__“Mürgülü xatirələr”__
II Hissə
Artıq Ayaz Mütəllibov da Heydər Əliyevə sədaqətdən danışır. Sabiq Prezident bir neçə ay bundan əvvəl mətbuata açıqlamasında özünü Heydər Əliyevin şagirdi adlandırmış və onun məktəbini keçdiyini bildirərək, demişdi:
“Mən onunla uzun illər bir yerdə çalışmışam, Heydər Əliyev mənə böyük işləri etibar edib. Heydər Əliyev 13 il respublika rəhbəri olduğu dövrdə 8 dəfə məni yüksək vəzifələrə irəli çəkib, mənə vəzifə verib, etimad göstərib. Mən də onun etimadını doğrultmağa çalışmışam”.
Qaynaq: http://publika.az/news/nida_xeber/198206.htmlural.com
Bəs, görəsən, Ayaz Mütəllibovun “etimadı doğrultmaq səyləri” tarixin daş yaddaşında necə qalıb?
Heydər Əliyevin hərbi səlahiyyətli nümayəndəsi Urfullah Qurbanovun xatirələrində Ayaz Mütəllibov hakimiyyətinin “öz müəlliminə” “sədaqəti”nin izlərinə də rast gəlmək mümkündür.
Yazının II hissəsini Ovqat.com oxucularına təqdim edirik:
Bakıda vəziyyət yenidən gərginləşmişdi. Respublika rəhbərliyinin ciddi səylə gizlətdiyi Xocalı faciəsinin dəhşətləri Azərbaycan xalqını ayağa qaldırmışdı. Ermənilər ruslara məxsus 366 saylı alayın köməyi ilə nəinki əsrin, insanlıq tarixinin görünməmiş vəhşiliyini həyata keçirmişdilər. Bu vəhşiliyin içərisində təkcə Xocalını qoruyanlara deyil, mülki şəxslərə, uşaqlara, qadınlara, qocalara qarşı zülm, işgəncə, təcavüz, hamilə qadınların doğulmamış uşaqlarına vəhşilik, dərilərinin soyularaq işgəncə altında öldürülməsi, başlarının, digər orqanların kəsilərək öldürülməsi, əsirlərin orqanlarının transplantasiyası, asılaraq, yandırılaraq, böyük borulara uşaqları yığıb qaynaq edərək öldürülmələri, kimyəvi, digər vəhşi təcrübələr apararaq öldürmələri insanlıq tarixinin ən utancverici səhifəsidir. Xocalı faciəsi axıradək tam tədqiq olunmayıb. Hər bir sakinin həyatı bir dram, faciə əsəridir. Hələ nə qədər itkin, əsir düşənlərimiz var. Xocalıların səsinə bütün Azərbaycan xalqı səs verəcək. Nə qədər könüllülərimiz qisas üçün cəbhəyə gedəcək, o cümlədən də, naxçıvanlılar qəhrəmanlıqlar göstərib şəhidlik məqamına yüksələcəklər. Azərbaycan əsgəri heç vaxt ermənilərin etdiklərini təkrar etməyəcək, uşaqlara, qadınlara, qocalara qarşı mərhəmətli olacaqdır. Həsənqaya əməliyyatını, Milli qəhrəmanımız Mübarizin, 2016 –cı il aprel döyüşlərini nümunə kimi göstərmək olar...
İmam Hüseyn şəhəri, Şeyx Nizami Gəncəvi yurdu, and yerləri İmamzadə, Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı Gəncə Azərbaycanda milliliyini qoruyub saxlamış, böyüklüyünə görə ikinci şəhərdir. İnsanları Cavad xan kimi vətənpərvər, mərd, qorxmaz, qonaqpərvərdirlər. İzmir Türkiyə üçün nə qədər əhəmiyyət daşıyırsa, Gəncə də Azərbaycan üçün bir o qədər əhəmiyyət daşıyır.
İki gün ərzində şəhərin rəhbərliyi və hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşüb tanış oldum. Yalnız birinə risk edib gəlişimin məqsədini açıqladım. Görmək istədiyim çox təhlükəli və heç bir qanun çərçivəsinə sığmayan bir iş idi. Bu qanunsuz işə görə həbs olunsaydım, azı 15 il “yatacaqdım”. Müraciət etdiyim şəxs Gəncə şəhər polis idarəsinin rəis müavini polkovnik Ramiz Cahangirov idi. İlk dəfə idi ki görüşürdük. Məni gözlədiyimdən çox səmimi qəbul etdi. Ramiz müəllim Naxçıvanda Daxili İşlər Nazirliyində Cinayət axtarış idarəsinin rəisi kimi də işləmişdi. Naxçıvanı, naxçıvanlıları çox yaxşı tanıyırdı, o cümlədən də atamı. Yeri gəlmişkən, Ramiz müəllim dinc Xocalı sakinlərinin döyüş bölgəsindən vertolyotlarla çıxarılmasında şəxsən iştirak etmişdi. Qısa məşvərətdən sonra mənə kömək edəcəyini bildirdi...
Gəncə aeroportunda
Gəncə aeroportunda ruslara məxsus hərbi hava qüvvələrinin bazası yerləşirdi. Bütün silahlı qüvvələrə general Şerbak nəzarət edirdi. Aeroportda rus desantları demək olar ki, hər şeyə nəzarət edirdi. Mənə, təxminən, 30 dəqiqə lazım idi ki, desantların diqqətini cəlb etmədən təyyarəni yükləyim. Təyyarənin içərisinin ölçülərini öncədən götürmüşdüm. Hansı yük təyyarənin hansı tərəfinə yüklənəcəksə, sxemi çəkib bu işdə mənə kömək edəcək dostlarıma vermişdim. Plan belə idi. Mən Ramiz müəllimin xidməti maşınında, arxamızca üstüörtülü bir yük maşını aeroportun ərazisinə daxil olacaqdıq. Cavanşir bəy təyyarəni əvvəlcədən şərtləşdiyimiz yerdə saxlayacaq, AN 26 tipli təyyarə 4 ton yükümüzü aparacaqdı. Ona görə də bizə son dərəcə vacib olan yükləri öncədən tədarük etmişdim. Təyyarəyə girişin arxadan olması işimizi çox asanlaşdıracaqdı. Bu səbəbdən An-26 –nı seçmişdim.
Bu günü Gəncə Müdafiə Şurasının sədri Elşən Əliyevin atası Şubay kişinin evində qaldım. Onların yük maşınına müəyyən ardıcıllıqla qutuları yerləşdirdim. Özü, üç oğlu və iki qohumu mənə kömək edirdi. Aeroporta onları aparacaqdım. Hər şey qaydasında idi. İçimdə bir narahatçılq var idi. Ekstremal vəziyyətə mən hazır deyildim. Üstümdə silahım yox idi. Şubay kişiyə bir avtomat lazım olduğunu dedim. İki saatdan sonra bir Kalaşnikov gətirdi. Paltosunun altında aeroporta keçirəcəyini tapşırdım. Lazım olarsa işarə ilə mənə verəcəyini dedim. Elşənlə isə görüşə bilmədim, o cəbhədə döyüşürdü...
Həyəcanla səhərin açılmasını gözləyirdim, gecəni yatmamışdım. Sabah üç gün tamam olurdu. Nəyin bahasına olursa olsun, yükü Naxçıvana aparmalı idim.
Səhər açılmışdı. Saat 09:55 göstərirdi. Heç bir yoxlama olmadan öndə biz, arxamızda yük maşını təyyarəyə yaxınlaşdıq. Məni görən kimi Cavanşir bəy dərhal təyyarənin arxasını açdı. Heç nə gözləmədən təyyarəni yükləməyə başladıq. Sonuncu yeşikləri yükləyirdik ki, yanımızda bir QAZ-69 maşını dayandı. İçərisindən bir podpolkovnik və iki rus əsgəri düşdü. Podpolkovnik nə apardığımızı Ramiz müəllimdən soruşanda Şubay kişiyə işarə etdim, həmən paltosunun altından avtomatı mənə uzatdı. Avtomatı podpolkovnikə tuşlayıb qoruyucunu açdım. Ruslar şoka düşmüşdülər. Görünür, indiyə kimi onların üzərinə silah çəkən olmamışdı. Ramiz müəllim mənə- “lazım deyil Urfullah deyəndə, mən rusca onlar başa düşsün deyə “bunların üçünü də gəbərdəcəm” dedim. Təyyarə artıq yüklənmişdi. Üzümü Cavanşirə tutub motoru işə sal dedim. Podpolkovnik əllərini göyə qaldırıb əsgərləri ilə maşına oturdular. Mənsə Ramiz müəllim və dostlarla sağollaşıb təyyarəyə mindim. Cavanşir bəy məni kabinaya dəvət etdi. Üç dəqiqə keçməmiş artıq biz havada idik. Sonralar aeroportun mühafizə xidmətinin rəisi mənə dedi ki, Siz gedəndən bir saatdan artıq podpolkovnikin avtomobili orada qalmış, yerindən tərpənməmişdi. Podpolkovnikdən soruşdum ki, burada niyə dayanmısınız? Sanki yuxudan ayıldı, sürücüsünə “getdik” əmrini verib, oradan uzaqlaşdılar. Mən özüm isə o rusu bir daha oralarda görmədim. Bir saat 10 dəqiqədən sonra biz Naxçıvan aeroportuna eniş edəcəkdik. İndi isə Dağlıq Qarabağın üzərindən uçurduq. Yükümüz ağır olduğundan yüksəklik 3000 metri göstərirdi. Aşağıda alışıb yanan şəhər və kəndlərimiz aydın görünürdü...
Naxçıvanda hava limanında əsgərlərimiz “yükü” dərhal boşaltdılar. Qısa istirahətdən sonra biz Gəncəyə uçduq. Dostlarım bizi gözləyirdilər. Heç bir maneə olmadan təyyarəni yenidən yükləyib Naxçıvana geri qayıtdıq. Təyyarəni boşaldıb, Cavanşirə 3 gün sonra Gəncəyə gəlməsini söylədim. Təyyarə Bakıya uçdu. Məndə qəti bir inam yaranmışdı ki, qısa zaman ərzində tapşırığın öhdəsindən gələcəyəm...
İş yerimə qayıdanda saat 18:00-u göstərirdi. DMMK sədri Elman Abbasovla görüşəndə alayda bir problem olduğunu söylədi. 30 nəfərə yaxın zabit və gizir Qarabağa döyüşmək üçün göndərilmələrini tələb edirdilər. Qərargah rəisi ilə əlaqə saxlayıb alayın iclas zalında sabah 11:00-da görüşə gələcəyimi bildirdim. Alayın iclas zalında məni gözləyirdilər. Görüşüb rəyasət heyətində yerimə əyləşdim. Onları eşitmək üçün tribunaya dəvət etdim. Növbə ilə üç könüllü zabit çıxış etdi. Çıxışların məzmunu eyni idi. Xocalı soyqırımının intiqamını almaq üçün bütün tərkiblə Qarabağa göndərilmələrini tələb edirdilər. Onların heç biri Naxçıvanın sərhəd kəndlərində olmamış, həqiqi hərbi xidmət keçməmiş könüllülər idi. Növbəti çıxış üçün tribunaya heç kim gəlmədi. Ötən ilə qədər Naxçıvanın sərhəd kəndlərində müdafiə postlarının yaradılmasından, bir ov tüfəngi ilə onlarla könüllünün növbə çəkdiyindən, baş verən erməni təxribatlarının Azərbaycanın qəhrəman oğlu Afiyəddin Cəlilov tərəfindən necə qarşısının alındığını anlatdım. Onların danışdıqlarından daha çox Xocalıda törədilmiş erməni vandalizmindən məlumat verdim. Ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu söylədim. Çox keçmədən burada ağır döyüşlərin şahidi olacaqlarını dedim. İndiki qədər vətənimizin onlara böyük ehtiyacının olmayacağını anlatdım. Xalqımızın sizlərə böyük ehtiyacı olduğu halda, xidmət yerini dəyişmək tələbinin nə dərəcə doğru olduğunu onlardan soruşanda 3 nəfərdən başqa hamısı bir ağızdan “siz haqlısınız komandir”- demişdilər. Beləliklə, növbəti bir təxribatın qarşısı alınmışdı. Çox keçmədən ermənilərin Naxçıvana cəbhə boyu hücum edəcəklərini bilən bütün əhali doğma yurdumuzun müdafiəsi üçün səfərbər olmuşdu. Məni isə Heydər Əliyev gözləyirdi...
Blokada vəziyyəti vaxtilə dünyaya meydan oxuyan bir imperiyanın Naxçıvandakı hərbi hissələrini çox miskin hala gətirmişdi. Əsgərləri aclıq çəkir, həftələrlə yuyunmadıqlarından müxtəlif xəstəliklərə düçar olmuşlar, hərbi nizam-intizamdan əsər-əlamət qalmamış, oğurluq, itaətsizlik baş alıb getmişdi. Heydər Əliyevdən hazırladığımız planın icrasına başlamaq üçün icazə istədim. İlkin olaraq hərbi hissələrdəki türkləri oradan çıxarıb Bakıya, oradan da vətənlərinə yola salacaqdıq. Həmin gün 3 özbək əsgərini Bakıya yola saldıq. Bir neçə gündən sonra bizə yüzlərlə əsgər müraciət etdi. Hətta onların arasında ruslar da var idi. Təbii ki, biz onları yedirdib, içirdib yola salırdıq. Onlar bizə, Ali Məclisə yazılı olaraq təşəkkür edirdilər. Əvvəl özlərini ev sahibi kimi aparanlar, indi qonaq kimi davranırdılar. Zabitlərin özləri hərbi hissələrdən silah- sursatı oğurlayaraq bizə satmaq istəyirdilər. Moskvanın niyyəti isə silah-sursatı, ağır texnikanı İrəvana aparıb ermənilərə təhvil vermək idi. Onlar Naxçıvanda Heydər Əliyev kimi bir dühanın varlığını unutmuşdular. Hər şey zaman tələb edirdi...
Ertəsi gün Gəncəyə, oradan da Marquşavana getdim. Ağır döyüşlər gedirdi. Elşənlə topun yanında görüşdük. Bir gün sonra Gəncəyə gələcəyini dedi. Axşamüstü Gəncə Ali Məclisinin Sədri, Azərbaycan Milli Məclisinin üzvü, Gəncə şəhər Fövqəladə Müdafiə Qərargahının rəisi Çingiz Sadıxovla görüşdüm. Məni çox səmimi qarşıladı. Kəpəz mehmanxanasında mənə bir otaq ayrılmasına göstəriş verdi. Sərəncamıma bir Qaz-69 markalı avtomobil ayırdı və s. Məndən Namiq Həsənovu tanıyıb-tanımadığımı soruşdu. Namiq müəllimi kim tanımırdı ki? Daxili İşlər Nazirinin müavini kimi Namiq müəllim çox böyük bir missiyanı həyata keçirirdi. Siyasi məsələlər üzrə bütün danışıqlarda iştirak etmişdi, böyük nüfuz sahibi idi. Çingiz müəllim Namiq müəllimlə birlikdə Ali Partiya Məktəbində oxuduğunu bildirdi. Yarana biləcək bütün problemlərlə bağlı ona müraciət etməyimi xahiş etdi. Anbardan bizə lazım olan ehtiyacın aparılmasına icazə verildi. Anbardakı mövcud arsenallara baxıb, son dərəcə vacib olanları seçib ayırdım. Təxminən, 50 ton yük idi. Yüklər böyük ağır yeşiklərdə idi. Yükü qısa zamanda daşımaq üçün riskli bir qərar qəbul etdim. Onları tarasız aparacağam...
An-26 dəqiq vaxtında Gəncəyə eniş etdi. İki yük maşını ilə təyyarəyə yaxınlaşdıq. Yeşikləri açıb mərmiləri göstərdiyim şəkildə yükləməyə başladıq. Cavanşirdən xahiş etdim ki, tədricən yüksəlsin və ensin. Təhlükəsizlik tədbirlərindən biri də mərmilərdən başlıqlarını ayırmağımız oldu.
Artıq Gəncə aeroportunda bütün ehtiyat tədbirlərini görmüşdüm. Bizə qarşı ruslardan heç bir təhlükə gözlənilmirdi. Aeroportun polis rəisi İlqar müəllimdən bizə müvafiq köməkliyin göstərilməsini xahiş etdim. Aeroportun polisləri bizim yüklərimizi qoruyurdular. Vaxtdan səmərəli istifadə üçün yüklərimizi öncədən aeroporta gətirirdim. Gündə iki dəfə Naxçıvana uçurduq. Axşam Gəncədə şəhər nəqliyyat prokuroru Hüseyn Əlizadənin yaşadığı evə getdim. Hüseyn müəllim həyat yoldaşı Tükəzban xanımla məni çox mehribanlıqla qarşıladı. Hüseyn müəllim çətin, mənalı həyat yaşamışdı. Bir neçə il idi ki, onlar Özbəkstandan Gəncə şəhərinə köçmüşdülər. Onların həyətlərinə daxil olanda qonşuları mənə çox diqqətlə baxıb ünsiyyət yaratmaq istəyirdi, balaca uşaqlar isə “Azərbaycan Əsgəri” marşını oxuyurdular. Hüseyn müəllimin evindən telefonla Heydər Əliyevlə əlaqə saxlayırdım. Tükəzban xanım isə qonşularına “bu gün H.Əliyevlə danışdıq” deyə xəbər verirdi. Allah Hüseyn müəllimə və Tükəzban xanıma rəhmət eləsin. Mənə deyirdilər ki, hər gün bizə gəl, başqa yerdə şam etmə. Mən isə H.Əliyevlə danışmaq zərurəti yarananda onlara gedirdim...
AN-26 təyyarəsi ermənilərin diqqətini cəlb etmişdi. Cavanşir dedi ki, bizə atəş açırlar. Gündə iki dəfə uçuş həyata keçirmək təhlükəli olmuşdu. Ona dedim ki, mümkün qədər döyüş zonasının üzərindən deyil, yanından uçaq. Uçuş vaxtını mən təyin edirdim, çalışırdım ki, uçuş saatlarımız bir-birindən fərqli olsun. Düşmən bizə atəş açırdı. Ekipajın həyatını təhlükə qarşısında qoya bilməzdim. Pilotlar (4 nəfər idi) qəhrəmanlıq göstərirdilər. Biz düşmən hədəfinə çevrilə bilməzdik, hər birimiz böyük bir məsuliyyət daşıyırdıq. Nə isə etməli idim. Ancaq nə?..
Məlum səbəblərdən H.Əliyevə görə Naxçıvana kömək etmək təhlükəli idi. Ən yaxşı halda kömək edənlər təqibə məruz qalıb, işdən çıxarılırdılar. Amma çoxları heç nədən qorxmayaraq, yüksək vətənpərvərlik, H.Əliyevə böyük rəğbət göstərərək bizə yardım edirdilər. Onlardan biri də Gəncə şəhər Nizami rayon prokuroru Mahmud Nəbiyev idi. Onunla görüşüm çox səmərəli oldu. Onun köməkliyi ilə 15 təyyarə “yükü” vaxtında Naxçıvana çatdıra bildim. Ondan əlavə Sumqayıtdan boru prokat zavodundan 2000 metr boru gətirilməsini xahiş etdim. Bir həftə ərzində borular Gəncə şəhərinə gətirildi. Bir neçə dəfə məni evlərinə dəvət etdi. Sonralar mənə məlum oldu ki, həmin günlər mənə sui-qəsd törədiləcəkdi. Onun atası Yusif Nəbiyev Naxçıvanda Nazirlər Sovetinin Sədri işləmişdi. Azərbaycanda Sovet dövrü görülən işlər həmişə 1-ci partiya katibinin adı ilə bağlı olurdu. Naxçıvanda isə sənaye obyektləri, tədris müəssisələri, klublar, yollar, binalar və s. Yusif Nəbiyevin vaxtında tikilib - deyirdilər. Allah ona rəhmət eləsin! Heç kim onun qapısından əliboş qayıtmayıb. H.Əliyevə Mahmud Nəbiyev haqqında məlumat verəndə Yusif Nəbiyev barəsində xoş xatirələrindən danışmışdı...
Gəncə şəhər İcra Hakimiyyətində Fiqan İmaməliyevlə tanışlığım yerinə düşmüşdü. Əslən Naxçıvanın Xok kəndindən idi. Atası Nəbi İmaməliyev Azərbaycanda ilk milis (polis) polkovniki olmuşdu. Naxçıvan şəhərində Atatürk prospektində Cəmşid Naxçıvanskinin ev muzeyi ilə üzbəüz iki mərtəbəli binaya polkovnik Nəbi İmaməliyevin baralyefi asılmışdı. Fiqan müəllim Gəncə şəhər İcra Hakimiyyətində sənaye, nəqliyyat, rabitə şöbəsinin rəisi idi. Ən böyük məsələ “yükü” daşımaq idi. Təhlükəli olduğundan heç kim qorxulu, qanunsuz “yükü” daşımaq istəmirdi. Bir çox problemlərim, o cümlədən, “yükün” daşınması dərhal həll olundu. Digər mühüm məsələ isə Gəncə-Naxçıvan və əks tərəfə sərnişin daşınmasında fasiləyə yol verilməməsi idi. Fiqan müəllim bu vacib məsələni ciddi nəzarətdə saxlayırdı. Hər dəfə İcra hakimiyyətinə gələndə Fiqan müəllimlə mühüm məsələləri müzakirə edib, onun məsləhəti ilə bəzi tədbirləri uğurla həyata keçirirdim. Ona zərər gələcəyindən ehtiyyat edirdim. Fiqan müəllim isə “Naxçıvan bizim ürəyimizdir, hamının borcudur ki, vətənə kömək etsin”- deyirdi. Ayrıca məni icra başçısının müavini Nizami Əhmədovla da tanış etdi...
Vaxtım olduqca Ağstafa, Tovuz, Qazax, Şəmkir, Xanlar (indiki Göy-göl), Tərtər, Goranboy, Mingəçevir, Yevlax və s. rayonlara gedib müəyyən əlaqələr yaratdım. Qarabağın bəzi rayonlarına da, təbii ki, getdim...
Döyüş gedən rayonlarda məni ən çox maraqlandıran düşmənin taktikası idi. Həm nizami ordunun, həm də könüllülərin. Bu məsələləri biz Dövlət Milli Müdafiə Komitəsində müzakirə edirdik...
Gəncədən Naxçıvana Yak-40 sərnişin təyyarəsi uçurdu. Aeroportun komandiri Firudin Qasımova dedim ki, təyyarənin oturacaqları sökülüb mənim sərəncamıma verilsin. Hansı razılıq lazımdırsa, rəhbərlikdən alacağam. Bir günə Yak-40 mənə verildi. Beş tona qədər yüklə 4000m yüksəklikdə uçurduq. Təyyarə sürətli olduğundan gündə 3 dəfə Gəncə-Naxçıvan reysi həyata keçirirdim. AN-26 təyyarəsinin qəhrəman ekipajı ilə görüşüb, onlara H.Əliyevin və öz adımdan təşəkkürümü bildirib Bakıya yola saldım. Çox təəsüflər olsun ki, məndən asılı olmayan səbəblərdən qəhrəman An-26 ekipajının üzvləri ilə bu günə qədər görüşə bilməmişəm...
Gəncədə prospekt və küçələrdə mağarlar qurulurdu. Hər gün demək olar ki, şəhərə bir neçə şəhid gətirilirdi. Şəhər yasa bürünmüşdü...
Naxçıvan təkcə iqtisadi blokadaya alınmamışdı. Burada eyni zamanda informasiya blokadası, qıtlığı hökm sürürdü. Respublika televiziyasının xəbərləri video kassetə köçürülür, bir gün sonra isə Naxçıvan televiziyasında translyasiya olurdu. Naxçıvan həqiqətlərinin nəinki dünyaya, hətta Bakıya çatdırılması problemə çevrilmişdi. Bu problemi qismən həll etmək, Naxçıvana humanitar yardım göstərmək üçün Gəncədə Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaradılmasına icazə istədim. H.Əliyev təklifimi bəyəndi.
Gəncədə Alimlər Evi fəaliyyət göstərirdi. Müdüri Kazım Axundov idi. Bir müddət əvvəl Fiqan müəllim məni Musa Musayevlə tanış etmişdi. Yük maşını lazım olduğu üçün gəncəlilərin “Musayevin qarajı” deyilən müəssisəyə getmişdim. Doğma övladı kimi məni qarşıladı Musa dayı. “Gedək yeməkxanaya, mən acmışam” dedi, əslində məni yeməyə dəvət edirdi. Musa dayı-elə belə kişilərdən deyildi, ha. Babası Kəlba Musa Naxçıvanda məşhur adam olmuşdu. Çəkdirdiyi kəhriz 100 ildən artıq əhaliyə xidmət edir. Musa dayı ilə Alimlər Evinə getdik. Kazım müəllimdən Cəmiyyətin mərkəzinin Alimlər evində yerləşməsinə razılıq aldıq. Musa dayıya da, Kazım müəllimə də Allah rəhmət eləsin. Tezliklə Alimlər Evinə Gəncədə yaşayan qeyrətli naxçıvanlılar və Gəncəbasarın qəhrəman övladları toplaşdılar. Cəmiyyətə Hüseyn Əlizadəni sədr, Musa dayı ilə Firudin Şimşəyi müavin seçdik. Allah hər üçünə rəhmət eləsin. Cəmiyyətin ən fəal üzvləri Gəncə Ağsaqqallar Şurasının Sədri Ağa Ağayev (Allah rəhmət eləsin), Çingiz Sadıxov (Allah rəhmət eləsin), Metal bazanın müdüri Əli müəllim (Allah rəhmət eləsin), Əkbər Nəsirov (Allah rəhmət eləsin), Salman Məmmədov(Allah rəhmət eləsin), akademik Mikayıl Rəhimov (Allah rəhmət eləsin), Nurəddin Babayev (Allah rəhmət eləsin), Vahid Şirəliyev (Allah rəhmət eləsin), Hüseyn Vəliyev, Əli Mehdiyev, Əhmədov Əhməd, Fiqan İmaməliyev, milis polkovniki Natiq Həsənov, İbrahim Cəfərov, Rafiq və Rauf Şəfiyev qardaşları, Teyyub Hacıyev, Mərdan müəllim, Vilyam Hacıyev, Elşən Əliyev, Səməndər Qurbanov, Vaqif müəllim, milis kapitanı İbrahim, qarajın işçiləri Vaqif və Əli müəllim, Ziyad Abbasov, Arif Hüseynov, Firudin Qasımov, Eldəniz Nəcəfli, Mətləb Əliyev, Mərdan Tağıyev, Qəzənfər Əliyev, Qalib Rəhimli, Mətləb Abdullayev və başqaları idi. Salman Məmmədovun anası Əsmət xanım Naxçıvana gəlmiş, yüz min manatlıq dərman ləvazimatını Apteklər idarəsinə vermiş, on min manatı Sədərəkdə müalicəyə ehtiyacı olan yaralılara paylamışdı.
Cəmiyyət hər gün fəaliyyət göstərirdi. Cəmiyyət üzvlərinin, onların tələbələrinin köməyi ilə mən təyyarənin yüklənməsini də həyata keçirirdim. Həftədə bir dəfə rəhbər heyət toplanırdı. Mən Naxçıvandakı mövcud vəziyyətlə bağlı məlumat verirdim. Sonra görüləcək işlər barədə qərar qəbul edirdik. Mənim təklifimlə Cəmiyyət adından Gəncədə şəhid ailələrinə, yaralılara maddi və mənəvi yardım göstərilməyə başlandı. Cəmiyyətin xətti ilə Naxçıvanın Müdafiə və İnkişaf Fonduna iki milyon manatdan artıq vəsait köçürüldü. Cəmiyyətin qərarı ilə rəhmətlik Əkbər Nəsirov və Əli Mehdiyevin H.Əliyevlə görüşünü təşkil etdim. Görüşdən sonra Naxçıvan televiziyasında çıxışları oldu.
Cəmiyyət üzvləri əsl qəhrəmanlıq göstərirdilər. Təmənnasız vətən üçün vətəndaşlıq borclarını yerinə yetirirdilər. Cəmiyyətin fəaliyyətini həmin dövrdə Türkiyədən gəlmiş “Tərcüman” qəzetinin jurnalisti də işıqlandırmışdı. Sağ qalmış qəhrəmanlarımıza Allahdan can sağlığı arzulayıram. Demək istəyirəm ki, sizin qəhrəmanlığınız heç bir zaman unudulmayacaq. H.Əliyevin göstərişi ilə Naxçıvan Dövlət televiziyasının əməkdaşları, yazıçı, şair, jurnalist Asim Yadigar və operator Nurəddin Əliyev Gəncə şəhərinə ezam olundular. Cəmiyyətin, qəhrəman pilotların fəaliyyətlərini video lentə alaraq Naxçıvan Dövlət televiziyasında işıqlandırdılar.
(ardı var)
Paylaş: