Xəbər lenti


Ermənistan hakimiyyətinin “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” verilişlərinin ölkədə yayımını qadağan etmək qərarı Rusiyada, Ermənistanda və Azərbaycanda siyasi hadisə qismində qarşılanıb.


Bu, təsadüfi deyil, amma gözlənilməzdir. Solovyov indiyə qədər ermənipərəst biri kimi tanınırdı. O, Ermənistan-Azərbaycan ixtilafında hər zaman ermənilərin tərəfindədir və onların xeyrinə danışır, bizi isə şərləyir.

Bu propaqandistin verilişlərinə qadağını biz qoymalıykən ermənilərin qoyması bu üzdən gözlənilməzdir. Amma məsələnin pərdəarxası var.


Məsələ ondadır ki, Solovyov nə qədər ermənilərin tərəfində olsa da, onları həmişə haqlı, bizi isə daima haqsız saysa da, o da həmkarı Marqarita Simonyan kimi baş nazir Nikol Paşinyanın əleyhdarıdır. Çünki hazırda bütün Rusiya isteblişmenti Paşinyana qarşıdır, təbliğatçılar da öz dövlətlərinin siyasətinin meqafonudurlar.


Paşinyandan və onun komandasından ötrü bütün günü ermənilərin qədim millət olmasından, keçmişdə böyük imperiyalar qurmasından danışmağın, bu milləti tərifləyib göyə qaldırmağın çürük qoz qədər dəyəri yoxdur, onlara Ermənistanı idarə edən iqtidar komandasının tənqid edilməməsi, gözdən salınmaması lazımdır.


Özlərini ermənifil göstərən təbliğatçılar Paşinyanın özünü və komandasını yerlə bir edir deyə, Slovyovun verilişi onların idarə etdiyi ölkədə yasaqlanır.


Ermənilər belə məsələlərdə diplomatiya işlətmirlər, kimdən narazıdırlarsa, at kimi üzünə dururlar, kimdən işləri keçirsə, şirin dillərini işə salırlar.


Yuxarıda dedik, əslində Solovyovun verilişlərini biz yasaqlamalıydıq. Çünki o, həm dövlətimizi, xalqımızı, həm də onu idarə edənləri dəfələrlə haqsız tənqidə, şər-böhtana məruz qoyub. Ancaq bizim ölkədə nə ona, nə də digərlərinə qarşı verilişlərinin yayımına sanksiya tətbiq edilməyib.


Bu, yaxşıdır, ya pisdir, uzun-uzadı müzakirə etmək olar. Ancaq bu “yumşaq”lığın məntiqi əsası var. Lətifəsi birilərinə toxunsa da, məsələ budur: itə yiyəsinə görə hörmət edərlər. Əgər biz Azərbaycana qarşı vaxtaşırı “hürüşən təbliğatçılar”a dəyənək tutuzdursaq, daş atsaq, onların sahibinə hörmətsizlik etmiş olarıq. O sahiblə isə görüləsi işlərimiz olub və gələcəkdə də var.


Rusiyanın təbliğat-informasiya ruporlarının ölkəmizdə yasaqlanması təkcə Simonyanın, Solovyovun verilişlərinin yayılmasını qadağan etmək demək olmayacaqdı, ölkənin informasiya məkanını Rusiya KİV-nin üzünə qapatmaq demək olacaqdı. Ona görə həlledici iradə beləydi ki, nə qədər istəyirlər, hürr şəkildə danışsınlar.


Ermənilər isə fərqli düşünürlər, özlərini diplomatiya ustası saysalar da, məruz qaldıqları basqı qarşısında səbrlərini basa, təhəmmül edə bilmirlər. Nəticədə onlar kiminlə intriqaya girirlərsə, geridönüş etmir, barışmağa əl yeri qoymur, düşmənçiliyi dərinləşdirə-dərinləşdirə davam edirlər.


Ermənilərin praktikasında Rusiya mediasına sanksiya tətbiq edilməsi halı ilk dəfə deyil. Bir-iki dəfə də yazdığımız kimi, 1988-ci ildə ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün görünməmiş mütəşəkkilliklə ayağa qalxanda və buna cavab olaraq Azərbaycanda Meydan hərəkatı kükrəyəndə Kreml tərəddüddə qaldı və müttəfiq respublikaların sərhədlərinin dəyişdirlməsinin yolverilməz olduğu qənaətinə gəldi. O zaman ermənilər SSRİ-nin əsas siyasi qəzeti “Pravda”nın yeni sayının nüsxələrini tabutlara doldurub dəfn etdilər və bunu çəkib bütün SSRİ-yə göstərdilər.


Bu, bəs olmadı. Daha sonra ermənilər sırf şantaj məqsədilə sovet televiziyasının baş xəbərlər bülleteninin – “Zaman” (“Vremya”) verilişinin translyasiyanı Ermənistanda dayandırdılar. Bu, SSRİ tarixində ilk hal idi və yeganə oldu. Ondan sonra SSRİ dağılana qədər heç bir müttəfiq respublikada belə bir “qələt”ə yol verilmədi.


Yəni, ermənilərin xasiyyətidir, hiddətlənəndə, düşnüşəndə belə isterik hərəkətlərə yol verir, acıq çıxmağa, yandıq verməyə çalışırlar.


Onlar belə hərəkətlər etməkdən nə qorxmurlar, nə də utanmırlar. Sonradan peşman ola bilərlər, amma ağıllarına gəlibsə, mütləq o hərəkəti edirlər.


İndi ruslar deyirlər ki, Ermənistan hakimiyyətinin bu hərəkəti söz və mətbuat azadlığının məhdudlaşdırılmasıdır.


Əlbəttə, elədir. Amma bu, həm də Paşinyan hakimiyyətinin eksklüziv hüququdur ki, hansısa xarici və yad dövlətin onun informasiya məkanına müdaxiləsini məhdudlaşdırsın. Fakt budur ki, ermənilərin çoxu soyadı “bülbül” mənası versə də, eyzən xarabalıq bayquşu kimi ulayan Solovyovun səsini eşitmək istəmirlər.




Ana səhifəyə qayıt        Baxış: 3 136          Tarix: 30-03-2024, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma