Tanınmış hüquqşünas Aslan İsmayılovla tanınmış iş adamı Mürvət Həsənli arasında polemika səngimək bilmir. İki tanınmışı bu dəfə üz-üzə gətirən Səbayel rayonunda Aslan İsmayılovun özünün saldığını iddia etdiyi parkdır. Parkdakı gözətçi köşkünün rayon icra hakimiyyəti tərəfindən götürülməsinə etiraz edən vəkil bu gün paylaşdığı statusunda onu ən çox incidən məsələnin ictimai laqeydlik olduğunu bildirib:
“Mənim üçün bu günlərdə baş verənlərdən ən dəhşətlisi bağban əşyaları üçün nəzərdə tutulan vaqonun parkdan götürülməsi, Səbail İcra Hakimiyyəti başçısı müavinin gözümün içinə baxa-baxa həyasızcasına parkın onlar tərəfindən salınmasını deməsi yox, orada olan 50-dən artıq insanın parkın necə ərsəyə gəldiyini bilə-bilə susmaları idi. Onların sırasında yaşıllıq idarəsinin işçiləri, polis nəfərləri, park salınarkən və sonra orada ağaclara qulluq edərkən mənə yaxınlaşıb dəfələrlə təşəkkür edənlər də var idilər. Onların hər birinin gözünün içinə baxanda sadəcə gözlərini aşağı saldılar. İlahi, insan bu qədər də qul ola bilərmiş?!
Baş verənlər yadıma bir sovet lətifəsini saldı. Bir gün SSRİ-yə gələn bir ABŞ biznesmeni zavod direktorundan fəhlələrin necə nümayiş etdikləri ilə maraqlanır. Zavod direktoru SSRİ də heç vaxt nümayiş olmadığını və belə bir ehtimalın yox olduğunu deyir. Biznesmen deyir ki, mən direktor olsam olardı. Zavod direktoru öz yerinə amerikanlını təyin edir. Amerikanlı elə brinci günü elan edir ki, iş saatları 2 saat artırılır. Səhərisi günü işə gələndə görür kİ, hamı bir nəfər kimi işə vaxtında gəldi və uzaldılmış vaxtda da işdən getdi. Az sonra elan edir ki, şənbə, bazar günləri də iş günü olacaq. Hamı quzu kimi vaxtında işə gəlir və şənbə, bazar da işləyir. Əsəbləşən amerikalı əmr edir ki, hamı zavodun böyük zalına yığışsın. Zala girəndə görür ki, hamı sakitcə oturub onu gözləyir. Elan edir ki, sabah hamınızı asacam. Bir nəfər fəhlə qalxır və soruşur: İpləri özümüzlə gətirək?
P.S. Bir anlığa icra hakimiyyətinin məsul işçiləri də daxil olmaqla üzümə durub xuliqanlıq etdiyimi deyəcək insanların növbəsini gördüm”.
Aslan İsmayılova iş adamı Mürvət Həsənlinin cavabı özünü çox gözlətməyib. O, sözügedən statusdan cəmi 3 saat sonra cavab statusunu paylaşıb:
“Aslan İsmayılov indi də qanunsuz ələ keçirmək isyədiyi parkın mənimsənilməsində ona kömək etməyən cəmiyyəti günahlandırır. Həm də özünəməxsus təhqiramiz tərzdə.
Onun məntiqindən belə çıxır ki, parkdakı ümumi görüntünü pozan gözətçi köşkü İcra Hakimiyyəti tərəfindən götürüləndə bunun şahidi olan 50 nəfər yerli sakin üsyana qalxmalı imiş. Niyə? Çünki həmin parkın ərsəyə gəlməsində Aslan İsmayılovun hansısa xidmətləri olub, oraya neçə ədədsə ağac əkib. Vətəndaşlıq borcunu yerinə yetirdiyinə görə parkda ancaq və ancaq onun borusu ötməliymiş. Bu ərazidə yaşayan sakinlər də Aslan İsmayılovun bu “xeyirxahlığını” qiymətləndirib dövlətə qarşı çıxmalıymış. Öz vəzifə borclarını yerinə yetirmədiklərinə görə həmin 50 nəfər sakin sovet hökuməti dövründəki iradəsiz qullardan heç nəyiylə fərqlənmirmiş. Onlar hətta özləriylə gətirdikləri ipdən asılmağa “ləbeyk” deyəcək qədər mütiymişlər və s.
Cəmiyyətimizi təhqirdən başqa bir şey olmayan bu düşüncəsini açıqdan-açığa dilə gətirməkdən çəkinməyən Aslan hələ başa düşmür ki, iddia etdiyi ərazi dövlətin balansındadır. Hər kəs kimi, dövlətin də öz mülkiyyəti üzərində iş görmək haqqı, müstəsna səlahiyyəti var. Həmin mülkiyyətin ümumi görüntüsünə xələl gətirən istənilən tikintini də sökə, hətta bunu tikdirənə sökdürə bilər. İcra Hakimiyyəti özbaşına fəaliyyətinə görə ona məhkəmə iddiası qaldırmayıbsa, bu adam sevinməlidir. Axı park cəngəllik deyil ki, aslanlar öz qoxusunu həmin ərazilərə sürtərək özəlləşdirələr.
Aslan İsmayılovun asudə vaxtlarında gəlib həmin parkda gördüyü abadlıq işlərini qabartması və bunun üçün hansısa haqq istəməsi də anlaşılan deyil. Ona qalsa, Naxçıvan müəllimləri, həkimləri həftənin istirahət günləri iməcliyə çıxır, yaşadıqları şəhəri yaşıllaşdırmağa, təmizləməyə çalışırlar. Bu xidmətlərinə görə, hər bir müəllim, həkim hansısa ərazini özününküləşdirsə, Naxçıvanda bir qarış boş yer qalmaz hər daşın, kəssəyin üstündə məmur savaşları başlayar. Eynilə Bakıda da ərazilər bu şəkildə özəlləşdirilsə paytaxt sözün bütün mənalarında cəngəllikləşər, ətraf aslanların pis qoxularından keçilməz olar.
Adını hüquqşünas qoyan bu adamın azadlıq, dövlətçilik anlayışı cəngəllik qaydalarından uzağa getmirsə, boş yerə cəmiyyəti günahlandırmasın. Problem cəmiyyətdə yox, onun cəngəllik qanunları ilə düşünən beynindədir...”
Yazının davamını bu linkdən oxuya bilərsiniz:
http://cnnbaku.az/2017/11/25/murvət-həsənli-aslanin-paytaxtda-nə-iti-azib/
Paylaş: