Demokratik Suriya Güclərinin (DSG) ABŞ liderliyindəki beynəlxalq koalisiyanın dəstəyi ilə Raqqa şəhərinin mərkəzində yerləşən Rumiyə məhəlləsini ələ keçirib.
Ovqat.com xəbər verir ki, məlumatı kürd separatçılara yaxın mətbu orqanlar yayıb.
Qeyd edək ki, “Fəratın qəzəbi” adlı Raqqa əməliyyatı bu ayın 5-də başlamışdı.
PKK-nın Suriya qanadı hesab olunan YPG-nın əsas onurğa sütununu təşkil etdiyi DSG-nın bir həftəlik qisa müddət ərzində İŞİD paytaxtının mərkəzinə öz bayraqlarını sancması iki terror təşkilatının bağladıqları razılaşma ilə izah edilir. Rusiya Xarici İşlər Nazirliyi və xəfiyyə orqanlarının bildirdiyinə görə, əməliyyatdan bir neçə gün əvvəl ABŞ-ın İŞİD-lə YPG arasında görüş təşkil etmiş və görüşdə şəhərin asanlıqla kürd separatçılarına təhvil verilməsi barədə razılıq əldə olunmuşdu. Razılığa əsasən, İŞİD-in bu “iltifatının” əvəzinə DSG də “xilafətçilərin” paytaxtlarını tərk etmələri üçün təhlükəsizlik dəhlizi yaradacaqdı.
Razılaşma əldə olunandan bir gün sonra bölgədən gələn xəbərlərə görə, Raqqanı tərk etməyə başlayan İŞİD-ə aid maşın karvanı rus təyyarələri ilə vurulmuş və ABŞ-ın Raqqa oyunu pozulmağa çalışılmışdı. DSG-nin bir həftə ərzində Raqqanın mərkəzini ələ keçirməsi isə bu planın baş tutmadığı göstərir və şəhər uğrunda döyüşən qüvvələrin əldə edilən razılığa sadiq qaldıqları ehtimalını gücləndirir.
“Xilafətçilər”in Raqqanı itirməsində başlıca amillərdən biri də “xəlifə”ləri Əbubəkr Bağdadinin öldürüldüyü xəbəriylə bağlı ola bilər. Ehtimallara görə, bu qara xəbər qarabayraqlıların döyüş ruhunu da sarsıtdığından, onlar paytaxtın qorunmasında ciddi müqavimət göstərməyiblər.
Səbəb nə olursa olsun, görünən budur ki, Türkiyənin və digər region dövlətlərinin sərt şəkildə qarşı çıxdığı “Fərat qəzəbi” əməliyyatı öz hədəfinə doğru irəliləyir. Amma əldə edilən qələbənin nə dərəcədə qorunub qorunmayacağı yenə də regional dövlətlərin mövqeyindən asılı olacaq. Zira ABŞ-ın bu coğrafiyadan xeyli uzaqda yerləşdiyindən hər zaman separatçıların yanında dayanması mümkün deyil.
Üstəlik, kürd əşirətləri arasında onlara həvalə edilən torpaqlarda hegemon gücə çevrilmə yarışı gedir və biri digərinin qələbəsini həzm etmir. Bu isə regionda marağı olan güclərə öz milli təhlükəsizlik siyasətlərini yürütmək üçün münbit şərait yaradır.
Paylaş: