Bədrəddin Quliyev: “Makedoniyada türklər çox fəaldır və dövləti proseslərdə iştirak edirlər”
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Makedoniya səfəri, türk dünyasının durumu və digər aktual mövzularda suallara cavab verib.
- Bu yaxınlarda Makedoniyada səfərdə olmusunuz. Səfərin məqsədi və təəssüratlarınız necədir?
- Harada türk toplumu varsa, biz çalışıb onlarla əlaqə saxlayırıq. Makedoniya türkləri ilə də əlaqələrimiz var. Bizim prinsipial fikrimiz ondan ibarətdir ki, türk dövlətləri arasında zirvə görüşləri keçirildiyi kimi, türk dövlətlərindən kənar olan türk toplumları ilə əlaqələr yaradaq. Dünyada türklər real güc olaraq yenidən toparlansın, bir-birinə dəstək olsun. O cümlədən, türk toplumları yaşadıqları ölkələrdə inteqrasiya olsunlar, fəal iştirak etsinlər və türk dövlətlərinin maraqlarını təmin etsinlər.
Makedoniyada olan türk toplumu ilə illərlə əlaqə saxlayırdıq. Məsələn, biz Makedoniyada parlament seçkilərindən əvvəl olmuşduq. Seçkilərdən sonra hakimiyyətdə olan iqtidarla müxalifət arasında ciddi ziddiyyətlər mövcud idi. Hətta bir ildən sonra təkrar seçkilər keçirildi. Seçkilərdən sonra müxalifət hakimiyyətə gəldi. Hətta köhnə rejimin qüvvələri parlamentə hücum etdilər. Amma Avropa və ABŞ-ın tələbi ilə bu qüvvələr geri çəkildi. Başqa sözlə, Makedoniyada Rusiyanın təsirini azaltdılar, qərbyönümlü dövlətə çevirdilər.
Makedoniya da hazırda Sosial Demokrat koalisiyası hakimiyyətdədir. Bizim əlaqələrimizin olduğu Türk Hərəkat Partiyası da (THP) koalisiyada təmsil olunur. Yəni hazırda bizim türklərin siyasi təşkilatı da hakimiyyətdədir. Partiyanın keçmiş sədri Makedoniya da yatırımlar üzrə dövlət naziri postunu tutur. Enis İbrahim isə parlamentdə deputatdır. Makedoniya hökumətinin bir sıra nazirlikləri və təşkilatlarında da türklər postlar tutub. Makedoniya türkləri siyasi proseslərdə aktiv və öndə olduğu üçün hakimiyyət bölgüsündə onlar yer tuta biliblər. Səfərimin konkret məqsədi isə Türk Hərəkat Partiyasının qurultayında iştirak etmək idi.
- Makedoniya türklərinin siyasi təşkilatının qurultayında hansı məsələlər müzakirə edildi?
- Türk Hərəkat Partiyasının sədri Adnan Kahil bir nümunə ortaya qoydu. Hökumətdə nazir postu tutduğu üçün partiya sədri postundan getdi. Yəni nazir kimi daha güclü olmaq, dövlət işləri üçün daha ciddi görmək və nüfuz dairəsini genişləndirmək məqsədilə bütün fəaliyyətini dövlət işlərinə sərf etməyi planlaşdırır. Beləcə, partiyada yerini gənclərə verdi. Gənclər də çox fəaldır, yeni prosesə yeni qüvvələri cəlb etməkdə daha maraqlıdırlar. Bu məqsədlə də qurultay keçirilirdi. Biz də qurultayda iştirak etdik. Qeyd edim ki, qurultayda çoxlu qonaq iştirak edirdi, Türkiyədən, Avropa ölkələrindən kifayət qədər nümayəndə gəlmişdi. Prezident Rəcəb Tayyib Ərdoğanın AKP-də xarici əlaqələr üzrə müavini Mehdi Eker, Türkiyənin Makedoniyadakı səfiri Tulin Erkay Kaya qurultayda qonaq idi. Eləcədə Makedoniya hökumətinin əksər nazirləri tədbirdə iştirak idi. Səfər ərəfəsində Makedoniya daxili işlər naziri Oliver Spasovski, Liberal Demokratlar Partiyasının rəhbərləri, nazirlər ilə görüşdük. Biz çalışdıq ki, hər kəs ilə münasibətləri quraq.
- Maraqlıdır, Makedoniya nazirləri ilə hansı məsələləri müzakirə etmisiniz?
- Öncə qeyd edim ki, qurultayda qonaqlar arasında ilk çıxışı mənə verdilər. Bu həm də Azərbaycana olan sayğı idi. Qurultaydakı çıxışım zamanı da qeyd etdim ki, biz münasibətlər quran zamanlar siz müxalifətdə idiniz, indisə iqtidardasınız. Xatırlatdım ki, koalisiyanın yaranmasında mən də iştirak etmişdim. O zaman koalisiya yarananda Türkiyədə bəziləri düşünürdü ki, Türk Hərəkat Partiyası sağ mərkəzçidir, niyə gedib sosialistlərlə blok və koalisiya qurur. Mənsə dedim ki, millətin mövqeyini müdafiə etməkdə sağçı, solçu məsələsi yoxdur. Əsad odur ki, demokratiya və Qərb xəttini tutub getmək lazımdır. Bu şansdan da istifadə edilməlidir. Əlbəttə, çıxışım zamanı Azərbaycanın haqq səsini müdafiə etmələrini, beynəlxalq qurumlarda Qarabağ məsələsinin müzakirəsi zamanı ölkəmizə dəstək verilmələrini istədim. Avropa Birliyində Katoloniya modelini əsas gətirərək söylədim ki, bu məsələlərdə qəti mövqe ifadə etməyinizi gözləyirəm. Eləcə də Azərbaycan-Avropa Birliyi münasibətlərində, Şərq Tərəfdaşlığı assiosativ sazişinin imzalanması, aralıq dövründən sonra gedəcəyimiz proseslərə dəstək istədim. Sözsüz ki, onlar bizim regionda baş verənlərin fərqindədir, prosesləri izləyirlər.
Mənim məqsədim odur ki, Azərbaycan-Makedoniya əlaqələrinə töhvə verim. Əgər Makedoniyada yaxşı əlaqələrim varsa, orada türk toplumu varsa, orada Azərbaycanın mövqeyini tanıdım, əlaqələri yaxınlaşdırım, dövlətimizin mövqeyi güclü olsun. Bildiyiniz kimi, Makedoniyanın yaxınlığından qaz kəməri keçir. Arzu etdim ki, hər birinin evində Azərbaycan mavi yanacağı yansın. TAP və TANAP layihəsindən sonra Trans Adratik dənizi sahillərində olan balkanlar haqqında danışdım, arzu etdim ki, Azərbaycana gəlsinlər, münasibətlər qursunlar, enerji layihələrinə maraq göstərsinlər. Düşünürəm ki, onlar bir müddətdən sonra Azərbaycana gələcəklər. Səfər çərçivəsində bu kimi müzakirələrimiz oldu. Əslində bizim üçün də Makedoniya maraqlı olmalıdır. Nəzərə alın ki, Makedoniya Balkanlarda ən strateji mövqedə olan ölkədir. Mən vətəni sevən biri kimi, sadəcə əlaqələrimi dövlət səviyyəsinə çevirmək, tərəflərin bundan dividentlər götürməsini istəyirəm.
- Ancaq o da reallıqdır ki, hazırda türk dünyasının durumu elə də ürəkaçan deyil...
- Gördüyünüz kimi, Ermənistanı, daha sonra Kürdüstanı yaratdılar. Bunlar təsadüfi deyil. Açıq deyim ki, elə bizim regionumuzda həm Rusiyanın, həm də Qərbin maraqları var. Vilson planına əsasən türk dünyasını parçalamaq naminə Kürdüstan, Ermənistan yaradılır, PKK silahlandırılır və s. Bütün bunları araşdırdıqda isə məsələ gəlib oğuz türklərinə çıxır. Yəni bu oyunlar biz oğuzların boyuna biçilir və bədəli də biz ödüyürük. Biz tarixən itirə-itirə gəlmişik. İndi də Qarabağ məsələsində həm Qərbin, həm də Rusiyanın maraqları var. Rusiya bununla regionu təsir altında saxlayır, Qərb isə iqtisadi maraqlarını təmin edir. Son nəticədə bölgəni inkişafdan geri atır.
Regionda müəyyən proseslər gedəcək. İndi Türkiyə və İran güclü çıxıblar, amma bir müddət sonra onlar arasında rəqabət başlayacaq, Rusiyanın özünə münasibət dəyişəcək. Türk dünyasının əlaqələri inkişaf etməsin deyə türkləri parçalamaq siyasətində ən çox bədəl ödəyən bizlər olmuşuq. Hər kəs bilməlidir ki, bu regionlarda ilk dövləti yaradan biz olmuşuq. Səlcuqlar, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar hamısını oğuz türkləri qurub. Bilin ki, biz də, cənubdakılar da, İraq və Suriyadakı türkmanlar da oğuz türkləridir. Biz bir nəsilik və bu əlaqələr qurulmalı, inkişaf etdirilməlidir.
- Bu məsələdə məzhəb problemi də xüsusi rol oynamırmı?
- Bir məqamı deyim. Şah İsmayıl Xətai Uzun Həsənin nəvəsidir. Uzun Həsən sünni olub. Demək istəyirəm ki, səlcuqlara qədər burada mühit, durum tamam başqa cür olub. Yəni burada din deyil, milli məsələ öndə idi. Sadəcə, sonrakı dönəmdə biz zəif düşdük, iki imperiya bizi böldü və bədəl ödəyən də biz olduq. Məsələn, Kərkük azad edildikdən sonra biz oradakı dostlarımıza zəng etdik, onları təbrik etdik, bunun bir bayram olduğunu söylədik. Biz həmişə deyirdik ki, xalq öz torpaqlarını qorumalıdır. Orada xalq özünümüdafiə dəstələri yaradıldı, xalq torpağını qorudu. Hətta şiə kürdlərə də silah verdilər. Qərb və ABŞ-la danışıb neft kəmərlərində payını verdilər, separatçı kürdləri dağıtdılar. Hansı ki, Kürdüstanın ərazi iddiaları var idi.
İraqda, Suriyada olan türkmanlar da əslində dağılan Azərbaycan imperiyasının sahibsiz övladlarıdır. Biz millət kimi formalaşıb bu işlərin üzərinə gedə bilmirik. Elə milli məsələlər var ki, onları strateji hədəflərə çevirə bilmirik. Biz dar çərçivədə bir-birimizi tanımayacağıqsa, sevməyəcəyiksə, bu pisdir. Əvvəla, özümüzü tanımalıyıq, sonra əlaqələr yaratmalıyıq, daha sonra türk dünyasına çıxmalıyıq. İlk növbədə canı canımızdan, qanı qanımızdan olanlara tərəf çevrilməliyik.
Müsəlman dünyasında daha çox təriqət davası getdiyindən milli məsələyə diqqət etməliyik. Baxın, kommunizm rejimi dağıdıqdan sonra İngiltərə baş naziri bəyan etdi ki, bundan sonra ideoloji olaraq əsas hədəf islam dünyası, islam fundamentalizmdir. Bu hədəfi əsas olaraq götürdülər, sonra Yaxın Şərq layihəsi işə düşdü, əksər ölkələri dağıtdılar. Müsəlman dünyasının, o cümlədən SSRİ-dən ayrılan müstəqil türk dövlətlərinin ən böyük qüsuru dünya ilə dünyanın dilində danışmamağıdır. Bu dil də demokratiya dilidir. Biz dostumuzu da, düşmənimizi də elan etməli və çıxış yolunu axtarmalıyıq. Bunun da ən asan yolu demokratik proseslərdir. Hazırda regionda gedən proseslər göstərir ki, biz yaxın gələcəkdə baş verənlərdən bəhrələnə bilərik. Odur ki, türk dövlətləri, türk toplumları ilə münasibətləri qurmalıyıq. Zənnimcə, siyasi partiyaların iştirakı ilə də Azərbaycanın xarici siyasəti, təhlükəsizlik doktirinası və digər məsələlər müzakirə edilməlidir ki, hər kəs bilsin ki, xaricdə eyni nöqtəyə vurmaq lazımdır. Üstəlik, kimin nə imkanı varsa, onun işləməsi üçün şərait yaradılmalıdır.
- Son zamanlar Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesi aktivləşib. Bu mərhələdə danışıqlardan nə gözləyirsiniz?
- Baxın, Katoloniya İspaniya daxilində separatçılıq addımları atdı. Dərhal İspaniya hökuməti qərar verdi, hüquq-mühafizə orqanları hərəkətə keçdi. Katoloniya muxtariyyətinin bütün rəhbər heyəti haqqında həbs qərarı çıxarıldı, çoxu həsb edildi, bəziləri qaçdı.
Avropa Birliyi, Avropa Şurası, BMT və digər qurumlar da Madrid hökumətinə bir söz demədi. Əksinə, müdafiə etdilər. Biz niyə Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərlərinə həbs sanksiyası tətbiq etmirik, onları İnterpol vasitəsilə axtarışa vermirik? Niyə bu günə qədər Dağlıq Qarabağda master kartlar, viza kartlar işləyir? Baxın, Krımda bu kartlar işləmir, çünki beynəlxalq şəkildə bunun qarşısını alıblar. Yaxud Qarabağda xarici şirkətlər işləyirlər. Bunlar bizim ərazi bütövlüyümüzü pozublar, dövlətimizə vergi ödəmirlər. Niyə bizim maliyyə institutlarımız bununla bağlı addımlar atmırlar? Orada işləyən xarici şirkətlər faktiki vergi cinayəti ilə məşğuldur. Bu şirkətləri beynəlxalq məhkəmələrə vermək, pul köçürmələrin qarşısını almaq olar. İndiyə qədər bunların hamısını etmək lazımdır. Biz bu məsələləri boşuna buraxmaq olmaz, onların üzərinə getmək lazımdır.
Sözümün mənası odur ki, artıq Katoloniya, Kürdüstanla bağlı dünyada yeni reallıq yaranıb. Daha ikili standartlar yoxdur. Biz də proseslərin üzərinə gedə bilərik, yaranan beynəlxalq vəziyyətdən də istifadə etməli, itirilmiş mövqelərimizi bərpa etməliyik. Buna bir istək də olmalıdır. Bu mənada kimin əlindən nə gəlirsə dəstək verməlidir. Qarabağla bağlı danışıqlar haqqında hərə bir fikir deyir. Mən hesab edirəm ki, bu prosesdə erməni tərəfinə aralıq status vermək olmaz. Bu bizim ziyanımızadır və Qarabağı bizdə ayıran yanaşmadır.
Paylaş: