Xəbər lenti
 
   
Cəmşid Dərələyəzli
    
2020-ci il bəşəriyyət üçün nə qədər bəlalı bir il olsa da,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu bu ilin 44 günündə (27.09.2020-10.11.2020), özünün son 300 ildə yazıılmamış şərəf tarixini yazmış oldu. Bu müharibə ilə Azərbaycan  dünya hərb tarixində yeni bir səhifə açmış oldu. Dünyanın aparıcı dövlətləri Ermənistanın növbəti təcavüzünə qarşı Azərbaycanın  başlatdığı ildirım surətli Vətən müharibəsinin qısa zaman ərzində başa vurmasına mat qaldılar. Hələ də dünyanın aparıcı nəşrləri bu müharibədən yazır və təəccüblərini belə gizlətmirlər.
 
Bəli, bu zəfəri, bu sevinci bizə yaşadan Azərbaycan xalqının igid oğullarından ibarət Şanlı Azərbaycan ordusu oldu. O oğullar ki, Ali Baş komandanın bir əmri ilə, “qalx ayağa, Azərbaycan, vətən səsləyir” deməsiylə silaha sarıldılar. Bəli, Vətəni qurtarmaq və 32 ildir tökülən qanların qisasını almaq, alnımıza vurulmuş namus ləkəsini silmək üçün ölümə yollandı ölümsüzləşən oğullar!  
   

Vətən müharibəsində minlərlə vətən övladı qanları ilə, canları ilə   Şəhidlik zirvəsinə ucalaraq, zəfər dastanını yazmış oldular. İgid oğullarımızın aldıqları vətən torpaqlarının hər qarışnda üçrəngli bayrağımız dalğalanmağa başladı. Nəhayət, 8 noyab 2020-ci il tarixdə, 1453-cü ildə qəhrəman Türk əsgəri Hasan köksünə sancılan yüzlərlə oxa rəğmən İstanbulun qalasına sancdığı bayraq kimi, igid əsgərlərimiz canlarında onlarca güllə yarasına baxmayaraq, Azərbaycan bayrağını Şuşanın qalasına sancdılar. 
                          
Verdi bu müjdəni cənab Prezident ki, gözün aydın Azərbaycan, Şuşa bizdədir! Gözün aydın, Şuşa biz qayıdırıq!
    
Bütün ölkə ayaqlandı bu xəbərdən. Yeddidən- yetmişə hər kəs gözlərində sevinc yaşları, əllərində Türkün bayrağı axın etdi meydanlara. Bu günü çox gözləmişdik! Ermənilər Şuşada at oynatdıqca, yallı getdikcə, Papaq da durmurdu  dədələrin başlarında.

                     
  
İndi gərəkdir ki, dik tutsun başlarını şəhid anaları. Çünki sildi  igid oğulları bir millətin alnına vurulmuş o namus ləkəsini. Qaytardı illərdir düşmən tapdağında olan vətən torpaqlarını.  Bu hisləri bizlərə yaşadan heç bir şəhid ölməz. Onlar cismən aramızdan getsələr də, ruhən, mənən bizimlədirlər. Onlar əbədiyyətə qədər Azərbaycan xalqının baş tacı, and yeri, şərəf mücəssiməsi olaraq qalacaqlar. Əməlləri ilə onlar dastan yazıb,  qanları ilə yazdıqları əsərin baş qəhrəmanlarına çevrildilər.
    
Unutmasın analar ki,   ölüm haqdır və hər birimizin sonda, o ölüm şərbətini dadacağıq.  Lakin, qeyd etdiyim kimi şəhidlik  əbədiyyətdir, şəhadətin zirvəsidir. Hər kəsə bu zirvə nəsib olmaz. 
      
Bir də o övladlar ki, ölümü ilə şəhidlik zirvəsinə ucalarlar, artıq o itki tək onların valideyinlərinin yox, millətin itkisidir. Çünki, şəhidə tək analar yox, bütün millət ağlar. Bəli bu olmalıdır tək təsəllisi şəhid anaların. Yoxsa bu acını dadanlar bilir ki, evlad itkisinə başqa heç bir təsəlli yetməz, dərman olmaz. 
   
Bəzən də analar haqlı olaraq gileylənərlər, nədən ölən əksəriyyət kasıbların, imkansızların balalarıdır. O analara da üz tutaraq deyirəm, yaddan çıxarmayın ki, Vətəni-vətən yapan min bir zəhmətlə yaşamını torpaqdan çıxaranlar olarlar.


    
Torpağının ətrini, biçilən otunun iyini, dərilən meyvəsinin dadını, yam-yaşıl çöllərinin ətrini, laçın qayalarda qıy vuran qartalların səsini, sıldırım qayalardan axan şəlalənin şırıltısını,  yam-yaşıl meşələrin  zümrüd bulaqlarından su içənlər bilərlər bu torpağın qədrini. Yoxsa, gecə-gündüz əşyalarını oyuncaq sanıb, masasında butulkadan su içəndən, meyvə adına ananans yeyəndən, dincəlmək üçün yad ölkələrdə gözəllik arayanlarda vətən anlayışı olmaz. Belələri zorla cəbhəyə aparılsalar da, onlar orada da pul qazanmaq üçün, hər yola baş vurarlar. Ona görə də belələrinin cəbhəyə getməməsini özlərinə dərd etməsin, gərək analar. Nakəsə şərəf yaraşmaz, Şəhidlik isə heç!
    
Bəli bütün bu gerçəkləri öz həyatında yaşayan və Vətən Müharibəsində iki övladı birdən şəhid olmuş,  Şəmkir rayonunun Yeniabad kəndində yaşayan Məmmədovlar ailəsindən  Faya ana da var. 
    
Faya ana Dərələyəz mahalının Ələyəz kəndindən Hacı Rzaqulu oğlu   Mikayılın  soyundan olub, o yerlərdən  qaçqın düşən yüz minlərdən biridir. O kişi qeyrətli, məğrur, yanımlı və öz övladlarını min bir zəhmətlə böyüdən analardandı. O bütün çətinliklərə rəğmən böyütdüyü oğullarına daima qaçqın düşdükləri vətən torpaqlarını şirinliyini anladar, onları o torpaqlara qayıtmaq ruhunda tərbiyə edərdi. Daima vətən həsrəti ilə qovurulan ana,   övladlarına nə vaxtsa o yerlərə   dönmələri yondə qəlblərinə atəş salardı. Lakin gün gəldi, Dərələyəz üçün çırpınan oğullar  o yerlərə qovuşmadan, Qarabağda şəhidlik zirvəsinə ucaldılar. Amma vətən, vətəndir: o tayı, bu tayı, İravanı, Dərələyəzi, Zəngəzuru, Göyçəsi, Dərbəndi, Borçalısı, Qarabağı, hamısı Azərbaycandır.
    
Faya ananın hər iki övladı, Cavid və Çingiz müharibəyə qədər, hər ikisi  Müdafiə  Nazirliyinin   “N” saylı hərbi hissələrində gizir vəzifəsində çalışıblar.
 
                 
                              CAVİD və ÇİNGİZ
              
Cavid müharibənin ilk günlərində  Tərtər-Talış istiqamətində gedən qızğın döyüşlərin birində şəhid olur. Ölümündən sonra Cavid  Vətən Uğurunda döyüş medalı ilə təltif olunub. 
    
Çingiz qardaşının şəhid xəbərini Murovda alır. Ona komandirləri nə qədər evə qayıtmasını əmr etsələr də, israrla döyüşə qatılacağını, tökülən şəhid qanlarının və qardaşının  qisasını alacağını qarşısına məqsəd qoyur və yenidən döyüşə girir. 4 oktyabrdan sonra Çingizdən xəbər alınmır. Hərbi Prokrorluğun Gəncə Şöbəsinin rəsmilərinin məlumatına əsasən,  sonradan Çingiz Kəlbəcər-Daşkəsən cəbhəsindən bir qrup döyüşçü ilə Fizuli-Cəbrayıl istiqamətində döyüşə aparılıb. Cəbrayıl azad olunduqdan sonra Çingizin şəxsiyyət vəsiqəsi bizim mina axtaranlar tərəfindən Cəbrayılda çöllükdən tapılıb. Sonrakı araşdırmalarda Müdafiə Nazirliyinin məlumatlarında, bir müddət Çingizin adı itginlər siyahısında yer alıb. 
    
Dövlət Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin Hərbi Prokrorluğunun  Gəncə şöbəsinin əməkdaşlarının səyləri ilə müharibə başa çatdıqdan 23 gün sonra, dekabrın əvvəlində cəbhə bölgəsindən Çingizin   nəşinin tapıldığı xəbəri gəlir. Məlum olur ki, o cəbhədə gedən döyüşlərin birində qəhrəmancasına  şəhid  olub. Onun nəşini 13 şəhid əsgərlə birlikdə 7 dekabrda   Gəncə şəhər Hərbi qospitalının morquna gətiriblər. Həmin gün gətirilən şəhidlər yoxlanılaraq tibbi analizlərdən keçiriliblər. Bakıdan analizlərin cavabı  dekabrın 17-də Gəncəyə göndərilib.  Çingizin nəşi   18 dekabrda Şəmkirə gətirilmiş və böyük izdahamla kənd qəbirstanlığında  torpağa tapşırılmışdır. 
  
Bu ailənin hər iki şəhid övladı, ailəli olublar və hər birinin də   iki az yaşlı körpəsi qalıb. İnanırıq və əminik ki, başda Azərbaycan dövləti olmaqla, qədir bilən xalqımız şəhidlərimizin əmanətlərinə  sahib cıxacaq və onların cəmiyyətdə öz yerlərini almaları üçün əllərindən gələni əsirgəməyəcəklər.  Allah, məkanları cənnət olan bütün şəhidlərimizə rəhmət eləsin!
 


Ana səhifəyə qayıt        Baxış: 5 007          Tarix: 22-12-2020, 08:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma