Xəbər lenti

 

(əvvəli: http://ovqat.com/manset/9913-heydr-liyevin-hrbi-slahiyytli-numayndsinin-xatirlri-xusus-dovlt-hmyytl-tapiriq.html 

http://ovqat.com/manset/9985-heydr-liyevin-hrbi-slahiyytli-numayndsi-naxcvann-mudafisind-gnc-mustsna-rol-oynad.html

http://ovqat.com/manset/10065-ayaz-mutllibov-naxcvan-azrbaycann-kor-barsadr-deyirdi.html)

Naxçıvan hava limanında bizi səbirsizliklə gözləyirdilər. Əsgərlərimiz  təyyarəyə yaxınlaşan  böyüklü-kiçikli avtomobilləri yükləyib, cəbhəyə, döyüş bölgəsinə yola salırdılar. Adətən, yüklər anbara göndərilirdi. İndi isə vəziyyət belə tələb edirdi. Altı dəfə belə hal baş verdi.  Naxçıvan belə qorunurdu, təpədən dırnağadək silahlanmış düşmənin qarşısında əliyalın olsa da, geri çəkilmək, düşmənin qabağından qaçmaq yox idi. Qanları, canları  bahasına əsgərlərimiz, polislərimiz, könüllülərimiz, yerli əhali Naxçıvanı qəhrəmancasına qoruyurdular. Onların qarşısında baş əyməmək mümkün deyildi...

Naxçıvan MR Ali Məclisinin mühafizə xidmətinin rəisi İsrafil Əsgərovla görüşüb, ikinci mərtəbəyə qalxdım. Dəhlizdə H.Əliyevin köməkçisi Vasif Talıbovla görüşdüm. Qoluma girib kabinetinə dəvət etdi. İlk sualı bu oldu ki,  belə getsə düşmənin qarşısında dayana biləcəyikmi? Ona yaxın zamanda çox ciddi dəyişikliklər olacağını söylədim. Qarabağda gedən şiddətli döyüşlər barədə məlumat verdim. Söhbətimiz bir saatdan çox çəkdi. Mənə bir mühüm problem olduğunu bildirdi. H,Əliyevin həyatı təhlükədədir. Əslində özünün və ailəsinin də həyatları təhlükədə idi. Ancaq o, H.Əliyevi düşünürdü. Nə etmək lazımdır?- deyə ondan  soruşanda təxirəsalınmaz tədbirləri qeyd etdi.  İkinci dəfə idi ki, Vasif Talıbov H.Əliyevlə bağlı mənə müraciət edirdi...

Qorbaçov SSRİ KP Mərkəzi Komitəsinin birinci Katibi vəzifəsinə seçiləndən sonra H.Əliyev Siyasi Bürodan uzaqlaşdırılaraq  istefaya göndərilmişdi. Rus xalqının H.Əliyevə böyük rəğbəti olsa da, Qorbaçov ona həsəd aparırdı. Onu mərkəzi qəzetlərdə, o cümlədən respublikamızdakı rəsmi qəzetlərdə nüfuzdan salmaq üçün məqalələr dərc etdirirdilər. 1988-ci ildə Vasif Talıbov mənə yaxınlaşıb dedi ki, sən rus dilini yaxşı bilirsən. Moskvaya-Kremlə H.Əliyevə qarşı aparılan çirkin iftiralara son qoyulması  ilə bağlı bir teleqramma göndərə bilərsən?- deyəndə qəti cavab verdim. Nəinki öz adımdan, ətrafımdakı dostlarımın da pasportlarını alıb, onların da adından H.Əliyevə qarşı aparılan çirkin iftiralara etiraz teleqrammaları göndərdim. Bu kampaniya təkcə H.Əliyevə qarşı yönəlməmişdi. Onun yaxınları da təqib olunur, işdən çıxarılırdı. Oğlu İlham Əliyev də işindən uzaqlaşdırılmışdı. Moskvada biznes fəaliyyətilə məşğul olurdu. 1989-cu ildə Vasif Talıbovun işlədiyi müəssisədə-Naxçıvan  Trikotaj Fabrikində xüsusi öyrədilmiş şəxslər “Əmək Kollektivinin iclası” adı altında fabrikin toplantı zalında tədbir keçirirdilər. Tədbirdə bir məsələ müzakirəyə qoyulmuşdu - Vasif Talıbovun Xalq Nəzarəti Komitəsinin Sədri vəzifəsindən istefası. O, istefa verdi, lakin xüsusi öyrədilmiş şəxslər bununla kifayətlənmək istəmirdilər. Ona qarşı güc tətbiq etmək istəyirdilər. On ildən çox idi ki, atam Əli Qurbanovla bərabər fabrikdə işləyirdilər...

 

Şəkildə: Əli Qurbanov

Keçən əsrin ortalarında atamla qohumu Qurban Abbasov Payız kəndindən Bakı şəhərinə gedirlər. Atam Mərdəkanda Milis məktəbinə, Qurban Abbasov isə neft mədənlərində əmək fəaliyyətinə başlayır. Sonralar Qurban Abbasov nəinki Sovetlər məkanında, hətta, dünyada tanınmış  neftçi olur. Atam milis məktəbini hüquqşünas kimi bitirərək, Naxçıvanda Daxili İşlər Orqanlarında fəaliyyətə başlayır. Dediyinə görə, o zaman şəhər milis idarəsində işləyən ermənilər çox narahat olmuşdular.  Ona “Biz burada acından ölürük Əlican, gəl, sənə on baş qoyun alaq get kəndinə”-deyirdilər. Atam onları çox yaxşı tanıyırdı. Atası Kərbalaya getmişdi. Cəhri kəndində yaşayan anasının dayısı Kəlba Kərim isə dövrünün ən igid adamlarından biri idi. Naxçıvanı qoruyan, erməniyə qan udduran bir qəhrəman idi.

On bir il bundan öncə “Şərq Qapısı” qəzetinin keçmiş baş redaktoru, yazıçı Akif Axundov mənə telefon açıb görüşmək istədiyini bildirmişdi. Görüş zamanı XX əsrin əvvəllərində Naxçıvana Türkiyədən gəlmiş bir zabit haqqında məlumat toplayıb kitab yazmaq istədiyini söylədi, amma kifayət qədər məlumat olmadığı üçün ona kömək etməyimi xahiş etdi. Söhbət Veysel Ünüvardan gedirdi. Naxçıvanda hərbi attaşe kimi çalışan Mehmet albaya müraciət etdim. On gün sonra Mehmet albay mənə 1948-ci ildə  General Veysel  Ünüvarın yazdığı “İstiklal Harbində Bolşeviklerle Sekiz ay 1920-1921” kitabını verdi. Kitabın 31-ci səhifəsində general Kərbalayı Kərimdən bəhs edirdi. Kitabı atama göstərəndə gözləri dolmuşdu. Kitab Naxçıvanda yenidən nəşr olundu. Türkiyənin Naxçıvandakı Baş Konsulu mənə məktub göndərdi.

                                                                          

 

Şəkildə: Neftçi Qurban

                                                                                                  19 Mayıs 2006

 

 

Sayın Urfullah GURBANOV

 

 

         1920-1921 yılları arasında Nahçıvan Türklerinin Kazım Karabekir Paşaya bağlı Şark Cephesi Komutanlığına bağlı Binbaşı Veysel ÜNÜVAR komutasındaki Türk askerleriyle birlikte Ermenilere karşı verdikleri kahramanca mücadele 1948 yılında Veysel ÜNÜVAR Paşa tarafından “İstiklal Harbinde Bolşeviklerle Sekiz Ay (1920-1921)” adıyla bir kitap haline getirilmiştir.

         1920-1921 yıllarında Ermenilere karşı verilen mücadelenin özellikle genç nesillerin dikkatine getirilmesi ve atalarımızın dönemin zor şartlarında verdikleri kahramanca mücadelenin daha iyi anlaşılması açısından sözkonusu eser, doğumunun 125. Yıldönümü münasebetiyle Büyük Önder Atatürke ithafen Filoloji İlimleri Doktoru Ebülfez GULİYEVin  çok değerli katkılarıyla Azerbaycan Türkçesine çevrilmiş olup, ekte sunulmaktadır.

         Azerbaycan ve Türkiye Cumhuriyetlerinin bağımsızlıklarını ebediyete kadar koruması dileğiyle saygılarımı sunarım.

 

                  

                                                                                     İ.Sefa YÜCEER

                                                                                     Başkonsolos

 

 1918-ci ilin noyabrından 1919-cu ilin martınadək fəaliyyət göstərmiş Araz Türk Cümhuriyyətinin 20 taboru var idi. Onlardan birinə Kəlba Kərim rəhbərlik edirdi. Atam bizim Aslanlı tayfasının davamçıları olduğumuzu deyirdi. İkinci dünya müharibəsində bir nəsildən 17 nəfər qohumumuz geri qayıtmamışdı. Onlardan biri hətta polkovnik rütbəsinədək yüksəlmişdi. 20 yanvar hadisəsindən sonra Sovet hökumətinə qarşı atamda nifrət hissi yaranmışdı. Otuz iki il Daxili İşlər orqanlarında fəaliyyətdən  təqaüdə çıxandan sonra, atam fabrikdə Mülki Müdafiə şöbəsinin rəisi işləyirdi. Vasif Talıbovla yaxın dost idilər. Vasif müəllim mənimlə də dostluq edirdi. Uşaqlıqdan atam bizə birgə kəsilən çörəyə, dostluğa sədaqətli olmağı öyrətmişdi. Allah ona rəhmət eləsin...

 

 Zalda səslər yüksəlməyə başlayırdı ki, ayağa qalxıb tribunaya yaxınlaşdım, Vasif Talıbovun önünə keçdim. Siz burada məhkəmə qurmusunuz? –deyə əyləşənlərin içərisindəki  xüsusi öyrədilmiş şəxslərə müraciət etdim. Onlar geri çəkilməyə məcbur oldular...

 İndi isə Vasif müəllim  H.Əliyevin təhlükəsizliyi ilə bağlı narahatçılığını bildirirdi. Əlbəttə, məndən başqasına da deyə bilərdi, lakin mənə etimad edirdi. Axı biz dost idik. Təbii ki, qısa zamanda bütün təhlükəsizlik  tədbirlərini həyata keçirdim.  Yaranmış vəziyyət bizdən daha diqqətli olmağı tələb edirdi. Ertəsi gün gecə H.Əliyevin yaşadığı evi mühafizə edən əsgərlərimizi yoxlamağa gedəndə növbətçilərdən üç metr aralı atılmış “Belomor kanal” papirosunun qutusu gözümdən yayınmadı.  Növbətçilərin ayaqlarının altında isə kötüklərini gördüm.  Dərhal növbətçiləri dəyişdirdim. Elman bəylə görüşüb, tam fərqli kriteriyalarla növbətçilərin seçilib posta göndərilməsini razılaşdırdıq. Heydər Əliyevin yolunda biz canımızdan keçməyə hazır idik. Bu gəlişi gözəl deyilmiş bir ifadə deyildi. Ümumiyyətlə isə H.Əliyevi bütün xalq, Naxçıvan əhalisi qoruyurdu...

H.Əliyevlə görüş zamanı ruslara aid hərbi hissələrdən nəinki müsəlman əsgərlərini, hətta xeyli rus əsgərlərini evlərinə göndərdiyimizi bildirdim. Mənə dedi ki, bu yaxınlarda Ukraynadan bir təyyarə gələcək. Burada xeyli ukraynalı əsgər və zabit var idi. Tezliklə onları da buradan köçürəcəyik...

Nəhayət, Goranboya planlaşdırdığım səfər baş tutdu. Goranbay Azərbaycanın ən şiddətli döyüşlərinin getdiyi rayonlardan biri idi. Sədərək necə ki, Naxçıvanın qapısıdır, Goranboyu da Gəncəbasarın qapısı adlandırmaq olar. Goranboylular da öz rəhbərinin ətrafında sıx birləşərək vətənin müdafiəsində mətin dayanmışdılar. Şəhidlər vermiş, lakin bir qarış topağı düşmənə təslim etməmişdilər. İcra başçısının qəbul otağında gözləri dolmuş yaşlı analarla bərabər, hərbçilər və məmurlar da var idi. Hamı tələsirdi. Pıçıltılardan tezliklə problemlərinin həll olunacağına ümidlər hiss olunurdu. Köməkçiyə Naxçıvandan gəldiyimi bildirdim. Köməkçi qəbulda bir qrup vətəndaş olduğunu, onlardan sonra başçının məni qəbul edəcəyini bildirdi. Gözlədiyimdən daha çox səmimiyyətlə, doğma qardaşı kimi İrşad Əliyev məni qarşıladı. İlk diqqətimi cəlb edən İrşad müəllimin hərbi formada olması idi. Özümü təqdim etdim, vəsiqəmi göstərdim. Naxçıvandakı ağır iqtisadi və hərbi vəziyyətdən ətraflı danışdım. Hərbi ehtiyaclarımızdan söz açıb ondan kömək istədim. Bilirdim onların da ehtiyacları var idi, amma İrşad müəllim bizə kömək edəcəyinə söz verdi. O dövr üçün ən zəruri ehtiyaclarımızın təxirəsalınmadan ödənilməsinə göstəriş verdi. Ən kritik zamanlarda yanına gəldiyimdə məni əliboş qaytarmadı. Gecəni qonaq evində qalmağımı təklif etdi. Mən batalyona getmək istədiyimi bildirdim. Qərargahda batalyon komandiri Rasim Ağayevlə (Azərbaycanın Milli Qəhrəmanı) görüşdüm. Çox yorğun və yuxusuz olmasına baxmayaraq, onunla xeyli söhbət etdik. Məni ən çox ermənilərin döyüş taktikaları maraqlandırırdı. Burada xaricdən gəlmiş muzdlular da bizə qarşı döyüşürdülər. Sonralar Goranboyda Fəxrəddin Məmmədovla tanış oldum. Çox vətənpərvər bir insandı Fəxrəddin müəllim. Bizə xeyli kömək etdi. Ertəsi gün iki dolu Kamaz markalı yük maşınıyla və bir ədəd zirehli texnika ilə Gəncəyə doğru yola çıxdım...

Aeroporta yenicə daxil olmuşdum ki, uçuş zolağının yanında üç əsgər və bir podpolkovnik gözümdən yayınmadı. Əllərində iki yeşik və bir makara naqil var idi. Hər şey aydın idi, burada minalama işləri aparırdılar. Siz burada nə işlə məşğulsunuz?- soruşduğumda özlərini itirdilər, əsgərdən birinin silahını aldım. Yeşiklərdə minalar var idi. Podpolkovnikə hər birinizə bir mina bağlayıb partladacağam dedim. Onlarla çox sərt danışdım. Aeroportun yerüstü qurğularına xeyli ziyan vurmuşdular. Aeroportun rəhbərliyini ayağa qaldırdım. Şəhər rəhbərliyini, hüquq mühafizə orqanlarının rəhbərlərini vəziyyətlə bağlı məlumatlandırdım. Təxirəsalınmaz tədbir kimi tabeliyimdə olan əsgərlərimi vəziyyət sabitləşənə kimi aeroportun mühafizəsinə cəlb etdim. Böyük bir təxribatın qarşısı alındı...

 

Rus hərbiçilərdən biri mənə “ekstremist” bir neçə rusun yaxınlarda Gürcüstana bir yük maşını aparacaqlarını dedi. Deyilən gün şəhərdən təxminən 5 km aralı yük maşınının qarşısını kəsdik. Maşını əllərindən alıb onları yolda buraxdıq. Yük maşınını aeroporta gətirdim. Rusların ermənilərə satmaq istədikləri 2 ədəd 100 mm top və hərbi gəmidən sökdükləri “Zenit” qurğusu artıq Naxçıvana gedəcəkdi. Üç gün əvvəl Naxçıvanda H.Əliyevlə danışanda ona böyük bir yük təyyarəsinə ehtiyacım olduğunu bildirmişdim. Təyyarə sabah Özbəkistandan gəlməli idi...

Gəncədə şəhərin mərkəzində “Xalça” firması fəaliyyət göstərirdi. Firmanın direktoru Nəsrəddin Əliyev qeyrətli, vətənpərvər bir iş adamı idi. Nəsrəddin müəllimlə söhbət zamanı özü mənə kömək etmək istədiyini bildirdi. Vaxt itirə bilməzdim. Çünki yükümüz həm çox, həm də ağır idi. Hər bir mərminin çəkisi 100 kq idi. Sabah bunu yükləmək üçün mənə kömək lazım olacaqdı. Kömək üçün Gəncə şəhər Milis İdarəsinin rəisi polkovnik Eldar Həsənovla (hazırda Azərbaycanın Rumıniyadakı səfiridir) görüşdüm. Sabah 30 nəfər yanğınsöndürən mənim sərəncamımda olacaqdı. Söhbət zamanı Eldar müəllim Kəlbəcərə kömək etdiyini bildirdi. Ruslardan bir ədəd 100 mm top mərmisini səkkiz min manata, avtomat patronlarının birini isə 20-30 manata aldıqlarını dedi. Ona Daşkəsən rayonun prokuroru əslən kəlbəcərli Nəbi Quliyevin mənə kömək üçün müraciət etdiyini demədim. Elşən Əliyevlə Nəbi müəllimin evində olmuşduq. Çox narahat idi. Elşənlə ona kömək etdik, lakin bizim yardımımız kifayət qədər deyildi.

Səhər açılmışdı. Yusifə “məni aeroporta sən aparacaqsan” dedim. Yenicə zala daxil olmuşdum ki, milis starşinası Nəbi Eyyubov mənə yaxınlaşdı. Onunla, qardaşları Eyyub və Bəylərlə (hazırda Azərbaycan prezidentinin şəxsi mühafizəsinin rəisidir) yaxın münasibətim var idi. Nəbi mənə H.Əliyevin Özbəkistanda Etibar adlı bir şəxsə yük təyyarəsi ilə bağlı zəng etdiyini dedi. Bu gün təyyarənin gələcəyini bildirdi. Az sonra Eyyub müəllim da gəldi. Üçlükdə çay içib təyyarəni gözləməyə başladıq. Eyyub müəllim mənim xətrimi çox istəyirdi. Hər gün görüşməsək də, günaşırı görüşürdük. Dəfələrlə “təhlükədəsən” deyə məni mehmanxanada gecələməyə qoymamışdı. Həyat yoldaşı Laləzar xanım evə gec gəlsək də, mənim üçün yemək hazırlamışdı. Beşmərtəbəli binanın birinci mərtəbəsində darısqal mənzildə yaşayırdılar. Allah Nəbiyə də, Eyyub müəllimə də rəhmət eləsin. Eyyub müəllimdən “Etibar da gələcək?” –deyə soruşdum. “Xeyr” - deyə cavab verdi. Aydın məsələ idi ki, bu cür böyük təyyarələri ruslar idarə edirdilər. Tədbirli olmalı idim. Həyəcanlı olsam da, büruzə vermədim.

Az sonra bir təyyarə endi. Bu bizim gözlədiyimiz deyildi. Aeroportun şöbə rəisi mənə yaxınlaşdı. Aeroportun komandiri Firudin Qasımov mənimlə görüşmək istəyirdi. Kabinetdə bir heyət var idi. Aralarında bir qadın və beş nəfər ekipaj üzvü. Yanacaq doldurmaq üçün eniş etmişdilər. Təyyarə Kiyevdən gəlmişdi. Bu təyyarə ukraynalı əsgər və zabitləri Naxçıvandan evlərinə aparacaqdı. Qadın özünü təqdim etdi-Rimma Nikolayevna. Ukrayna Radasında əsgər və zabitlərin hüquqlarının müdafiə komissiyasının rəhbəri idi. Məndən H.Əliyevlə görüşmək istədiyini bildirdi. "Bez problem” (problem yoxdur) dedim. Onları Naxçıvana yola saldıq. Naxçıvana uçan təyyarə geri qayıtmışdı. Gələnlərin arasında Telman Sadıxovu gördüm. Yarası qismən sağalmışdı.

Telman müəllim Naxçıvan Ali Məclisinin deputatı idi. Sonralar Şahbuz rayonunun icra başçısı oldu. Telman müəllimlə səmimi görüşdük. Vəziyyətlə maraqlandı. Saat 14 radələrində gözlədiyimiz təyyarə endi. İlk öncə iki texnikanı, sonra topları, ”Zenit” qurğusunu, 100 ədəd mərmini və s. yüklədik. Telman müəllim də 100 kq-lıq mərmiləri yükləyəndə bizə kömək etdi. Ona sizə ağır şey götürmək olmaz deyəndə etiraz etdi. İl-76 təyyarəsi 40 ton yük daşıyır. Eyyub müəllimlə mən içəri daxil olduq. Kabinası iki mərtəbəli idi. Eyyub müəllimə “Siz ikinci mərtəbəyə qalxın, mən birinci mərtəbədə olacağam”- dedim. Əgər qeyri-adi bir vəziyyətlə qarşılaşsa, mənə yaxınlaşmağını bildirdim. Ona əvvəldən bəzi təlimatlar vermişdim. Təxminən 20 dəqiqə sonra biz Ermənistanın hava məkanına daxil olmuşduq ki, Eyyub müəllim aşağı endi. Təyyarə komandiri yanacağın tezliklə qurtaracağı üçün İrəvana məcburi eniş edəcəklərini demişdi. Eyyub müəllimə yuxarı qalxmağı, bir daha enməməyi tapşırdım. Ona dedim ki, komandirə təyyarənin partladılacağını çatdırsın. Aşağıda kabinadakı ruslar nədən söhbət etdiyimizi başa düşmürdülər. Hansı suprizlə qarşılaşacaqlarını heç ağıllarına belə gətirməzdilər.

Eyyub müəllim yuxarı qalxan kimi kəmərimin altından tank əleyhinə qumbaranı çıxaranda rusların rəngi sap-sarı saraldı. “Əgər hiss eləsəm ki, təyyarə bir metr aşağı enir özümü də, sizi də məhv edəcəyəm”- deyib onların gözü önündə qoruyucunu çəkib çıxartdım. Kabinadan çıxıb mərmilərin yanında mövqe tutdum. Zabitlərdən biri dərhal yuxarı qalxdı. Sonralar Eyyub müəllim komandirə “o partladar” deyəndə komandirin onu necə dilə tutmasından danışmışdı. Komandir ona psixoloji təsir göstərmişdi. Ya yanacaq qurtaracaq təyyarə göydən yerə düşəcək, ya da yoldaşın partladacaq. Hər iki halda biz öləcəyik. Lakin Eyyub müəllim aşağı enməmişdi. Komandir təslim olmuşdu. Yarım saat sonra təyyarə Naxçıvanda eniş etdi.

Eyyub müəllim aşağı enmişdi. Hər şey qaydasında idi. Mənə baxırdı. Hamı mənə baxırdı. Qumbara ilə işarə edib hamının çölə çıxmasını istədim. Qumbaranı əvvəlki halına gətirdim. Yarım saat idi ki, barmaqlarım bir-birinə möhkəm kilidlənmişdi. Bu müddət ərzində ürəyimdən keçənləri, düşüncələrimi ifadə edə bilmirəm...

 

Vaxt itirmədən Sədərəyə getdim. Məni  İdman (xüsusi təyinatlı)  bölüyünün komandiri Səfər və İbrahim qarşıladılar. Onlarla birlikdə əsgərlərimizi yoxlamaq üçün səngərlərə qalxdıq. Şiddətli döyüşlər gedirdi. Güllələr yağış kimi yağırdı. Səngərdə bir əsgərimizin rahatsızlığı gözümdən yayınmadı. Onun avtomatını aldım, maqazini yoxladım patronların hamısı yerində idi. Ayağa qalxdım. Səngərdən yarım metr hündürdə idim. Atəş açıb maqazini boşaltdım. Əsgərə mənim etdiyimi təkrar etməməyi tapşırdım. Əsgər ürəklənmişdi. Yoldaşları kimi artıq atəş açmağa başlamışdı.

İdman  bölüyünün əsgərlərinə 100 ədəd  gətirdiym F-1 qumbaralarını payladım. Bu, onlar üçün ən böyük sovqat idi. İki saata qədər müşahidələr və yoxlamalar apardıqdan sonra aşağı endim. Kənddə Adil Kazımov və Vaqif Məmmədovla görüşdüm (Allah hər ikisinə rəhmət eləsin).Vaqif müəllim evini OMON-a ( XTMD-xüsusi təyinatlı milis dəstəsinə ) qərargah kimi istifadə etmələrinə vermişdi. Komandirləri Azər Məmmədov idi. Ukraynanın Donetsk  şəhərində  Ali Siyasi Hərbi məktəbi bitirmişdi. Döyüşçülər arasında OMON  Azər kimi tanınırdı. Əfqanıstanda xidmət etmişdi. Malik Qalabəyov, Cavanşir Cəfərov, Səxavət Rzayev, Şücaət Qasımov, Ceyhun Abbasov və başqaları qəhrəman döyüşçülər idi.

XTMD –nə qəbul Naxçıvan Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilirdi. Bura hərbi xidmət keçmiş, fiziki cəhətdən güclü, vətənpərvər gənclər qəbul olunurdu. Ona görə də orada nizam-intizam çox yüksək səviyyədə idi. Sonralar ara sakitləşəndən sonra 1993-cü ildə Azər Məmmədov Heydər Əliyevin mühafizə xidmətinə cəlb olundu. H.Əliyevin Bakı şəhərinə qayıdışında, Gəncəyə səfəri zamanı Azərin onu müşayət etməsi təsadüfi deyildi. Naxçıvan XTMD-nin fəaliyyəti kifayət qədər tədqiq olunmayıb. Onun  haqqında hələ çoxlu  kitablar yazılacaq...

 

Axşam Elman Abbasovla görüşdüm, yaranmış vəziyyəti müzakirə etdik. Sabah da Sədərəkdə qalacağımı bildirdim. Bir aylıq müşahidədən sonra düşmənin  hansı silahlardan, texnikalardan istifadələri, o cümlədən, canlı qüvvəsi haqqında son məlumatları bildirdim. May ayı döyüşlərin ən şiddətli arakəsmədən getdiyi, ən çox şəhid verdiyimiz bir ay idi. Bu ay xüsusilə Naxçıvan  üçün yadda qalan olacaqdı. İki gün sonra Ümid körpüsünün açılışı olacaqdı. Türkiyənin Baş Naziri Süleyman Dəmirəl Naxçıvana gələcəkdi. Sovetlər Birliyi zamanı heç kəsin ağlına gəlməzdi ki,  Araz çayı üzərindən tikilən körpü Naxçıvanla Türkiyəni birləşdirəcək. Burada ulu öndər Mustafa Kamal Atatürkü  sayğı və sevgi ilə yad etməmək mümkün deyildi..

Türkiyə ağır iqtisadi böhran yaşayırdı, Atatürkün rəhbərliyi altında İstiqlal Savaşı aparırdı. İran dövlətindən 11 km bu ərazini alır ki, vaxt gələcək bizim Naxçıvanla gediş-gəlişimiz olsun. Həmin vaxt gəlmişdi. Nə qədər uzaqgörən idi ulu öndərimiz. Bütün təhlükəsizlik tədbirləri görülürdü ki, tədbir yüksək səviyyədə keçsin. Naxçıvan əhalisi qonaqları qarşılamağa hazır idi. Bundan xeyli əvvəl Kamal Yılmaz Paşa Naxçıvana ziyarətə gəlmişdi...

Ümid körpüsünün açılışı çox yüksək səviyyədə, təhlükəsizlik şəraitində keçdi. Tək Naxçıvan əhalisinin deyil, bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi Heydər Əliyev-Süleyman Dəmirəl görüşü baş tutdu. Gələcəyə böyük inam, ümid qığılcımları doğdu. Dünya mətbuatı bu görüşdən yazdı. Bu görüş qədim türk yurdu olan Naxçıvanın haqq savaşında düşmənə yalnız olmadığını göstərdi...

Heydər Əliyev məni təcili yanına çağırtdırmışdı. Nə isə ciddi bir hadisə baş verdiyi ürəyimə danmışdı. Görüş zamanı Ukraynadan gələn təyyarənin ruslar tərəfindən Gəncədə saxlanıldığını bildirdi. Rimma Nikolayevna H.Əliyevə zəng etmiş, ondan kömək istəmişdi. Gəncə şəhər rəhbərliyi, şəhər Milis İdarəsi, digər hüquq mühafizə orqanlarının cəhdləri uğursuz olmuşdu. Mənə “Sabah təyyarə Naxçıvanda olsun”-dedi. Bu təyyarənin  bizim üçün böyük əhəmiyyəti var idi. Ukrayna əsgər və zabitlərini yola saldıqdan sonra sıra ruslara gələcəkdi. Hər dəfə Naxçıvana gələndə 100 nəfər əsgər və zabiti qonaqpərvərliklə yola salırdıq. Nəyin bahasına olursa-olsun təyyarə azad olmalı idi.

(ardı var)

Urfullah Qurbanov




Ana səhifəyə qayıt        Baxış: 8 178          Tarix: 2-10-2017, 07:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma