Xəbər lenti


Atalar yaxşı deyib ki, sən saydığını say, gör, fələk nə sayır.

Eşidəndə ki, Rusiya sülhməramlıları Qarbağda qalan erməni separatçılarını tamamilə tərksilah edəcək, Azərbaycan bayrağı Xankəndində də dalğalanacaq, çox sevindik. Bu, Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbənin məntiqi sonluğu olacaqdı. Ancaq təəssüf ki, belə olmadı. Ermənilər işğal etdikləri rayonlarımızı tərk edərkən evləri, meşələri yandırmaqdan belə çəkinmədi. Onlar təkcə imdad dilədikləri Azərbaycan dövlətinə deyil, eyni zamanda onları fəlakətin caynağından xilas edən Rusiya dövlətinə qarşı da hörmətsizlik və saymamazlıq nümayiş etdirdilər. Bunun da əsas səbəbi odur ki, Azərbaycana təşrif buyuran Rusiyanın sülhməramlı qüvvələri öz öhdəliklərini yerinə yetirməkdə maraqlı görünmürlər. Sülhməramlılar Qarabağdakı separatçı qüvvələri Azərbaycan qanunlarına tabe etdirmək əvəzinə onların nazı ilə oynayır, erməni dığalarının qandarma DQR bayrağı altında silah gəzdirməsinə, özlərini Xankəndinin ağası kimi aparmasına göz yumurlar. Ermənistan rəhbərləri isə gecə vaxtı tələsik bir şəkildə razılaşdırılan üçtərəfli bəyanatdakı boşluqlardan istifadə edib, öz məkrli siyasətlərini həyata keçirməklə məşğuldurlar. Azərbaycan Ordusu tərəfindən aldıqları ağır məğlubiyyətin ağrıları canlarından çıxmamış, əcaib bəyanatlarla ürək bulandırır, Qarabağ bölgəsində davamlı sülhə nail olmaq üçün görülən işlərə, atılan addımlara kölgə salmağa çalışırlar. Görünür, axıdılan qanların qarşısının alınması adı altında Rusiya dövlətinin təşəbbüsü və vasitəçiliyi ilə həyata keçirilən anlaşma təcili xarakter daşıdığından, bəzi şərtlər və məqamlar bu bəyanatda diqqətdən kənarda qalıb. Məsələn, orada qeyd olunmayıb ki, bu razılaşmadan sonra Qarabağda bir dənə də olsun erməni yaraqlısı qalmayacaq. Haqqında cinayət işi açılan hər bir Qarabağ sakini qeyd-şərtsiz Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək. Ermənilər Azərbaycanı tərk edən zaman dövlətimizə heç bir maddi və mənəvi ziyan vurmayacaq, tarixi abidəlrimizə və digər dəyrlərimizə toxunmayacaqlar. Qarabağ beynəlxalq aləmdə heç zaman hansısa siyasi mövzunun predmeti olmayacaq və orada daim Azərbaycan bayrağı dalğalanacaq. Türkiyə ordusu təmas xəttində Ruslarla birlikdə bərabərhüquqlu əsaslarla fəaliyyət göstərəcək. Ermənistanla Azərbaycan arasındakı sərhəd-keçid və gömrük məntəqələri Azərbaycan dövlətinin nəzarəti altında olacaq. Əgər təxribat və ya digər məqsədlə Azərbaycan vətəndaşlarına atəş açılarsa, həmin adam polis əməkdaşlarımız tərəfindən yerindəcə zərərsəzlişdiriləcək və sair. Əlbəttə, bu və digər məsələlər bəyanatda işıqlandırılmadığına görə Ermənistan tərəfi həmişə olduğu kimi yenə də məsələni qəlizləşdirməklə məşğuldur. Hadisələrin gedişi onu göstərir ki, sülhməramlıların aldığı əsas tapşırıq ondan ibarətdir ki, separatçılara maksimum qayğı göstərmək, Ermənistandan daha çox qaçqının Azərbaycana qaytarılmasına nail olmaq, onların bizim torpaqlarda rahat şəkildə məskunlaşmasını təmin etmək. Aydındır ki, ermənilər Qarabağdan tam şəkildə köçüb getsəydi, sülhməramlılara Qarabağda ehtiyac da qalmazdı. Rusiya özünün böyük bir qoşun hissəsini hərbi texnikaları ilə birlikdə Azərbaycanın nəzarət və qeydiyyatından keçirmədən Ermənistan ərazisindən bizim torpağa soxmaqla ermənilərdə Rusiya dövlətinə qarşı güvən yaradıb, onların Qarabağda sülhməramlıların nəzarəti altında rahat yaşaya biləcəklərinə inandıra bildi. Ermənilərə göstərilən maddi, tibbi və sosial yardımları da bura əlavə etsək görərik ki, bundan sonra Qarabağda yaşamaq üçün separatçıların naz eləməyə heç bir haqqı yoxdur.

İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəyə imza atsaq da, diplomatik sahədə qələbə qazanmaq üçün hələ çox çalışmalıyıq. Ermənistan dövlətinin riyakarlığına qarşı əvvəllər gur səslə “biz BMT-nin qətnamələrini yerinə yetiririk” deyirdiksə, indi bunu deyə bilməyəcəyik. Səsimizi beynəlxalq təşkilatlar qarşısında çıxaran kimi “siz vasitəçi olaraq Rusiyanı seçmisiniz” cavabını alacağıq. Odur ki, bundan sonra üzərimizə düşən əsas vəzifə, gec də olsa, Qarabağ bölgəsində Türkiyənin Rusiya ilə eyni hüquq və səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməsini təmin etməkdir. Azərbaycan dövləti bu sahədə sona qədər dirəniş göstərməlidir. Şəhidlərimizin qanı bahasına alınan torpaqlarda bizə düşmən gözü ilə baxanların at oynatmasına imkan vermək olmaz. Azərbaycan hakimiyyətini Qarabağda tam şəkildə bərpa etməjiyik. Əgər Ermənistanla sərhəd xəttində Azərbaycan əskəri öz postunda, gömrükçüsü öz məntəqəsində xidmət göstərməyəcəksə, onda bunun adı olur, heddili qozu Abdulla. Yəni, mənası anlaşılmayan bir şey. Qələbədən sonra düşünürdük ki, Azərbaycan bayrağının tutacağını spirtli tənziflə sarıyaraq Qarabağın donqili prezidenti Arutyunyanın əlinə verib, Xankəndində gəzdirəcəyik. Ancaq belə olmadı. Sual yaranır, nəyə görə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Rusiya dövlətinin sülhəramlı təmsilçiləri girdirmə Qarabağ bayrağı altında separatçılarla görüşlər keçirir və onlar da bu görüntüləri sosial şəbəkələrdə geninə-boluna paylaşaraq bütün dünyaya nümüyiş etdirirlər? Biz belə danışmamışdıq, belə razılaşmamışdıq axı. Ermənilərin bir qismi öz yurdlarında deyil, əvvəlki kimi yenə də Laçın rayonunda qalıb yaşamaq istəyirlər. Bu istək Rusiya mətbuatı tərəfindən də təbliğ olunur və böyük ehtiramla qarşılanır. Bəs, niyə Xankəndinin, Xocalının azərbaycanlı sakinlərinin tezliklə öz doğma yurd-yuvalarına qayıtması üçün Rusiya tərəfindən heç bir təşəbbüs göstərilmir? Əlbəttə, ümid edirik ki, gec-tez haqq-ədalət öz yerini tutacaq və biz zəfər gününü hər yerdə olduğu kimi Xankəndində də böyük coşqu ilə qeyd edəcəyik. Əgər ağılları çatsa, bu acı məğlubiyyətdən sonra erməni separatçıları bir daha başqa ölkələrin torpaqlarını işğal etmək sevdasına düşməzlər. Arzu edək ki, bundan sonra Ermənistanda hökümət başına normal adamlar gəlsin və Qafqaz xalqları mehriban dostluq şəraitində yaşayıb, bölgədə sülhün bərqərar olmasına, iqtisadiyyatın və mədəniyyətin inkişafına öz layiqli töhvələrini verə bilsin.

Aləm Kəngərli



Ana səhifəyə qayıt        Baxış: 3 457          Tarix: 8-12-2020, 14:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma