ABŞ Dövlət Departamentinin sədri Reks Tillersonun Yaxın Şərq, Cənubi Asiya və Avropanı əhatə edən səfəri başlayıb. Dünən onun ilk dayanacağı Riyad olub.
Ovqat.com xəbər verir ki, ABŞ dövlət katibi bu səfər çərçivəsində ilk olaraq Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ilə bir araya gəlib.
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-nın bildirdiyinə görə, Kral Salman Tillersonu paytaxtdakı Yəmamə Sarayında qəbul edib. Kralla Tillerson iki ölkə əlaqələriylə yanaşı, regional və beynəlxalq məsələləri də müzakirə ediblər.
Görüşdə Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr, dövlət katibləri İbrahim bin Əbdüləziz, Müsaid bin Məhəmməd əl-Ayban, krallığın Vaşinqtondakı səfiri Əmir Xalid bin Salman bin Əbdüləziz ilə bərabər digər yüksək səlahiyyətli rəsmilər də yer alıblar.
Tillerson daha sonra Səudiyyə Ərəbistanı xarici işlər naziri Cubeyr ilə ortaq mətbuat konfransı keçirib və Səudiyyə Ərəbistanı-İraq Koodinasiya heyətinin toplantısının açılış mərasiminə qatılıb.
Tillersonun Riyad ziyarətinin ardından bu gün Qatarın paytaxtı Dohaya gedərək, ölkə rəsmiləriylə bir araya gələcəyi gözlənilir. Doha görüşündə başda İran ilə İraq olmaq üzrə regional mövzuların masaya yatırılacağı və terrora qarşı birgə mübarizənin ələ alınacağı bildirilir.
Yaxın Şərq ziyarətlərini tamamladıqdan sonra Cənubi Asiyaya səfəri gözlənilən ABŞ dövlət katibinin İslamabad və Yeni Delhidə rəsmilərlə görüşəcəyi, ardından Cenevreyə gedəcəyi xəbər verilir.
Bir zamanlar bütün Yaxın Şərq səfərlərinə Türkiyədən başlayan ABŞ rəsmilərinin indi qardaş ölkəyə ümumiyyətlə uğramaması xeyli qəribə təsir bağışlayır. Bunun başlıca səbəbi, sözsüz ki, ABŞ-la Türkiyə arasında davam edən gərginliklə bağlıdır. Regional məsələlərə yanaşmada iki keçmiş müttəfiqin çarpışan maraqları, Ankaranın İran və Moskvayla yaxın münasibətlər qurması ABŞ-Türkiyə arasındakı diplomatik əlaqələrinin xeyli zəiflətməsinə səbəb olub. Təsadüfi deyil ki, həm Türkiyə, həm də ABŞ bir-birinin vətəndaşların digər ölkəyə səfərlərini məhdudlaşdırıb. Bu da onların diplomatik münasibətlərin tamamilə kəsilməsinin bir addımlığında olduğundan xəbər verir.
Vaşinqtonun Yaxın Şərq səfərlərinə Səudiyyə Ərəbistanından başlaması isə yeni deyil. Trampın hakimiyyətə gəldikdən sonra ilk rəsmi səfəri də Riyada olmuşdur və bu, ABŞ-ın Səudiyyə Ərəbistanına nə qədər ciddi əhəmiyyət verdiyinin göstəricisidir.
Bununla belə, Vaşinqtonla Riyadın ulduzlarının tam barışdığını söyləmək də mümkün deyil. Bir müddət əvvəl Səudiyyə kralının Moskvaya səfəri və mühüm hərbi strateji sazişlər imzalaması onun artıq Vaşinqtona çox bel bağlamadığından xəbər verir.
Krallıq kulislərində ABŞ-a qarşı ehtiyatlı manasibətlərin yaranması əslində başadüşüləndir. Qurulduğu ilk gündən ABŞ və İngiltərə cizgisində hərəkət edən və Yaxın Şərqdə onların ən yaxın müttəfiqi olan Səudiyyə krallığının Obama hakimiyyətinin son dövründə Vaşinqtonla münasibətləri pisləşdi. Bildirildiyinə görə, Obama Riyada son səfərində Səudiyyə kralının İranla bağlı nə edəcəkləri sualına ölkə rəsmilərinin xəyallarını alt-üst edən cavab verib: “Çalışın, Tehranla münasibətlərinizi normallaşdırın. Bizim sizə edə biləcəyimiz heç nə yoxdur”.
Aldığı cavabdan soyuq duş effekti ilə qarşılaşan Riyadın Tramp hakimiyyətindən də beli bağlı deyil. Baxmayaraq ki, krallıq yetkililəri Trampın hakimiyyətə gəlməsinin ilk günlərində xeyli ümidli görünmüş və yeni ABŞ prezidentinin birinci səfərini bu ölkəyə etməsini bayram sevinci ilə qarşılamışdı. Fəqət Trampın bir prezident kimi sözünün kəsərinin olmaması, hətta ən adi qərarları belə Konqresdən keçirə bilməməsi bu son ümidləri də puça çıxardı. Hazırda taxtı get-gedə daha çox laxlayan ABŞ prezidentindən heç bir yaraya məlhəm çıxmayacağını anlayan rəsmi Riyad regionda təklənməmək üçün Yaxın Şərqdə at oynadan Rusiyaya meyllənmək xətti tutmuşdu. Kral Salmanın son Moskva səfəri də bu zərurətdən doğmuşdu.
ABŞ isə Yaxın Şərqdəki ən zəngin müttəfiqini Rusiyanın qucağında görmək istəmir. Bunu Rusiya üçün sıxışdığı iqtisadi dar boğazda nəfəsliyin açılması, perspektiv planda dünya sənayesinin qan-damar sisteminin onun əlinə keçməsi və ABŞ-ın neft qiymətləriylə oynaması avantajının bitməsi, beləcə, əzəli rəqabətdə qarşı tərəfin tam özünə gəlməsi deməkdir.
Vaşinqton bu aqibətlə razılaşmadığından, istəməsə belə, Səudiyyə Ərəbistanının nazıyla oynamağa məcburdur. Kral Salmanın Rusiya səfərindən əvvəl ABŞ Konqresinin Səudiyyə Ərəbistanına satışa izn vermədiyi silahların səfərdən dərhal sonra yenidən gündəliyə salınması və krallığa 12 milyard dollar həcmində silah satışının təsdiqlənməsi da bununla bağlıdır.
Tillersonun Riyaddan sonra Qətərə getməsi və Dohada İranla və Səudiyyə Ərəbistanıyla bağlı müzakirələr aparması yeni ABŞ administrasiyasının Yaxın Şərq məsələsində strategiya dəyişikliyinə getdiyindən xəbər verir. Bu zamana qədər Yaxın Şərqin əsas problemi məzhəb müharibəsi idisə, Vaşinqton bu siyasətlə İranı nəinki bölgədən sıxışdırıb çıxara bilmədi, əksinə, Suriya və İraqı tamamilə Tehranın ümidinə buraxdı. İslam təhlükəsinin İsrail sərhdlərindən uzaq tutmağa hesablanmış məzhəb müharibəsi Rusiyanın köməliyi ilə tərs effekt verincə, Vaşinqton da yeni strategiya ilə regionu əldə saxlamağa çalışır. Bu strategiya ərəb-qeyri ərəb münaqişələri üzərində qurulur. Təsadüfi deyil ki, Yaxın Şərqdə daha ciddi münaqişələrə zəmin hazırlamaq üçün bu zamana qədər dəstəklədiyi kürdlərdən ərəblərin xeyrinə imtina edən Vaşinqton indi region xalqlarına məzhəb fərqlərini unutdurmağa və onları milli zəmində birləşdirməyə çalışır. Tillersonun Riyada səfəri ilə eyni zamanda başlayan Səudiyyə-İraq Koordinasiya heyətinin çalışmalarına xeyir-dua verməsi də bundan qaynaqlanır. Onun ikinci dayanacaq kimi Dohaya səfəri də İran təhlükəsinə qarşı ərəb həmrəyliyini təmin etmək niyyətinin təzahürüdür.
“Milliləşən” Yaxın Şərqdə Türkiyənin başını qatmaq üçün kürd kartı isə artıq çoxdan ortaya atılıb.
Heydər Oğuz
Ovqat.com
Paylaş: