Xəbər lenti


"Dəmir ağciyərli adam" adıyla tanınan ABŞ vətəndaşı Paul Aleksandr 70 il silindr formalı dəmir süni nəfəs aparatında yaşadıqdan sonra vəfat edib.

 

Məlumata görə, Aleksandr 1952-ci ilin yayında altı yaşında polio xəstəliyinə tutulub boynunun altından iflic olmuşdu. Teksasda bir xəstəxanaya yerləşdirilən Paul ömrünün qalan hissəsini keçirəcəyi metal silindr içinə qoyulmuşdu.

 

Üzərindən az keçməmiş poliomielit peyvəndi icad edilməsinə və bu xəstəliyin tamamilə ortadan qalxmasına baxmayaraq Aleksandr həmin silindrin içərisində uzun müddət yaşamağa davam etmişdir.

 

Paul bu vəziyyətdə orta məktəbi bitirib 1984-cü ildə Ostin Teksas Universitetinin hüquq fakültəsinə girib. Məzun olduqdan sonra vəkilliyə başlayıb və ömrünün sonuna qədər bu işini davam etdirməyi bacarıb. Hətta dostlarının tövsiyyəsi ilə öz həyatından bəhs edən bir kitab da yazıb.

 

Aleksandr “dəmir ağciyər”də ən uzun yaşayan adam kimi Ginnesin “Rekordlar Kitabı”na düşüb.

 

Dəmir ağciyər aparatı nədir?

 

1928-ci ildə amerikalı Philip Drinker və Louis Şou tərəfindən icad edilən dəmir ağciyər aparatı əzələ nəzarətini itirən insanın nəfəs almasına imkan yaradır. Cihaz 1940-1950-ci illərdə yayılmış poliomielit xəstəliyinin müalicəsində istifadə olunurdu.

 

Dəmir silindrə yerləşdirilən xəstənin başı kauçuk yaxalığından çölə çıxarılır. Silindrin içindəki hava təzyiqi vaxtaşırı dəyişdirilərək xəstəyə hava verilir. Hava təzyiqi aşağı olduqda sinə genişlənir və təzyiq artdıqca xəstənin ağzından ağciyərlərə hava ötürülür. Beləcə sinə əvvəlki vəziyyətinə qayıdır və nəfəs ağızdan xaric olur.

  

Sonrakı illərdə daha müasir respiratorların ixtirası ilə dəmir ağciyərlərin istifadəsi demək olar ki, tamamilə dayandırıldı. Aleksandr cihazın son iki istifadəçisindən biri idi.

 




Ana səhifəyə qayıt        Baxış: 6 138          Tarix: 17-03-2024, 09:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma