Nurəddin İsmayıl
Sinəsindən Arpaçayım, Arazım axan, həsrət gözləri canımız Təbrizə baxan; Qoca Şərqin qapısında minillərdir qərar tutan, hər daşında, qayasında keşməkeşli tarix yatan; Dədəm Qorqud boy boylayan, soy soylayan, ərənləri son döyüşə haraylayan; Qayım-qədim Kəngər elim - Naxçıvan, düşməninə sinə gərən, səngər elim - Naxçıvan.
Tarixlərin sınağından keçib gələn, bütövlüyə, bir olmağa Vətən andı içib gələn; Boy atan Əlincədən, Haça dağdan, güc alan Ağrı kimi qosqoca uca dağdan; Qurdürəkli, şirbiləkli oğulları, qəhrəmanlıq örnəyidir onun dastanları, nağılları; Basılmayan bir ordudur Naxçıvan, Tanrı dağın nişanəsi, mavi gözlü boz qurdudur Naxçıvan.
Şeir, sənət ocağıdır, sevsən onu, isti ana qucağıdır; Əcəminin qızılbarmaq tişəsiylə yonulubdur gül naxışı, Nəsimini heyran etmiş Nəiminin eşq çeşməsi, nur baxışı; Cavidimin azad ruhu qanad çalıb uçur burda, Məmməd Araz şeirində daşlar çiçək açır burda; Elm, mədəniyyət beşiyidir Naxçıvan, insanlığın yaranışdan keşiyidir Naxçıvan.
Bağlıdır o, candan əziz vətəninə, elinə, fürsət verməz vətən bir də, yad əiylə parçalana, bölünə; Sərt iqlimi sərtlik verib cəsur, igid, mərdinə, döv gələmməz namərd olan onun comərdinə; Nuh yurdudur, Gəmiqaya onun qədim sirdaşı, Türkiyədir dar günündə, xoş günündə qardaşı; Ta əzəldən türkün bükülməyən qoludur Naxçıvan, yolu haqqın yoludur Naxçıvan.
Poza bilməz kimsə onun növrağını, qoymaz ensin ucalardan üçrəngli Azərbaycan bayrağını; Sarılıbdır o tay, bu tay elinə, dili bənzər Şəhriyarın baldan şirin dilinə; Haqqın şəhadətinə yetib neçə övladı, diz çökdürdü qaziləri dişi qanlı, “hay” deyilən neçə soysuz cəlladı; Öz adıyla, şöhrətlənən, ucalandır Naxçıvan, qisas günü düşmənindən bac alandır Naxçıvan.
Naxçıvanım
Səmasında xoş avazlı,
Quşlar ötən Naxçıvanım.
Al şəfəqlər sinəsinə,
İlmə atan Naxçıvanım.
Öz rəngində, boyasında,
Saflıq vardır mayasında,
Hər daşında, qayasında,
Tarix yatan Naxçıvanım.
Laləlidir dağı, düzü,
Zor bulağı çağlar gözü,
Ürəyində yanar közü,
Andı vətən Naxçıvanım.
Gəzib dolan Ordubadı,
Buz bulaqlı Batabatı,
Süfrəsinə bal, nabatı,
Ləzzət qatan Naxçıvanım.
Şah duruşu, vüqarı var,
Pozulmayan ilqarı var,
Təbriz kimi dildarı var,
Əlim yetən Naxçıvanım.
Xoş sədalı ünlə gəlib,
Tanrı sevən dinlə gəlib,
Vətən eşqim sənlə gəlib,
Dildə bitən Naxçıvanım.
Əlincəsi, sirr qalası,
Ərənlərin ər qalası,
Dar günündə hər çalası,
Dada catan Naxçıvanım.
Xan Arazın, Arpaçayın,
Ağrı dağa yetər hayın,
Başın üstə parlaq ayın,
Sənin butan Naxçıvanım.
Mərdlik, hünər sorağını,
Türkün sönməz çırağını,
Azərbaycan bayrağını,
Uca tutan Naxçıvanım.
08.02.2024
Paylaş: