Xəbər lenti

  Balaxanı qəsəbəsi Bakının   şimal-şərqində, Abşeron  yarımadasının ortasında  yerləşir. Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məmmədli kəndləri ilə qonşudur. Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "Bala" – yuxarı, hündür, "xana" – ev deməkdir. XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlamışdır. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsulu ilə quyu qazılır. 1873-1878-ci illərdə Balaxanıda 47  güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər. Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.
   Bu günkü Balaxanı başdan-başa neft quyularının əhatəsindədir. Qəsəbənin görkəmi çox acınacaqlıdır, altı başdan-başa əsil xəzinə olan bu qəsəbə müharibədən təzəcə çıxmış bir kəndi xatırladır. Son dövrlər salınmış Fazenda isə yağışlı günlərdə əsl bataqlığa dönür. Palçıq, lehmə dolu yollarda bata-bata məktəbə tələsən şagirdlər isə əsl katorqanı gətirir göz önünə .
   Balaxanı qəsəbəsində 3 orta təhsil müəssisəsi fəaliyyət göstərir. 259 saylı orta məktəb 1977-ci ildə istifadəyə verilib. 69 saylı orta məktəb ötən əsrin əvvəllərində məscid binası kimi nəzərdə tutularaq tikilib. Sonradan uyğunlaşdırılaraq təhsil ocağına çevrilib. Onların içində daha köhnəsi və  yararsızı 4 nömrəli orta məktəbdi. 1914-cü tamam başqa məqsəd üçün tikilib. Bura əsasən o vaxt İrandan gəlib neft mədənlərində işləyən fəhlələr üçün barak kimi nəzərdə tutulub. Sonra uşaq evi-yetimxana, müharibə dövründə hərbi xəstəxana və sonradan uyğunlaşdırılaraq məktəb kimi istifadə edilən bina 103  ildir ki, istismar edilir. Bina iki mərtəbəlidi. Əsasən çiy  kərpicdən tikilən bina yüz illər ərzində saysız-hesabsız zəlzələlərə məruz qalıb. Di gəl ki, bunu görməzdən gələnlər  binanı təhsil ocağı kimi məqsədəmüvafiq hesab edib gələcəyimizi bu binaya  etibar ediblər. Bina çat-çatdı. Hər an uçmaq təhlükəsi ilə üz-üzə gələ bilər.

 

 4 saylı Balaxanı orta məktəbində 900-ə yaxın şagird təhsil alır. Halbuki indiki bina yalnız 350 yerlikdir. 50-a yaxın  müəllim onların tərbiyəsi ilə məşğul olur. Amma təəssüf ki, məktəbin bu günkü halı müasir tələblərə cavab vermir. Məktəbdə hazırlanan hər hansı bədii tədbirlər və yaxud da iclaslar akt zalı olmadığından elə məktəbin dəhlizində, fiziki tərbiyə dərsləri isə isti aylarda məktəbin həyətində, soyuq aylarda , yağışlı günlərdə isə sinif otaqlarında keçirilir. Bu da, əlbəttə keyfiyyətə öz təsirini göstərir.
  Əlbəttə binanın tam yararsız olması, yeni tikintiyə ehtiyac olması hələ 2011-ci ildə Azərbaycan Təhsil nazirliyinin diqqətindən yayınmamışdı. Odur ki, bu məsələ ilə bağlı qaldırılan məsələ kifayət qədər öz həllini tapmış, Dövlət proqramında nəzərə alınmışdır.
   Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 22 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin  sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” nın Əlavə Tədbirlər Planının 8.1 bəndində yazılır:” Balaxanı qəsəbəsində 4 saylı orta məktəbin əsaslı təmiri, 400 şagird yerlik 20 əlavə sinif otağının , idman  və akt zalının tikintisi” həyata keçirilsin.
  Məktəbin narahat və yuxusuz  anları da elə bundan sonra başlayır. Aylar ötür, illər keçir. Amma Prezidentin  sərəncamı yalnız kağız üzərində qalır. Yerli orqanlar, bu  işə məsul şəxslər  qulaqlarına ikiqat pambıq tıxayıb özlərini görməzliyə vurur, 4 nömrəli orta məktəbin 400 şagird yerlik  akt və idman zalı olan əlavə tikilisi  ağ atlı oğlanın ağ atla  gələcəyi günə qalır.
 Bakı şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təssərrüfatı Departamentinin 23.07.2012 – ci il tarixli 4 saylı orta məktəbə ünvanlanmış məktubunda yazılır:” Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 4 nömrəli orta məktəbin yerləşdiyi 1914-cü ild inşa edilmiş  2 mərtəbəli binanın təyinatı sonradan dəyişdirilərək təhsil müəssisəsi kimi istifadə edilmiş  və hal-hazırda 350 yerlik olan bu məktəbdə 500(haliyədə 900) şagird təhsil alır. Mütəxəssislər tərəfindən yerində keçirilmiş baxış nəticəsində məlum olmuşdur ki, həmin binanın əsas yükdaşıyan konstruksiyaları istismar müddəti başa çatdığından yararsız vəziyyətə düşmüşdür.
  Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2011-ci il tarixli , 1490 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2011-2013-ci illərdə Bakı şəhərinin  və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əlavələrdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C. Cahangirov adına 4 saylı orta məktəb üçün əlavə 400 şagird yerlik sinif otaqlarının , idman və akt zallarının inşası nəzərdə tutulmuşdur”
Məktubu sədrin o vaxtkı birinci müavini Rüfət Abdullayev imzalamışdır.
  Növbəti, yəni 2013-cü ildə oxşar məktub bir az yumşaq tərzdə, daha az vədedici formada 4 nömrəli orta məktəbə ünvanlanıb. Məktubun axırıncı abzasında isə Bakı şəhər Mənzil-Kommunal Təssərrüfatı Departamenti acizanə belə bir vəd verir:” Gələcəkdə bu məqsədlə müvafiq maliyyə vəsaiti ayrıldığı təqdirdə digər təhsil müəssisələri ilə birgə Sabunçu rayon 4 saylı orta məktəb üzrə də nəzərdə tutulmuş tədbirləri həyata keçirmək mümkündür.”
  Balaxanı qəsəbəsindəki 4 nömrəli orta məktəb Prezidentin məlum Sərəncamından xeyli sonra az xərclə təmir edilib . Həmin təmir o qədər keyfiyyətsiz aparılıb ki, cəmi bir il sonra iki mərtəbəli binanın divarları yenidən çat-çat olub. Bu kosmetik yardım məktəbin ağır dərdinə əlac olmayıb.
 Məktəbin qarşısından keşən asfalt yolda şütüyən ağır tonnajlı maşınlar isə hər an zəlzələ təəssüratı yaradır. Şagirdlər hər an qorxu içində , stresslə üz-üzə qalırlar.
   

 Sonda onu da qeyd etmək istəyirik ki, Azərbaycan Prezidentinin məlum Sərəncamından 6 il vaxt ötür. 6 il ərzində İlham Əliyevin Sərəncamı qulaqardına vurulub, görməzlikdən gəlinib. İnanmaq istərdik ki , nəhayət Azərbaycan Təhsil Nazirliyi, Bakı şəhər İcra hakimiyyəti bu süründürməçiliyə son qoyacaq, 4 nömrəli orta məktəbin 400 şagird yerlik sinif otaqları, akt və idman zalları qısa müddətdə tikilib şagirdlərin ixtiyarına veriləcək.
M.Tahir
Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 401          Tarix: 27-09-2017, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma