Xəbər lenti

 

Yüksək vəzifəli məmurların bəzilərinin övladlarının bir-birinin ardınca bahalı avtomobiləri ilə törətdikləri avtoqəzalar sadə vətəndaşların ölümləri ilə nəticələnir. Yalnız avqust ayı ərzində meydana gələn bu avtoqəzların ehtiyatsızlıqdan baş vermədiyini, bəzi yüksək vəzifəli məmurların övladlarının yeni əyləncəsi haqqında danışmağa əsas verir. Belə görünür ki, bu yeni əyləncə növü maşınla piyada “ovlamaq”dır.

Avqust ayının ilk hadisəsi, 3 avqust 2017-ci il tarixdə, saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verdi. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətdi.

Fakla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı məlum oldu ki, Nail Allahverdiyevlə yanaşı 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov da həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozub. “Mazda” markalı avtomobili ilə Nail Allahverdiyevin idarə etdiyi  “Mersedes-Gelandawagen”i ilə vətəndaşların həyatına təhlükə yaradan Mirməhəmməd İsmayılov barəsində 1 ay müddətinə inzibati həbs qərarı verildi. Halbuki onun barəsində daha ciddi qərarlar verilməliydi.

Bu hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun yaydığı bəyanatda deyilirdi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun həmin bəyanatının əks-sədası qulaqlardan çəkilməmiş Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu İlqar Həsənovun və Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmir İbadovun törətdikləri qanlı qəzalarla bağlı xəbərlər yayıldı. Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu Elmir İbadovun “Range Rover” markalı avtomobillə yaşlı qadını vurması və hadisə nəticəsində qadın ölməsi isə cəmiyyəti daha da qəzəbləndirdi. Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu lqar Həsənovun idarə etdiyi “İnfiniti” markalı avtomobillə 5 nömrəli məktəbin həyətinə girmişdi. Faciənin qarşısını məktəbin həyətində insanların olmaması alıb. Əks halda burada da insan ölümü qaçılmaz ola bilərdi.

Bu üç xəbər vəziyyətin Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun yaydığı bəyanatda əksini tapan “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir” fikrindən daha ağır olduğunu göstərir. Belə çıxır ki, bu təsadüfi qəza deyil, məmur övladlarının yeni əyləncəsinin qanlı nəticəsidir.

Cəmiyyətdə isə məmur övladlarının avtomobillə adam ovuna başlaması haqqında qorxunc fikirlər yayılır. Yüz il əvvəl Bakıda bəzi qoçular küçədən keçən insanları nişan almaqdan, onları odlu silahla vurub-öldürməkdən çəkinmirdilər. İndi isə məmur övladları odlu silah əvəzinə bahalı avtomobillərdən istifadə edirlər. Görünür, onlar cəzasız qalacaqlarına tam əmindirlər. Yüz il əvvəlin qoçuları da eyni məntiqlə hərəkət edirdilər. O zaman Rusiyada inqilab olmuş, çar devrilmiş və hakimiyyətsizlik dövrü başlamışdı. Məmur övladlarının indiki saymamazlığı, hətta prezident İlham Əliyevin də xəbərdarlıqlarına məhəl qoymamaları yüz il əvvəlin qoçularını ötüb-keçdiklərindən xəbər verir.

Məmur övladlarının qanlı əyləncəsi isə yalnız vüsət almaqdadır. Çünki, avqust ayında baş verənlərə görə hələ heç bir məmur cəzalandırılmayıb. Belə görünür ki, bundan sonra da cəzalandırılmayacaq. Bu isə məmur övladları qanlı əyləncələrinə bundan sonra da davam edəcəkləri anlamına gəlir. Bu əyləncənin yeni qurbanı isə hər bir sadə vətəndaş ola bilər.

Arzuman LOĞMANOĞLU,

“Yeni Sözçü” qəzeti




Ana səhifəyə qayıt        Baxış: 1 818          Tarix: 6-09-2017, 00:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma