Xəbər lenti

 

Vergilər naziri Fazil Məmmədovun işdən uzaqlaşdırılması və yerinə Təhsil naziri Mikayıl Cabbarovun gətirilməsi ictimaiyyət arasında birmənalı qarşılanmadı. Bu da səbəbsiz deyildi. Əvvəla, ona görə ki, Fazil Məmmədovun Mikayıl Cabbarovla əvəz olunması son zamanlar təsadüf olunan ən ciddi kadr dəyişikliyi idi və hər kəs bunun əsl səbəbini axtarmalıydı.

Bəzi iddialara görə, sabiq nazirin səhhətində bir müddət əvvəl yaranmış problemlər onun işdən azad olunmasının başlıca səbəbidir. Bu arqumenti irəli sürən dairələr, nə yazıq ki, nazirin səhhətində hansı problemlərin çıxdığını gizlədilər. Sadəcə onu bildirirlər ki, Fazil Məmmədov uzun müddətdir xarici ölkələrin birində müalicə olunur. Onun bir neçə ay bundan əvvəl səhhətinin xeyli ağırlaşdığı, hətta ayağa dura bilmədiyi bildirilir.

Fazil Məmmədovun istefaya göndərilməsinin hakimiyyət daxilindəki klanlararası rəqabətdən doğduğunu iddia edənlərin sayı daha çoxdur. Bu dedi-qodunun yaranmasının başlıca səbəbi nazirin işdən azad edilməsindən bir gün qabaq nazirliyin insan resursları departamentinin baş direktoru Faiq Şahbazovun istefasıdır. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu olan Şahbazovun birdən-birə öz ərizəsilə istefaya getməsi istər-istəməz bu cür ehtimalların ortaya çıxmasına münbit şərait yaradır və bu versiya yeni ortaya atılmış ehtimal da deyil. Əvvəllər də Kəmaləddin Heydərovun şinelindən çıxdığı iddia edilən Fazil Məmmədovun bir neçə il öncə ondan üz döndərdiyi barədə məlumatlar dolaşırdı. Hətta Vergilər Nazirliyinin fövqəlnazirə aid obyektlərdə ciddi yoxlamalar apardığı və Kəmaləddin Heydərovun görüşmək təklifini sabiq nazirin geri çevirdiyi belə, qulaqdan-qulağa pıçıldanırdı.

Son zamanlar fövqəlnazirə aid bir çox obyektlərin əl dəyişdirməsi haqqında şaiyələrin yayılması fonunda Fazil Məmmədovun onun yeznəsini işdən çıxartması üsyan bayrağını ən yüksək zirvəyə qaldırdığı qənaətini formalaşdırır. Üzərindən bir gün keçməmiş F.Məmmədovun özünün tutduğu vəzifədən “qovulması” fövqəlnazirin revanşı kimi dəyərləndirilə bilərdi. Di gəl ki, buna nazir postuna təyin olunan şəxsin kimliyi mane olur. Nədən ki, Mikayıl Cabbarov tamamilə başqa klana aid kadr kimi tanınır.

Görünən budur ki, Fazil Məmmədovun içərisindən çıxdığı şineldən üz döndərdiyi barədə mesajları işə yaramayıb. Açığını desək, yaramamalıydı da. Bir adam ki sığınmaq istədiyi yeni haminin xoşuna gəlmək üçün öz qınını bəyənmir və hətta ən müxtəlif formalarda savaş açır, ona hansı ağıllı etibar edər? Bu etibarsız adamın sabah yeni hamini ən yeni hamiyə dəyişdirməyəcəyinə kim zəmanət verə bilər?  

Ehtimallara görə, Fazil Məmmədovun nazir kimi sonunu gətirən başlıca amillərdən biri də Azərbaycan hakimiyyətinin vergi siyasətinin düzgün qurulmaması idi. Bu zamana qədər neft gəlirlərindən qidalanan dövlət büdcəmiz “qara qızıl”ın qiymətlərinin ucuzlaşması ilə alternativ mənbə axtarışlarına başladı. Qarşıda dayanan ən mühüm alternativlər isə vergi və gömrük rüsumları idi. Təsəvvür edin ki, Vergilər Nazirliyinin öhdəsinə az qala neft gəlirlərinə bərabər büdcə öhdəliyi qoyulur, nazirlik isə buna etiraz etmirdi. Əksinə, öhdəliklərini yerinə yetirmək üçün iş adamlarına yüklənirdi. Vergilər Nazirliyinin xərac zülmündən xeyli iş adamının ya ölkəni tərk etdiyi, ya da iş yerlərini bağladığı da heç kimə sirr deyil. Bu gedişat isə yaxın gələcəkdə Azərbaycanın iş dünyasını tamamilə sıradan çıxara bilərdi.

İlk baxışdan ağırlaşdırılmış vergi siyasətinin müəyyənləşdirilməsində Vergilər Nazirliyi xeyli məsum görünür. Nədən ki, nazirlik bu siyasəti müəyyənləşdirən yox, icra edən qurumdur. Fəqət yaxşı nazir iş adamlarına həddindən artıq yüklənməyin nə qədər zərərli olacağını zamanında ölkə rəhbərliyinə bildirməli və öz üzərinə ağır öhdəliklər götürməməlidir. Fazil Məmmədov isə öhdəliklərini 100%-dən artıq yerinə yetirməklə öyünürdü. Bu xidmətdən geriyə qalan isə bağlanan iş yerləri, qeyr-neft sektoruna bağlanan ümidlərin qırılması olurdu.

Nazirliyin dünən yaydığı bir məlumat da Vergilər Nazirliyinin iqtisadiyyatımızı uçuruma sürükləyən susqunluğunun dövlət rəhbərliyi tərəfindən mənfi qarşılandığı təsəvvürünü yaradır.,“Report”un nazirliyə istinadən verdiyi məlumatında, “bu ilin ilk 10 ayı ərzində Azərbaycanda 134 566 yeni vergi ödəyicisi (o cümlədən 9 864 hüquqi, 124 702 fiziki şəxs) dövlət qeydiyyatından keçdiyi, yüksək dövriyyəyə malik 3 189 əlavə dəyər vergisi (ƏDV) ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alındığı” bildirilirdi.

Xəbərdə o da qeyd olunurdu ki, “hesabat dövründə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir”.

Məlumatı diqqətlə oxusanız, vergi yükü səbəbindən fəaliyyəti dayandırılmış müəssisələrin kompensasiya edildiyi barədə irəli sürülən bu fikirlər ictimaiyyətindən daha çox, rəhbərliyinə ünvanlanmış kimi görünür və hesabata bənzəyir. Məlumatda o da qeyd olunurdu ki, iş fəaliyyətini gücləndirmək üçün nazirlikdə xüsusi qərargah yaradılıb. Qərargah yaradandan bir gün sonra isə Prezidentin naziri işdən çıxarması haqda sərəncamı verildi.

Yəqin razılaşarsınız ki, gedərayaq olduğunu düşünən istənilən nazir hansısa qərargah yaratmaq haqqında düşünməz, öz şələ-şüləsini yığışdırmaqla məşğul olar. Bu fakt Fazil Məmmədovun dünənə qədər öz vəzifəsində qalacağına ümid etdiyini təsdiqləyir. Belə çıxır ki, ölkə rəhbərliyi Fazil Məmmədov qarşısında qısa müddət ərzində dönüş yaratmaq vəzifəsi qoyub və sabiq nazir özünü oda-közə vuraraq, hətta hansısa klana aid kadrını işdən çıxararaq gözə girməyə çalışıb. Rəhbərlik isə bu səyləri yetərli hesab etməyərək, nazirin qələmini qırıb.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 267          Tarix: 5-12-2017, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma