneydə başlayan qırğınlardan güclə can qurtarıb Bakıya gəlmiş, bir ara Bakıda yaşamış, sonra geri qayıtmış, yeni qırğın nədənilə ordan-ora köç etmiş, didərginliklə gedib indiki Sabirabada çıxmışdılar. Orda bizə, bəlkə də, soyumuzda olmayan soyad yazmışdılar. 
 
Niyə belə olmuşdu? Yoxsa babalarımız (onlar üç qardaş idilər, ən kiçiyi, Qüdrət baba 30-cu illərdə Qazaxıstana sürgün olunmuş, orda da ölmüşdü) soyunu, soy adını tanımayan manqurt olmuşdular? Yox, onlar hardan, hansı soydan, özü də necə bir ulu soydan gəldiklərini gözəl bilirdilər. Bəs nə baş vermişdi, nəyə görə soy adlarını gizli tutmalı olmuşdular? Dediyim kimi, onlar Güneydə devrim sonrası baş verən qırğınlar nədənilə Güneylə Quzey arasında didərginə çevrilmişdilər. Yeni yerləşib yurd salmalı olduqları Quzeydə ağa, bəy adı daşıyanlar ağına-bozuna baxmadan güllələnir, Sibirə sürgün edilirdilər. Onların Güneydə qalan soy adı isə olduqca qorxunc idi: AĞABƏYLƏR. Ağabəyli də yox, AĞABƏYLƏR!
 
Sovet dağılandan, ara açılandan sonra biz özümüzü dərindən tanımağa başladıq. Gəlib-gedənlərin bildirdiyinə görə (mən indiyədək ora gedə bilməmişəm), Güneydə bizim (Ağabəylərin) bütöv bir kəndimiz var. Bizə AĞABƏYLƏR adı var-dövlətimizə görə deyil, AĞA-BƏY xarakterimizə görə verilib...
 
Oxuyub qurtarandan sonra (1983-cü ildə) onu universitetdə müəllim saxlamışdılar. O çağlar respublikanın baş prokuroru İlyas İsmayılov idi. İ.İsmayılov Prokurorluqda bacardıqca, gücü çatdıqca bilikli, eləcə də rüşvətdən uzaq kadr bazası yaratmağa çalışırdı. Dövlət imtahanlarının birində, o, gənc mülki hüquq müəllimini tanıyıb yadında saxlamış, gərəkən çağda onu Prokurorluğa aparmaq qərarı vermişdi. Onun kadr seçiminə yanaşmasını ayrıca vurğulamaq gərəkir. O, kafedra müdürünə zəng vurub Ənnağı müəllimi soruşmuş, kafedra müdürü qısaca demişdi: “Mülki hüququ yaxşı bilir”. Baş prokurorsa: “Onu bilirəm,- demişdi,- bilmək istəyirəm şəxsiyətcə necə adamdır?”. Kafedra müdürünün dəyərləndirməsi belə olmuşdu: “Biliyi şəxsiyətindən, şəxsiyəti biliyindən üstündür”. İ.İsmayılov bundan sonra: “Onu Prokurorluğun mülki hüquq şöbəsinə gətirmək istəyirəm, - demişdi, - orda bizə elə bir kadr gərəkdi”. Bu, ŞƏXSİYƏTİN kadr-ŞƏXSİYƏT seçimi idi!
 
Atam da, mən də onun elm dalınca getməyini istəyirdik. Bundan sonra Baş prokurorla bizim aramızda, belə desək, dartışma başladı. Buna görə atamla danışmaq üçün bir neçə yol rayona gedib-gəlməli oldum. Sonda atamın qərarı belə oldu: O kişini düzgün, qanunçu adam adlandırırlar, indi ki, dediyindən dönmür, qoy getsin”.
 
İ.İsmayılov onunla belə “şərt” kəsmişdi: “Biliyini, bacarığını yaxşı göstərə bilsən, hər ilin sonunda sənin rütbəni artırıb səndən qabaq (1983-cü ildən) işləyən tələbə yoldaşlarının rütbəsinə çatdıracam. Elə birinci ildə onun iş göstəricisi başqalarını çox geridə qoymaqla (90/ 60 oranında) olmuşdu. Baş Prokuror xarakter özəlliyinə uyğun olaraq sözünün üstündə durmuş, yüksək göstəriciyə görə ona birdən-birə baş leytenant rütbəsi vermişdi. 
 
Aradan az keçmiş Hərəkat başladı, AXC yarandı, AXC hakimiyətə gəldi. Nə oldu? Ailəliklə Hərəkat-Cəbhə yolunda olsaq da, yaxşı-yaxşı tanınsaq da, bizə, başqa sözlə, Ağabəylərə, o hakimiyətdə yer olmadı. Burada iki faktor başlıca rol oynamışdı: 1) bizim söy-kökdən gəlmə AĞABƏYLƏR xarakterimiz; 2) AXC-nin başında duranların sözdə demokratik, işdə antidemokratik yol yiyələri olmaları.  AXC hakimiyətinin tezliklə yıxılmasında böyük rol oynamış bu faktla bağlı ikicə örnək göstərməklə burada (burada!) qonunu qapayıram. Dövlət katibi Pənah Hüseynov 1992-ci ilin yayında utanıb-qızarmadan qəzetdə demişdi: “Cəbhəçilərlə işləmək çətin olduğundan mən kadr seçimində komunistlərə üstünlük verirəm: komunistlər nə desən “bəli”, “baş üstə” deyirlər”. Hakimiyət dəyişikliyindən sonra özünün sevimli “YeM” qəzetində çıxmış qonuşmada P.Hüseynov demişdi: “Biz   AXC hakimiyəti olaraq kadrları Heydər Əliyevin məsləhətilə seçib yerləşdirirdik”. İdealları, baxışları üst-üstə düşdüyündən onlara da, H.Əliyevə də öz düşüncəsi, öz baxışı olmayan dəyərsiz- prinsipsiz, əlaltı kadrlar gərək idi. İ.İsmayılov  elələriylə işləməyi özünə sığışdırmazdı!
 
İ.İsmayılov Ədliyə naziri olandan sonra onu aparıb Notarius idarəsinin rəisi qoydu. Bununla da Notarius idarəsində yeni bir dönəm başladı: rüşvətsizlik dönəmi. 
 
Sonra, el arasında deyildiyi kimi, TƏLƏ yiyəsi gəlib yerini tutdu. Onun 70-ci illərdən özünü göstərən kadr strategiyasına yad olanların hamısını bir-bir görəvdən salmağa başladı. İ.İsmayılov getdi, ardınca da onun kadrı
 
O gedib Hüquqçular assosiasiyası yaratdı. Durmadan işlədi, çalışdı, ard-arda Azərbaycan hüququna başucalığı gətirən yazıları, kitabları çıxdı. AMEA-da onun kitabları kimlər üçünsə aktiv plagiat materialına çevrildi. 
 
O, BDU da yenidən müəllimlik edib özü kimi çoxlu hüquqçu yetişdirə bilərdi - qoymadılar.
 
Elmlər doktoru, akademik ola bilərdi - qoymadılar. 
 
Bütün bunlar bir yana, hələ ona yox yerdən “cinayət işi” açıb tutuqlamaq da istədilər. Ölkədən çıxışını yasaqladılar... 
 
Ənnağı Hacıbəyli - bu gün o, Azərbaycanda adının qarşısına hüquqçu, publisist yazılacaq tək adamdır.
 
Onun hüquq yazıları bilim-dil baxımından yüksəkdə dayandığı kimi, publisistikası da dili, etik-estetik dəyəri baxımından yüksəkdə dayanır. O, gerçək intellektualdır.
 
Böyük potensialına görə sən 65 yaşa general kimi, hüquq elmləri doktoru, akademik kimi gəlib çıxa bilərdin. Ancaq... ideya-mənəvi dəyərlərin, mənliyini uca tutanların “xalq düşməninə” çevrildiyi bir dönəmdə indi nə varsa, o da olmalıdır. Darılmağa, sıxıntı çəkməyə, ürəyinə salmağa dəyməz.
 
Ən başlıcası, biz bütün dönəmlərdə- bütün hakimiyətlərdə- AĞABƏYLƏR olaraq qalırıq!
 
Səni AĞABƏYLƏRİN AĞABƏY yetirmələrindən biri, eləcə də sevgili Azərbaycanımızın indiki bazarbaycan dönəmindəki çox az alınıb-satılmaz yüksək dəyər yiyələrindən biri olaraq ürəkdən qutlayıram! 
 
Yadındadı, Atalar Atası Atamız bizə nə aşılayardı: pis pisliyindən əl çəkmirsə, sən niyə yaxşılığından əl çəkməlisən?! Öncə Soy qurallarımız, sonra Atamızla Anamız bizə getdiyimiz yolu qoyub getdilər: yalnız yüksək mənlik yiyələrinin gedə biləcəyi doğru-düzgünlük yolunu...  
 
Çoxlarının sevə bilmədiyi, gedə bilmədiyi bu yol soy adından asılı olmayaraq AĞABƏYLƏR yoludur - onu gedənlərdən biriyiksə, diriyik! Bu isə başqa bir uğurdur - kimsənin yenə bilməyəcəyi bir uğur. Biz harda iş başlnda olduqsa, orda yaxşılığa çalışdıq, düzgünlük yaratdıq...
 
Son. AĞABƏYLƏR olaraq biz qanımız-genimizlə Demokrat, Xalqçı, Dövlətçiyik - bu böyük dəyərlərdən uzaq olanlar istər hakimiyətdə, istər müxalifətdə bizi anlamadılar, anlamırlar, anlamayacaqlar!
 
Xaliq Bahadır

 


Ana səhifəyə qayıt        Baxış: 3 199          Tarix: 29-08-2020, 22:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma