“Soranlara söyləyim, mən bu yurdun nəsiyəm,
Mən tapdanan bir ölkənin “HAQQ” bağıran səsiyəm!”
Əhməd Cavad
Hörmətli Ramiz Mehdiyev cənabları!
Yəqin ki, məndən bu məktubu gözləmirdiniz. Açığını desəm, işinizin-gücünüzün bu qədər çox olduğu, başınızın xarici təzyiqlərə qarışdığı bir zamanda mən də Sizə məktub yazıb vaxtınızı almaq istəməzdim. Fəqət nə edək ki, istəyib-istəməməyimizdən asılı olmayaraq, Siz bu ölkənin əsas idarəedicilərindən biri, mən isə qələm əhli, dördüncü hakimiyyət deyilən mətbuat adamıyam və hər ikimiz beynəlxalq arenada dövlətimizin adına ləkə gətirilməsini arzulamırıq. Sizə açıq məktub yazmağımın başlıca səbəbi də məhz bu ortaq maraqlarımızdan qaynaqlanmaqdadır.
Hörmətli Ramiz müəllim, bu yaxınlarda qarşılaşdığım bir problemlə əlaqədar Sizin xidməti telefonunuza zəng etdim. Məqsədim Baş Prokurorluq tərəfindən dövlət imicimizə zərbə vura biləcək bir addım barədə Sizinlə fikir mübadiləsi aparmaq idi. Dəstəyi qaldıran köməkçiniz, adını bilmədiyim xanım şikayətimi dinlədikdən sonra Sizə məktubla müraciət etməyimi məsləhət gördü. Mən də PA-ya yazılan məktubların yolda it-bata düşmək ehtimalını nəzərə alıb, onu ictimaiyyətə açıq şəkildə qələmə almağa qərar verdim. Dolayısıyla, bu məktubun qələmə alınmasının ideya rəhbəri Sizin rəhbərlik etdiyiniz Prezident Aparatıdır.
Zamanınızı çox almaq istəmədiyimdən sözümün məğzinə keçirəm.
Yəqin, Siz də bilməmiş olmazsınız ki, bu yaxınlarda Azərbaycan Respublikası Baş Prokurorluğuna dəvət edilmişdim. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri hörmətli Eldar Sultanovun dəvətinə heç bir tərəddüd etmədən getdim. Tərəddüd etməməyimin iki başlıca səbəbi vardı. Əvvəla, mən qanun pozuntusuna yol vermədiyimi, prokurorluq orqanlarının hansısa dövlət əhəmiyyətli məsələ ilə bağlı mənimlə görüşmək istədiyini düşünürdüm.
İkincisi, Baş Prokurorluğun ən mühüm dövlət qapısı olduğuna və dövlətin öz vətəndaşıyla görüşmək istəməsində heç bir qeyri-adi hadisənin bulunmadığına inanırdım və xəyal qırıqlığına uğramağıma baxmayaraq, bu inancım yenə də davam etməkdədir.
Xəyal qırıqlığı yaşamağımın səbəbinə gəlincə, mənim dövlət qapısı deyə etimad göstərdiyim həmin orqanda dövlət ritorikasından xeyli uzaq üslubla qarşılandım. Nədən ki, mənim xəyalımdakı dövlətin dili qanun dili olmalıdır. Baş Prokurorluq isə mənimlə qanun diliylə danışmadı.
Bu dövlət qapısında görüşdüyüm ilk adam Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov idi. Onun mənə ilk sualı “niyə cənayətkardan müsahibə alırsınız” oldu. Mətbuatın hətta Bin Laden kimi təhlükəli terrorçudan belə müsahibə ala biləcəyini, məhbusların vətəndaşlıqdan məhrum edilmədiyini və hər kəsin özünümüdafiə hüququnun olduğunu Eldar Sultanova xatırlatsam da, onu inandıra bilmədim. Açığını desəm, Eldar Sultanov mənimlə mətbuat xidmətinin rəhbəri kimi yox, ağır cinayət törətmiş, vətənə xəyanət etmiş şəxs qarşısındakı prokuror kimi danışırdı. Hərçənd, müxtəlif suallarına verdiyim cavablardan və mətbuat katibi kimi missiyasını ona xatırlatdıqdan sonra Eldar müəllim də ritorikasına xeyli düzəliş etdi. Amma dövlət qapısında insanı ilk qarşılayan şəxs kimi Eldar Sultanovun bu mövqeyini nə ona, nə də Baş Prokurorluğa yaraşdıra bilmədim.
Məni ikinci qarşılayan Baş prokurorluğun general rütbəsi daşıyan səlahiyyətlisi Kamal Qılıcov və onun Müşviq (Təəssüf ki, familiyasını unutmuşam) adlı müavini oldu. Etiraf edim ki, xüsusilə Kamal Qılıcovun tövrü və danışıq tərzi həddindən artıq etikalı və nəzakətli idi. Mənim görüşdüyüm məsul şəxslər arasında özünü oturduğu postuna uyğun aparan insan da elə Qılıcov oldu və mən niyə bu adamın Rüstəm Usubovun, yaxud Zakir Qaralovun yerində əyləşmədiyinə heyfsiləndim.
Baxmayaraq ki, onun da məni sorğulayarkən yol verdiyi bəzi qanunazidd hesab etdiyim nüanslar vardı. Məsələn, bütün israrlarıma baxmayaraq, Kamal Qılıcov məni vəkillə təmin etmədi. Digər tərəfdən, sorğulamasında istintaq sirrini yaymış şəxs kimi məni danışdırması da qanunazidd idi və bunu özünə də xatırlatdım. Etiraf etməsə belə, özünün də bunun fərqində olduğunu, yuxarıdan (bəlkə də Sizdən) gələn sifarişi yerinə yetirmək məcburiyyətində qaldığını anladığımdan çox da üstünü vurmadım. Çünki özümün hər hansı cinayəti törətmədiyimi, veriləcək istənilən sualı cavablandıracaq qədər məsum olduğumu düşünürdüm.
Sorğulanmağımda iştirak edən Eldar Sultanov, Kamal Qılıcov və onun müavini Müşviq müəllimi maraqlandıran əsas məsələ ABB-nin sabiq rəhbəri Cahangir Hacıyevdən müsahibəni necə almağım idi. Bir jurnalistdən bunu soruşmağın qanunsuzluğuna baxmayaraq, gizlədiləcək heç nə olmadığından, suallara qaneedici və doğru cavablar verdim.
Daha sonra görüşdüyüm Baş Prokurorun I müavini Rüstəm Usubov isə məni təhdidlə qarşıladı. Bir müsahibəyə görə həbs edilə biləcəyimi dedi. Mən də ona mənim bir prokuror qarşısında olduğum kimi, onun da bir jurnalist qarşısında dayandığını, ölkədə gündə milyonlarla dollarlıq dövlət əmlakının talandığını və prokurorluq orqanlarının vəzifəsinin bunlara qarşı mübarizə aparmaq olduğunu xatırlatdım. Cavabından belə başa düşdüm ki, cənab Rüstəm Usubov Azərbaycanda məktəb uşaqlarının belə bildiyi talançılıqdan ya xəbəri yoxdur, ya da özünü elə aparır.
Prokurorlar məni istintaq sirrini yaymaqda ittiham edirdilər. Mən isə nə o zaman, nə də indi bu ittihamı qəbul edə bilmirəm. Axı, mən Cahangir Hacıyevin istintaqının iştirakçısı olmamışam. Dolayısıyla nəyin istintaq sirri olduğundan da xəbərim yoxdur. Üstəlik, müsahibəni istintaq iştirakçısından yazılı şəkildə almışdım və məktubuma cavabı Cahangir Hacıyevin vəkilləri təqdim etmişdilər. Həm məhbus, həm də vəkillər istintaq sirrindən xəbərsiz ola və mənə verilən müsahibədə də hər hansı sirrin faş olunmasından söhbət gedə bilməzdi.
Digər tərəfdən, Cahangir Hacıyevin mühakimə olunduğu cinayət işinin məhkəməsi bitmiş, iş Appelyasiya Məhkəməsindən keçmiş və hazırda Ali Məhkəməyə təqdim edilmişdir. Üçünçü instansiya məhkəməsi ərəfəsindəki bir işin hələ istintaq altında olduğunun iddia edilməsinə, doğrusu, xeyli təəccübləndim. Prokuror əməkdaşları Cahangir Hacıyevin işinin yalnız bir epizodda qanuni hökm aldığını iddia etsələr də, bu açıqlama mənə inandırıcı gəlmədi.
Əvvəla, ona görə ki, Cahangir Hacıyevin məktubuma yazdığı cavablar hansısa qüvvələr tərəfindən mətbuata ötürülən ittihamlara aydınlıq gətirirdi. Əgər bu ittihamlar istintaq sirri idisə, məntiqlə, onu ilk ictimailəşdirənlər məsuliyyət daşıyırdılar və həmin iddiaları səhifələrinə gətirən mətbu orqanların rəhbərləri mənim kimi sorğuya çəkilməliydilər. Cahangir Hacıyevin iddialara cavab xarakterli məktubu isə, nədənsə, təkbaşına sorğulanma obyekti olmuşdu.
İkincisi, Cahangir Hacıyevin əleyhinə mətbu orqanlarda yayılan məlumatlarda ittihamçı tərəf, məlumatın mənbəyi göstərilmir və bu xarakterilə əsassız material təsiri bağışlayır. Mənim dərc etdiyim materialda isə iddiaçı tərəf konkretdir və naməlum ittihamçılarına cavab verir. Prokurorluq orqanları isə mənbəsiz yazıları deyil, mənbəyi bilinən materialları cəzalandırdı.
Üçüncüsü, dövlət qapısına gələn bir şəxs olaraq, mən şifahi xəbərdarlıqla da o müsahibəni dayandıra bilərdim. Bir jurnalist kimi informasiya almaq və yaymaq hüquqlarımın tapdalanmasına baxmayaraq, dövlət maraqlarını hər şeydən üstün tutduğumu, yəqin ki, Sizin rəhbərlik etdiyiniz aparatda da bilənlər az deyil. Elədirsə, Baş Prokurorluqda çıxarılan bu həngamə nəyə gərəkdi və nəyə xidmət edirdi? Niyə qanunla, hüquqla bir araya sığmayan o cür yazılı xəbərdarlıqlar verilir və bütün mətbu orqanlarda tirajlanır? Niyə kimlərsə, mütləq dövlət adımıza kölgə salan addımlar atıb ölkə başçısını və digər rəsmi şəxsləri beynəlxalq qurumlar qarşısında diligödək etməyə çalışırlar?
Əgər bu qanunsuz təşəbbüslər Sizin rəhbərlik etdiyiniz aparat tərəfindən sifariş edilməyibsə, məntiqlə, mənə qanunsuz və dövlət maraqlarımıza zidd xəbərdarlıq edən Baş Prokurorun I müavini Rüstəm Usubov cənabları dərhal cəzalandırılmalı və haqqımda verilmiş xəbərdarlıq ləğv edilməlidir. Ona görə ki, bu xəbərdarlıq faktiki olaraq məni öz peşə fəaliyyətimi ləyaqətlə yerinə yetirəcəyim təqdirdə ağır şəkildə cəzalandırılacağımın rəsmi ifadəsidir. Dövlət tərəfindən jurnalistə, qələm əhlinə edilmiş təhdiddir.
Cənab Ramiz Mehdiyev, yeri gəlmişkən, bir neçə il bundan əvvəl Sizin bir yazınızı oxumuşdum. Həmin yazınızda müasir Azərbaycanda niyə Sabirlərin, Mirzə Cəlillərin yetişmədiyindən şikayətlənirdiniz. Doğrusunu desəm, Sizin bu yazınızı oxuyandan sonra məndə Sizə qarşı rəğbət hissi yaranmışdı. Bu günlərdə qarşılaşdığım məlum hadisə isə Sizi narahat edən həmin suallara kifayət qədər aydınlıq gətirir.
Məlumunuz olsun ki, insanlıq tarixinin hər çağında ədalətsizliklərin hökm sürdüyü ölkələrdə mütləq Mirzə Ələkbər Sabirlər, Cəlil Məmmədquluzadələr ortaya çıxır. Çünki bu, cəmiyyətin ədalətsizliyə qarşı göstərdiyi ən təbii reaksiyadır və bütün toplumlar məhz milli lisana çevrilən bu insanların sayəsində inkişaf edib, indiki mərhələyə çatıb. İnsanlıq öz mütərəqqi inkişafını xalqın dilinə çevrilmiş bu insanlara börcludur.
İstənilən çağda və millətlər arasında ortaya çıxan Sabirlərdən bəziləri tarixin yaddaşında qalır, bəziləri isə yaşamaq şansını itirirlər. Bu, təkcə hansısa Sabirin digər Sabirdən güclülüyündən də irəli gəlmir. Bu, həm də idarəedicilərin Sabirlərə münasibətindən asılıdır.
Bir az təvazökarlıqdan uzaq çıxsa da, XX əsrdə yaşayıb yaradan Sabirlə XXI əsrin Sabirləri arasında kiçik bir müqayisə aparmaq istəyirəm. Bizim bəyənmədiyimiz 1905-1911-ci illərdə əsərlər yaradan Mirzə Ələkbər Sabir sabun bişirərək həyatını davam etdirirdi. Bugünkü Heydər Oğuz da diş bişirməklə ailəsini dolandırır. Dünənki Sabirin qələmə aldığı satirik şeirlərini dərc etdirəcəyi “Molla Nəsrəddin” jurnalı var idi və bu mətbu orqan heç bir dövlət basqısına məruz qalmırdı. Bugünkü Heydər Oğuz Sizin rəhbərlik etdiyiniz dövlətin ən iri məmurları tərəfindən ən müxtəlif basqılarla çalışdığı mətbuat orqanından uzaqlaşdırılıb diş düzəltməyə məhkum edilmişdi. Dövrün dəyişilməsi, informasiya kanallarının inkişafı nəticəsində virtual yolla öz fikrini insanlara çatdırmaq şansı əldə edəndən sonra öz gücüylə açdığı mətbu orqanında belə onun yazmasına imkan verilmir. Heç bir qanunu pozmadığı halda Baş Prokurorluğa çağırılıb, faktiki olaraq ən yüksəkçinli dövlət ittihamçısı tərəfindən təhdid olunur.
Dünənin Sabiri yadelli işğalına məruz qalan məmləkətdə yaşayırdı və həmin çağlarda Çar Rusiyası demokratiya deyilən anlayışdan ümumiyyətlə xəbərsiz idi. Bugünkü Heydər Oğuz isə Azərbaycan Konstitusiyasının ona verdiyi söz və ifadə azadlığı şəraitində yaşayır. Amma dünənki Sabir qədər hüququ yoxdur. Lap özünün şeirlərindən birində qeyd etdiyi kimi:
Quzu belə mələr ağrı duyunca,
Mən yazıqsa dili bağlı oyuncaq.
Aman Allah, hüququm yox qoyunca,
Ələnibdir yaman küllər başıma.
Cənab Ramiz müəllim, millətə qoyun qədər mələmək haqqı verməyən bir ölkədə hansı söz azadlığından danışmaq olar? Qüsura baxmayın, məddahlar ordusuna ev verməklə söz azadlığı təmin edilmir. Nə yazıq ki, bu gün sizin idarə etdiyiniz məmləkətin söz azadlığı prinsipi obrazlı desək, “birini axtala, birini noxtala, məsələni belə nöqtələ” prinsipinə əsaslanır.
Cənab Mehdiyev, yəqin ki, bu sətirləri oxuyub özümü Sabirlə müqayisə etdiyimə görə dodaq büzəcəksiniz. Haqlısınız da. Bu dünyada heç kim heç kimin təkrarı deyil. Mən də heç Sabir deyiləm. Sadəcə, onu vurğulamaq istəyirəm ki, Sizin arzuladığınız Sabir Sizin idarə etdiyiniz ölkədə yarana bilməz.
Sizin idarə etdiyiniz hakimiyyət maşını bu ölkənin hər şeyinə toxunub. Hər gün nə qədər iri məmurun məmləkəti talan etdiyini, Allaha çox şükür, özünüz etiraf edir və bəzilərini həbsxanalara göndərirsiniz. Korrupsiyanın baş alıb getdiyi elə sizin rəhbərlik etdiyiniz idarənin adından da bəllidir: Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Bu idarə nə qədər öz vəzifəsini icra edib-etməməsindən asılı olmayaraq, mövcuddursa, deməli ölkəmizdə korrupsiya da vardır.
Ölkəni idarə etdiyiniz 24 il ərzində vətən torpaqlarımızın 20%-dən artığı erməni işğalı altındadır və Siz faktiki olaraq bu istiqamətdə də uğurlu addım atmayıbsınız. Barı xalqın dilinə toxunmayın! Unutmayın ki, ən qəddar diktatorlar belə, xalqın dilini kəsməyiblər. Çox sevdiyiniz Hüseyn Cavidin “Topal Teymur” pyesində bu həqiqəti etiraf edən gözəl bir epizod var. Dünyanın ən amansız diktatorunu tənqid edən şairə verilmiş bu cavabı nəzərdə tuturam: “Haqlısan, çünki şairsən”.
Onu da unutmayın ki, Sizin rəhbərlik etdiyiniz ölkənin Baş Prokurorunun Birinci müavini Rüstəm Usubovun çağırıb hədə-qorxu gəldiyi Heydər Oğuz da bir şairdir - talanan, haqsızlıqlar, ədalətsizliklər altında əzilən bir məmləkətin dərdlərini zümzümə edən səsi. Siz də, barı, tarixin yetişdirdiyi ən amansız diktator qədər sözə sayqılı olun!
Hörmətlə, Heydər Oğuz.
P.S. Bir daha xatırladıram ki, Sizin köməkçinizin məsləhətinə qulaq asıb bu məktubu yazdım. Ümidvaram, məni bu cəsarətimə görə yenidən Baş Prokurorluqda proflaktik söhbətə çağırmazlar.
Paylaş: