Ramazan SİRACOĞLU,
Professor
Dünyada həlli müşkül məsələyə çevrilmiş siyasi məslələrdən biri, heç şübhəsiz, İsrail – Fələstin, xüsusən də Qüdsün statusunun müəyyənləşdirilməsi problemidir. Uzun illərdir ki, bu məsələ sadəcə Yaxın və Orta Şərqin deyil, bütün dünyanın diqqət mərkəzində qalmaqda, bitməz-tükənməz görüşmələr, müzakirələr öbyektivinə çevrilməkdədir.
Ötən həftənin çərşənbə günündə ABŞ Prezidenti D. Trampın bu məsələyə münasibət bildirməsi tərəflərin ehtirasını daha da coşdurmuş, beynəlxalq konsensusa olan zəif ümidi, praktik olaraq yoxa çıxartmışdır. Beynəlxalq hüquq normalarına və Cenevrə konvensiyasına görə, hərbi müdaxilə nəticəsində ələ keçirilmiş ərazilər işğal olunmuş bölgə statusundadır və o yerləri zəbt etmiş dövlət oranı əsla özünün qanuni torpağı saya bilməz.
BMT 1947-ci ildə Qüdsü (yəhudilər ona ירושלים – “Yerusəlim”, ərəblər قدس – “Kuds” deyirlər) beynəlxalq statuslu şəhər elan etsə də, bir il sonra baş vermiş hərbi əməliyyatlardan sonra (1949-cu ildə) Qüds iki yerə bölündü. Yaşıl rəngli xətt demarkasiya zolağı olaraq müəyyənləşdirildi, şəhərin qərb hissəsi İsrailin, köhnə hissə isə (məşhur Məscid-ül-Əqsa da daxil olmaqla şərq qismi) fələstinlilərin payına düşdü.
Xatırladaq ki, Məscid-ül Əqsa üç səmavi dindən olanların hamısı üçün dəyərli və müqəddəsdir. Təsadüfi deyil ki, müsəlmanların ilk dönəmlərdə qiblələri də Məscid-ül-Əqsa olmuşdur. Quran-i Kərimin 17-ci surəsində ( İsra surəsinin birinci ayəsində ) bu məscidin adı təsbit olunmuşdur: سُبْحَانَ الَّذِي أَسْرَىٰ بِعَبْدِهِ لَيْلًا مِنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الْأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا ("Öz qulunu bir gecə Məscid-ül- Həramdan çevrəsini ayətlərimizin nuru ilə mübarək étdiyimiz Məscid-ül- Əqsaya götürənin şanı çox ucadır". )
Müsəlmanların inancına görə, islam Peyğəmbəri meraca Məscid-ül-Əqsadan gedib.
Bu məşhur məscidin adı bizim folklor ədəbiyyatında da yada salınır. Məsələn:
Məscidi- Əqsaya kim qoyub bina,
Onun içi daşdır, qırağı nədir?
( “Abbas və Gülgəz” dastanı )
İsraillilərin düşüncəsinə görə, Məscid-ül-Əqsanın təməlinin altında Süleyman peyğəmbərin məbədi və Musanın sandığı vardır, o sandığın içində isə “Əhdi-ətiq”in ən qədim nüsxəsi mövcuddur. Süleyman məbədinin bərpası və Musanın sandığını aşkar etmək üçün isə Məscid-ül- Əqsa sökülməlidir.
Zaman-zaman müxtəlif şəxslər tərəfindən Məscid-ül-Əqsaya qarşı təxribatlar törədildiyi də məlumdur. Məsələn, 21 avqust 1969-cu ildə avstyalı Denis Mişel Rohan adlı birisi bu məscidi yandırmaq istəmişdi; 1980-ci ilin aprelində Meir Kahane adlı bir başqası buranı partlatmağa cəhd göstərmişdi; 8 aprel 1982-ci ildə bənzər terror aktının qarşısı son anda alınmışdı; 21 mart 1983-cü ildə gizli yolla Əqsaya daxil olmaq üçün qazılan tunel aşkarlanmışdı; 14 yanvar 1986-cı ildə bir qrup Knesset üzvü əsgərlərin dəstəyi il həmin məscidə girməyə çalışmışdı; 8 oktyabr 1990-cı ildə Əqsaya qarşı gerçəkləşdirilən hücumda 30 fələstinli həyatını itirmişdir vs. 2010-cu ildə Məscid-ül- Əqsaya təqribən 100 metrəlik yerdə inşa olunmuş yəhudi sinaqoqunu fələstinlilər çox qısqanclıqla qarşılayırlar. Onların iddiasına görə, israillilər 2020-ci ildə Əqsanı sökmək üçün ciddi hazırlıq görürlər.
Qüdslə bağlı İsrail-Fələstin münaqişəsi səngimək bilmir. Praktik olaraq çıxmaza girmiş bu konflikt keçən əsrin 60-cı illərindən xüsusilə şiddətlənmişdir. 1967-ci ilin may ayından etibarən İsraillə ərəb dövlətlərinin konfrontasiyası zirvə nöqtəsinə yüksəldi. Həmin ilin may ayının 22-də Misirin o zamankı dövlət başçısı mərhum Cəmal Əbdül Nasir nümayişkaranə surətdə “اليهود يهددون الحرب – نقول لهم أهلان وسهلان“ – Yəhudilər bizi muharibə ilə qorxudurlar, biz onlara: “buyurun”-deyirik" – söyləmişdi.
Bir müddət sonra, yəni 1967-ci ilin 5-10 iyun tarixlərində İsrail təkbaşına Misir, Suriya, İordaniya, İraq və Əlcəzairin birləşmiş qoşunlarını darmadağın etdi və baş vermiş məşhur 6 günlük müharibədən sonra israillilər Qüdsün şərq hissəsini də ələ keçirdilər. Ümumilikdə isə, İsrail 6 günlük müharibədə öz ərazisindən 3,5 dəfə çox ərazini, o cümlədən, Sina yarımadasını, Qəzza zolağını, İordan çayının qərb sahilini və Cövlan yüksəkliklərini ( هضبة الجولان – Həzbət-ul-Caulan, ruslar bu sözə “Голанские высоты” dediklərindən bizim qəzetlərdə də yanlışlıqla “Qoland yüksəklikləri” yazırlar) tutdular.
(1967-ci ilin 8 iyununda Bağdadda nəşr olunan “Əl Cəmahir-ul- Ərəbiyyə” qəzetində dərc olunmuş karikaturada “Ərəb orduları” yazılı yumruq “Fələstin-ul- ərəbiyyə” adlı ərazidən “Sionistləri dənizə!” yazılmış suya atır. )
1967-ci ilin 22 noyabr tarixində BMT Təhlükəsizlik Şurası Qüdslə bağlı 242 saylı qətnamə qəbul etsə də, bu qətnamə icra olunmadı. (Deyəsən, ümumiyyətlə, BMT ancaq qətnamələr yazmaqla məşğuldur. Onun üçün maraqlı deyil ki, o qətnamələrin nəticəsi necə oldu. Əks təqdirdə, Ermənistan BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinə riayət edərdi.)
Qüdsdə yaşayan 850 minlik əhalinin təqribən 37 faizi müsəlman ərəblərdir. Fələstin əhalisinin böyük əksəriyyəti Qüdsdə yaşayır. 1980-ci ilin noyabr ayının 30-da İsrail dövləti Qüdsü özünün paytaxtı elan etdikdə BMT Təhlükəsizlik Şurasında bu qərarın əleyhinə də ənənəvi olaraq qətnamə çıxartmışdı, bunun da nəticəsində bəzi dövlətlərin Qüdsdə açılmış səfirlikləri (məsələn, Niderlandiya, Kosta-Rika, Salvador ) Təl-Əvivə köçürülmüşdü.
2006-cı ildən sonra Qüdsdə (bəzi konsulluqlardan savayı) heç bir dövlətin səfirliyi fəaliyyət göstərmir. Amerika Birləşmiş Ştatlarının Qüdsdə heç vaxt səfirliyi olmamışdır. 1989-cu ildə İsrail dövləti ABŞ-a Qüdsdə səfirlik binası inşası üçün uzunmüddətli lizinq (99 illik) versə də, 1995-ci ildən başlayaraq ABŞ-ın sabiq prezidentləri B. Klinton, C. Buş və B. Obama Amerikanın milli maraqları naminə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair ABŞ Konqressinin qərarını təsdiqləməmişlər. Ağ evin yeni sahibi cənab Donald Trampa qədər belə olmuşdur.
ABŞ prezidentliyinə iddiaçı namizədlərin 2016-cı ildə keçirilən seçki kampaniyasında D. Tramp elektoratın aktiv qisminin səslərini qazana bilmək üçün verdiyi vədlər arasında “prezident olduğum təqdirdə səfirliyi Qüdsə köçürəcəyəm” sözləri də vardı. Seçkidə güclü Hillari Klinton kimi rəqibinə qalib gəlməyi bacaran D. Tramp Ağ evə gəldikdən sonra verdiyi vədləri gerçəkləşdirməyə başlayıb.
Qeyd etmək lazımdır ki, D. Trampın 2017-ci ilin 6 dekabrındakı açıqlaması bütün dünyada geniş əks-səda yaratdı. ABŞ Prezidentinin Qüdsə dair qərarını sülh naminə atılmış ciddi addım kimi dəyərləndirən İsrail Baş naziri B. Netanyahu daha sonra vurğulamışdır: "אין שלום שאינו כולל את ירושלים כבירתה של מדינת ישראל"- “Qüdsü İsrailin paytaxtı olaraq görməyən barışıq sülh deyil”.
Ümumiyyətlə, İsrail rəsmiləri Qüdsü bir bütün olaraq görür və dəyərləndirirlər. Məsələn, velosiped idmanı üzrə 2018-ci ildə keçiriləcək beynəlxalq “Giro d’Italia” ("İtaliyaya səyahət") turnirinin təşkilat komitəsinin ötən həftədəki iclasında söylənilən “yarış Qərbi Qüdsdə start götürəcəktir” sözlərinə İsrailin Mədəniyyət və İdman naziri Miri Reqev çox sərt reaksiya vermişdi: “İsrail paytaxtında şərq, qərb yoxdur”.
Şəhərdə jandarmeriyanın, güclü nəzarət-buraxılış məntəqələrinin və ordu birliklərinin mövcudluğu isə tamam başqa mənzərədən xəbər verir. Qüdsün ərəb mənşəli məktəbli yeniyetmələri ilə Nəzarət-buraxılış məntəqələrində qulluq edən israilli gənc keşikçilər arasında müşahidə olunan insidentlər, onların saxlanılanlara qarşı davranışı ABŞ Konqresində müzakirə mövzusuna çevrilmişdir.
Əgər ABŞ Prezidenti D. Tramp amerikan səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini gerçəkləşdirsə, o zaman faktik olaraq ABŞ Yaxın və Orta Şərqdə tərəflərin sülh danışıqlarında vasitəçi funksiyasından imtina edərək konkret olaraq tərəfə çevrilmiş olacaq. Başqa sözlə, bölgədəki barışdırıcı rolunu (“peace-broker”) qeyri-qanuni duruma gətirəcəktir. Bundan sonra cənab D. Trampın baş məsləhətçisi və kürəkəni, Harvard universitetini məzunu 36 yaşlı Cared Kuşnerin də Yaxın Şərq danışıqlarında müəyyən irəliləyişlər etmək cəhdinin səmərəsiz qalacağı şübhəsizdir.
Hamıya məlumdur ki, Qüds məsələsi bölgənin ən həssas məsələsidir və bu məslədə tərəflərdən heç biri, ilk növbədə, Fələstin xalqı gətiyyən güzəştə gedən deyil. Dünyada bir milyard yarım müsəlman dünyası, şübhəsiz ki, bu məsələdə Fələstin xalqının tərəfindədir. Cənab D. Trampın bu vəziyyəti şahmatdakı “zuqzvanq” ( “цугцванг” ) durumuna bənzəyir: istənilən gediş qarşı tərəfin xeyrinə nəticələnir.
ABŞ-ın öz səfirliyini Təl Əvivdən Qüdsə köçürməsi, birmənalı şəkildə, İsrailin Qüds üzərində öz suverenliyini de-yure və de-fakto tam təsbiti deməkdir. Cənab D. Tramp, həm də sadəcə, Qüdsdəki ABŞ konsulluğunun binasının girişindəki lövhəni “səfirlik” sözü ilə dəyişməyi düşünmür. Qüdsdə ABŞ-ın şəninə layiq əzəmətli səfirlik binaları, yardımçı korpuslar, bağ və digər aksessuarların inşası nəzərdə tutulur. Cənab Prezidentin düşüncəsinə görə, “onun direktivi Dövlət Departamentinə barışa möhtəşəm töhfə olacaq səfirlik binasının inşasına başlamaq üçün memarları və inşaatçıları dəvət eməyə imkan verəcəkdir”.
Cənab D. Tramp öz istəyində israr etsə, bu durum ABŞ-ın siyasi nüfuzuna və imicinə fəlakətli zərər yetirəcəkdir. Türkiyə, İran və Rusiya da daxil olmaqla dünyanın bir çox ölkəsi artıq bu məslədə öz narahatlıqlarını və həssasiyyətlərini rəsmi şəkildə dilə gətirir. İsrail tərəfi Cenevrə konvensiyasının maddəsinin Qüds üçün keçərsiz olduğunu iddia etsə də, BMT-də 2016-cı ilin dekabr ayında Qüdsün şərq hissəsinin Fələstinə aid olduğu barədə sənəd qəbul olunmuşdur. İsrailin Qüdslə bağlı israrçı mövqe tutması anlaşılandır, çünki Məscid-ül-Əqsa yəhudilər üçün çox önəmli və dəyərlidir. Lakin qanunlara, beynəlxalq standartlara və normalara ilk növbədə özünün punktuallıqla riayət etməsi gərəkən ABŞ administrasiyasının BMT-nin Qüdslə bağlı qərarlarından xəbərdar olmamasını düşünmək fantastik ehtimaldır. Cənab D. Trampın dövlət müşavirlərinin, referentlərinin, spiçraytrlarının, köməkçilərinin Qüdslə bağlı həssas məqamları bilməmələrini də düşünmək olmaz.
Ərəb mediasında Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Muhəmməd bin Salman ilə D. Trampın kürəkəni Cared Kuşnerin bu ərəfələrdə baş tutmuş qeyri-rəsmi görüşündə Fələstin və Qüds barədə sövdələşmələr olduğu iddia olunur. İddialara görə, Trampın kürəkəni həmin görüşdən İsrail tərəfini məmnun edəcək təkliflər paketi ilə qayıtmışdır. İsrail parlamentində (knesset ) Fələstini təmsil edən Əhməd Tibi fələstinlilərin taleyini dilə gətirərək bildirmişdir ki, dünya gücləri fələstinlilər üçün sadəcə mənəvi suverenlik vermək fikrindədirlər, onlar fələstinlilərin dərd-sərlərinə, arzu və istəklərinə çox biganə və seyirçi mövqe nümayiş etdirirlər, fələstinlilər meydanda faktik olaraq tənha qalmışlar. Müsəlman dövlətlərindən bəziləri, yalnız sözlə təsəlli verirlər. Dünya ictimaiyyətinin gözləri önündə fələstinlilərin haqqı tapdanır. Fələstinlilər əzəli torpaqlarının kimlərinsə şəxsi ambisiyasının qurbanı olmasına heç vaxt razı olmayacaqlar.
Amerika rəsmilərinin özləri də vəziyyətin dramatik olduğunun fərqindədirlər. Məsələn, ABŞ-Rusiya, ABŞ-Türkiyə, ABŞ-İran münasibətlərində eskalasiya böyük narahatlıq doğurur. Avrasiyada nüfuz sahibi, dünya nəhəngi Rusiya ilə, Asiyanın iki böyük güc sahibi Türkiyə və İranla münasibətlərin böhran həddinə çatdırılması ABŞ və dünya üçün fəlakətli nəticələrə səbəb olar. ABŞ dövlət katibi R. Tillerson da bu durumdan ciddi şəkidə narahatlığını ifadə etmişdir. ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə ərəb və islam dünyasında amerikan xarizmasına dərin xətər yetiriləcəyi qaçınılmazdır.
Digər tərfədən, cənab Donald Trampın "Qordi düyünü"nü xatırladan münaqişə müdaxilə edib münasibət bildirməsi dünyanın müxtəlif konflikt zonalarında separatizmi dövlət siyasətinə tətbiq edənlərə presedent hüququ yarada bilər. Məsələn, təsəvvür edin ki, günlərin bir günündə havadarlarına güvənən ermənilər Xankəndini paytaxt elan etmək xəyalına düşür, bəzi dövlətlər də burada öz səfirliklərini açmağa qərar verir. Bizim, türk dünyasının bu üzdəniraq mənzərəyə münasibəti necə olar?
Cənab D. Trampın şəxsi ambisiyası (“digər prezidentlərdən fərqli olaraq mən sözümü tutdum” – düşüncəsi), bəlkə, qohumluq əlaqəsi (kürəkəni tərəfdən), ya da bəlli lobbi qrupunun təzyiqi nəticəsində amerikan səfirliyinin Qüdsə köçürülməsi qərarı dünya ictimaiyyətini çətin vəziyyətlə üzləşdirib.
Fikrimizcə, bu qərarı gerçəkləşdirmək praktik baxımdan mümkün olmayacaq. Zira amerikanlar da daxil olmaqla, Yaxın və Orta şərqi fəlakətə sürükləyəcək bu qərarı cənab D. Trampın özündən və İsraildən başqa dünyada təqdir edən yoxdur.
Paylaş: