ABŞ-ın məşhur media qurumlarından olan “Daily News” qəzetində Azərbaycan diplomatıyla bağlı dərc edilən skandal xəbərlə əlaqədar çox önəmli məlumatlar əldə etmişik.
Ovqat.com-un əldə etdiyi məlumata görə, həyat yoldaşının adı oğurluqda hallandırılan diplomat Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun yaxın qohumu imiş.
Maraqlıdır ki, həmin skandal xəbər Novruz Məmmədov və yaxın çevrəsi barədə ABŞ-da ortaya çıxan ilk sensasiyalı məlumat da deyil. Hələ ötən ayın 15-də Trampa qarşı demokratik koalisiya”nın üzvü, ABŞ-lı siyasətçi Skott Dvorkin paylaşdığı tviterində N. Məmmədovun okeanın o tayında iki kondominiuma (çoxmənzilli bina və ya bir neçə sıra ilə düzülmüş binalardan ibarət daşınmaz əmlak) sahib olduğunu iddia etmiş və bu paylaşma iki siyasətçi arasında ciddi mübahisəyə yol açmışdı. Ən son, bu ayın 20-da cənab Məmmədov öz "tviter" hesabında ABŞ siyasətçisinə cavab verərək, ondan üzr istəməsini tələb etmişdi:
“Mən bir müddət idi ki, gözləyirdim və düşünürdüm ki, vicdanınız nəhayət sizə deyəcək ki, şər və böhtan məlumat yaymısınız və azı üzr istəyəsiniz. Lakin gördüm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Əgər siz sübut edə bilsəniz ki, mən ABŞ-da iki kondominiuma sahibəm, o zaman onlardan birini sizə verəcəm. Əks halda, qürurunuz və ləyaqətiniz varsa, siz üzr istəyəcəksiniz”.
Novruz Məmmədovun bu paylaşmasının üstündən heç bir həftə keçməmiş Azərbaycanın Nyu-yorkdakı səfirliyinin I katibi barədə həmin xoşagəlməz xəbər dərc olundu. Xəbərdə I katib Fərid Cəbrayilovun yoldaşı Mehriban Cəbrayılovanın “Marshalls” mağazasından 188.88 dollarlıq mal oğurladığı iddia edildi.
Fərid Cəbrayılovla Novruz Məmmədovun yaxın qohum olduğunu əsas gətirən mənbəmizin iddiasına görə, bu xoşagəlməz xəbərin media qurumlarına servis edilməsi də əslində PA rəhbərinin müavinə vurulmuş növbəti zərbədir və onun cavabına cavab kimi xarakterizə edilə bilər.
Nəzərə alsaq ki, ABŞ mediasıyla “Trampa qarşı demokratik koalisiya” arasında yaxın əlaqələr var və ABŞ prezidenti də dəfələrlə bundan gileylənib, irəli sürülən iddianın əsassız olmadığı ortaya çıxır və belə bir sual yaranır: Tramp düşmənləri Novruz Məmmədovdan nə istəyirlər? Niyə onun barəsində xoşagəlməz məlumatlar məhz indiki dövrdə-onların hakimiyyətdən uzaqlaşdığı zamanda mediaya sızdırılır? Axı Novruz Məmmədovun iddia olunan mülkiyyəti son bir neçə ayda ortaya çıxmayıb. Əgər həqiqətən də o mülklər vardısa, deməli, Obama hakimiyyəti dövrünün məhsuludur. Elədirsə, niyə həmin vaxtlar bu məsələ gündəmə gətirilmir, lazımi tədbirlər görülmürdü?
Sualımızı cavablandıran mənbəmizin bildirdiyinə görə, "Azərbaycan xarici siyasətinin formalaşmasında Xarici İşlər nazirindən daha çox xidmətləri keçən bu adamın" hədəfə alınması hansısa siyasi məqsədlə bağlı ola bilər: “Mümkündür ki, Azərbaycanın son zamanlar yürütdüyü xarici siyasi kurs ABŞ-dakı müəyyən dairələri qane etmir və onlar şantaj üsuluna əl atırlar. Bəlkə də Azərbaycan iqtidarının Trampla yaxınlaşmaq cəhdi Novruz Məmmədova həvalə edildiyindən iki dövlət arasında bu cür ziddiyyətlərin körüklənməsi ABŞ-ın indiki hakimiyyətinin ayağının altını qazanların işinə yarayır”.
Mənbəmiz bu cür skandalların arxasında Azərbaycan hakimiyyətindəki bəzi qüvvələrin də əli ola biləcəyini istisna etmir:
“O da mümkündür ki, bu siyasətin arxasında Azərbaycan hakimiyyətinin saraydaxili rəqabəti dayanır. Xüsusilə, Ziya Məmmədovun vurulmasından sonra ABŞ-Azərbaycan münasibətlərinin nizamlanması sabiq Nəqliyyat nazirinin oğlu Anar Məmmədovdan alındı. Anar Məmmədovun ABŞ-dakı lobbiçilik fəaliyyətinin nizamlanmasında bir çox ciddi nöqsanlarının, o cümlədən bu məqsədlə ayrılan pulların israf etməsinin aşkarlandığı barədə də məlumatlar dolaşır. İstisna etmək olmaz ki, bu işin yenidən qurulması və idarə olunması həm Azərbaycandakı, həm də ABŞ-dakı müəyyən çevrələrin maraqlarına uyğun deyil. Onlar da ələ düşən fürsətdən maksimum yararlanaraq, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin işinə kölgə salmağa çalışırlar”.
Paylaş: